525.Az

İldırım - Azərbaycan İstiqlal mücadiləsindən bir epizod


 

İLK CÜMHURİYYƏTİMİZ: OLMUŞLAR VƏ DÜŞÜNCƏLƏR

İldırım - <b style="color:red">Azərbaycan İstiqlal mücadiləsindən bir epizod</b>

(HEKAYƏ)

Neçə min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan” adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini yaratmış, qısa müddətdə olsa da şərəflə yaşatmış və dünyaya tanıtmış istiqlal mücahidlərimiz məcburi fasilə dövründə mühacirətdə nələr yazmış, nə düşünmüş, bizlərə nəyi vəsiyyət etmişlər - oxuyaq, düşünək, onlarla və bu günümüzlə fəxr edək! 

(Əvvəli 20 mart sayımızda)

Kəndi şəhadətilə Anadolu-Azərbaycan Türklügünü əbədi surətdə yekdigərinə bağlayan, Azərbaycan İstiqlalını Türkiyə İstiqlalı qədər bənimsəyən və burasını öz yurdu kibi sevərək uğrunda canını qəhrəmanca fəda edən Yusif Camal Bəyin böyük ruhuna ithaf.

***

Qafqasyanın təbiətcə dünyanın ən gözəl və zəngin qitələrindən biri olduğu məlumdur. Qafqasya qitəsini iki qismə bölən uca dağ silsiləsi məruf Qafqasya gözəlliginin ən bədii və şairanə qismini ehtiva edər. Təbii sərvətcə pək zəngin olan bu silsilei-cibal (dağ), eyni zamanda keçilməz sərb (uca) qayalara və alınmaz pək çətin qalalara malikdir.

Qoca Şamil bu dağlara sığınaraq cahanca məşhur həmasət (igidlik) dastanını xəlq eyləmiş, qarşısındakı qüvvətləri yaxaraq sağa-sola atəşlər püskürən cahangir rus qüvvəti bu dalğalara çarparaq az təlafət verməmişdir. Azərbaycandakı Lənkəran dağları Qafqasya silsiləsinin bir qolunu təşkil edər. Lənkəran qəzası bir tərəfi dənizə, digər tərəfi də bu dağ silsilələrinə dayanır zəngin bir məmləkətdir. Buradakı uca dağlar daima qarlı, buludlu olur. Hər tərəfdən pinarlar (fantanlar) fışqırır, çaylar axır, çalğayanlar qulaqlara bir zövq, qalın ormanlar ürəklərə bir həşaşət (şadlıq) verir. Talış silsileyi cibalı namını daşıyan buradakı dağlarda göy gurultusu nöqsan olmaz. İldırım gpz qamaşdırıcı şimşəyi ilə çaqar. Puşkin kibi rus şairləri yüksək Qafqasya dağlarının zirvəsindən “Uyquya dalmış” Şərqi seyr etməklə mülhəm olurkən, bu dağlarda öz həyatını qazanmaqla keçinən Azərbaycan xalqı başqa bir ilham ilə zövq-yab olur. O, kəndisinə təsəllüt edən yabancı istiladan duyduğu acıyı növhə edər kibi ağlar və sazına sarılaraq, duyduğu pək dərin bir hissi-bədiiyi ifadə edən laen (parlaq) şairlərin lisanı ilə tərənnüm edər, yanıq “bir şikəstə” ilə: 

“Bu dağlar ulu dağlar,
Çeşməli, sulu dağlar.
Burda bir igid olmuş,
Göy kişnər bulud ağlar.”

- deyə söylər.

Əvət, Azərbaycan “şikəstə”sinin çox təsadüf edilən məzmunu, ilhamını həp bu dağlardan alır və qəribədir ki, dağ təsviri, Azərbaycan xalq şairlərinin təsəvvüründə heç bir zaman “buludsuz və ildırımsız” olmaz. 

