525.Az

Bakıda II Avrasiya hüquq qurultayı öz işinə başladı


 

ERKAN ÖZORAL: "QARABAĞDA VƏ DİGƏR YERLƏRDƏ AXAN GÖZ YAŞLARINI DİNDİRƏ BİLMİRİKSƏ, DEMƏLİ, İNSANLIQ YARALIDIR"

Bakıda II Avrasiya hüquq qurultayı öz işinə başladı<b style="color:red"></b>

Dünən Bakıda II Avrasiya hüquq qurultayı öz işinə başlayıb. Tədbirdə ümumilikdə 40 ölkədən 250 nümayəndə iştirak edir.

Qurultayın birinci günündə Azərbaycan ədliyyə nazirinin müavini Azər Cəfərov, Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət qurucuğu komitəsinin sədri Əli Hüseynli, Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Türkiyə ədliyyə nazirinin müavini Yıldız Səfərinoğlu, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və başqaları çıxış ediblər.

Türkiyə Hüquq Platformasının sədri Ahmet Akcan Türkiyə ilə Azərbaycan arasında hüquq sahəsində əlaqələrinin inkişaf səviyyəsinin məmnunluq doğurduğunu bildirib. Qeyd edib ki, 2014-cü ildə Türkiyə-Azərbaycan hüquq platformasının yaradılması iki ölkə arasındakı yaxşı əlaqələrin nəticəsidir.

Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırovun bildirdiyinə görə, əslində, bu gün  rəhbəri olduğu qurum  öz beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi istiqamətində çoxşaxəli fəaliyyət həyata keçirməkdədir: "Bu mənada tədbirdə iştirak edən ölkələrin nümayəndələrinin müxtəlifliyi nəzərə alınaraq,  bu tədbir bizlər üçün əla fürsətdir desəm, yanılmaram. Çünki tədbirin tanışlıq broşurundan göründüryü kimi, simpoziumun əsas məqsədlərindən biri də məhz "eyni coğrafiyada yaşayan, ortaq mədəni və tarixi dəyərləri olan cəmiyyətlərin bir-birinə həm ictimai, həm də dövlətlər səviyyəsində yaxınlaşdırılmasıdır". Əminəm ki, bu məqsədə çatımaqda tədbir heç bir maneəyə rast gəlməyəcəkdir. Ona görə ki, burada iştirak edən hüquqşünasların ortaq mədəni-tarixi dəyərlərdən başqa, digər ortaq dayaq nöqtəsi və dili var. Bu da hüquq, haqq, ədalət dilir". O bildirib ki, müxtəlif dillərin daşıyıcıları olsaq da, necə ki, musiqinin milliyyəti olmadığı kimi, hüququn da milliyyəti yoxdur: "Bu, həm Avropa hüquq ailəsinə aid olan ölkələrə, həm də islam, şərq hüquq ölkələrinə aiddir. Hüquqa, haqqa, ədalətə olan inam və hisslər əslində, hər hansı sərhəd, mədəni-ideoloji baryerlər tanımır. Bu, insan oğlunun yaradılışında kodlaşdırılıb. Məhz bu mənada hüquq, haqq və ədalət təməlidir, başlanğıcdır və tam əminliklə deyərdim ki, müqəddəsdir. Elə ona görə də, əmin ola bilərsiniz ki, hüquqla bağlı olan bugünkü simpozum, qurultay da ali, hətta, çəkinmədən deyərdim ki,  müqəddəs məqsədlərə xidmət edir. Onun qayəsini insanlara, cəmiyyətə xidmət, cəmiyyətdəki gözəgörünməz balansı, tarazlığı təmin etmək təşkil edir".

Ədliyyə nazirinin müavini Azər Cəfərov bildirib ki, son hadisələr, o cümlədən, ötən həftə Strasburqda terror aktının baş verməsi bu ümumbəşəri bəla ilə mübarizədə yeni mexanizmlərin tapıb tətbiq edilməsinə, birgə səyləri daha da gücləndirməyi daha vacib edir:  "Bu, hüquq çərçivəsində olmalıdır. Terrorçuluqla mübarizədə ekstradisiya, hüquqi yardım sahəsində əməkdaşlığa diqqət artırılmalıdır. Azərbaycan universal və regional konvensiyalardan irəli gələn tələbləri vicdanla yerinə yetirməklə kifayətlənməyərək, ekstradisiya və hüquqi yardım haqqında xüsusi qanunlar da qəbul edib". A.Cəfərov bildirib ki, bu, xarici tərəfdaşlarla əməkdaşlıq müqaviləsi olmadan belə, həyata keçirməyə imkan verir, bütövlükdə terrorun qarşısının alınması üçün əlavə mexanizmdir: "FETÖ" terror təşkilatının üzvlərinin ifşa edilərək Türkiyəyə təhvil verilməsi bu sahədə əməkdaşlığın yaxşı təcrübələrindəndir". O, eyni zamanda bildirib ki,  Sovet İttifaqı dövründə Azərbaycanda hüquq sistemində qanunun aliliyi təmin olunmurdu və hüquqları təmin edən müstəqil məhkəmə hakimiyyəti mövcud deyildi: "Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə demokratik cəmiyyətə xas Məhkəmə-Hüquq Şurası, məhkəmə-hüquq sistemi yaradılıb". Nazir müavini qeyd edib ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə məhkəmə sistemi beynəlxalq standartlara uyğun təkmilləşdirilib: "Qanunvericilik əsaslı surətdə yenilənib, məhkəmə hakimiyyətinin müstəqilliyi möhkəmləndirilib, müvafiq infrastruktur konseptual baxımdan müasirləşdirilib. Bu gün də davamlı xarakter daşıyan məhkəmə islahatları Avropa Şurası, Avropa İttifaqı, Dünya Bankı və digər mötəbər beynəlxalq təşkilatlar tərəfindən təqdir olunur. Hakimlərin seçimində tətbiq edilən prosedurlar Avropa Şurası tərəfindən digər dövlətlərə tövsiyə edilir". A.Cəfərov vurğulayıb ki, beynəlxalq təşkilatların fəaliyyətində bəzən beynəlxalq hüquq prinsiplərinin gözlənilməməsinə, pozulan insan hüquqlarının bərpasının sonadək nail olunmamasına, ikili standartların tətbiqinə rast gəlinir: "Məsələn, Ermənistan tərəfindən Azərbaycanın ərazisinin 20 faizinin işğal edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrdə erməni silahlı qüvvələrinin torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılması açıq şəkildə tələb olunsa da, işğalçı onun icrasına məcbur edilmir. Buna oxşar sənədlər Avropa Şurası, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, Avropa İttifaq və digər beynəlxalq təşkilatlar tərəfindən də qəbul edilib".

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral isə deyib ki, Azərbaycan torpaqlarının işğal altında qalması ən böyük ədalətsizlikdir. Səfir bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi beynəlxalq hüquq baxımından utancvericidir: "Biz Qarabağda, Fələstində və digər yerlərdə axan göz yaşlarını dindirə bilmiriksə, deməli, insanlıq yaralıdır. Bu istiqamətdə fəaliyyəti görmürük". Onun sözlərinə görə, bütün ölkələr davranışlarını qanuni şəkilə salmaq üçün beynəlxalq hüquqa uyğun səbəblər yaratmağa çalışırlar: "İraqda, Əfqanıstanda, Suriyada baş verənlər də bu qəbildəndir. Dünyada böyük ədalətsizlik, haqsızlıq var".

Qurultay bu gün başa çatacaq.

Kamil HƏMZƏOĞLU

 





18.12.2018    çap et  çap et