525.Az

“Sabahın alimləri” VIII Respublika müsabiqəsinin açılış mərasimi keçirildi


 

“Sabahın alimləri” VIII Respublika müsabiqəsinin açılış mərasimi keçirildi<b style="color:red"></b>

“Sabahın alimləri” VIII Respublika müsabiqəsinin açılış mərasimi keçirilib.

Trend-in məlumatına görə, açılış mərasimində çıxış edən təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib ki, Təhsil Nazirliyinin əsas təşkilatçılığı ilə 2012-ci ildən etibarən keçirilən müsabiqəyə ölkə miqyasında maraq ildən-ilə artmaqdadır. Ümumilikdə müsabiqənin final mərhələsində indiyədək 1187 şagird iştirak edib, onlardan 529 nəfəri müxtəlif mükafatlara layiq görülüb.

Nazir müavini əlavə edib ki, müsabiqənin keçirilməsində məqsəd yuxarı sinif şagirdlərinə tədqiqat aparmaq, öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaq və onların arasından hər il ABŞ-da keçirilən İnteI İSEF–Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirməkdir.

Müsabiqə riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə keçirilir.

Bu il müsabiqədə iştirak etmək üçün 225 layihə təqdim olunub. Elmi Ekspertiza Komissiyasının rəyi əsasında müsabiqəyə 187 layihə üzrə 311 şagird buraxılıb. İştirakçıların 83 nəfəri IX, 120 nəfəri X, 108 nəfəri XI sinif şagirdidir. Müsabiqə iştirakçılarının 173-ü oğlan (55,6%), 138-i (44, 4 %) isə qızdır. Layihələrdən 63-ü fərdi, 124-ü isə kollektiv işlənilmiş layihələrdir. Müsabiqəyə vəsiqə qazanmış layihələr sırasında mühəndislik kateqoriyası üstünlük təşkil edir (38 layihə).

M.Vəliyeva qeyd edib ki, layihələrin qiymətləndirilməsi alimlərdən ibarət Münsiflər Heyəti tərəfindən həyata keçiriləcək. Qaliblərə təşkilatçılar tərəfindən pul mükafatı, diplom, medal və hədiyyələr təqdim olunacaq. Ən yaxşı layihələrin qalibləri ABŞ-da hər il dünyanın 75 ölkəsindən 1800-dən çox şagirdin qatıldığı İntel İSEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcəklər. Bu günədək qaliblər sırasından seçilən 41 ən yaxşı layihənin müəllifləri 1 dəfə bu müsabiqənin əsas mükafatlarından birini, 5 dəfə isə xüsusi mükafatları, o cümlədən, Beynəlxalq Tətbiqi Geofizika Cəmiyyətinin, YUNESKO-nun nəzdində Ukrayna Milli Mərkəzi-Kiçik Elmi Akademiyasının, Qətərin Tədqiqatlar və İşləmələr Fondunun, Orakl Akademiyasının mükafatlarını alıblar.

Müsabiqə Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə keçirilir.

Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev “Sabahın alimləri” müsabiqəsinin məktəblilər üçün çox önəmli, faydalı olduğunu söyləyib.

Nazir müavini müsabiqə iştirakçılarının gələcəkdə uğurlar əldə edəcəyinə əminliyini bildirib:

"Əminəm ki, sizlərin arasında gələcəyin Nobel mükafatçıları da var. Azərbaycan dövləti gənclərə xüsusi diqqət göstərir. Mən istərdim ki, gənclər elmi layihələrə daha çox maraq göstərsinlər".

Heydər Əliyev Mərkəzinin Heydər Əliyev irsinin tədqiqi və təbliğatı departamentinin direktoru Məhəbbət Mehdiyeva Azərbaycanda şagirdlərin təlim-tərbiyə imkanlarının artırılması üçün tədbirlərin həyata keçirildiyini, dövlətin bu sahəyə qayğısının bundan sonra da davam edəcəyini söyləyib.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Dilqəm Tağıyev, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə, BP-nin ünsiyyət və sosial sərmayələr üzrə meneceri Tamam Bayatlı ölkədə həyata keçirilən gənclər, təhsil və elm siyasətinin uğurlarından danışıb, müsabiqənin gənclərin istedad, bacarıq və potensialının üzə çıxarılması baxımından əhəmiyyətli olduğunu qeyd ediblər.

Xatırladaq ki, “Sabahın alimləri” VIII Respublika müsabiqəsi fevralın 14-də başa çatacaq.

 





13.02.2019    çap et  çap et