525.Az

Şəkinin ədəbi antologiyası


 

Şəkinin ədəbi antologiyası<b style="color:red"></b>

Bəşər mədəniyyəti tarixində ayrı-ayrı xalqların ədəbi-ictimai düşüncə sərvətinin müəyyən səhifələrini özündə əks etdirən kitabə və əlyazma əsərləri meydana çıxarılmışdır. Həmin əsərlər - kitabə və əlyazmalar müxtəlif tutuma və xarakterə (cüng, təzkirə və s.) malik olmaqla, hər biri özlüyündə qiymətlidir.

Azərbaycan ictimai-ədəbi inkişafı tarixində də belə əlyazmalara M.Müctəhidzadənin "Riyazül-aşiqin", Məhəmmədəli Tərbiyətin "Danişməndani-Azərbaycan", M.M.Nəvvabın "Təzkireyi-Nəvvab", S.Ə.Şirvaninin "Təzkirə", H.Qayıbovun "Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuədir" və digər yazılı ədəbi abidələr çox böyük zəhmət, iradə və vətəndaşlıq qeyrəti, ziyalı təəssübkeşliyi ilə ərsəyə gətirilmişdir. Həmin əsərlər uzun illərdir ki, milli ədəbiyyat və ictimai-mədəni inkiaşf araşdırıcılarının, digər mütəxəssislərin və ədəbiyyat maraqlılarının karına gəlir, qolundan tutub işlərinə yarayır. O əsərlərin müəllifləri qədirşünaslar tərəfindən ehtiramla yad olunur, vaxtilə uzaqgörənliklə çəkdikləri zəhmətə, öz xalqlarına və gələcək (çağdaş) soydaşlarına göstərdikləri xidmətə görə əməkləri təqdir olunur, adları mötəbər nəşrlərə salınır. Əslində, bütün bunları, bu haqqı onlar öz xeyirxah əməlləri ilə qazanmışlar...

Bugünlərdə təəssübkeş vətən oğullarından olan şair Ramiz Orsərin toplayıb tərtib edərək nəşrinə nail olduğu "Şəkidən gələn səslər. I kitab (Bakı, "Elm və təhsil" 2018) adlı 856 səhifəlik kitab da həmin silsiləyə aid edilsə də, mövcud ənənənin sadəcə davamı olmayıb, məqsəd və məramına, elmi səviyyəsinə və ədəbi tutumuna görə tamamilə seçilir. "Şəkidən gələn səslər" özündən əvvəlki bu istiqamətli əsərlərdən fərqli olaraq həm də elmi tədqiqat xarakterlidir. Yəni burada kitaba daxil edilən ayrı-ayrı yaradıcı simalar haqqında ancaq informasiyalar verilməklə kifayətlənilmir. Tərtibçidən - Ramiz Orsər tərəfindən onun uzun illərdən bəri apardığı məqsədyönlü tədqiqatlardan gəlinən elmi qənaətlərin nəticəsi olaraq kitaba daxil edilən "Şəki ədəbi mühiti və tarixi haqqında bir neçə söz" başlıqlı müqəddimə özünün əhatə dairəsi, məzmun tutumu və elmi-nəzəri səviyyəsinə görə diqqətə layiq olmaqla, xüsusi əhəmiyyətə malikdir. Bu da səbəbsiz deyil.

Ramiz Yusifov (Ramiz Orsər) bir neçə dəyərli şeir kitabını oxucuların ixtiyarına verib özünü istedadlı, fərdi yazı tərzi ilə seçilən bir şair kimi təsdiqləməklə yanaşı, həm də bacarıqlı tədqiqatçıdır. O, 1980-ci illərin əvvəllərində AMEA Nizami (hazırda Nizami Gəncəvi) adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olmuşdu. Görkəmli vətəndaş-alim, professor Yaşar Qarayevin elmi rəhbərliyi ilə intensiv elmi araşdırmalar aparır, elmi ictimaiyyət tərəfindən də etiraf və qəbul olunurdu. Lakin birdən-birə məişət qayğılarındanmı, şairliyindənmi, ya nədənsə elmi fəaliyyətinə ara verdi. Bu addımı atmaqda bəlkə şairlik təbinin coşub daşması və Ramizin özünün poetik fəaliyyət sahəsində daha gərəkli olacağı qənaəti də az rol oynamadı...

