525.Az

Azərbaycan filmlərində Bakı və insan mənzərələri


 

“GÜN KEÇDİ”DƏN “UŞAQLIĞIN SON GECƏSİ”NƏ

Azərbaycan filmlərində Bakı və insan mənzərələri<b style="color:red"></b>

Bir axşam taksidən düşüb payıza yavaş-yavaş uşaqlığımızın son gecələrini xatırlamaq üçün milli kinematoqrafiyamızdakı Bakımıza və bəzilərimizə yad, bəzilərimizə doğma olan keçmiş dövrə baxmaq cəhdi, az da olsa, nostaljiyə yönəldər bizi.

Kino tariximiz səssiz qısametrajlı filmlərin və hadisələrin xronoloji süjet xəttindən ibarət yığılma fotolarının ekranlaşdırılması ilə 1898-ci ilin 2 avqust təqvimindən başladı. Bu kinonun səssiz dövrü idi. Həmin dövrdə daha çox neft fontalarının əsas mövzu olduğu kinolentlər hazırlanırdı. “Səssiz dövrün” ən məşhur filmi isə “Balaxanıda neft fontanı” idi. Kinomuzun “səssiz dövrü” tariximizə Abbas Mirzə Şərifzadə adını yazdı.

30-cu illərdə səsli kinolarımız çəkilməyə başladı. Moskva kinostudiyaları ilə birlikdə bir neçə film istehsal olundu və Azərbaycan kinosu Sovet ölkələri arasında sürətli istehsal kəmiyyətinə və keyfiyyətinə görə seçilməyə başladı. 40-cı illərin ən məşhur kino hadisəsi Üzeyir Hacıbəyovun “Arşın mal alan” əsərinin ekranlaşdırılması oldu. Filmin aktyorları həmin vaxtlarda məşhur olan bir neçə mükafatla təltif edildilər. Daha sonrakı dövrlərdə xüsusi publisistik məzmunlu ssenarilərə filmlər çəkildi.

Artıq 60-cı illərdən sonra Azərbaycan kino sənayesi kifayət qədər inkişaf etmişdi. Və Sovet ölkələri arasında ən yaxşı filmləri ilə yadda qalırdı. Məşhur Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası hələ də fəaliyyətini davam etdirir. 2000-ci illərdən sonra dəfələrlə uğurlu kinolar çəkilsə də, yeni dövr 2010-cu ildən sonra özünü daha yaxşı göstərməyə başladı. “Dolu” yeni dövrün, “Pərdə” isə ən yeni dövrün diqqət mərkəzində olan filmləri kimi ekrana çıxdı. 

1. “Gün keçdi” 

Arif Babayevin möhtəşəm ekran işini seyr etməyə Bakının sevgilisi Xəzərlə və Vaqif Səmədoğlunun sözlərinə Emin Sabitoğlu tərəfindən bəstələnmiş “Bir axşam taksidən...” parçasının Flora Kərimovanın həzin səsiylə dinləməklə başlayırıq. Bu musiqi həm də filmin “Soundtrack”idir. Ssenari müəllifi Anar olan və yazıçının “Gürcü familyası” hekayəsi əsasında qələmə alınmış, baş rolları Həsən Məmmədovla Leyla Şıxlinskayanın oynadığı film yağışlı bir havada şəhərin islaq küçələri və adamlarının xoşbəxt, qayğısız simaları ilə start götürür. 1971-ci ilin istehsalı “Gün keçdi” kinosu həmin dövrə xas “lentə alınmış teatr” estetikasına alternativ bir ekran işi kimi yadda qaldı və yazıçıya xas olan şəhər lirikasının ən gözəl nümunələrindən biridir.

Film İçərişəhərdəki binaların yenidən təmiri ilə bağlı memarlar arasındakı mübahisə ilə başlayır. Oqtay razı deyil evlərin sökülməsinə. Quruluşçu rejissor və ssenarist aktual bir problemi ekrana gətirməklə filmi ictimai-sosial mesajla başlayırlar. Tarixi memarlıq abidələrimizə toxunmaq olmaz! Bakını içdən sevən Oqtayın kor kişinin əlləri ilə divarlara toxunaraq öz evini tapması misalı həssas bir nöqtəyə yenidən toxunur. Düzü, Sovet film arenasında belə bir ciddi mesajla çıxış etmək həm ssenari müəllifinin, həm də rejissorun cəsarətindən xəbər verir.

