525.Az

Hərb və dövlətçilik tariximizdəki aydın izlər: Cəfərqulu xan Naxçıvanski-Kəngərli


 

Hərb və dövlətçilik tariximizdəki aydın izlər: <b style="color:red">Cəfərqulu xan Naxçıvanski-Kəngərli</b>

Naxçıvanın Kəngərli süvarilərinin hərb tarixi olduqca qədimdir. Onlar bütün yüzilliklərdə döyüş bacarıqları və hünərləri ilə hərb tariximizə qəhrəmanlıq səhifələri yazmışlar.

Bu nəsil xalqımıza dünya şöhrətli altı general bəxş edib: I Ehsan xan, II Kalbalı xan, İsmayıl xan, Hüseyn xan, III Kalbalı xan və Cəmşid xan. Bu generalların hər birinin nəsillər üçün rəşadət timsallı hərbi fəaliyyəti olub. Son illərdə çəkilən kinoxronikalarda, sənədli telefilmlərdə bunlar haqqında geniş söhbət açmağa çalışırlar. Və bu hərbçi xan nəsli barədə nə qədər deyilsə də, yazılsa da azdır.

Müasir gəncliyə hərb tariximiz, əvvəlki kimi dar, məhdud çərçivədə yox, geniş izah olunmalıdır. Bunun üçün istər Bakıda, istərsə də Naxçıvanda çox gözəl şərait yaranıb. Bir o qalır ki, tarixçilər, tədqiqatçılar, yazıçılar və kinossenaristlər bütün varlıqları ilə bu işə girişsinlər. Hər şey dərinləşdirilsin və dəqiqləşdirilsin.

Bu gün yaxın, uzaq xarici ölkələrdə bədxahcasına çəkilən kinofilmlər, yazılan kitablar hamımızı səfərbər etməlidir. Bir daha ciddi-cəhdlə axtarışlar aparmalı və yeni-yeni sənədlərlə Azərbaycan tarixinin ən parlaq Naxçıvan səhifələrini zənginləşdirməliyik. Bu, bizim vəzifəmizdir, borcumuzdur.

Yerindəcə qeyd edək ki, XIX əsrin əvvəllərindən başlayaraq XX əsrin əvvəlinədək Kəngərli xan Naxçıvanskilər və onların varisləri Azərbaycan və Rusiya hərb tarixində silinməz iz qoymuşlar. Daha dəqiq desək, onlar həm də Rusiya hərb tarixində aparıcı rola malik olmuşlar. Belə hərbçi varislərdən biri Cəfərqulu xan II Kalbalı xan oğlu Naxçıvanski-Kəngərlidir.

Qeyd etmək yerinə düşər. Cəfərqulu xan Naxçıvanski haqqında ilk dəfə naxçıvanlı yazıçı Əli Səbri Qasımov məlumat verib. Sonralar unudulmaz tarixçi Ə.Əliyev, dəyərli gündəliklər-salnamələr yazan Əziz Şərif də bu hərbçi haqda məlumat veriblər.

Azərbaycan müstəqilliyini bərpa edəndən sonra bu sətirlərin müəllifi ilk dəfə Cəfərqulu xanın Rusiya Dövlət Hərbi-Tarix Arxivində saxlanılan arxiv işini çap etdirib (2004-cü ildə). Sonralar rusiyalı tədqiqatçılardan F.Nağdəliyev (2006) və Rudolf İvanov (2007) yazdıqları kitabda Cəfərqulu xan haqqında da söhbət açıblar. Amma Cəfərqulu xanın XX əsrin ilk 20 ilində Naxçıvandakı fəaliyyəti öyrənilməmiş qalır. Biz təkrarən bu mövzuya qayıtmaqla Cəfərqulu xanın həm də ictimai-siyasi fəaliyyətindən və xeyriyyəçilik missiyasından da söhbət açmaq arzusundayıq.

Görkəmli hərbçi, ictimai və siyasi xadim Cəfərqulu xan II Kalbalı xan oğlu Naxçıvanski 5 fevral 1859-cu ildə Naxçıvan şəhərində, indiki Xan sarayında doğulmuşdur. Amma həmin arxivdə 1885-ci ildə 43-cü Tver draqun polkunun ştabs-rotmistri (süvari hissənin hərbi zabiti) Cəfərqulu xana aid tərtib edilən xidmət kitabçasında onun doğum tarixi 17 fevral 1860-cı il kimi qeyd olunub. Bu məsələyə yazının axırında aydınlıq gətirəcəyik.

