525.Az

Bir şəkilin tarixçəsi - Əli Şamil


 

YAXUD "İSTİQLAL UĞRUNDA" TOPLUSUNDAKI RƏSM ƏLƏKBƏR RZAQULİYEVİNDİRMİ?

Bir şəkilin tarixçəsi - <b style="color:red">Əli Şamil </b>

Uzun illər axtardığım rəssam 

Otuz ilə yaxın idi, bir tablonu çəkmiş rəssamın kimliyini müəyyənləşdirməyə çalışırdım. Tabloda külək saçlarını üzünə dağıtmış cəsur və qürurlu bir gənc təsvir edilib. Onun yuxarı qaldırdığı sağ əlində qandal var. Sol əli ilə tutduğu Azərbaycan Cümhuriyyətinin üç rəngli, ay-ulduzlu bayrağını başı üzərində qaldıraraq inamla addımlayır. Arxa fonda da üçrəngli bayraqlarımız dalğalanır.

Azadlıq rəmzi olan gəncin rəsmini 1990-cı illərdən Azərbaycandakı qəzet və jurnallarda, kitablarda görmüşdüm. Heyfislənirdim ki, rəssamın adı göstərilmir. Rəsmi sənətkarlıq baxımından dəyərləndirə bilməsəm də, ideoloji baxımdan könlümə çox yatmışdı.

Əmin Abidin ömür yolu və yaradıcılığı ilə bağlı axtarışlar apararkən TRT Azərbaycan redaksiyasının rəhbəri Seyfəddin Altaylı siyasi mühacirlərimizin 1928-ci ildə İstanbulda, Orxaniyyə mətbəəsində nəşr etdirdikləri "İstiqlal uğrunda" şeir toplusunun surətini mənə verdi. Ərəb əlifbası ilə nəşr edilmiş kitabı Müsavat Par-tiyasının qurucularından olan Abbasqulu Kazımzadə 1932-ci il dekabrın 18-də avtoqrafla Muxtar bəyə bağışlayıbmış.

Kitabın üz qabığında mənim diqqətimi çəkən tablo verilmişdi. İçərisində isə Gültəkinin 20, Əhməd Cavadın 9, Sənanın 6, Azərizadənin 2, Məsud Səfvətin 2, Əli Yusifin, İsmayıl Zühutinin, Usta əlinin, Gülsərənin, H.Həmidzadənin, Nafiə Şükrünün hərəsinin 1 şeiri vardı. 2 şeirin altına "… xanım",  bir şerin altına "B" imzası, üç şerin altına isə üç nöqtə və ya * * * işarəsi qoyulmuşdu.

Şeirlərin bir neçəsinin, eləcə də rəsmin müəllifinin ömüryolu haqqında uzun illər araşdırmalar aparsam da, bir ipucu tapa bilmirdim. 1948-ci ildə Mirzə Bala Gültəkinin İstanbulda yazdığı şeirləri "Buzlu cəhənnəm" adı altında nəşr etdirib. İstanbuldakı "Kayıbolu" nəşriyyatında çap olunan kitabın üz qabığında da "İstiqlal uğrunda" toplusundakı tablo verilib.

Sovetlərin çöküşü Türkiyədə də bu rəsmin tez-tez çap olunmasına şərait yaratdı. Naşirlər tablonun müəllifi haqqında yenə də bilgi vermirdilər.

Əmin Abidin şeirlərini nəşrə hazırlayarkən mən də həmin rəsmdən kitabın üz qabığı kimi istifadə etdim. 1999-cu ildə "Günəş" nəşriyyatında çap etdirdiyim "Gültəkin-Emin Abid. Buzlu cehennem ve diger şiirleri" kitabına ön sözümdə isə yazdım: "İstər "İstiqlal uğrunda", istərsə "Buzlu cəhənnəm" kitabının öz qabığında müəllifini müəyyənləşdirə bilmədiyimiz rəssamın gözəl bir əsəri verilib".

Tablo ilk dəfə İstanbulda nəşr edilən kitabların üz qabığında verildiyindən mən də müəllifi orada axtarırdım. Axtarışımın istiqaməti düz olmadığından istədiyimə nail ola bilmirdim. Türkiyədəki tanışlardan, Azərbaycanda milli mühacirəti öyrənən araşdırıcılardan dəfələrlə xahiş etmişdim ki, tablonu çəkən rəssamı və bəzi şeirlərin müəlliflərini müəyyənləşdirməkdə mənə kömək etsinlər.

Bir gün gənc və çılğın araşdırıcı-kolleksiyaçı Dilqəm Əhməd şad xəbər verdi. Tablonun orijinalını tapıb və alıb. Bu, mənim üçün sevindirici xəbər oldu. Dilqəm bəy yazanda ki, "Kartona çəkilmiş rəsmin heç bir yerində rəssamın adı yoxdu", Aşıq Ələsgərin: "Sındı qol-qanadım, yanıma düşdü" - misralarını mızıldanmağa başladım. 

