525.Az

Azərbaycanın KİV rəhbərləri Gürcüstanda bir sıra görüşlər keçiriblər - Fotolar


 

SƏFİR DURSUN HƏSƏNOV: "AZƏRBAYCAN DÖVLƏTİ GÜRCÜSTANDA YAŞAYAN SOYDAŞLARIMIZA HƏR CÜR QAYĞI GÖSTƏRİR"

Azərbaycanın KİV rəhbərləri Gürcüstanda bir sıra görüşlər keçiriblər - <b style="color:red">Fotolar</b>

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə Tbilisidə səfərdə olan KİV nümayəndələrinin və deputatların bir qrupu oktyabrın 19-da Azərbaycanın Gürcüstandakı səfirliyində olub.

"Azərtac" xəbər verir ki, səfir Dursun Həsənov Azərbaycan-Gürcüstan yüksək strateji tərəfdaşlıq münasibətləri barədə ətraflı məlumat verib. Diplomat bildirib ki, Azərbaycan bu gün Gürcüstan iqtisadiyyatına sərmayə qoyan ölkələr sırasında ilk yerlərdən birini tutur.

Azərbaycan dövlətinin bu ölkədə yaşayan soydaşlarımıza hər cür qayğı göstərdiyini xüsusi qeyd edən D.Həsənov deyib: "Gürcüstanın ali məktəblərində təhsil alan yerli tələbələrin böyük əksəriyyətinin təhsil haqqı Azərbaycan dövləti tərəfindən ödənilir. Azərbaycan Təhsil Nazirliyi Gürcüstandakı Azərbaycan dilli məktəblərin dərslik problemlərinin həlli məqsədilə bu ölkəyə hər il minlərlə dərs vəsaiti göndərir. Azərbaycan dövlətinin dəstəyi ilə Gürcüstanda bir neçə məktəb tikilib, onlarla məktəb əsaslı təmir olunaraq soydaşlarımızın ixtiyarına verilib. Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şirkətlərində minlərlə soydaşımız işlə təmin olunub".

Dövlət fondunun icraçı direktoru Vüqar Səfərli səfirə Azərbaycan jurnalistlərinin Gürcüstana səfərinin məqsədi barədə məlumat verib. Söhbət zamanı bu cür səfərlərin əhəmiyyəti xüsusi qeyd olunub. Bildirilib ki, KİV nümayəndələrinin qarşılıqlı səfərləri iki dost və qonşu xalq arasında dostluq münasibətlərinin inkişafında mühüm rol oynayacaq.

Sonra Azərbaycan mətbuatının nümayəndələri Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində olublar. Muzeyin direktoru Leyla Əliyeva qonaqlara muzeyin fəaliyyəti barədə məlumat verib.

Muzeylə tanışlıqdan sonra Azərbaycandan gəlmiş jurnalistlər Tbilisi şəhərinin azərbaycanlı və gürcü icmalarının üzvləri ilə görüşüblər.

Görüşdə Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Milli Məclisin deputatları Aqil Abbas, Əflatun Amaşov, Gürcüstan Ağsaqqallar Şurasının sədri İsaq Novruzov, politoloqlar Tengiz Txilava, Simon Kopadze və başqaları Azərbaycan ilə Gürcüstan arasında ictimai-siyasi, mədəni və humanitar sahələrdə əlaqələrin inkişaf perspektivləri barədə fikirlərini bölüşüblər.

Daha sonra Azərbaycan KİV nümayəndələri Tbilisi şəhərində görkəmli ictimai-siyasi xadim, yazıçı Nəriman Nərimanovun ev-muzeyini ziyarət ediblər.

"Azərbaycan dövləti Gürcüstanda yaşayan soydaşlarımızın qayğıları ilə hər zaman maraqlanır və onların problemlərinin həllinə çalışır". Bu fikirlər isə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə Gürcüstanda səfərdə olan Azərbaycanın bir qrup KİV nümayəndəsinin Marneuli rayonunda soydaşlarımızla görüşündə səslənib.

Fondun icraçı direktoru Vüqar Səfərli bu ilin may ayında Azərbaycanda və Gürcüstanda ilk demokratik respublikanın yaranmasının 100 illiyinin tamam olduğunu xatırladıb. Bu səfərin də məhz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar hazırlanmış tədbirlər planı çərçivəsində reallaşdırıldığını söyləyib.

Bildirilib ki, azərbaycanlıların yığcam yaşadıqları Marneulidə bu görüşün məqsədi soydaşlarımızın qayğıları ilə maraqlanmaqdır.

Görüşdə Gürcüstanda yaşayan soydaşlarımızın qarşılaşdıqları təhsil problemləri, kadr çatışmazlığı, işsizlik və s. məsələlərdən danışılıb.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Cəmaləddin Quliyev, Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev və başqaları soydaşlarımızın qaldırdıqları məsələlərə münasibət bildiriblər.

Diqqətə çatdırılıb ki, Gürcüstan hökuməti bu ölkədə yaşayan soydaşlarımızın problemlərinə diqqətlə yanaşır, onların həllinə çalışır. Azərbaycan dövləti də qarşılıqlı dostluq və əməkdaşlıq şəraitində soydaşlarımızın problemlərinin həllində öz köməkliyini əsirgəmir.