Ramiz Yusifov poeziya sahəsində inamlı və uğurlu addımları ilə Ramiz Orsərə "çevrildi", bu imza ilə tanındı, seçildi, sevildi. Lakin görünür, bütün bu hisslər və qazanılan uğurların "sərməstliyi" Ramizi elmi fəaliyyətdən, tədqiqatçılıqdan tamamilə qopara bilməmişdi; o, şairlik və pedaqoqluq fəaliyyəti ilə yanaşı, illərdən bəri doğma vətəni Şəkinin ictimai-ədəbi və mədəni inkişaf tarixi, Azərbaycan dövlətçilik tarixində tutduğu yer, oynadığı rol ətrafında düşünmüş, araşdırmalar aparmış və tədqiqatlarının elmi-nəzəri qənaətlərini "Şəkidən gələn səslər. I kitab" adlı həm bu gün, həm də gələcək üçün gərəkli və dəyərli bir nəşrdə cəmləşdirmişdir. Beləliklə, şair Ramiz Orsər tədqiqatçı-alim Ramiz Yusifovu tamamilə "gizlədə", kölgədə qoya, onun elmi fəaliyyətinin qarşısını ala bilməmişdir. Nəticədə Ramiz heç də hər kəsin bacara bilmədiyi bir işin öhdəsindən layiqincə gəlmişdir.

Qeyd edək ki, islam, ərəb ədəbiyyatı tarixində IX əsrdə fəaliyyət göstərmiş Əbu Təmmam görkəmli şair olmaqla yanaşı, həm də "Həmasə" adlı əsərlə məşhurdur. Həmin əsərdə - "Həmasə"də Əbu Təmmam 300 illik bir dövrün ərəb poeziyasının ən seçmə 270-dən çox şairin yaradıcılığından seçib çeşidlədiyi 881 poetik nümunəsini oxuculara təqdim etməklə həm islamaqədərki - "Cahilliyə" dövrü kimi xarakterizə edilən, həm də islamın ilkin dövrlərinin (VI  əsrin ikinci yarısından IX əsrin birinci yarısınadək) ədəbi-bədii (poetik), mədəni-etik, etno-mədəni düşüncə mənzərəsi haqda bitkin və sistemli bir təəssürat yarada bilmişdir. Ona görə "Həmasə" zaman-zaman mütəxəssislərin, söz və fikir adamlarının diqqətini cəlb etmiş, ona çoxlu şərhlər yazılmışdır. Həmin şərhlər içərisində alim və şair kimi tanınan görkəmli Azərbaycan oğlu Xətib Təbrizinin qələmə aldığı "Həmasə"nin şərhi" adlı əsər özünün yenilik ruhu, istiqaməti, elmi-nəzəri səviyyəsi, obyektivliyi və fikir tutumunun dərinliyi ilə diqqəti cəlb edir.

Xətib Təbrizi "Həmasə"nin şərhi" əsərində Əbu Təmmanın şairlik istedadına yüksək (O, Əbu Təmmam "Divanı"nın şərhi" adlı elmi əsərin də müəllifidir) qiymət verməklə yanaşı, şairin - Əbu Təmmanın "Həmasə"ni tərtib edərkən nümayiş etdirdiyi fərdi yaradıcılıq keyfiyyətləri, yüksək zövq, duyum, zəhmətsevərlik, vətəndaşlıq qeyrəti, iradə, səbr və dözümə qiymət verərək yazmışdır: "Əbu Təmmam "Həmasə"sində öz şeirlərində olduğundan daha böyük şairdir".