- 1 - 

İl 1921 idi. Qızıl rus ordusu Azərbaycanı istila edəli bir sənə olmuşdu. Gəncə, Qarabağ və Zaqatala üsyanları qanlı surətdə basdırılmış, hər tərəf atəş və intiqam qasırğasından keçirilmişdi. Fəqət Lənkəran ilə Səlyan qəzalarında müstövlü (işğalçı) rus ordusu ilə Azəri xalqının müzmin (köhnəlmiş) bir şəkil alan mücadiləsi hala davam ediyordu. Bilxassə Lənkəran dağlarında təhəssün edən üsyankar milliyyətçilər rus ordusuna pək böyük zərbələr endiriyorlardı.

İldırım, bu üsyan müfrəzələrindən (dəstələrindən) birinin rəisinə verilmiş bir isimdi.

İldırımın həqiqi ismi və hüviyəti (kim olduğu), ta sonuna qədər gərək xalqa və gərək qəsib rus ordusuna məchul qaldı. Fəqət onun dumanlı dağlarda məskən tutması, ildırımlar yurdundan zühur və hücum etməsi, düşmən ordusuna ziyanlar verərək təkrar dağlara çəkilib dumanlara dalması kəndisini İldırım deyə tanıtmış və o namla da məruf (məşhur) etmişdi.

Məchul çetə (dəstə) rəisi kəndisi dəxi bu şöhrətindən istifadə eyləmiş, “İldırım” - deyə imza atmağa başlamış, bu isimlə əmirlər və ultimatumlar göndəriyordu.

Xalq içində İldırım Çetəsi haqqında əfsanəvi hekayə və qəhrəmananə şaiyələr dolaşıyordu. Diyorlardı ki dağlara duman gəldigi, dumanın çoxalaraq, qalınlaşaraq və ağırlaşaraq yavaş-yavaş aşağı enməgə başladığı gün, göy guruldar, ildırım çaxarsa, qəhrəman İldırımın hücum edəcəgini hər kəs bəklərdi. Həqiqətən də yağmur durur, duman çəkilir, günəşin hərarəti şölələri bəyaz qalpaqlı dağları parlatmağa başlayınca, ertəsi gün İldırımın bir yerə, bir rus qitəsinə hücum etmiş olduğu və bu qitəyə pək böyük bir ziyan vermiş olduğu meydana çıxardı. Öylə dindar ixtiyarlar vardı ki, həqiqətən bir insan İldırımın mövcud olduğuna şübhə edər, bu hücum və zərbələrin təbii ildırım tərəfindən icra edildiginə qane olurlardı. Əvvəllər bu zəhaba qapılanlar məhdud idi. Fəqət sonraları bu “qənaət” bilxassə dindarlar arasında getdikcə genişləniyordu. Deyiliyordu ki, “ildırımlar, buludlar, binaənileyh Tanrı kəndisi də rus istilası ilə mübarizə ediyor. Bu tuluad, bolşeviklərə qarşı mücadilənin nə qədər müqəddəs olduğuna bir dəlildir. Xalqdakı bu etiqadı, asi çətənin mütəfiqləri olub da şəhərlərdə və köylərdə gizli olaraq yaşayan Azərbaycan milliyətçilərinin bilxassə təqviyə və tərviç etdikləri rəvayət olunuyordu. Fəqət, bu rəvayətlərin dərəcəyi-etibarı bəlli degil idi. Bəlli olan şu qədər idi ki bu etiqad xalq arasında cidi mövqe bulmuşdu. İldırım Çətəsinə qarşı əhalidə böyük bir hissi-ehtiram və mənəvi bir rabitə vardı. 

- 2 -

Qızıl Rusya işğal hökuməti Azərbaycan istiqlalçıları ilə ciddi surətdə mücadilə ediyordu. “Çeka” namı ilə məruf və istiqlalçıları imha (məhv) məqsədilə təşəkkül edilən komitə, sabiq istiqlalçı firqəyə mənsub olan zatları və yaxud milli firqəyə hüsni-rəğbət göstərənləri, üsyançılarla rabitə və əlaqədə müttəhin edilənləri, tamamilə həbs, nəfy (sürgün) və edam ediyordu.