Vurğulanıb ki, Azərbaycan dövlətinin bu qayğısı davamlı olacaq və soydaşlarımızın inteqrasiya proseslərinə köməklik göstəriləcək.

Sonra Azərbaycan KİV nümayəndələri Marneulidəki Ata Holdinq Mərkəzinin fəaliyyəti ilə tanış olublar.

"Azərbaycanda ailə institutu: mövcud vəziyyət və çağırışlar" mövzusunda dəyirmi masa keçirilib

Dünən Beynəlxalq Mətbuat Mərkəzində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Himayədar" Humanitar Tərəqqi İctimai Birliyi "Azərbaycanda ailə institutu: mövcud vəziyyət və çağırışlar" mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə çıxış edən təşkilatın rəhbəri Himayət Rizvanqızı layihənin əhəmiyyətindən danışaraq bildirib ki, Azərbaycanın ənənəvi ailə modelində dəyişikliklər prosesi gedir: "Ancaq bu prosesin müsbət və mənfi tərəfləri, mövcud tendensiyalar və perspektivlər dərin ictimai qiymətləndirilməyə cəlb edilməyib, milli-mənəvi və bəşəri dəyərlərə söykənən modern, demokratik ailə modelinin formalaşması prosesinə yetərincə güclü ictimai dəstək təşkil olunmayıb".

H.Rizvanqızı layihədə məqsəd Azərbaycanda ailə insititunun gücləndirilməsinə töhfə vermək, əsas hüquq və azadlıqların pozulması kimi ağır problemlərin həllinə yardım etmək, Azərbaycan ailəsinin spesifik xüsusiyyətlərinin mühafizə edib gələcək nəsillərə ötürülməsini dəstəkləmək və ailə problemlərinin müzakirə platformasını genişləndirmək, sosial məsuliyyət hissinin artırılmasınına yardım etməkdir.

Bu məqsədlə layihə çərçivəsində ailə məsələləri üzrə informasiya bazası yaradılıb. Bu baza "Məlumatlar və sənədlər arxivi" və "koordinatlar bazası"nı əhatə edir. Yəni həm bu problemlə bağlı müxtəlif məlumatlar, informasiyalar, məqalələr, mövcud qanunvericilik və s. toplanıb, həm də bu sahədə işləyən bütün dövlət qurumları, QHT, elmi müəssisələr, ayrı-ayrı ekspertlər və digərlərinin koordinatları cəmləşdirilib. Bundan başqa, "Ailə özəlində kişilər və qadınlar: mən-biz balansı, evlilik, boşanma" və "Modern/demokratik ailə necə olmalı?" adda 2 infoqrafik hazırlanıb.

Tədbirdə infoqrafiklər nümayiş etdirilib. Təşkilatın bu problemlə bağlı cəmiyyətə ünvanladığı sosial mesajları əks etdirən elektron bannerlər də maraq doğurub.

Sonra ekspert Hüseyn Hümbətov çıxış edərək "Azərbaycanda ailə institutu: mövcud vəziyyət və çağırışlar" mövzusunda araşdırmasını təqdim edib. O qeyd edib ki, tədqiqatda Azərbaycanda ailə, nikah və boşanma proseslərinin tarixi aspektlərinə nəzər salınıb, qloballaşma və demokratikləşmə prosesində Azərbaycan ailəsinin durumu, baş verən dəyişikliklər prosesində ortaya çıxan tendensiyalar araşdırılıb, nikah və boşanma əmsallarının dinamikası, nikahlara və boşanmalara təsir edən amillər müəyyənləşdirilməyə çalışılıb. Eyni zamanda, ailələrdə uşaqların sayının azalması, faktiki nikahların yayılması, erkən nikahlar, məişət və ailə zorakılığı, miqrasiya, əcnəbilərlə nikahlar kimi tendensiyalar qloballaşma və demokratikləşmə prosesinin ailəyə təsiri təzahürləri kimi analizə cəlb olunub. Tədqiqat üzə çıxarıb ki, son 25-30 il ərzində əhəmiyyətli ictimai dəyişikliklər yaşayan Azərbaycan bu dəyişikliklər fonunda ailə institunun transformasiyası və onun bərabərində gələn problemlərlə üzləşən toplumlardan biridir. Yeni ictimai düzən çərçivəsində ənənəvi ailə modelinin bütün xüsusiyyətlərini davam etdirmək mümkün deyil. Həmçinin, ailə təsisatın yenilənməsi müxtəlif ictimai problemlərə səbəb olur. Azərbaycanda ənənəvi ailə modelinin dəyişikliyə uğraması, demokratik cəmiyyətin diktə etdiyi dəyərlər sisteminin təsiriylə avtoritar ailə modelinin demokratik ailə modelinə çevrilməsi prosesi gedir və bu prosesin müxtəlif fəsadları müşahidə olunur.

Sonda araşdırmanın nəticələri əsasında hazırlanan təkliflər paketi təqdim olunub. Qeyd olunub ki, araşdırma hesabatı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Milli Məclisin Ailə, Qadın və Uşaq məsələləri komitəsinə təqdim olunub.

C.ABASOV

 





23.10.2018    çap et  çap et