Axtarışlarıma ipucu olan kitab 

... Bu söhbətdən bir ildən çox keçmişdi. 2018-ci il dekabrın son günlərində Tahir Aydınoğlu mənə bir torba kitab verdi. Onlardan bir neçəsi mənim oxumağım, qalanları isə gənclərə bağışlamaq üçün idi.

Tahir Aydınoğlunun gətirdiyi kitabları gözdən keçirdim. Xalq Bankın "Xalq əmanəti" seriyasından nəşr etdirdiyi "Ələkbər Rzaquliyev. Rəngkarlıq və qrafika" kitabını səhifələməyə başladım. Nədənsə, rəsmlərə baxmağa maraq göstərmədim. Onları dövrü mətbuatda, sərgilərdə görmüşdüm. Kitaba yazılmış mətni başlanğıcından deyil, ortalarından baxmağa başladım. Oxuduğum ilk parça kitabın 63-67-ci səhifələrindəki aşağıdakı abzas oldu:

"Şəxsi işin materiallarından: Rzaquliyev aktiv müsavatçılar İsrafilov Nəsrulla və Əliyev Ağakərimin təsiri altında hələ 1920-ci ildə birincinin xahişi ilə Müsavat Partiyasının lideri Məhəmməd Əmin Rəsulzadənin portretini çəkməkdə, onu İsrafilova ötürməkdə təqsirli bilinir. Bundan əlavə, İsrafilov həbs edildikdən və sürgün olunduqdan sonra onunla yazılı əlaqə saxlayıb və maddi köməklik göstərmişdir. 1927-ci ilin yayında Əliyev Ağakərimdən Rəsulzadənin kitablarını və Müsavat Partiyasının qeyri-leqal bəyannaməsini əldə edərək onları başqa işə görə ittiham olunmuş məhkum Quliyev İbrahim ilə birlikdə oxumuşdur. Nəhayət, Əliyev Ağakərimin tapşırığı  və İbrahim Quluyevin iştirakı ilə sink üzərində Müsavat Partiyasının qeyri-leqal "İstiqlal" jurnalı üçün başlıqlar hazırlamışdır". 

Nəsrulla İsrafilovun adı və fəaliyyəti niyə layiqincə tanıdılmır... 

Nəsrulla İsrafilov haqqında az-çox bilgim var idi. 1920-ci illərin gizli antisovet təşkilatlarından söz açan sənədlərdə onun adı da tez-tez hallanır. Heyf ki, vətən və millət yolunda hər əzaba qatlaşan bu cəfakeş insanın xidmətləri indiyədək layiqincə qiymətləndirilməyib. 1904-cü ildə Buzovnada doğulan Nəsrulla İsrafilov gimnaziyanı bitirib, 1923-cü ildə "Gənc işçi" qəzetinə məsul katib təyin edilib. 1923-cü il oktyabrın 5-də Cəfər Cabbarlı, Əbdülvahab Yursevər, Ağasəlim Rəhimov və başqaları ilə birlikdə həbs olunub. Şimal Buzlu Okeanı tərəflərdə, Ağ dənizdəki Solovki adalarında yaradılmış həbsxanalardan birinə göndərilib. Həbs müddəti bitsə də, onu azad etmirlər. Dəfələrlə müddətini uzadırlar. İstanbulda mühacirlərimizin 1930-1931-ci illərdə nəşr etdikləri "Bildiriş" adlı qəzetdə B.E.Ağaoğlunun "Solovkidə gördüklərim" adlı xatirəsi çap olunub. Həmin xatirələri toplayıb kitab halına salaraq geniş ön söz yazıb 2004-cü ildə "Günəş" nəşriyyatında çap etdirdim. İstədim xalqımız öz qəhrəman övladlarını tanısın. Tirajı az olsa da, saytlarda yerləşdirdim ki, internet vasitəsilə tapıb oxumaq axan olsun. Lakin istədiyimə nail ola bilmədim. Görünür, ya mən məsələni yaxşı təbliğ edə bilmirəm, ya da toplumda milli dəyərlərə maraq azdır.

"Solovkidə gördüklərim" kitabında Nəsrulla İsrafilov haqqında nələr yazılıb... 

"Solovkidə gördüklərim" kitabından Nəsrulla İsrafilovun adı keçən parçaları aşağıda verirəm ki, bəlkə gənclərimiz oxuyub Nəsrulla İsrafilovla qürur duyalar, ona oxşamağa çalışalar:

"1923-cü ildə bu gəncliyin ilk qrupu "ÇeKa"(sonralar KQB-yə çevrildi - Ə.Ş.)da ilk imtahanı verirdi. Təşkilat kəşf olunmuş (aşkarlanmış) və aşağıdakı arkadaşlar tutulmuşdu: 1. Abdulvahap (tələbə), 2. Rəhim (tələbə), 3. Məhməd Sadıq Hülusi (tələbə), 4. Nəsrullah (tələbə), 5. Ağa Kərim (tələbə), 6. Qurban (tələbə), 7. Əbdürrəhman Dai (gənc şair), 8. Salman (tələbə), 9. Ağa Səlim (zabit), 10. Əli Həsən (mürəttib), 11. Məşədi (mürəttib), 12. Hacı Baba və başqaları.

