525.Az

Üzeyir Hacıbəylinin Əhməd bəy Ağaoğlu haqqında naməlum bir məqaləsi


 

Üzeyir Hacıbəylinin Əhməd bəy Ağaoğlu haqqında naməlum bir <b style="color:red">məqaləsi</b>

1918-ci il noyabrın 8-də “Azərbaycan” qəzetində “Bakı xəbərləri” rubrikası ilə verilmiş xəbərdə yazılırdı ki, M. Ə. Rəsulzadənin başçılıq etdiyi Azərbaycan Cümhuriyyətinin İstanbul konfransı nümayəndə heyəti Bakıya gəlmişdir. Onlarla bərabər “məşhur mühərir və cəmaət xadimi Əhməd bəy cənabları dəxi Bakıya gəlmişdir”. Noyabrın 10-da Ceyhun Hacıbəyli və Şəfibəy Rüstəmbəylinin redaktorluğu ilə nəşr olunan “Azərbaycan” qəzetinin 35-ci nömrəsində “Vətənimizin iki simayi-möhtərəmi” sərlövhəsilə Ə. Ağaoğlu və M. Ə. Rəsulzadəyə həsr olunmuş iki yazı verilmişdir. Birinci məqalənin müəllifi Üzeyir Hacıbəyli idi. Bu vaxta qədər tədqiqatçıların nəzərindən yayınmış bu məqalə təsadüfi yazılmamışdır. Məlumdur ki, 19 yaşlı Üzeyir bəy 1904-cü ildə Qori müəllimlər seminariyasını bitirdikdən sonra Hadrud kənd məktəbinə müəllim təyin olunmuşdu. Bir il işlədikdən sonra o, 1905-ci ilin iyununda Bakıya gəlmişdi. Bu vaxt Əhməd bəy Əli bəy Hüseynzadə ilə birlikdə “Həyat” qəzetini nəşrə başlamışdılar. Şuşadan Hacıbəyli ailəsini yaxşı tanıyan Əhməd bəy Üzeyir bəyi “Həyat” qəzetinə tərcüman qəbul etmişdi. 1905-ci il dekabrında “Həyat”dan ayrılıb müstəqil “İrşad” qəzetini nəşr edən Əhməd bəy Üzeyir bəyi də həmin qəzetə aparmışdı. 1905-1908-ci illərdə Üzeyir bəy “İrşad”ın əsas mühərrirlərindən biri kimi şöhrət qazanmış, onun bu qəzet səhifələrində 100-dən artıq müxtəlif janrlı yazısı dərc olunmuşdu. 1908-ci ilin iyununda qəzetin nəşri dayandırıldı. Əhməd bəy 1908-ci ilin avqustunda “Tərəqqi” qəzetinin nəşrinə başlayanda Üzeyir bəyi də həmin qəzetdə məsul katib və sonra redaktor müavini və 1909-cu ilin əvvəllərində Əhməb bəy İstanbula getməyə məcbur olandan sonra qəzetin redaktoru kimi fəaliyyət göstərdi. Əhməd bəyə qarşı iftira və böhtanlara tutarlı cavablar verdi.

1918-ci ilin mart hadisələri ərəfəsində Üzeyir bəy də ailəsi ilə bərabər İrana-Ənzəliyə getmişdi. Yalnız 1918-ci il oktyabrın 23-də Bakıya qayıtmışdı. 15 gün sonra Əhməd bəyin də İstanbuldan Bakıya qayıtmasını alqışlayan Üzeyir bəy “Azərbaycan” qəzetində həmin çox dəyərli məqaləni yazmışdı. Həmin yazını oxuculara təqdim edirəm.

 

Vətənimizin iki simayi-möhtərəmi
AĞAOĞLU ƏHMƏD BƏY 

Əhməd bəy Ağayevi kim tanımıyor?

Hələ Parisdə tələbə ikən məşhur Fransa alimi Renanın “Dini-islam maneyi-tərəqqidir” meylindəki idareyi-əfkarinə qarşı yazmış olduğu cavabi-şifahisi ilə Fransada şöhrət tapmış olan Əhməd bəy öz vətəni olan Azərbaycanda fəqət erməni-müsəlman qitalı sənəsi olan 1905-ci ildə məşhur oldu.

Erməni yazıçılarının müsəlmanlar əleyhindəki böhtan və iftiralarına cavab verən və qələm hücumlarına köks gərib səbat göstərən Əhməd bəy öylə bir müasir lisana malik idi ki, onun yazdıqlarını oxuyanlar müsəlmanlar əleyhində deyilən sözlərin məhz yalan və iftira olduğuna kəmal ilə inanıb etibar və etiqad ediyordular.