Növbəti səhnələr yenidən İçərişəhəri, Oqtayın məktəb illərindəki xatirələrini göstərir. Film bizə “Köhnə şəhər”i küçəbəküçə gəzdirir. Fonda məlum musiqinin bir neçə remiks forması səslənir, bəzən də o illərin məşhur “Qaya” qrupu və səsləri ekrana gəlir. Oqtaya gələn teleqramdan sonra Bakının indiki “AzNeft” dairəsini, daha sonra aeroporta gedən uzun bir yolun təsvirini izləyirik. 70-lərin Bakısı, avtobusları, magistral yolları, bu gün olduğu kimi, həmişə harasa tələsən adamları, günəşli dənizi, neft buruqları. Liman şəhəri həmin dövr üçün yeni sayılan montajla təsvir olunur.

Moskvadan gələn təyyarə qırx beş dəqiqə gecikir. Və biz bu gecikmə sırasında “Bakı aeroportu”na baxırıq. Şüşəli kafedən təyyarələrin enişinə, çiskinli havada adamların Bakını tərk etməsi üçün tələsməsini və əksinə, indicə Bakıya ayaqları ilə toxunmaq üçün pilləkənlərdən enən adamları Oqtayla bir yerdə seyr edirik. Baş obraz Əsmərin Bakıdan getdiyi günü film boyu xatırlayan Oqtayı nəzərimizdən itməyə qoymayan rejissor, eyni zamanda, məşhur dəmiryolu vağzalındakı qələbəliyi də, intizarı da tamaşaçıya göstərməyə fürsət tapır. Filmin maraqlı dialoqları yenidən İçərişəhərdə reallaşır.

Əsmər Bakı üçün darıxıb. Əlbəttə, Oqtay üçün də. Rejissorun tez-tez keçmişə qayıtması, fondakı gənclik illərinin səs-küyü Əsmərin necə darıxdığını bizə hiss etdirir. Bakıdakı qədim Şərq nağıllarının sevgi hekayələri bu dəfə də bizim qəhrəmanlar arasında yaşanıb. Hərçənd Oqtay bunu qəbul eləmir. Bakının dar, köhnə küçələri özü buna şahiddir. Dəfələrlə taksi səhnələrini və Bakının binalarını məqsədli göstərən operatorlar film sənayemizin ən maraqlı Bakı mənzərələrindən birini yarada biliblər.

“Biz xaricdə olanda mən hər gün “Moskva radiosu”na qulaq asırdım. Görüm Bakıda hava necədi? Biləndə ki, Bakıda yağış yağır, soyuqdu, mən də üşüyürdüm...”

Əsmərin darıxmağı İçərişəhər kimi melanxoliya ilə doludu.

Daha bir maraqlı səhnə fayton səhnəsidi. Qədimliyindən çıxa bilməyən Bakının daha bir milli obrazı - faytonçu. Təxminən, sahil kənarıyla fayton İçərişəhərə doğru istiqamət alır və ekranda atın ayaqlarının altındakı nalla asfaltın duetinin səsini eşidirik.

Bakı Şərq və Qərbin arasındadı. Bu şəhərin müxtəlifliyi təkcə onun bugünkü zahiri görünüşü ilə yox, həm də adamlarının nə qədər şərqli, nə qədər qərbli olmasıyla da əlaqədardı. Rejissor isə filmin sonunu nə şərqli məhəbbəti ilə, nə də qərbli çılğınlığı ilə düşünüb. Bu səhnədə - Əsmərin Oqtayın evinə gəldiyi anda ortaya qafqazlı xarakteri atılır. Mühafizəkar kişi və qadın obrazları. Deyilənə görə, bunu baş rolun ifaçısı Həsən Məmmədovun özü təklif edib. Əks halda bu obrazı canlandırmayacağını şərt kimi qoyub. Və film Oqtayla Əsmərin aeroportda keçmişi düşünməyib gələcəyə baxmaq həvəsi ilə yekunlaşır. Son səhnələr də yenə Bakı və yenə onun adamları... əl yelləyir.

