525.Az

Roman oxumaq, yoxsa film izləmək? - Rəvan Cavid


 

Roman oxumaq, yoxsa film izləmək? - <b style="color:red">Rəvan Cavid </b>

Dünyada yüzlərlə kitab var ki, onlardan ilhamlanıb maraqlı filmlər ərsəyə gətiriblər. Və həmin filmlər o romanlardan daha çox tanınıb, şöhrət qazanıb. Məsələn, “Bir gün” (“One day”) romanını oxuyanlardan, eyniadlı filmə baxanlar daha çoxdu. Və ya ən məşhur misal “Harri Poter” silsiləsi ola bilər. Altı seriyalıq (indi yeddinci və səkkizinci hissələr də çəkilib) filmini uşaqlıqdan izlədiyimizin fantastik janrdakı bu uğurlu seriyanın ekran işi daha populyardı.

Patrik Züskindi dünyaya tanıdan “Parfümer” romanını ölkəmizdə çox az adam oxuyub. Amma neçə dəfələrlə şahid olmuşam ki, rəfdə həmin kitabı görəndə filmdən uzun-uzun danışıb, müzakirə ediblər. Bir uzaqgörənlik də edib Salman Rüşdinin “Gecəyarısı uşaqları” bestsellerinə “Netflix” şirkəti tərəfindən çəkiləcək serialın üç dəfə “Buker” mükafatı almış romandan daha çox məşhurlaşacağını vurğulaya bilərəm. Məsələ burasındadır ki, yeni nəsil klassik romanların filminə baxır deyə kitablara bir qədər meyl göstərmir. “Anna Karenina” romanı əsasında 2012-də çəkilmiş film hazırda kitabdan daha çox maraq çəkir. Eyni qaydada “Səfillər” də, “Tikanlıqda şərqi deyənlər” də, “Çovdarlıqda uçurumdan qoruyan” da bu siyahıya düşüb artıq. Eyni- adlı romanlar əsasında çəkilən filmlərin nümayiş göstəriciləri kifayət qədərdi. “Paris Notr-Dam kilsəsi”nin isə tamaşası teatr tarixinin ən uğurlu performansıdır.

“Filan kitabın filmi daha yaxşıdır” deyirlər bəzən. Bu doğrudurmu? Və ya biz bu məsələyə necə yanaşmalıyıq?

Öncə bu sualın cavabını vermədən bir nüansa toxunaq. O nüansa ki, texnologiyanın inkişafı dövrümüzü daha sürətli edir. Saatların zaman anlayışı ifadə etmədiyi bir eraya başlamışıq. Mübaliğəsiz. Saatlar indi bəzək əşyası kimi daha məşhurdu. Sürət dövrü bizim düşüncəmizə heç şübhəsiz təsir edir. Görmə analizatorumuz eşitmə analizatorumuzdan ləng fəaliyyət göstərir. Və nəticədə oxumaq bizi yorur. Oxumaq özü bir istedada çevrilir. Səbr, diqqət, özünü tamamilə mətnə təslim etmək və s. Kompüter oyunlarının arxasından duran yeniyetmənin qarşısında yeddi ədəd “Harri Potter” seriyası və bir “Harri Potter” diski varsa, o, diski seçəcək. Yeddi kitabı bir aydan da çox bir müddətdə tamamlamaqdansa, yeddi-səkkiz saat televiziyanın qarşısında oturub eyni hadisələri izləyəcək.

İkinci sualı da yazıb keçmək istəyirəm cavablara:

Oxucu ilə izləyici arasında əsas fərq nədir?

Kinematoqrafiya incəsənətin bir növü, ədəbiyyat isə digər növüdür. İlk fərq buradadır. “Parfümer” romançının qələmindən təqdim olunanda biz ona oxucu kimi qiymət veririk, “Parfümer” rejissorun kamera işi kimi təqdim olunanda izləyici olaraq dəyərləndiririk. “Mən filminə baxdım, romanı da eynidir” demək bir az yanlışdır. Hətta tamamilə yanlışdır. Biz iki fərqli yaradıcılıq nümunəsinə eyni baxa bilmərik. Əgər hər ikisi də mətn və ya hər ikisi də görüntü hadisəsi olsaydı, bəli, müqayisə etməyə haqqımız çatardı. Ancaq bizim mövzu fərqlidi. Roman oxuyarkən sadəcə gözlərimiz və beynimiz aktiv fəaliyyətdə olursa, kino izləyərkən gözlərimiz, qulaqlarımız, beynimiz, ümumiyyətlə, mimikalarımız da reaksiya göstərir. Buna görə də filmin çatdırmaq istədiyi ideya, fikir, ümumi hadisə daha tez qavranılır, başa düşülür. Yeni nəsil buna görə də filmə daha çox üstünlük verir.