Qeyd edək ki, "Həmasə"nin hər cəhətdən mükəmməlliyi onun müəllifi Əbu Təmmamın həm şəxsiyyət, həm alim, həm də şair kimi kamilliyindən irəli gəlir. Bu əsərin meydana gəlməsində onun alimliyi ilə şairlik istedadı birlikdə Əbu Təmmanın həm də incə zövqünə, səbrinə, iradi keyfiyyətlərinə, diqqətli və həssas olması ilə yanaşı, vətəndaşlığına, əzmkarlığına borcludur. Əbu Təmmamın şairlik istedadının yüksəkliyi və dövrünün zövq, intellekt əhli, hökmdarları tərəfindən səxavətlə qiymətləndirildiyinə gəlincə, onun ilk rəsmi bioqrafı olan əs-Sulinin yazdığına görə, Əhməd bin Yəzd əl Məhləbi ona deyib ki, "Mən Əbu Təmmanın vurğunu olan atamdan onun haqqında soruşduqda o, mənə dedi: Əbu Təmmamın zamanında şairlərin heç biri öz şeirlərinə görə bir dirhəm belə ala bilmirdi. Yalnız o (Əbu Təmam - A.B.) öldükdən sonra şairlər onun aldıqlarını bölməyə başladılar". (İstinadlar Qaley Allahverdiyevin "XI əsr Azərbaycan ədəbiyyatşünaslığı məsələləri (Xətib Təbrizinin "Şərh əl-Həmasə" kitabı əsasında), Bakı, - "Şam", 2004. monoqrafiyasındandır).

Bütün bu istedadla yanaşı, Əbu Təmmamın "Həmasə"si onun şeirlər divanından ona görə qat-qat üstün olub, müəllifinə şöhrət gətirmişdi ki, orada bir neçə keyfiyyət birgə iştirak edirdi; əgər şeir yazmaq şairdən (insandan) bir qabiliyyət - istedad tələb edirsə, yazılmış şeiri şərh etmək, bir neçə - əqli, iradi, fiziki, intellektual səviyyə, memarcasına çeşidləmə, sistem və məntiqi ardıcıllığı  gözləmək səriştəsi, yüksək duyum və zövq tələb edir. "Həmasə"də, qeyd etdiyimiz kimi, təxminən 270 şairin yaradıcılığından 881 (kitabda axırıncı şeir parçasının sıra nömrəsinin 881 olduğu göstərilir) şeir nümunəsi (parçası) əhatə olunmuşdur. Bunun üçün Əbu Təmmam 300 illik bir zaman kəsiyində yaşayıb yaratmış, özü də fərqli-fərqli yazı tərzinə, istedad və düşüncəyə, dünyagörüşə malik müəllifin minlərlə şeirini diqqətlə oxuyub çeşidləmiş, onların içərisindən elə nümunələri seçib ayıraraq kitaba daxil etmişdir ki, həmin nümunələr həm ayrı-ayrılıqda öz müəlliflərinin şəxsiyyəti, yaradıcılıq keyfiyyəti, dünyagörüşü, şairlik istedadı, həm də əhatə olunan 300 illik dövrün ümumi ədəbi-tarixi, ictimai-mədəni mənzərəsi, səviyyəsi və düşüncə, dünyagörüş, etnokulturoloji xüsusiyyətləri, onların əlvanlığı və s. haqda kifayət qədər aydın təsəvvür yarada bilir. Ramiz Orsər də Şəkinin ədəbi-mədəni həyatının XIII əsrdən XXI əsrin əvvəllərinədək olan dövrün (kitabda təmsil olunan axırıncı müəllifin təvəllüd tarixi 1999-dur) ədəbi-mədəni və elmi-publisistik məhsulundan seçmə nümunələri ayırıb "Şəkidən gələn səslər"ə daxil etmişdir. Burada şeir, hekayə, məqalə və digər janr nümunələri əhatə olunmuşdur. Bu da tərtibçi müəllifin nümayiş etdirdiyi yüksək eridusiya, vətəndaşlıq nümunəsi, intellektual səviyyə, səbr, təmkin, əzmkarlıq, ustalıq və elmi səriştə, tədqiqatçılıq məharətinin məntiqi göstəricisidir.

