525.Az

"Hələ sən yıxdığın evdə qalıram..." - Kəmaləddin Qədimin şeirləri


 

"Hələ sən yıxdığın evdə qalıram..." - <b style="color:red">Kəmaləddin Qədimin şeirləri</b>

BİZ HAZIR NAĞILIQ...

Burax, bundan belə sevda dediyin
Nədisə, qoy film, dizi danışsın.
Mən adda nə dəli oğlanı dinsin,
Sən adda nə mələk qızı danışsın.
 
Hay salsın, ün təpsin dilində türkün,
Nə imiş özündən özünə sürgün...
Gün gəlsin, günlərin içində bir gün,
Dil dönüb, dolaşıb düzü danışsın.

Ağrı nə bilməyən ağrı nə, bilsin,
Çatlamaq nə demək, bağrı nə bilsin...
Beş-altı adamı doğru nə, bilsin,
Yalanı, yalnışı yüzü danışsın.

Belə bağlanmasın dünənə söylə,
Köhnəlib bu adət-ənənə, söylə.
Biz hazır nağılıq, nənənə söylə
Qoy nağıl yerinə bizi danışsın...

MƏN SƏNİN YANINA QAYIDACAĞAM...

Bilməm, günmü keçər, aymı sovuşar,
Az qalıb a yurdum, yuvam, qovuşaq.
Bir az dəli-dolu, nadinc, kür uşaq
Ata kötəyinə qayıdan kimi
Mən sənin yanına qayıdacağam...

Gözləyir, hələ də gözləyir məni,
Pəncərəm önündə solan səməni.
Gündə dörd dolanıb çölü, çəməni
Arı pətəyinə qayıdan kimi
Mən sənin yanına qayıdacağam...

Çatmadım bu il də gülü yazına,
Neçə şənliyinə, neçə yasına.
Bir bala qaranquş öz yuvasına,
Çoban tütəyinə qayıdan kimi
Mən sənin yanına qayıdacağam...

Yetəcək əlinə nə xoş, əllərim,
İllər həsrətlisi, naxoş əllərim.
Hər yandan üzülən bomboş əllərim
Tanrı ətəyinə qayıdan kimi
Mən sənin yanına qayıdacağam...

BARI, BU OXUNAN QURAN OLAYDI...

Qoymazdım əlimdə olsa, gözlərim
Nə yasaq axtara, nə cəza görə.
Yatsa, ipə-sapa yatsa sözlərim,
Yenəmi gedərdim güdaza görən?

Bu yolu gözünə təpir, nə verir,
Yolçuya bu cığır, ləpir nə verir?
Bu ocaq nə verir, bu pir nə verir
Bu boyda nəzirə-niyaza görə?

Yolu yoxmu Tanrım, heç günahımın,
Azını, çoxunu seç günahımın.
Üstdən keçərsənmi beş günahımın
Bu beş vaxt qılınan namaza görə?

Bu gələn hədəfə vuran olaydı,
Sözünün üstündə duran olaydı.
Barı, bu oxunan Quran olaydı
Belə gözəl səsə, avaza görə...

SƏNİ KÖÇÜRTMƏYƏ YER AXTARIRAM

Təpədən-dırnağa sirmişəm özüm,
Kimdəsə, nədəsə sirr axtarıram.
Hər gün dörd dolanıb içində sözün,
Dürdanə gəzirəm, dürr axtarıram...

Ya dağa çəkirəm, ya bağa canı,
Bilmir yasaq canım, qadağa canım.
Qız, sənin uğruna sadağa canı
Hədiyyə verməyə pir axtarıram...

Artır ağrım-acım, göynəyim artır,
Nəyin hayındayam, gör, nəyin artıq;
Uçulub-tökülür ürəyim artıq,
Səni köçürtməyə yer axtarıram...

TOZ BASIB ÜSTÜNÜ XATİRƏLƏRİN...

Deyirlər çoxalıb işvən bir az da,
Naz gəlib bir az da nazın üstünə.
Mənsə üşüyürəm gülüm, bu yazda,
Payız gətirmişəm yazın üstünə.

Adicə duyğumu bu duyğu görən,
Neynəsin bu qəfil soyuğu görən?
Axı, nə yatdım ki, nə yuxu görəm,
Ta yoxun nəyini yozum üstünə?..

Gəl də gör şəstini xatirələrin;
Yapmışam büstünü xatirələrin.
Toz basıb üstünü xatirələrin,
Adını yazmışam tozun üstünə...

