525.Az

Yüz gözəl sevgi şeiri- Səadətin çətiri


 

PƏRVİNin təqdimatında

Yüz gözəl sevgi şeiri- <b style="color:red">Səadətin çətiri</b>

Xoşbəxt adam olmur – deyirlər... Səadət bir andı... Yalnız dəli özünü hərtərəfli bəxtəvər sayar. Amma məncə, bunlar hamısı bəhanədi. Yaşamağın yolunu bilməyənlərin uydurduğu bəhanə... İnsan xoşbəxtliyi tanımır. Necə göründüyünü, harda yerləşdiyini, nədən asılı olduğunu, rəngini, dadını, qoxusunu bilmir... Yaşamağa ərinən, naşı, tənbəl adam xəbərsizdi ondan! Amma xoşbəxtliyin də qəribə xasiyyətləri var: o, uzaqdan daha yaxşı görsənir.  Bu uzaqlıq da çox zaman keçmişdən ibarətdi. 

Səadət haqqında əsasən, ötüb keçən bir hiss kimi danışılır. Yaxud da itirilmiş rahatlıq, dinclik kimi, işıq kimi... Sevgi kimi. Hə, sevgi! Sevən kəs xoşbəxtdi. Hər küncündə, hər bucağında sevinc, səadət olan labirintin içindədi. Ondan kənarda nə varsa, mənasızdı. Amma insan bəzən heç bəxtəvərliyinin fərqində də olmur, çıxır o labirintdən, itirir, geriyə yolu unudur. Və təəssüflənir. Məncə, xoşbəxtlik  həmişə öz yerində təəssüf qoyub gedir. Amma qayıdacağına ümidin üzülübsə, dərin yaralar da buraxa bilər ürəyində...

Əli Kərimin “Nə xoşbəxt imişəm bir zaman, Allah” şeirində əsas ifadə etdiyi məna budu. Dünəndə qalmış rahatlığa, sevgiyə və nəhayət, xoşbəxtliyə görə ağrı, sızıltı. Şeir müxtəlif, bir az da qəribə assosasiyalar   doğurur. Sanki şair küsəyən, nazlı sevgilisinin ürəyini bu cür orijinal yolla ələ alır. Və o xoşbəxtlik “bir zaman” yox, elə dünən yaşanıb. Sadəcə, bu gün aradan küləklər əsdiyi üçün, o istilik azaldığı, sərinləşdiyi üçün Aşiq təlaş keçirir. Və küləkləri tez qovub xoşbəxtliyini davam etdirmək istəyir. Bundan effektiv nə ola bilər ki?!

...Lakin şeirin digər üstünlüyü insan psixologiyasının,   münasibətlərinin fəlsəfi tərəflərini açmasıdı.  Adam sevəndə adicə su içmək, gündəlik işlər, məişət, yer, göy, torpaq, hamısı, hər şey səadət saçır, sevinc qoxuyur. Amma bütün bunları müqayisədə daha yaxşı anlayırsan. Dünənin varlığını, bu günün yoxluğu ilə tutuşduranda fərqi hiss edirsən. Yerdən göyə qədər fərqi! Və onda sızıldayıb, “Görəsən, heç bir də olarmı yenə?” – düşünüb, fikir çəkməkdən başqa yolun qalmır. Bir də həsrəti qarğamaqdan! “Dilin quruyaydı sənin, ay həsrət” söyləməkdən...

...Yaxşısı budu, qədirbilən ol, xoşbəxtliyini tanı, səadət çətirini bu gün... Bərk tut! Sabah “nə xoşbəxt imişəm bir zaman, Allah!” – deməməyin üçün!


Əli Kərim: “...heç bir də olarmı yenə!?”
 

 xoşbəxt imişəm bir zaman, Allah,

Xəbərim olmayıb bu səadətdən.

 xoşbəxt imişəm,

 xoşbəxt,

xoşbəxt!

Bu gün eşitmişəm bunu həsrətdən.

Niyə yazmamışam o zaman, Allah,

Əlimə qələm də gəlməyir indi.

De, niyə aradan küləklər əsir?

Aramız, de, niyə belə sərindir?

İçdiyim o su da səadət imiş,

İşə getməyim də, qayıtmağım da.

Ona baxmağım da xoşbəxtlik imiş,

Onu yuxusundan ayıltmağım da.

Dünya başdan-başa səadət imiş,

Mənsə bu dünyanın qoynundayammış,

 

Dünya fırlanırmış sevinc gücüylə,

Bəs indi nə olub belə dayanmış?

Göylər səadətin çətiri imiş,

Torpaq da səadət məhvəri imiş.

Gecələr toranlı vüsal məskəni,

Hər səhər,

ruhumun səhəri imiş.

Dilin quruyaydı sənin, ay həsrət,

Sən bu gün könlümü tarımar etdin.

Ya bunu vaxtında deyəydin mənə,

Ya da ki lal olub heç dinməyəydin.

Dünya başdan-başa səadət imiş,

Görəsən, heç bir də olarmı yenə?