Lənkəran qəzasında icrayi-fəaliyyət edən “Çeka” şöbəsinin başında Tiriniç namında bir arnavud (alban) duruyordu. Tiriniçin əsil ismi Əhməd idi. Əhməd Hərbi-Ümumi zamanında Osmanlı ordusunda hizmət edərdi. Qafqasya cəbhəsində əsir düşmüş və digər Osmanlı əsirlərilə Bakı limanındakı məşhur Nargin adasına gətirilmişdi. O zaman “Türkiyə əsirlərini qaçırmaqla iştiğal (məşğul)” olan Bakı Türklərinin komitəsi Əhmədi də xilas etmişdi. Əhməd bir zaman xəfi surətdə Bakıda böyük ehtiram və rifah içində yaşamışdı. Rusya inqilabı ibtidalarında Azərbaycan milliyətçilərinə milli ordu təşəkkülündə hizmətlər göstərmiş, 1918-ci ildə bolşeviklərə qarşı hərb edən milliyətçi Azərilər sırasında bulunmuş, 1918-ci ildən 1920-ci ilə qədər Müstəqil Azərbaycan dövründə “İttihadi-İslam” firqəsinin katibi-ümumisi və “İttihad” qəzetinin baş mühərriri idi. Bu zamana qədər millət onu Əhməd və Əhməd Bədi deyə tanırdı. 1920-ci il nisanından (aprelindən) sonra Rusya bolşevikləri tərəfinə keçmiş və Azərbaycan millətçilərini tanıdığı üçün, ruslara göstərmiş və eyni Nargin adasında məhkum və edam edilmələrinə dəlalət etmişdi. Lənkəran üsyanı əsnasında Əhməd Bədi imha komitəsi rəisi sifətilə Lənkərana gəlmiş bigünah milliyyətpərvər Azəriləri həbs, edam, sürgün və talan etməkdə davam ediyordu. Bu zaman Əhmədin isminə bir də Tiriniç şöhrəti əlavə edilmişdi. Komunistlər onu “Tovariş Tiriniç” deyə çağırırlardı. Tiriniç uzun boylu, sarışın İslav tipində göy göz bir Arnavud idi. Bakıda yaşayan bir dul erməni madamiylə izdivac etmişdi.

Tiriniç Lənkəran qəzasında olmazın faciələr törətdikdən və yüzlərlə günhsız xalqın qanını axıtdıqdan, bir çox xanimanları söndürdükdən sonra asilər içərisinə təfriqə salmaq üçün casuslar əldə etməgə, terroristlər göndərməyə başlamışdıysa da arzu etdigi nəticəyi əldə edəməmişdi. Üsyan bütün şiddətilə davam ediyordu.

Azərbaycan Xalq Komisarlar Şurası rəisi masqası altında rus əmir və buyruqlarını icra edən Nəriman Nərimanov xüsusi bir bəyannamə ilə asilərə və Lənkəran qəzası camaətinə müraciət edərək Qırmızı Orduya tabe olmağı təklif etmişdisə də bu müraciət kimsəyə təsir etməmişdi. Üsyan davam ediyor və getdikcə dairəsi genişliyordu. Asilərin sağ cinahı dağlardan ovalara enmiş, Astara mahalı doğrudan-doğruya onların əlinə keçmişdi. Asilərin hökmranlığı milliyətçilər tərəfindən Türkiyəli bir çavuşa həvalə edilmişdi.

Tiriniç, Azərilər arasında nə qədər mənfi və mənfur idi isə Yusif Camal adlanan bu türk çavuşu, iki o qədər hörmət və etibara malik idi. Əslən çavuş olan bu fədakar türk əskərinin, bütün etirazlarına rəğmən xalq arasındakı ismi Camal Paşa idi. Yusif Camal Bəy 1919-cu sənədə Lənkəranı bolşevik-daşnaq çətələrindən xilas etməkdə böyük yararlıqlar göstərmiş və daha o zamanda xalq tərəfindən “paşalıq” rütbəsini almışdı. 1920-ci ilin nisanından temmuzuna qədər (apreldən-iyuluna qədər) bolşeviklər tərəfindən Bakıda Bayılov həbsxanəsinə alınmışdı. Yusif Camal həbsdən qurtulduqdan sonra üsyan halında bulunan Lənkərana firar edərək (qaçaraq) Piran mahalındakı asilərin başına keçmiş və o gündən etibarən üsyan, tədafui vəziyətdən çıxmış, təcavüzə başlamışdı.