Əhməd bəyin bu yazılarının əsəri idi ki, Azərbaycan türkləri həqqində erməni iftirasından dolayı əmələ gələn qara fikirlərin soyuq və kəsif buludları dağılıb həqiqət günəşi meydana çıxmaqla hər kəsin qəlbini müsəlmanlar lehinə qızırdı və nifrət əvəzinə rəğbət və hüsni-təvəccöh əmələ gəlirdi. “Həyat”ı ilə Azərbaycan türklərini diriltmək və “İrşad”ı ilə onlara rahi-nicatı nişan vermək yolunda öz həyatından əl çəkəcək dərəcədə çalışan Əhməd bəy degil bir müasir yazıları ilə, bəlkə bütün amal, ifal və əfkar ilə milləti həqqində çalışdığını Petroqrad və Moskva məhafili-aliyeyi-siyasiyyəsində Azərbaycan türkləri tərəfindən göndərilmiş mürəxxəs sifətilə gördügü saf işlər və Ümumqafqaz ictimaində Canişin hüzurunda söylədigi bəliğ nitqləri ilə isbat etdi. O işlər sayəsində idi ki, Bakı müsəlmanlarının neft və mədən evləri öz əllərində qaldı – və illa əldən gedəcək qorxusu var idi – və o nitqlər sayəsində idi ki, Ümumqafqaz müsəlmanları baxüsus Azərbaycan türkləri Qafqaz hökumətinin məzhəri-etina və etibarı oldu.

Millətini xarici təərrüzat və təcavüzdən vəqayə və müdafiəyə çalışan Əhməd bəy daxili mərəzlərimiz ilə də daim mübarizədə idi. Tənəzzülümüzə qarşı “Tərəqqi”si ilə müdafiə edərək yorunuq və istirahət nə olduğunu il uzunu bilməzdi.

O idi ki, bir tərəfdən bir bu qədər sərf edilən baş və bədən qüvvəsi, digər tərəfdən nicat və rifah halları xüsusunda can çürütdüyü həmcinslərindən bir parasının kəndisinə qarşı rəva görülən narəva rəftarları, üçüncü tərəfdən mübarizeyi-həyatiyyə məsələsi Əhməd bəyi o dərəcədə əsəbi bir hala salmışdı ki, uzun və sükun bir istirahətə əşəddi- surətdə məcbur və möhtac qalmışdı.

Əhməd bəy istirahət qəsdilə vətənindən müfariqət etdi, lakin bu istirahəti seyfiyyələrin və kurortların salim və sakin guşələrində aramadı. Zatən öylə yerlərdə istirahət edə bilməzdi.

Əhməd bəydə öylə bir təbiət var ki, öz həmcinslərindən uzaq biləlümum müsəlmana biganə olan yerlərdə istirahət degil, yaşamaq da gücdür.

Onun üçün millət həyatı görünən, millət qoxusu gələn bir yer lazım idi ki, həm “şüğl və məkanın dəgişməgi dəxi istirahətdir” qaidəsinə riayət və həm də Bakı kibi Azərbaycan müsəlman mərkəzini əvəz edə bilə idi.

Bu yer böyük türklərin böyük paytaxtı olan İstanbuldan başqa nə ola bilərdi ki, orası islamlıq və türklük həyatının hər bir cəhətcə xoş edən, qaynaşan böyük bir mənbəyidir.

Əhməd bəy İstanbula getdi, daha doğrusu köçdü və artıq “oralı” oldu. Zənnində idi ki, yeddi-səkkiz il müfariqətindən və zənn ediyorum, istirahətindən sonra təkrar vətəninə qayıtdı. Lakin Əhməd bəyin İstanbuldakı istirahəti yenə çalışmaqdan ibarət idi. Fərqi bu idi ki, artıq kəndisini anlayan, səy və cuşeini təqdir edən bir mühit içində çalışırdı və çalışmağı da yenə vətən və millət yolunda idi. Bizi İstanbul və Avropaya bildirirdi, bizim də dünyada var olduğumuzdan lazım olan yerlərə xəbər verirdi...

Əhməd bəy yaxşı bir vəqtdə vətənə qayıtdı. Belə vəqtdə ki, türk qəhrəmanlarının müqtədir əlləri ilə zənciri-əsarətdən azad edilmiş zəif və düşkün vətən bu gün dərd bilən və çalışqan övladlarının hər tərəfdən köməginə möhtacdır.

Ümidvar olmalıyıq ki, Əhməd bəy və ümum vətənpərəstlərimiz bu kibi günlərdə ittifaq və ittihad ilə əl-ələ verib qoymazlar ki, sərbəst vətənimiz təkrar özgələrin bəndi-əsarətinə giriftar olsun.

Ü.

“Azərbaycan”,

10 təşrini-sani (noyabr) 1918, №35

 





18.09.2013    çap et  çap et