Cəfərqulu xanın atası Rusiya imperiyasının ən igid generallarından biri idi. Onun göstərdiyi igidliklərə görə adı Moskva Kremlinin Georgi salonunda mərmər lövhəyə qızıl hərflərlə yazılmışdır.

II Kalbalı xan Naxçıvanski özü də Sankt-Peterburqdakı paj korpusunda təhsil alıb. Özü də paj korpusda təhsil alan ilk azərbaycanlıdır. Bu səbəbdən də o, 30 iyul 1867-ci ildə oğlu Cəfərqulu xanı paj korpusunda oxumağa göndərmişdir. Cəfərqulu xan  1871-ci il 23 iyunda ümumi sinifdən xüsusi sinfə köçürülmüş və 1874-cü ilin 29 avqustunda hərbi xidmətə başlamışdır. O, 1876-cı ilin 29 noyabrında kamer-paja aparılmışdır.

Cəfərqulu xan Naxçıvanskiyə 10 iyun 1877-ci ildə saray qvardiyasının Ulan polkunun korneti (kiçik zabiti) rütbəsi verilmişdir.

Cəfərqulu xanla bağlı axtarışlar zamanı məlum oldu ki, o, çox bacarıqlı, cəsarətli, həmişə öndə vuruşmağı sevən süvari olub. Belə bir həvəsi görən cavabdeh hərbçilər gənc korneti 3 avqust 1877-ci ildə ehtiyat eskadrona hərbi xidmətə dəyişdirirlər.

Gənc Cəfərqulu xan isə Qafqaz ordusunda hərbi xidmətə can atdığından, həmin ordunun tərkibində olan 15-ci draqun Tver polkuna dəyişilir. Bu haqda hərbi əmr 18 aprel 1877-ci ilə aiddir. Onun yüksək hərbi biliyini və bacarığını görən komandanlıq onu yeni hərbi rütbəyə təqdim edir və elə həmin ildə ona poruçik rütbəsi verilir. Qeyd edək ki, əlahəzrət Rusiya çarının əmrləri o vaxtlar rəsmi və populyar hərbi qəzet olan "Russkiy invalid"də çap olunurdu. Cəfərqulu xana da verilən hərbi rütbə həmin qəzetin 88-ci nömrəsində çap edilib. Cəfərqulu xan xidmət etdiyi qraqun polkunun tərkibində 1878-ci il iyunun 1-dən sentyabrın 6-dək Ərzurum şəhərində olmuşdur. Qeyd edək ki, o vaxtlar Ərzurum rus qoşunları tərəfindən işğal olunmuşdu. Poruçik hərbi rütbəsini ona Ərzurumda olarkən təqdim etmişlər.

1877-1878-ci il Rusiya-Türkiyə müharibəsində iştirak edən Cəfərqulu xan Rusiyanın həmin illər üçün təsis etdiyi tünd bürünc xatirə medalı ilə təltif edilir.

Cəfərqulu xan Naxçıvanski general-adyutant Lazarevin dəstəsində 1879-cu il 5 mayda 14 oktyabradək, 1880-ci il 22 iyuldan 1881-ci il 31 mayadək Axaltəkin ekspedisiyasının tərkibində Orta Asiyada olub.

Gördüyümüz kimi, o, iki dəfə ekspedisiyada olmuşdur (1879, 1880-1881-ci illərdə). Bu hərbi ekspedisiyanın yürüşü zamanı Cəfərqulu xan müsəlmanlar üçün təsis edilmiş 3-cü dərəcəli Müqəddəs Stanislov ordeni ilə təltif edilmişdir (bant və qılınclarla).

24 mart 1881-ci ildə Cəfərqulu xana, döyüşlərdə fərqləndiyinə görə ştabs-kapitan hərbi rütbəsi verilmişdir. Bu hərbi rütbəni alanda onun 22 yaşı vardı. Bu mükafat da ona döyüş cəbhəsində təqdim edilib.

Gənc naxçıvanlı süvarinin cəsur döyüşləri onu 4-cü dərəcəli (bantla və qılınclarla birlikdə) Müqəddəs Vladimir ordeninin də kavaleri edir (17.06.1881). Qeyd edək ki, bu ordenin də işarələri qeyri-xristianlar üçün hazırlanmışdı.