Kitab həvəskarları isə kitabın yaratdığı nostalgiyanı - vərəqlərin xışıltısı, qoxusu, sözlərin təsiri, kitabların rəfdəki yeri, tozu və s. - sevir. Bəziləri romanı oxuduqdan sonra filminə baxır, lakin romanı təriflədikcə tərifləyir. Hər iki sənət sevgisi bir-birini yaxşı-pis kimi qiymətləndirməməlidir. Yaxın zamanlarda Burak Aksakın “Leyla ilə Məcnun” romanı təqdim olundu. Qeyd edim ki, bu kitab təxminən beş il öncə ekranlarda görünən “Leyla ilə Məcnun” teleserialının ssenarisi deyildi. Eyni ssenaristin yazdığı roman idi. Bir məlumatı qeyd edim ki, serial çəkilən zaman hadisələrin gedişatı və sonluq kitabdakı kimi düşünülsə də, rejissor Onur Ünlü ssenariyə qara yumor və absurd səhnələr qatmaqla ümumi məğzi tamamilə dəyişdi. Mükəmməl deyəcəyimiz bir ekran işi ortaya çıxdı. Serial çox baxılan olduğu kimi, kitabda rəflərə düzülər-düzülməz satış rekordunu qırdı. Oxuyanlar serialla kitabı müqayisə edir, danışır, amma hər ikisindən razı qalırdılar. Bu misalı ona görə çəkdim ki, iki fərqli yaradıcı insanın eyni taleyi fərqli formatda təqdim etməsi mütləq onların bənzər olmasına və ya ikisinin də yaxşı və ya pis olmasına bəraət qazandırmır. Burak Aksak yazıçıdı, ssenaristdi, Onur Ünlü rejissor. Onların yaratdığı isə iki ayrı sənət nümunəsi.

2017-ci ilin Nobel mükafatçısı İşiquronun ən məşhur romanı - “Məni heç vaxt tərk etmə” kifayət qədər sevilən və oxunan fərqli həyat hekayəsidir. 2010-cu ildə “Fox” şirkəti tərəfindən ekranlaşdırılan, həmin ilin “BFİ London Film Festivalı”nın qalibi olan Mark Romanekin eyniadlı filmi də maraqla qarşılandı. Hər iki nümunədə yazıçının verdiyi mesaj uğurla oxucuya və ya tamaşaçıya çatdırılıb. Sevgi və digər bütün hisslərin illuziyadan ibarət olduğunu, zamanın bu illuziya üzərində qurduğu kədər və sevinc hakimiyyətinin əbədiliyini əsas mövzu seçən (digər romanlarında da) Nobel mükafatçısının ideyasını məşhur kinorejissor kameralara gətirə bilib.

Kitab oxumaqla filmə baxmağın zövqü fərqlidir. Amma hər iki zövq sizi bir nöqtədə birləşdirir - real dünyadan ayırıb bir neçə saatlıq başqa bir dünyaya, heç tanımadığınız adamların içinə atır. İstedadlı rejissorla istedadlı yazıçının bu baxımdan bir fərqi olmadığı kimi, yazılmış romanla çəkilmiş filmin də zövq hadisəsi olaraq bir fərqi yoxdu. Vacib olan empatiya hissinin yaşanmasıdır. Oxucu və izləyici özünü əsərdə tapa bilirsə, yazıçını da, rejissoru da təbrik etmək olar.

İnsana duyğu həzzi yaşadan bir roman əsasında çəkilən filmin eyni hissləri təkrar sizə yaşatmasını gözləməyin. Başqa bir mesaj ola bilər filmdə. Kadrlar başqa detalları qabarda bilər. Rejissorun yazıçını təkrarlamağını gözləmək, fikrimcə, doğru deyil. Vacib olan işin uğurlu olub-olmaması. Bu isə iki incəsənət nümunəsinin oxşarlığı ilə müqayisə olunmur.

İstər film, istər roman...əgər sizə fərqli nələrsə yaşadırsa, sizə həyatınızdan bir kadr, bir parça xatırladırsa, bu onun uğuru və sizin doğru seçiminiz deməkdir.

 





29.10.2018    çap et  çap et