“Camal Paşa” artıq Astaranı almış, Lənkərana yaxınlaşmaqda idi. Sovet ordusu böyük bir həyəcan içində firara hazırlanıyordu. Bu zamanda idi ki Yusif Camal böyük və müsəlləh bir rus qüvvəsinə hücum edərkən şəhid düşmüş və bununla asi müfrəzələr böyük bir zərbəyə məruz qalmışlardı.

Hücum zəifləmiş, asilər yenə dağlara çəkilərək buludlara dalmışlardı. Aralığa bir sükut gəlmişdi. Yalnız bu sükutu bildigimiz İldırım Çətəsinin fəaliyəti xələldar ediyor, təhlükəli və qorxulu qığılcımları ilə düşmənin təpəsində çatlıyordu. 

- 3 -

Tiriniç qapısında oturuyor, agentlərinin gətirdiyi yeni məlumat xə xəbərləri nəzərdən keçiriyor idi. Bu zamanda Qırmızı Ordunun Əskəri İnqilab Şurası tərəfindən göndərilmiş fövqəladə təcili və mühüm bir məktub aldı. Məktubda deyilirdi ki:

“Təcili və pək mühüm... Qırmızı Ordu Əskəri İnqilab Şurası dağlarda davam edən və getdikcə gərək asilərin və gərək xalqın nicat ulduzu hökmünü almağa başlayan “İldırım” nam, məchul dağlar qəhrəmanı xüsusunda qəti və ətraflı məlumat toplamağa, hankı yerdən, nərəli və kim olduğunu öyrənməyə, nərədə və kimlərdən ibarət əqrəbası bulunduğunu bilməgə səy etməli və bunu birinci və mühüm əskəri vəzifə kimi qəbul etməyi əmr edər və bir ay içərisində bu vəzifəyi bacarmanızı təkid edəriz”.

Tiriniç fəaliyətə gəldi, agentlər, xüsusən Lənkəran qəzasında Romanovlar tərəfindən iskan (məskan) edilmiş rus müstəmləkəçiləri (malakanlar), ciddi fəaliyət göstərməgə başladılar. Nəhayə, Qırmızı Rus Ordusunun Əskəri İnqilab Şurası böylə bir məlumat aldı:

“Lənkəran qəzası fövqəladə komisyonu, “Çeka” tərəfindən, dağlarda kəndi müfrəzəsilə dəhşətlər saçan məchul şəxsin həqiqi ismi “Aydəmir”dir. Qəzamızın “T” qaryesindəndir. Yaxın əqrəbaları bu köydə yaşamaqdadır. Ailəsi, 2 qızı və bir oğlu əlan “N” qaryesində gizli surətdə yaşamaqdadırlar. Qızları 9-12 yaşlarında, oğlu isə 5 yaşındadır. Qəbiləsinin bütün ərkəkləri onunla bərabər dağlarda bulunuyorlar. Onların da ailəsi müxtəlif köylərdə yaşayırlar”.

Bundan sonrası məlum degildir. Məlum olanı budur ki, işbu müxabirədən (danışıqlardan) bir qaç gün sonra Aydəmirin ailəsi və çocuqları həbs edilərək Lənkəran qəzasında Malakan qaryesi “K”...da qalabənd edildi. Bunlar ağır bir şərait altında, böyük məhrumiyət və işkəncələr içərisində yaşıyorlardı. Kiçik yavruları ilə bərabər həbsə alınan bu qadın qocasına məktub yazaraq kəndisini təslimə dəvət etməyə icbar olunuyordu. Ancaq bu şərt ilə xilas edəcəkləri onlara elan edilmişdi.