Cəfərqulu xan  bu hərbi yürüşün zəfərinə təsis olunmuş "12 yanvar 1881-ci ildə Göytəpə qalasının hücumla alınması" gümüş medalı ilə də təltif olunmuşdur.

Gənc döyüşçünün göstərdiyi qəhrəmanlıqlar ona daha iki orden də qazandırır.

1 mart 1882-ci ildə Cəfərqulu xan hərbi ekspedisiyada göstərdiyi döyüş şücaətinə görə 3-cü dərəcəli Müqəddəs Anna (bant və qılınclarla), 8 iyul 1882-ci il tarixdə 2-ci dərəcəli Müqəddəs Stanislav (qılınclarla və bantla) ordenləri ilə təltif edilir.

1885-ci ildə Cəfərqulu xana ştabs-rotmistr rütbəsi verilir.

16 yanvar 1885-ci ildə polk məhkəməsinin üzvü olan Cəfərqulu xan ona tapşırılan işlərin öhdəsindən bacarıqla gəlir.

Cəfərqulu xan Naxçıvanski çox gənc ikən gərgin döyüş yolu keçib. 1879-cu il 1 iyundan 6 sentyabradək Ərzurumda həmin ilin 5 mayından 14 oktyabra qədər, həmçinin, 1880-ci ilin 9 noyabrından 1881-ci ilin 2 mayınadək Axaltəkin hərbi ekspedisiyasında iştirak edib.

Arxiv sənədlərinə görə yara və kontuziya almayıb. Cəfərqulu xan 1885-ci ilin 12 sentyabr 1885-ci ilədək 2 ay yarımlığa Qafqazın mədən sularına müalicəyə göndərilir. O, 16 yanvar 1885-ci ildə xidmət etdiyi polkun məhkəmə üzvü təyin edilmişdir.

Cəfərqulu xan Naxçıvanski müalicədən qayıtdıqdan sonra ona ştabs rotmistr rütbəsi verilir. Amma hərbi arxivdə saxlanılan sənəddən məlum olur ki, həkimlər onun orduda hərbi xidmətdə olmasını məsləhət bilmirlər.

Məsələnin ciddiliyini görən 29 yaşlı Cəfərqulu xan birbaşa Rusiya çarına müraciət edir. O, ərizəsində yazır: "Sağlamlığım, hədsiz dərəcədə kəskinləşən xəstəliyim və ailə vəziyyəti imkan vermir ki, Siz İmperator Həzrətlərinə xidmətimi davam etdirim. Ona görə də xahiş edirəm ki, yuxarıdakı səbəblər üzündən xəstəliyimə görə mənim ordudan tərxis edilməyimə icazə verəsiniz".

Ştabs-rotmistr Cəfərqulu xan Naxçıvanski
30 sentyabr 1885-ci il
Çarskiye Kolodçı 

Maraqlı haldır ki, hərbçi Cəfərqulu xan ordudan tərxis edilərkən hökumətə zəmanət də verib. Arxiv sənədlərində bu sənəd "Revers" adlanır: "Əgər məni ordudan təyin olunmuş qaydalarla tərxis edərlərsə, onda mən heç bir yerdə əlavə əmək haqqı xahiş etməyəcəyəm. İstefada olduğum vaxt yaşayış yerim İrəvan quberniyasında olan Naxçıvan şəhəri olacaqdır".

Bu revers də 30 sentyabr 1885-ci ildə yazılıb.

Çox gənc ikən hərbi xidmətləri yüksək qiymətləndirilən Cəfərqulu xan Naxçıvanski Rusiya çarının icazəsi ilə 1885-ci ilin 22 dekabrında ordudan tərxis edilir. Ona verilən hərbi əmrdə deyilir: Xəstəliyinə görə 43-cü Tver Dragun polkunun süvarisi ştabs-rotmistr Cəfərqulu xan Naxçıvanski rotmistr hərbi rütbəsində və mundiri həmişə geymək icazəsilə ordudan tərxis edilir.

Qeyd edək ki, o vaxtlar Rusiyanın hərbi əmrləri ordunun populyar qəzeti, "Russkiy İnvalid"də nəşr olunurdu. Cəfərqulu xana verilən əmr də həmin qəzetin 24 dekabrında çap edilib (№ 280).

Musa RƏHİMOĞLU (QULİYEV)
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

 





25.07.2018    çap et  çap et