Dünya başdan-başa nə imiş dedin?

Dünya başdan-başa nə imiş, de nə?!

İki qəlb arzusu 

Niyyətinə, arzuna doğru getdiyin yolda qarşına maneələr çıxırsa, rəqabət hiss edirsənsə, daha da güclü, inadkar olursan. Şübhəsiz, əgər iradən yerindədisə, qorxaq deyilsənsə.

...Rəqabət duyğusu sevgini şiddətləndirib, artırıb, uzunömürlü edə bilər (əgər sonu qalibiyyətinlə bitsə...). Əksinə olması da mümkündü... Bəzən  məhz bu məqamda insanın xarakteri, iç dünyası açılır, üzə çıxır. Sakit yaşadığın yerdə qəzaya düşürsən, başını itirirsən, ürəyinlə düşünməli olursan...Yəni vurulursan! Başqa söz eşitmək də istəmirsən, heç bir fəlsəfə, qanun, məntiq işləmir burda. Sənin olmalıdı, vəssalam! Özü də ömürlük. Hər halda indi bu fikirdəsən!

Və birdən... Vay-vay-vay. Rəqibin varmış. Əgər düşünürdünsə ki, “saf su” səndən savayı heç kimə lazım deyil və onu rahat-rahat başına çəkəcəksən, yanılırdın. Tez tərki-silah eləməlisən düşməni... Hay-küy salırsan. Əli Kərim “İki sevgi” şeirində qopardığı hay-küyə bənzər!

Əsərin qəhrəmanı gözəl qızı sevir. Amma başqa birinin də bu xanıma məhəbbət bəsləməsindən xəbərdardı. Və nədənsə onun rəqibinin daha yetkin, daha yaşlı obrazı təsəvvürdə canlanır.  Kabab üstən sərin suyun ləzzətini adiləşdirmiş, şən mağarda işıqlardan yaranan yaraşığı kifayət qədər görmüş adam gəlir göz önünə. Amma onun məhz sevgiyə də bu cür baxmasını, belə sevməsini kim ayırd edə bilər?! Yalnız iki qəlb arzusu olan Qadın. Şeirin qəhrəmanı isə bir növ yol göstərir xanıma, gözünü açmağa çalışır. Hansısa mənada onu başa düşmək olar, amma hansısa mənada yox. Məgər öz sevginin böyüklüyünü sübut etmək, göstərmək üçün onu başqaları ilə müqayisə etməyə lüzum varmı?!  Qəlbindəki hissin ucalığını anlatmaq naminə rəqibini aşağılamağa nə ehtiyac?! Məhz belə edir aşiq, bütün şeir boyu özünün saflığını, duyğularının zərifliyini bu yollarla çatdırır. Lakin şeirdəki rəqabət mövzusunu bir kənara qoysaq, aşiqin sevgi etirafları hədsiz incədi, orijinaldı: Mən səni sevirəm! Susuzluğun od vurub köz kimi yandırdığı dodaq su sevən kimi! İynənin ucu boyda işığa həsrət qalan göz işıq sevən kimi! Səda kimi, Səs kimi, Qüdrət kimi!

...Və “azca” ürəyi olan xanımın bu cür həssas, kövrək sözlərə, belə dərin sevgiyə etinasızlığı qeyri-mümkündü. Əslində, ürəyində bu cür məhəbbət gəzdirən və onu ifadə etməyi bacaran adam nədən qorxur, niyə zəiflik göstərir, anlamıram.

...Axı rəqibə qarşı ən yaxşı silahın da elə Sevgidi! Sən ürəkdolusu Sev! Daha heç nə demirəm! Nöqtə, nöqtə və nöqtə.


Əli Kərim:
“Daha heç nə demirəm...”
 

Gözəl qız, sən saf susan,

İki qəlb arzususan.

Mən səni sevirəm

Susuzluğun od vurub köz kimi yandırdığı

                            dodaq su sevən kimi.

O isə səni sevir

                            rahatca bardaş qurub,

– Kabab üstdən sərin su pis olmaz – deyən kimi

 Gözəl qız, sən işıqsan,

 Yurduma yaraşıqsan.

 Mənsə səni sevirəm

                            iynənin ucu boyda

 İşığa həsrət qalan göz işıq sevən kimi

                           O isə səni sevir

 Bir şən mağarda, toyda,

 İşıqlardan yaranmış yaraşıq sevən kimi.

 Danış, ucalsın səsin,

 Qısılmasın nəfəsin.

 Mən ki səni sevirəm

 Bakıdan, Daşkəsəndən

 Gələn bir səda kimi,

            Səs kimi,

            Qüdrət kimi

 O isə səni sevir,

 Gizli deyil ki səndən,

 Bir otaq küncündəki qəmli sükunət kimi.

 Bu mən, bu o, bu da sən,

 De görək nə deyirsən!

 Amma yaxşı fikir ver bu iki məhəbbətə.

 Daha heç nə demirəm

                          Nöqtə, nöqtə və nöqtə.

 





29.07.2013    çap et  çap et