1923-cü ildə buraxılanları bir aydan sonra yenə tutdular. Bu dəfə "Müsavat" firqəsinin gizli mətbəəsi və o mətbəədə çap olunan "İstiqlal" qəzetindən xəbər tutdular, həbs olunanların sayı artdı. Tarixdə misli görünməmiş vəhşət və işgəncə bu qəhrəman arkadaşları 1927-ci ildə aclıq aksiyası keçirməyə məcbur etdi. Nəhayət, bir ildən sonra onların bir qismini Rusiya zindanlarına, böyük bir qismini isə Şimalın Buzlu dənizində olan Solovkiyə sürgün etdilər.

Birinci karvana daxil olan: 1. Nəsrulla İsrafilzadə, 2. Ağakərim Əlizadə, 3. Ağasəlim, 4. Şair Əbdürrəhman Dai, 5. Əlihəsən Babazadə, 6. Ağaməhəmməd İbrahimli kimi qardaşlarımız... Solovki adasındakı qərargahda idilər.

(1930, 14 Ağustos, sayı 2)

1927 Nisanında Moskvadan gələn bir əmr üzərinə birinci qrup "sərbəst" buraxılmışdı. Bu qrupun ən yüksəkdən gedən şəxsiyyəti olan Nəsrulla İsrafilzadə və Əbdülrəhman Dai məvkufən (həbsxanada saxlanmaq şərtilə) Ural mənfa qərargahına sövq edildilər. Onlar orada üç il yaşayacaqlardı. Digərləri Sovetlər daxilində, istədikləri yerdə yaşamaq haqqını haiz (sahib) olmaq üzərə sərbəst buraxılmışdılar. Yalnız Azərbaycan dövlət mətbəəsi baş mürəttibi Babazadə Əlihəsəni üç il Azərbaycanda yaşamaq şərtilə sərbəst buraxılmışdı.

(1930, 2 Təşrini-Əvvəl (Oktyabr), sayı 9.) 

Ələkbər Rzaquliyevin 1928-ci il ittihamnaməsi 

1928-ci ildəki ilk istintaqında Ələkbər Rzaquliyev "Müsavat Partiyasının qeyri-leqal "İstiqlal" jurnalı üçün başlıqlar hazırlamaq"da ittiham olunur. Yaxın dövr tariximizin araşdırmalarından, eləcə də "Solovkidə gördüklərim" xatirələrindən bilinir ki, 1922-1923-cü illərdə "İstiqlal" adlı qəzetin 19 sayı işıq üzü görüb və gizli yayılıb. Təşkilatçılar dindiriləndə Ələkbər Rzaquliyevin onlarla bir sırada olduğunu deyən olmayıb. Azərbaycanın ilk komsomolçularından olan, Kommunist Partiyasına yeni üzv qəbul edilən bir gəncin "özlərini Milli İstiqlal, Milli Müqavimət hərəkatı da adlandıran"ların gizli qəzetlərinə sink üzərində başlıqlar hazırlaması inandırıcı görünmür.

Bəs onda rəssam hansı "İstiqlal" jurnalı üçün başlıqlar hazırlyırmış? Bu suala cavab üçün həmin illərdə istər Azərbaycanda, istərsə xaricdə mühacirlərimizin nəşr etdirdikləri qəzet və jurnalları bir daha gözdən keçirdim. İttihamnaməyə bir də baxdım. İttihamnamədə yazılıb: "1927-ci ilin yayında Əliyev Ağakərimdən Rəsulzadənin kitablarını və Müsavat Partiyasının qeyri-leqal bəyannaməsini əldə edərək onları başqa işə görə ittiham olunmuş məhkum Quliyev İbrahim ilə birlikdə oxumuşdur. Nəhayət, Əliyev Ağakərimin tapşırığı və İbrahim Quluyevin iştirakı ilə sink üzərində Müsavat Partiyasının qeyri-leqal "İstiqlal" jurnalı üçün başlıqlar hazırlamışdır". Demək, söhbət 1927-ci ildən gedir.

Ondan bir il sonra mühacirlərimiz İstanbuldakı Orxaniyyə mətbəəsində "İstiqlal" jurnalını deyil, "İstiqlal uğrunda" adlı şeir toplusunu nəşr ediblər. Onun üçün illisturasiyanın və klişelərin Moskvada yaşayan gənc rəssama hazırladılması da mümkünsüz görünmür. Bir halda ki, o, Rəsulzadənin kitablarını və Müsavat Partiyasının qeyri-leqal bəyannaməsini oxuyub, demək, dünyagörüşündə də bir dəyişiklik baş verib: həbsdə olan millətçilərə yardım edib, qadağan olunmuş ədəbiyyatlar oxuyub...

(Ardı var)

 





05.02.2019    çap et  çap et