525.Az

Sabaha sevgiylə - Fotolar - Video


 

Sabaha sevgiylə - <b style="color:red">Fotolar - Video </b>

Adama elə gəlir ki, bütün bayramlar uşaqlıqda qaldı... “Sevinc” sözü də uşaqlıqla, balacalarla assosiasiya yaradır.

Zaman, lap ən firavan həyat belə sevincləri korşaldır, yaxud ən azı “təəccüb” duyğusunu zəiflədir. Əslində, müxtəlif ifadələr axtarıb yumşaltmaq istədiyim fikir odur ki, bayram balacalardan ötrüdür. Və bu günlərdə Gənc Tamaşaçılar Teatrının yeni il şənliklərini izlədikcə uşaqların sevincini, marağını seyr elədikcə bir çox məsələlərdə onlara nə qədər “uduzduğumuzu” bir daha anladım. Amma həm də millətin uşaqlara olan unikal, qeyri-adi münasibətindən, həssaslığından təsirləndim. Teatrın geniş foyesində uca və işıqlı şam ağacı ətrafında klassik və müasir nağıl qəhrəmanları, Şaxta baba, qar qız, bir də uşaqlar... Üstəgəl, musiqi, rəqslər, oyunlar. Balacaların sevinci, sevdikləri cizgi filmi, tamaşa qəhrəmanlarına qoşulub atılıb düşmələri, oynamaları, əylənmələri təbiidir. Amma daha təsirli olan valideynin, böyüklərin münasibətidir. Bu günlərdə övladlarını səliqə ilə, həm də ardıcıl teatra gətirən, onların gözəl vaxt keçirməsi üçün şərait yaradan valideynləri müşahidə etdikcə işıqlı, ümidli fikirlərlə doluram və düşünürəm görünür, millət olaraq əsas üstün cəhətlərimizdən biri budur; balacalara diqqətimiz və mərhəmətimiz, hətta çox vaxt aşırı sevgimiz. Bir də millətin maariflənməsi üçün çalışan, ömrünü bu işə həsr edən ziyalılarımızın yerinə sevinir adam; niyyətləri baş tutub, mübarizələri boşa çıxmayıb, yerinə yetib deyə... Axı, “oxutmuram, əl çəkin” zamanından çox da uzun vaxt keçməyib, amma indi məktəblilərin əlindən teatrda ayaq qoymağa yer yoxdu...

Balacalardan ötrü əyləncə olan, teatrın əməkdaşları üçün işdir və bayram günlərində, hamının istirahətə zaman ayırdığı bir vaxtda aktyorların necə həssaslıqla işləməsi, bütün qüvvələri ilə balacaları əyləndirməyə çalışması son dərəcə maraqlı, həm də düşündürücü məqamdı. Foyedəki tədbirdən sonra “Qar kraliçası” tamaşasına baxdıqca da bu fədakarlığı düşünürəm. Bir az əvvəl foyedə “Şirin” simasında üz-gözünü maviyə boyamış Anar Seyfullayev tez-tələsik qrimini silib, əynini dəyişib Kay obrazını canlandırır və bunu hər gün bir neçə seansda edir. Yaxud teatrın başqa sevilən aktyorları Xaliq Bəkirov - Hörümçək adam, Asya Atakişiyeva - Şahzadə, Xəyalə Meydanova - Qırmızı papaq simasında uşaqlarla oynayır, rəqs edirlər. Hələ əməkdar artist İlham Əsədovun çevik, şən Şaxta babası, Səbinə Məmmədovanın gülərüz qarqızı da ayrı bir ovqat yaradır balacalarda. Hər seansda teatrın binasını balaca addımlarıyla, gülüşləriylə, mehriban simalarıyla dolduran uşaqlara baxdıqca bütün bu əziyyətlərin boşuna olmadığını başa düşürəm.  Bu gün valideynin, məktəbin, teatrın birgə zəhməti nəticəsində sadəcə əyləncə təsiri bağışlayan hadisə uşaqların mənəvi dünyasına ən gözəl töhfədi, faydadır.

Həm də axı hər şey Onlardan başlanır. Bu mənada Korney Çukovskinin “İkidən beşə qədər” əsəri son dərəcə qeyri-adidir. Xeyli müddət müxtəlif yerlərdə balacaları müşahidə edib qəribə sözlərini, gülməli ifadələrini qeyd edən müəllif sonda belə bir əsər qoyub ortaya və uşaqların dediklərini ardıcıl oxuyanda başa düşürsən ki, əslində, bütün dünya, fəlsəfələr, elmlər, sənət onların dilində, onların təfəkküründədir, sadəcə bunu anlamaq, dərinliyini dərk etmək lazımdı. Əslində, axı “insanşünaslıq” şərti adı  altında ümumiləşdirə biləcəyimiz bütün elmlər təməlin, əsasın uşaqlıqda qoyulduğunu, xarakterə xas bütün üstün və naqis cəhətlərin uşaqlıqla bağlı olduğunu deyir. Qəddarsansa, uşaqlığın sevgisiz keçib, kəmlik kompleksin varsa, uşaqlıqdan gəlir, rahat, açıq, özünəinamlısansa, yaxşı tərbiyə almısan və s. Əlbəttə, bunların heç biri resept deyil və şəxsiyyətin formalaşması bir rüşeymdən insan yaranmasından daha qəliz, daha çoxqatlı hadisədir. Amma bununla belə, sənətin insana, onun tərbiyəsinə təsiri də danılmazdı.