Qadın buna qətiyən rıza vermədigi üçün bir gün Tiriniç, kəndisinə təklif olunan məktubu qadın yazmazsa, o zaman kəndiləri əhvalı Aydəmirə yazacaqlarını və ailəsinin həbsinə davam edəməyən Aydəmirin gəlib də təslim olacağını, fəqət ondan sonra ailəsinin mühəqqəq surətdə məhv ediləcəyini anlatdı isə də qadın yenə də razı gəlmədi.

Tiriniç doğrudan da bir məkub yazmağı qət etmişdi. Fəqət məktubu nə yol ilə göndərəcəkdi? Onu biləmiyordu. Bu ağır və çıxılmaz vəziyyətdən kəndisini zeyldəki (aşağıdakı) hadisə xilas etdi: Bir gün Lənkəranın soqaqı ilə bir agent gediyordu. Bolşevik casusu olan bu şəxsin “Çeka”ya mənsubiyətini bildirəcək heç bir əlamət yox idi. Fəqət bununla bərabər mövcubi heyrət bir hadisə üz verdi. Qüvvətli bir əl agenti arxadan sağ omuzundan tutdu. O arxasına döndükdə başı üzərində uca boylu dağlı bir şəxsin yumuruq halında düyümlənən və təpəsinə enməyə hazır duran digər əlini gördü. Çekist dönərkən bir əlini də silaha doğru atmışdı. Fəqət üzü məchul şəxsin üzünə təsadüf edincə əli qurudu və qətiyyən hərəkət edə bilmədi. Uca boylu heybətli şəxs əlini “Çek”istin omuzundan çəkməyərək dedi ki:

- Sakit ol və əlini silahından çək!

Çekist əmrə tabe oldu. Şəxs yenə dedi:

- Sən Çeka məmurusan!..

- Xayır bunu sizə kim dedi?

Əvvəla bən bunu sizə sormuyoram. Çünki buna yəqinim vardır. Saniyən bu sənin gözlərində yazıldığı üçün sormağa da ehtiyac yoxdur. Salisən bən Yıldırım müfrəzəsinin mücahidlərindənəm. Əlan dağdan gəliyoram və Çekaya bir məktubum var, onu zəhmət çəkib götürəcəksən.

- Bən şimdi səni kəndimlə bərabər “Çeka”ya götürürəm, orada məktublarını verirsən və cavabını da alarsan...

Bunu söylər-söyləməz Çekist əlindəki düdügü çıxararaq və yardımına milis çağırmaq qəsdilə ağzına götürmək istədi. Bu anda ağır bir yumuruq Çekistin başına endi və onu yerə yuvarladı.

Çekist bir də xəstəxanədə ayılmışdı. Onu istintaq edən Tiriniç, müavini bir rus tərəfindən böylə bir təkilfə məruz qaldı.

- Bir arayalım, bəlkə məktub buradadır.

Doğrudan da aranırkən məktub Çekistin cibindən bulundu. Məktubda deyilirdi ki:

“...Müharibə qanun və üsullarına qətiyən riayət etməmək, beynəlmiləl qərar və ənənələrə iltifat eyləməmək mədəniyətdən məhrum vəhşilərə məxsusdur. Halbuki ən əsri və mədəni bir həyat qurmaq iddiasındasınız. Bu iddianızın yalan və böhtan olduğuna şüarlarınızın imperyalizm və barbarlığınızı qapatmaq üçün birər pərdədən ibarət olduğuna dəlil, əvvəla müstəqil və azad yaşamaqdan başqa heç bir qəbahəti olmayan millətimizi kəndi hakimiyəti milliyəsindən məhrum eyləməniz, sonra da günahsız Türk Müsəlman xalqını vəhşətlərə məruz buraxırkən, qadınlara, çoluq və çocuqlara dəxi rəhm etmək istəmədiginizdir. Mən sizə ilk və son dəfə olaraq təklif ediyorum ki inqilab işlərilə, müharibə və mücadilələrilə qətiyən əlaqə və rabitəsi olmayan ailəmi və çocuqları xilas edəsiniz və bu xüsusdakı qərarınızı bir gün dəxi təviq (təxir) etmədən bizə Çekanızın qapısında asılmış qəfəsdəki göyərçin vasitəsilə göndəriniz.