ÖMRÜMƏ DAHA BİR SEVGİ GƏTİRMƏ

Ömrümə daha bir sevgi gətirmə,
Ürəyim tablayıb dözə, dözməyə...
Daha bir işvəyə, naza dözməyə
Elə daş nə gəzir, dəmir nə gəzir...

Baxma, nəyin desən qadam, ömrü var,
Vaxtsız çiçəkləyən badam ömrü var.
Məndə bir ölümlük adam ömrü var,
Məndə bir sevgilik ömür nə gəzir...

SINMAQDAN YANADI ŞÜŞƏLƏR, QADIN...

Sirr dolu mən adlı yönlər, tərəflər,
Mən adlı məkanlar, guşələr, qadın.
Çətin, məni yazıb bitirə, çətin,
Dönüb qələm olsa meşələr, qadın.

Mən ağırtaxtalı, ağırçəkili,
Sevdim Bircəsini, sevdim Təkini.
İçimdə gizlədim içimdəkini
Qoymadım gözümdən düşələr, qadın.

Bir əlin quzeydə bumbuz qarıymış,
Bir əlin hazırca kətil, darıymış.
Can almaq adlı bir peşən varıymış,
Yalanmış yanında peşələr, qadın.

Mən paşa saxladım, paşa könlümü,
Daim tutsalar da daşa könlümü.
Sındır, sən də sındır şüşə könlümü,
Sınmaqdan yanadı şüşələr, qadın...

ƏLİBOŞ QALIB...

Əli də məmnundu, Vəli də məmnun,
Əli iş başında, Vəli boş qalıb.
Elə ağıllı da, dəli də məmnun,
Ağıllı boş qalıb, dəli boş qalıb.

Nə gəldi taledən bəri zərgərə,
Ürcahdı tək dərdi-səri zərgərə.
Əmanət edən kim zəri zərgərə,
Gövhəri boş qalıb, ləli boş qalıb.

Gəl də bu şeytanın şərindən qorun,
Atılıb qarmağı, qurulub toru.
Gör neçə qansoran zəli qan sorur,
Gör neçə qansoran zəli boş qalıb...

Çıxarmır kimsə səs-səmir, yaşayır,
Üz-gözü qapqara kömür yaşayır.
Eh, hərə bir cürə ömür yaşayır,
Eh, hərə bir cürə əliboş qalıb...

HƏLƏ SƏN YIXDIĞIN EVDƏ QALIRAM

Bilmək istəyirsən necədi halım,
Sən qoyub getdiyin kefdə qalıram.
Həminəm, elə o həmin sevdalı,
Saxlayır o dəli sevda, qalıram.
Neynim, ağlamadım bir gün özümə,
Sürgünəm o gündən, sürgün, özümə.
Nağıl danışıram hər gün özümə,
Cırtdana çatmamış devdə qalıram.

Mən ona, o mənə alışdıq artıq,
Qaynayıb iç-içə qarışdıq artıq.
Sonda həsrətinlə barışdıq artıq,
Eh, bu da bir cürə sövdə, qalıram.

Bitəcək beş-altı qarışda yolum,
Bu uzun, bu yorğun qarışqa yolum.
Bir ayrı yerim yox, bir başqa yolum,
Hələ sən yıxdığın evdə qalıram...

YAMAN TANIŞ GƏLİR BU KÜLƏK MƏNƏ

Qəlbimdə yeri var, izi var kimi,
Yaman tanış gəlir bu külək mənə.
Əsir, elə əsir sözü var kimi,
Deyəsən nə isə deyəcək mənə...
Bəyaz saçlarımı oxşayan nəyi,
Nəyi doğma gəlir, çaşıb qalmışam...
Elə bil nə vaxtsa mən bu küləyi
Göylərə əlimlə yola salmışam.
Yəqin yeri gəlib, yeri, qayıdıb,
Hazır kətilimdi, hazır darımdı.
Olmaya göylərdən geri qayıdıb
Üzümə çırpılan dualarımdı?..

GÖR NECƏ TOPLANIB, CƏM OLMUŞAM...

Gör necə toplanıb, cəm olmuşam, cəm,
Necə ağ çəkmişəm qaramın üstdə...
Yanıb özümü kül eləmişəm
Basmışam sən adlı yaramın üstdə...

Gör necə səssizcə can verir şeir,
Sığayır gözünü misra misranın.
Axıb car olan da göz yaşım deyil,
Baxma ki, nəm çəkir, misram islanır...

