525.Az

İcbari Tibbi Sığorta: Sağlamlığın təminatı olan layihə


 

İcbari Tibbi Sığorta: <b style="color:red">Sağlamlığın təminatı olan layihə </b>

Azərbaycanın səhiyyə sistemində aparılan kompleks islahatlar heç kimə sirr deyil. Bunun bir hissəsi kimi artıq bir ilə yaxındır, pilot layihə kimi ölkənin üç bölgəsində tətbiq edilən icbari tibbi sığorta sistemini göstərmək olar.

Layihənin təməli 1999-cu ilin 30 dekabrında Heydər Əliyevin "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə sərəncam imzalamasıyla atılıb. 2007-ci ildə isə Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaradılıb. 2016-cı ilin noyabrından Mingəçevir və Yevlaxda, bu ilin fevralından etibarənsə, Ağdaşda layihənin tətbiqinə başlanılıb. Gələn ildən icbari tibbi sığortanın (İTS) bütün ölkə ərazisində tətbiqi gözlənilir.

Artıq icbari tibbi sığortanın qiyməti də bəllidir. Agentliyin direktoru Zaur Əliyev açıqlamasında bildirib ki, məbləğ 120 manat təşkil edəcək. Yəni icbari tibbi sığorta etdirmək istəyən vətəndaşlar aylıq 10 manat ödəməlidir.

Direktorun sözlərinə görə, vətəndaşların bəzi kateqoriyaları sığorta haqlarından azad olunacaq:

"Bunlar uşaqlar, pensionerlər, əlillər və aztəminatlı ailələrdir. Onların icbari tibbi sığorta ilə bağlı xərclərini dövlət öz üzərinə götürəcək".

Z.Əliyev əlavə edib ki,

əhali sığorta haqlarını hissə-hissə ödəmək imkanı da qazanacaq.

Sistemin yaradılmasında dünyanın bir çox inkişaf etmiş ölkələrinin təcrübəsindən istifadə edilib. Mütəxəssislərin fikirlərinə görə, sistem ölkə səhiyyəsini köklü şəkildə dəyişəcək, tibb sahəsinin xeyli inkişaf etməsinə təkan verəcək.

İTS-dən ölkə vətəndaşları, müvəqqəti və ya daimi yaşamaq üçün icazəsi olan əcnəbilər, vətəndaşlığı olmayan şəxslər faydalana biləcəklər.

Yaxşı bəs icbari tibbi sığorta nədir?

İTS vətəndaşları keyfiyyətli və vaxtında tibbi xidmət, müayinə, müalicə, dərman preparatlarıyla təmin etmək üçün yaradılan sistemdir.

Səhiyyə nazirinin müavini Elsevər Ağayevin açıqlamasına görə, icbari tibbi sığorta işçilərin əməkhaqqından tutmuş tibb müəssisələrinin akkreditasiyasına kimi müxtəlif parametrləri əhatə edən çoxşaxəli prosesdir. Ona görə də bütün bunlar tam öz həllini tapdıqdan sonra Nazirlər Kabinetinin icbari tibbi sığortanın tətbiqi ilə bağlı qərar verəcəyi gözlənilə bilər: "Ümumiyyətlə, hər bir ölkə tibbi sığortaya fərqli şəkildə yanaşır. Səmimi bildirim ki, ölkələrin əksəriyyətində tibbi sığorta problemlə qarşılanır. Mənə elə gəlir ki, Azərbaycanda da icbari tibbi sığortanın tətbiqinə hərtərəfli, bütün parametrlər nəzərə alındıqdan sonra başlamaq lazımdır. Ancaq bu, yalnız səhiyyənin və yalnız Səhiyyə Nazirliyinin əlində olan məsələ deyil".

İcbari tibbi sığortanın tətbiqi səhiyyə sisteminin inkişafı üçün çox əhəmiyyətli addım hesab oluna bilər. Ümumiyyətlə, bir çox ölkədə tibbi ödəmələr bu yolla həyata keçirilir. Bəzi ölkələrdə isə səhiyyə xidmətləri tamamilə pulsuzdur. Ödəmələri dövlət orqanları ödəyir. Digər qism ölkələrdəsə dövlət hesabındakı müəssisələrdə ödəmələri dövlət özü və ya bələdiyyələr həyata keçirir. Özəl müəssisələrin verdiyi xidmətsə tamamilə pullu olur. Bu mənada, ideala ən yaxın olan İTS-nin tətbiqidir. Belə olan halda həm özəl, həm də dövlət balansında olan tibb müəssisələri sözügedən sistem vasitəsilə maliyyələşir. Azərbaycanda sistemin tətbiqi üçün lazımlı baza artıq mövcuddur. Bu sistemin işəyararlılığının təmini məqsədilə uzun illərdir, zəmin hazırlanır. Hər il büdcədən müəyyən vəsait ayrılır. İTS-nə maneə yaradacaq iki ən böyük amil - bölgələrdə xəstəxanaların maddi-texniki bazasının zəifliyi, müasir səhiyyə müəssisələrinin azlığı demək olar ki, aradan qaldırılıb. Bu sahədə ciddi islahatlar tam sürətlə davam edir. Əvvəlki illərə baxanda ixtisaslı kadr çatışmazlığı problemi kifayət qədər azalıb.

