525.Az

Əməkdar artist Şövqi Hüseynov “Əlif” Festivalında birinci oldu


 

Əməkdar artist Şövqi Hüseynov “Əlif” Festivalında birinci oldu<b style="color:red"></b>

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Şövqi Hüseynov İranın Təbriz şəhərində keçirilən "Əlif" beynəlxalq teatr festivalında "Ən yaxşı kişi" rolu nominasiyasında birincilik qazanıb.

Festivalda Qazaxıstan, Rumıniya, İsveçrə, Əfqanıstan, İraq, Azərbaycan və İranın Təbriz, Tehran, Bəndər Abbas və s. şəhərlərinin teatrları iştirak edib.

Azərbaycan festivalda "Dəlinin qeydləri" mono tamaşasıyla təmsil olunub. Nikolay Vasilyeviç Qoqolun pyesi əsasında Xalq artisti, rejissor Cənnət Səlimovanın quruluş verdiyi əsərdə Aksenti İvanoviç rolunu əməkdar artist Şövqi Hüseynov canlandırıb.

Festivalda böyük uğur qazanan  əməkdar artist mükafatların yaradıcı adam üçün stimul olduğunu qeyd edib:

“Bilirsiniz ki, “Dəlinin qeydləri” bu günə kimi  bir çox xarici ölkələrdə - Rusiya, Ukrayna, Belarusiya, Moldova, İran, Türkiyə, Tatarstan, Orta Asiya ölkələrində beynəlxalq festivallara qatılıb. Sevinirik ki, hər dəfə də müxtəlif zövqlü insanların, fərqli xalqlara xas tamaşaçıların, sənət bilicilərinin müsbət fikirlərini eşitmişik. Ümumiyyətlə Qoqolun qoyduğu problem ustadımız Cənnət Səlimovanın rejissor yozumunda son dərəcə aktualdır. “Kiçik adam” problemi sənəti hər zaman düşündürüb. Görünür, həm də mövzunun aktuallığı bu səhnə əsərinin uğurudur. Bu cür uğurlar isə hər şeydən öncə vətənpərvərlik duyğusu ilə bağlıdır. Azərbaycan sənətinin ölkə hüdudlarından kənarda təmsil və təqdir olunması sevindiricidir şübhəsiz.

Bu mənada, son illərdə müxtəlif teatrlarımızın simasında qazanılan bu cür nailiyyətlər biz sənət adamları üçün stimuldur. Mən tamaşanın festivala qatılması üçün göstərdiyi köməkliyə, dəstəyə görə Azərbaycanın Mədəniyyət nazirliyinə və Gənc Tamaşaçılar Teatrı rəhbərliyinə öz minnətdarlığımı bildirirəm”.

“Dəlinin qeydləri” monotamaşası gələn il fevral ayında İranda keçiriləcək növbəti “Fəcr” Beynəlxalq Festivalına dəvət alıb.

 





28.11.2018    çap et  çap et