525.Az

Aqil Abbasın yeni hekayəsi... - Vaqif Yusifli yazır


 

Aqil Abbasın yeni hekayəsi... - <b style="color:red">Vaqif Yusifli yazır </b>

Aqil Abbasın "Camış bağa girdi, gəl" hekayəsi nostalji hisslər üzərində qurulub və mən də bu hekayəni oxuyanda elə o hissləri keçirdim.

Nostalgiyada bir xiffət anlayışı var və hekayə nə qədər nikbin bir əhvalda qələmə alınsa da, Aqil Abbasın həyatından keçən o illər, aylar, günlər üçün darıxdığını hiss etmək olur. Bu hekayə Aqil Abbasa məxsus olan və onun fərdi üslubunu, yazı tərzini müəyyənləşdirən eyni xətt üzrə diqqəti cəlb edir. Dialoqlar bir-birini əvəz edir, Ağdam-Qarabağ ləhcəsi obrazların nitqindən əskik olmur, Aqil Abbas nəyi isə uzun-uzada təsvir etməyi sevməyib görməyi-göstərməyi üstün tutur,  zarafat, yumor hissi nəinki obrazların danışığında, hətta hekayənin bütün qanından-canında nəzərə çarpır. Amma əsas məsələ orasındadır ki, Aqil mətləbsiz heç nə yazmır, bu hekayədə də Aqil xarakterik, tipik səhnələri təqdim edir.

Aqil Abbas Dayı və Bacıoğlu obrazları vasitəsilə sanki bizim əlimizdən tutub Sovet dövrünün "həqiqətlərinə" çəkib aparır. Hekayədə tənqid pafosu ilə yumor xətti iç-içə gedir, biri digərini inkar eləmir. Dayı kolxoz sədridir - vaxtilə "Selxoz texnikumu"nda oxuyub ("O texnikum deyildi ey, akademiyaydır. Onun hesabına otuz ildi sədr işləyirəm"), pulu, var-dövləti başından aşır. Bacıoğlu isə əsgərlikdən təzə qayıdıb. Cavandır və həyata, insanlara münasibəri hələ təmizlik, saflıq içindədir, elə buna görə də dayıya tez-tez suallar verir. Hekayədə bütün süjet boyu izlənilən üç-dörd hadisədən söhbət gedir. Məkan və adamlar tez-tez dəyişir. A.Abbasın hekayəsi məkanların təsviri üzərində qurulub.

Birinci məkan: Xaşxana "Səhərin gözü açılmamış gələnlər xaşlayıb" getdikləri üçün içəri o qədər tünlük deyil. Xaşın iyi, sarımsağın iyi, tut arağının iyi, siqaretin iyi bir-birinə qarışıb elə bir qoxu yaratmışdı ki, dünyanın heç bir ətriyyat fabriki, hətta "Şanel" də belə bir qoxunu ala bilməzdi". 

Tanış mənzərə. Aqil xaşxanadakı yeyib-içmək süfrəsi, burada dayının gülüş doğuran zarafatları ilə kifayətlənmir. Xəstəxana müdiri ilə dialoqu - Dayının Sovet kolxoz sədrinin bir etirafı: "Əşi, katib qoyur ki, rayondan çıxaq? Ət planı, süd planı, yağ planı, yun planı. Bakıdan gələn qonaqları yola salmaq planı".

O dövrün xarakterik mənzərəsidir. Və o illərdə rayonda bir "kiçik padşah" hakim idi, rayon onun itaətində idi. Harınlıq, qoluzorluluq, namuslu adamları ləkələmək,  o balaca "diktatorun" iş planıydı.

İkinci məkan - Milis şöbəsi. Rəisə çatacaq pay-puş növbətçiyə təhvil verilir. Beləliklə, rüşvət marşrutları davam edir.

Üçüncü məkan - "Qəbul otağı" yazılmış bir kabinet. "Bu vaxt içəri otaqdan ortaboylu, ağbəniz, sifətinə xüsusi yaraşıq verən qapqara bığlı, İslam Rzayevə oxşayan gülərüz bir adam çıxdı". Yenə də pay-puş məsələsi. Danışıqlardan məsumdur. Onun Dayının öz evinə dəvət eləməsindən, "günorta mənim qonağım ol" deməsindən hiss olunurdu ki, Aydın müəllim deyilən bu şəxs də o dövrün bir rayon ərazisində sayılıb-seçilən, rüşvət haram çevrəsində dolaşan bir rəisdir - "hökmü rəvandı".