Sistemin tətbiqi səhiyyə sistemindəki işbazlığın da qarşısını alacaq. Xəstənin əlavə müayinələrə cəlb olunmamasına, lazımsız dərmanların yazılmamasına, müalicə müddətinin uzadılmamasına çalışılacaq.

Xəstələr az vəsait ödəməklə keyfiyyətli xidmət ala biləcəklər.

Bundan başqa, müalicə prosesinə üçüncü tərəf nəzarət edəcək, həkimin müayinə və müalicə məlumatlarının detalları, yazdığı resept agentliyin bazasına daxil olunacaq.

Sözügedən sistem üç mənbədən maliyyələşəcək - dövlət büdcəsi, işəgötürənlər və işçilərin ödənişləri.

İcbari tibbi sığorta müxtəlif paketlər şəklində tətbiq edilir - qızıl, gümüş və adi. Bütün paketlərdə minimum tibbi xidmətlər əhatə olunur. Bahalı xidmətlər gümüş paketə, qızıl paketə isə bütün tibbi xidmətlər daxil edilir. Qızıl paketdən yalnız müqavilə bağlayan, işləyən vətəndaşın özü deyil, onun ailə üzvləri də faydalana bilərlər.

İTS-nin tətbiqi səhiyyə sistemində korrupsiyanın qarşısını da almağa yardım edəcək. Sistemin tətbiqindən sonra artıq həkim-xəstə münasibətləri tamam ayrı çalar qazanacaq. Qiymət məsələsi arxa plana keçəcək. Çünki xidmət göstərən müəssisə ödənişi müalicə alan şəxsdən deyil, sığorta şirkətindən alacaq. İcbari tibbi sığorta haqqının birbaşa tibb işçilərinə təqdim edilməsi isə qadağan edilib.

Agentliyin rəsmi məlumatına görə, ilkin səhiyyə, ambulator, laborator, stasionar müayinə-müalicə təminatı, dəyəri yüksək, həyati vacib əməliyyatların yer aldığı 1800-dən çox xidmət İTS-nin baza zərfinə daxildir.

Hazırda pilot layihənin həyata keçirildiyi ərazilərdə qeydiyyatda olan şəxslər tibbi xidmətlərdən ödənişsiz yararlana bilərlər. Tibb müəssisələrinin xidmət haqqını isə agentlik qarşılayır.

Layihə hələ sınaq müddətində olduğundan vətəndaşlardan sığorta haqqı tutulmur. Pilot ərazidə qeydiyyatda olan vətəndaş icbari tibbi sığortanın baza zərfinə daxil olan xidmətlərdən istifadə müqabilində nə agentliyə, nə tibb müəssisəsinə vəsait ödəyir. Sığorta haqqı müvafiq qanunvericiliyə dəyişiklik edildikdən sonra toplanacaq.

İTS-nin baza zərfində nəzərdə tutulmayan digər xidmətlərə görəsə, müayinə və müalicə üçün müraciət edənlər xəstəxanalara ödəniş etməlidirlər.

İlkin İTS zərfinə daxil olan xidmətlər (təcili və təxirəsalınmaz tibbi yardım, habelə stasionar müalicə) zamanı istifadə olunacaq dərman vasitələri və tibbi ləvazimatlar baza zərfinə daxildir.

Bundan başqa, xəstələrin zəng edərək və ya elektron şəkildə həkim qəbuluna yazılması istiqamətində iş aparılır. Bu xidmətin istifadəyə verilməsi tibbi xidmət sahəsində irəli atılmış önəmli addım olacaq.

Mingəçevir şəhərində yerləşən 2 saylı Ailə Sağlamlıq Mərkəzinin terapevti Elbrus Abbasov "525"ə açıqlamasında icbari tibbi sığortanın üstünlüklərindən danışıb: "Əhalinin, xüsusən, maddi vəziyyəti aşağı olan təbəqəsinin yaxşı tibbi xidmətlə təmin olunması baxımından icbari tibbi sığrota sisteminin tətbiqi əvəzolunmazdır. Çünki bir çox xəstəliklərin müalicəsi üçün böyük məbləğlərə başa gələn cərrahi əməliyyatlar lazım gəlir. Əhalinin böyük əksəriyyətinin bu əməliyyatları maddi baxımdan qarşılamaq imkanı yoxdur. Bu baxımdan, sözügedən sistemin tətbiqini yerində atılan addım kimi dəyərləndirmək olar".

Həkim bildirib ki, sistem hərtərəfli tibbi xidmətləri əhatə etsə də, bəzi əməliyyatlar buna daxil deyil:

"Xidmətin baza zərfinə müəyyən cərrahi əməliyyatlar daxil edilməyib.

Məsələn, hər hansı estetik əməliyyatın xərclərini sığorta qarşılamır, amma digər həyati əhəmiyyətli cərrahi əməliyyatlar sığorta paketinə daxildir".

Terapevtin sözlərinə görə, əməliyyatların qiymətinə görə hər hansı baryer qoyulmayıb. E.Abbasov deyib ki, xəstəxanada müalicə alan istənilən xəstənin bütün xərcləri, eləcə də dərman preparatları ilə təmin edilməsi sığorta tərəfindən ödənilir. Bunun üçün pasientlər hər hansı ödəniş etmirlər. Həkim onu da əlavə edib ki, pilot layihənin tətbiqindən sonra tibb müəssisələrinə müraciətlərin sayı əvvəlkinə nisbətən təxminən iki dəfə artıb.

Cavid QƏDİR

 





25.10.2018    çap et  çap et