Hələ ötən əsrin 70-ci illərinin sonunda kiçik bir video-sənədli film dünya kinematoqrafını yaxşı mənada hərəkətə gətirmiş, təəccübləndirmişdi. Bu, Qers Frankın “On dəqiqə daha yaşlı” filmi idi. Film ilk baxışda çox sadə, adiydi, amma bu onca dəqiqədə insana aid emosiyalar “buketi” cəmlənmişdi sanki. Kukla teatrında gizlin kamera ilə çəkilən film sadəcə uşağın üzünü, gördüklərinə reaksiyasını iri planda göstərirdi və əslində, səhnədə nə baş verdiyini bilməyən izləyici elə uşağın üzündən oxuya bilirdi hər şeyi. Əsasən balaca tamaşaçılardan birinin, amma bəzən də digərlərinin reaksiyalarını göstərən film bütöv bir insan ömrünün, insan qəlbinin, hisslərinin təsviri kimi qavranır. Zahirən heç nə baş vermir sanki, sadəcə balaca uşaq kukla teatrı tamaşasına baxır. Və sanki böyüyür bu on dəqiqədə. Doğrudan da videoya təkrar-təkrar baxdıqca balacanın baxışlarının necə dolğunlaşdığını, dərinləşdiyini, bəzən sevincin, bəzən kədərin, bəzən qorxunun, bəzən narahatlığın gözlərindən necə oxunduğunu görürsən. “On dəqiqə daha yaşlı” filmi dünya kinematoqrafına təsir edib, dəfələrlə on dəqiqəlik filmlər çəkilib, kinoalmanaxlar yaranıb. Amma heç bir film bu qədər təsirli, bu qədər uzunömürlü olmayıb. Çünki doğrudan da məhz balacaların reaksiyası ən təbii, ən maraqlı, ən dərin sənətdir.



Xatırlayıram, bir neçə il əvvəl hələ internetin təzə-təzə dəbə düşdüyü vaxtlarda xarici jurnallardan birinin keçirdiyi sorğu saytlarda yayılırdı. Balacalardan “sevgi nədir?” - deyə soruşmuşdular və cavablar sadəcə heyrətamiz idi. O cavablardan birini  heç unutmuram... “Atam anam üçün kofe hazırlayır və dadına baxır ki, şirinliyi o istəyən kimi olsun... Sevgi budur!” Əslində, uşaqlar bizim fikir vermədiyimiz, ən sadə məsələləri deyirlər, görürlər və həyatın mənası da, insan hisslərinin ən ibtidai ifadəsi də elə budur. Bu mənada səhnədə baş verənləri Qers Frankın filmindəki kimi onların üzündən, reaksiyalarından oxumaq ayrı bir zövqdü, işdi, hadisədi. 

Gənc Tamaşaçılar Teatrının ən müxtəlif uşaq tamaşalarında da balacaların reaksiyalarını müşahidə etdikcə bir sual rahat buraxmır adamı, heç cür anlamaq olmur ki, insan nə zaman, harda korlanır. Axı hər dəfə zaldolusu uşaq müsbət qəhrəman dara düşən kimi hay-küy salıb kömək etmək istəyirsə, yanlışlıq edən, pis əməl törədən birini bağışlamaq məqamı gələndə mərhəmət göstərirsə, ürəkdən sevinə, ürəkdən gülə bilirsə, zala enmiş aktyoru qolların açıb qucaqlaya, başın sığallaya bilirsə... İnsanı dəyişən, qəddarlaşdıran nədir? Böyüdükcə harda, necə itirilir bu nəcib duyğular?! Bütün bunlar tarix boyu mütəfəkkirlərin, alimlərin, qələm adamlarının düşündüyü və hələ də cavabını tapmadığı suallardır. Və sənətin faydasından söz düşən kimi müharibələri, terrorları yada salanları da qınamaq olmur. Amma bütün hallarda, heç şübhəsiz ki, sənət olmasaydı, hər şey daha pis, daha dözülməz olardı...

Bəlkə elə bu düşüncəyə görə bayram günlərində zamanını ayırıb teatra gələn, övladlarının mədəni istirahətini düşünən valideynlər yaddaşımda çox işıqlı yer tutdular. Hələ bir-birinin sözünü kəsə-kəsə teatrdan çıxan, gördüyü tamaşanı yenidən anasına, xalasına, nənəsinə danışan balacalar da ayrıca sənət əsəridirlər... Bir də onları aldatmaq olmur axı... Dəfələrlə uşaq tamaşalarında oynayan aktyorlardan eşitdiyim fikir budur ki, balacaların qarşısında çıxış etmək daha çətindi, çünki onları inandırmaq sadə deyil. Görünür, elə böyüklərin, məktəbin və teatrın əsas missiyası budur, onları  daha gözəl həyata, daha işıqlı gələcəyə inandırmaq... Bayram isə sadəcə fürsətdir!

 





05.01.2019    çap et  çap et