Dördüncü məkan - Bazar səhnəsi. Aqil Abbas Ağdam - Qarabağ bazarının cikini də-bikini də yaxşı bilirdi. Bu sətirlərin müəllifi də bir dəfə böyük sənətkar Şahmalı Kürdoğlu ilə Ağdam bazarını gəzib dolaşmışdı. "Seyid Lazım Ağa bir dükanın önündə kresloda oturmuşdu, əlində də uzun gərməşov çubuğu. Keçib gedənlər kimisi əlindən öpür, kimisi nəzir verir". Seyid Lazım Ağanın mötəbər, ağır bir seyid olduğu bütün Qarabağda məşhur idi. Dayı içdiyi üçün ona yaxınlaşmır, bacıoğluya bir iyirmibeşlik verir ki, nəziri ona çatdırsın. Pullu dayı "başladı bazarlığa, heç malların qiymətini də soruşmadı arabasına doldurdu". Sonra pal-paltar dükanı qırx dörd razmer ayaqqabı.

Beşinci məkan - "Bağın aşağısında böyük bir çayxana".

Amma bağ özü yoxdu - rayona yeni gələn katib "ağacları dibindən kəsdirdi, bağı şumlatdı, kiminsə adına bir xiyaban düzəltdi, düzdür, çayxananı sökdürməyə gücü çatmadı, amma bağ da əldən getdi".

Çayxanada söhbət Dayının oğlunun toy məclisinə kimləri apardığından gedir. Rəmiş yox, Qədir yox, Sədinin üstündə dayanırlar.

Altıncı məkan - Batumun pavilyonu. Yenə yeyib-içmək. Sağlıqlar başladı. Hamısını da Dayı deyirdi. Sultan bəyin nəslinin sağlığına, Qaçaq Nəbinin nəslinin sağlığına, Ağa Laçınlının sağlığına, keçdi Xudu Məmmədovun sağlığına". Bundan sonra unudulmaz Sədi Məmmədovu görürük. Bu sətrlərin müəllifi 1968-ci ildə Bayram Bayramovun 60 illiyi tədbirində 10-12 yaşlı Sədi Məmmədovun məlahətli səsini eşitmişdi. Sədi Məmmədov səsi üstündə  olan, Azərbaycan muğam sənətində sayılıb-seçilməyə başlayan bir xanəndə idi. Heyf, yaşı heç əlliyi çatmamış maşın qəzasına düşdü. Son dəfə onu böyük şairimiz Məmməd Arazın 70 illik yubileyində - "Qarabağ" restoranında gördüm. Ondan bir yazı yazacağımı özünə bildirdim, amma qismət olmadı.

Sədi Məmmədov Aqilin hekayəsində şux, zarafatcıl bir obraz kimi təqdim olunur.

Yeddinci məkan - Kənd. Toy. Mağar. Aqil bu məkanda da yumorundan qalmır. Xüsusilə, toya vertalyotla yollanmaq, nağaraçının təyyarəyə öyrəşməyib ögüməsi, dayının üç mərtəbəli söyüşləri. Arada yanğın baş verir. Nağaraçını ağacdan yerə endirirlər. "Bu vaxt Dayı gəldi. Nağaraçı  qorxdu ki, bu dəqiqə onu salacaq ayağının altına cığnayacaq. Amma gördülər ki, Dayının gözləri dolub, yanağından göz yaşı axır". Çox təsirlidir. Aqil Abbas bu məqamda pullu-varlı, söyüşcül kolxoz sədrini deyil, bir insanı - duyan insanı bizə təqdim edir.

Az sonra Dayı mağara keçir. "Ağız deyəni qulağı eşitmirdi. Amma dayını görən kimi elə bil qurbağa gölünə daş atdılar". Təbii ki, hekayə boyu Dayı bizdə heç bir mənfi reaksiya oyatmır. Aqil Abbas əksər əsərlərində də belə obrazları bizə təqdim edib, xarakterin üzdə olan bütün təbii xüsusiyyətlərinə heç bir süni, qondarma cizgilər əlavə etmir. Bunu biz Aqilin "çadırda Üzeyr Hacıbəyov doğula bilməz" povestində, "Dolu" romanında da eynən görmüşük.

Hekayənin sonu Dayının havası ilə başa çatır. "Çalğıçılar başladı çalmağa. Sədi də mikrofonu götürdü:

- Ədə, ədə Abasqulu,
Camış bağa girdi, gəl.
Tənəhləri yedi gəl.

Dayı qollarını qaldırdı, elə bil uçmağa hazırlaşan bir qoca dağ qartalıydı".

Hekayə bitir. Amma xəyallara dalırıq və yetmişinci-səksəninci illərin tanış mənzərələri, Ağdam, Qarabağ dünyasına məxsus olan koloritli həyat səhnələri içimizdə iki hiss, iki duyğu yaradır. Həm nigarançılıq, həm təəssüf, həm də xoş bir əhval, işıqlı əhval, gün o gün olacaq ki, Aqil Abbas bizi o hekayədə təsvir etdiyi məkanılara aparacaq.

Buna inanırıq.

 





12.02.2019    çap et  çap et