Lap gündə min kərə ölüb-diriləm,
Qoymam yerə düşə xətrini, qorxma.
Axı, bilirsən ki bir mən bilirəm,
Kimsəyə duyurmam ətrini, qorxma.

Daha görürsənmi görünmür gözə
Necə həsrətini çəkirəm sənin...
Qorxma, bu qapalı, örtülü sözə
Üşüyən əlini bükürəm sənin.

Daha görürsənmi görünmür gözə
Necə həsrətini çəkirəm sənin...
Qorxma, bu qapalı, örtülü sözə
Üşüyən əlini bükürəm sənin.

Gör necə toplanıb, cəm olmuşam, cəm,
Necə ağ çəkmişəm qaramın üstdə...
Yandırıb özümü kül eləmişəm,
Basmışam sən adlı yaramın üstdə...

ŞUŞA GEDƏNDƏN GEDƏNƏM...

Çox da sefil-sərgərdanam,
Səfə, düzümə gəlmirəm;
Qalxıb uca görünürəm,
Enib dizimə gəlmirəm.

Ovutmur nə sirsə məni,
Nə məscid, nə kilsə məni.
Ya, çözəmmir kimsə məni,
Ya, mən çözümə gəlmirəm.

Saxlasam da azda, kəmdə,
Özümü bu dərddə, qəmdə.
Gündə min yol incitsəm də
Bir yol üzümə gəlmirəm.

Ruham, bədəndən gedənəm,
Bu candan, təndən gedənəm.
Şuşa gedəndən gedənəm,
Hələ özümə gəlmirəm...

UZAQ GETMƏZ BU YOL DA

Beləmi olur davalı
Əldə zurna-qavalı?
Yolda qalacaq lalı,
Karı yolda qalacaq...

Ucasını itirib;
Qocasını itirib.
Əsasını itirib,
Qarı yolda qalacaq...

Ayrı ov yox, bərə yox,
Ayrı güllü dərə yox.
Çiçəyində şirə yox,
Arı yolda qalacaq...

Hər gün “salam-sağ ol”da,
Hər gün bir ayrı rolda;
Uzaq getməz, bu yol da
Yarı yolda qalacaq...

BÖYÜT MƏNİ, İLAHİ...

Bir ömürdü mən qaçıram, vaxt qovur,
Kimdi sayan igid məni, İlahi?
Ovutmayır, kiritməyir bir hovur
Yüz nəsihət, öyüd məni, İlahi...

Nə öldürdün, nə saxladın, bilirsən,
Nəyi, necə yasaqladın, bilirsən.
Qanadında tut saxladı, bilirsən,
Kölgəsində söyüd məni, İlahi...

Kim sarıdı yaralarım sarğısın,
Kimi söysün, dilim kimi qarğısın?
Dözəmmirəm, çəkəmmirəm ağrısın,
Səbr göndər, keyit məni, İlahi...

Sən o Haqsan, mən hələ də o uşaq,
Bir sığala, bir tumara yovuşan.
Əlim çatmır, boyum çatmır qovuşaq,
Bir azca da böyüt məni, İlahi ...

BU DA SƏNDƏN SONRASI...

Bu da təklik, tənhalıq,
Bu da səndən sonrası...
Sən vardın, gəlmir artıq
Yada səndən sonrası...

Kimsə yox qısqanacaq,
Darılacaq kimsə yox.
Gələn getməkdən yana,
Sarılacaq kimsə yox.

Bir havaya möhtacam,
Bir də suya, əkməyə.
Halım da qalmayıbdı
Həsrətini çəkməyə.

Üz tutdum, məscid, nə də
Kilsə günah çıxartmır.
Günah qazanır ancaq,
Kimsə günah çıxartmır.

Özüm özümə ocaq,
Özüm özümə pirəm.
Heç daha sən olmayan
Yuxuya da getmirəm.

Alışmışam bu bumbuz
Yatağı tək qızdırım.
Odun qalıbmı bir az
Gəlim ürək qızdırım?..

ÖZÜMƏ

Təzə dərd gətirəcək,
Təzə şeir gözləmə.
Zərər verirəm ancaq,
Məndən xeyir gözləmə.
Tutub əlindən, canım,
Qaçırım hara səni?
Qorxuram göz yaşlarım
Yuyub apara səni.
Üzə də bilməyirsən,
Get, Allah yarın olsun.
Kağızdan gəmi düzəlt,
Qələm avarın olsun...

 





14.10.2018    çap et  çap et