"Şəkidən gələn səslər"də həmin diyarın şair, nasir, dramaturq, alim, publisist və digər təmsilçiləri, o cümlədən, əmisi Hacı Əbdülqadir tərəfindən öldürtdürülərkən onun qətli münasibəti ilə qələmə aldığı müxəmməsində M.V.Vidadinin "Mərdi-meydan, əhli-irfan, sahibi-tiğü qələm", "Xoşnüma, xəndan liqa, şirin süxən, təbi həlim", - deyə şairliyinə və insanlığına yüksək dəyər verdiyi Məhəmmədhüseyn xan Müştaq, M.F.Axundzadə, Molla Cüma, Rəşid bəy Əfəndiyev, Hüseyn Qəmnak, Osman Biçarə, Aşıq Əhməd, Salman Mümtaz, Mustafa bəy Əlibəyov, Hüseyn Kişli, Rəcəb Əfəndizadə, Əzəl Dəmirçizadə, Hikmət Ziya, B.Vahabzadə, Sabit Rəhman, Nadir Məmmədov, Yaşar Qarayev, A.Abdullazadə, Yaşar İbrahimov, Ülkər Hüseynova, Vaqif Aslan, Baba Babayev, Ramiz Orsər, Hədiyyə Şəfaqət, Ləman Vaqifqızı və başqaları, cəmi 237 nümayəndə haqqında həm yığcam biblioqrafik informasiya, həm də onların əsərlərindən nümunələr öz əksini tapmışdır. Kitabın yuxarıda adlarını xatırladığımız ədəbi abidələrdən bir fərqi də orada müxtəlif janrlı əsərlərin təmsil olunmasıdır. Bu da Ramiz Orsərin təkcə hansısa yaradıcılıq sahəsinə deyil, bütövlükdə Şəki diyarının adı, məkanı ilə bağlı olan yaradıcılıq nümunə və sahələrinə eyni gözlə baxmasından və Şəkidən gələn (ədəbi-mədəni) səslərin bütün çeşidlərini əhatə etmək cəhdindən irəli gəlir.

Ramiz Orsər çox vaxt "süfrə" sözünü ədəbi-bədii materialla yanaşı çəkir - "Maral xanım Nəbizadənin də poetik "süfrəsinə" oxuculara qonaq etmişik", "Vaqif Aslanın poetik "Süfrəsi", "Şəkidən gələn səslər" adlı ədəbi-bədii "süfrəmizə" üz tutan hər bir oxucuya səslənirik" və s. Bizcə, bütün bunlar Şəkinin çox zəngin, rəngin, çeşidli xörəkləri ilə məşhurluğu və şəkililərin səxavəti, qonaqpərvərliyi və yüksək süfrə mədəniyyətinə malik olmalarının təsiri ilə bağlıdır, mental yaddaşın "diqtəsi"dir.                 

Neçə onillər, yüzillər sonra da "Şəkidən gələn səslər" kitabının Şəki, onun tarixi, ədəbi-mədəni həyatı haqda maraqlanan hər kəsə gərəkli olacağına, bu ədəbi-bədii "süfrəyə" üz tutanların dadına çatacağına inandığımız kimi, onun davamı kimi nəzərdə tutulan II, III və s. kitabların da işıq üzü görəcəyinə Ramiz Orsəri tanıdığımız, onun qabiliyyətinə bələd olduğumuz qədər əminik.

 





26.09.2018    çap et  çap et