2. “Uşaqlığın son gecəsi”

Maqsud İbrahimbəyovun ssenari müəllifi olduğu, Arif Babayevin daha bir sevimli ekran işi olan filmdə Bakı mənzərələrinin xüsusi bir portreti yoxdur. Amma kinonun abu-havası bizə 60-ların Bakısını hiss etdirir. Hadisələr əsasən iki məkanda - Muradgilin evində və ət kombinantında cərəyan edir. Yuxarıda qeyd edilən kimi, “Gün keçdi” filminə qədərki bütün kinolarımız teatr üslublu, hərəkətli fotoqrafiya elementlərini xatırladan lentlərdən ibarət olurdu. Arif Babayev bu kinoda sanki növbəti filmləri üçün hazırlıq mərhələsi olaraq bir neçə cəhddə İçərişəhəri və bugünkü “İstiqlaliyyat” küçəsini göstərməyə çalışaraq ekran işində yeniliyə can atır.

Film 1968-ci ildə çəkilib və 1969-cu ildə ilk dəfə nümayiş olunub. İki nominasiya üzrə mükafat alıb. 1969-cu ildə Kiyevdə Zaqafqaziya və Ukrayna respublikalarının “Prometey-69” III zona kinofestivalında “Gənclik üçün ən yaxşı film”ə görə mükafat qazanır və filmin bəstəkarı Polad Bülbüloğluya “Ən yaxşı musiqi”yə görə xüsusi diplom verilir.

Film yeniyetməliyin son, gəncliyin ilk çağlarının formalaşması anında şəxsiyyətin deformativ məqamlarını izləyicinin nəzərində canlandırır. Yenə əsas məkan İçərişəhər və dəniz sahilidir.

Film insan xarakterlərinin müxtəlifliyi ilə də rənglidir. Murad obrazı baş obrazdı və kinomuzun ən saf, ən məsum xarakteri də adlandıra bilərik.  Sevgilisi ilə görüşlərinin birində ondan saatını və sviterini istəyən gənclərə qarşı müqavimət göstərməməsi, cəsarətinin buna çatmaması onu utandırır və bu hadisə onun uşaqlığının son gecələrindən biri olur. Rüstəmi sonda qurtaran da onun içindəki saf uşaq hələ də qorxur. Sovet dövrünün romantikasını, məlum həyat tərzini göstərməyə çalışan rejissor ət kombinantındakı oğurluq hadisələrini filmin əsas məzmununa çevirməklə tamaşaçıda maraq oyada bilir.

Filmdə gördüyümüz birinci oğurluq hadisəsindən sonra Murad özünə qapanır və utanır. Təklik ona dözülməz bir həqiqəti pıçıldayır - böyüməlidir. Uşaqlığına bağlı qalan, ya da bunu istəmədən yaşadan obrazımız Sovet gəncinin ilk addımlarındakı uğursuzluqları və vecsizlikləri də tərənnüm edir. Əslində, ötən əsrin 60-70-ci illəri ilə bu günümüzdəki başlıca fərq təfəkkür fərqidir. Bu isə elə imperiya boyda fərqdir.

Filmdə sosial mesajlardan biri də Muradın başqa bir həmyaşıdını göstərib “onu universitetə düzəltdilər” gileyindən sonra Rüstəmin “bilirsən Murad, o, həmişə biləcək ki, onu dayısı universitetə qoydu, sən isə həmişə özünlə fəxr edəcəksən” cavabıdır.

Həmin illərdə bir yaşı olan metronunda kadrlarda işıqlandırılması bu günün gənc tamaşaçısı üçün bir şey ifadə etməsə də, o illərin adamlarına nostalji yaşadır.

Filmin bəzi səhnələri bu gün replikaya da çevrilməyi bacarıb. Məsələn:

- Fannntomas...

- Kül sənin kişi başına!

Ümumiyyətlə, film yarıkomediya üslubundadır.

Son səhnədə səslənən məşhur ifa isə hələ yüz illər keçsə də, dəyərdən düşməyəcək. Polad Bülbüloğlunun Fikrət Qocanın sözlərinə bəstələdiyi “Gəl, ey səhər” mahnısı kino musiqilərinin içində həm orijinallığı, həm də həzin melodiyası ilə seçilir. Bundan əlavə filmdə “Beatles” qrupunun ifaları da yer alıb.

 





01.10.2018    çap et  çap et