İldırım” 

- 4 -

Aydəmir təbii bir qala təşkil edən “İldırım qalada” oturuyordu. Bu, qayalardan ibarət olan “İldırım qala” buludlarla muhat bir dağın başı idi. Ətrafı keçilməz dərə olan bu qalanın yolu qeyri məlum idi. Dərədən ildırım kibi sürətlə axan bir çay keçiyor, sahilləri qalın və keçilməz bir ormanlıq örtüyor idi. Orman ilə qala arasını da buludlar bürümüşdü. Ormanla qala arasını da buludlar bürümüşdü. Bir qədər keçdikdən sonra “İldırım Qala”ya təbii bir yol mövcud olduğunu kimsə bilmiyordu.

Onun yanında müsəlləh bir qaç mücahid vardı. Ortada atəş yanıyordu. O atəş kənarındakı bir daşın üstündə uca boyu, qalın və geniş arxalı mətin yapısı və quzu dərisindən geydigi siyah papaq altından baxan ildırım kibi şimşək çaxan parlaq gözləri ilə dərinlərə dalmış, tüfənginə dayanaraq baxıyordu. O, gələcək göyərçini, alınacaq cavabı, veriləcək qərarı düşünüyordu. Fikrində nə kibi bir qığılcım parladı isə, güldü. Gözləri parladı.

Matvey, dedi, 50 nəfər mücahid ilə mütləqa “K”dan ailəni çıxara biliriz. Bu nə gözəl olur.

Qətiyən Malakana bənzəməyən və zahiri qılığı ilə müsəlman qiyafəsində olan “Matvey” onun yanına oturdu və dedi ki:

- Bən də o fikirdəyəm. Fəqət əcələ etməliyiz. Cavabı gec göndərir, yerlərini dəgiştirirlər.

Fəqət yerlərini bildigimizi nərədən biləcəklər. Məktubumuzdan öylə bir şey hiss olunuyormu?

Xayır. Fəqət bərayi-ehtiyat bunu yaparlar.

Matvey, bən bu qədər müharibələrdə oldum, bu qədər qələbələr çaldım, heç olmadı ki qadına, çocuğa zülm və cəbr edəyim. Öylə bilirəm ki, bolşeviklər də bu zülmü etməzlər, zavallı çocuqların günahı nədir. Onlar nə üçün əsarət altında qalsınlar?

Nikolay ordusunu belə vəlvələlərə salan, rus kazaqlarını belə firarə məcbur edən və müharibələrdə, basqınlarda ürəgi bərkimiş olduğuna qətiyən şübhə olmayan İldırımın bu anda gözlərində 2 damla yaş gönündü.

Matvey başını aşağı saldı və bir söz demədi. Gözlərinin yaşarması pək mütəəssir olduğunu göstəriyordu. Onun fikrində doğrudan da Aydəmirin bir rus köyünü, bir kazaq dəstəsini, bir bolşevik alayını məhv edərkən qadın və çocuqlara nisbət göstərdigi rəhm, mürüvvət və ülüvvi cənab canlanıyordu. Bu xatirat Matveyə, bu saat həbsxanədə inləyən yavruları üçün, Aydəmirin qəlbi nasıl sızladığını bildiriyordu.

Aydəmir başını və vücudunu titrətmədən, atəşə baxmaqda davam edərək dedi ki:

- Matvey, sənin onları öldürəcəklərinə aid qəti bir fikrin varmı?

- Əvət... Bolşeviklər onları mütləqa öldürürlər, əgər...

- Əgər təslim olmazsam? Öylə mi?

- Xayır, əgər onlar xilas edilməzsə.

Matvey, etiraf edəlim ki, “Əvət?” deməklə bolşeviklərin nə qədər zalım və xunxar olduqlarını göstərmək istəmişdi və doğrudan da inanıyordu ki o ailə qurtarılmazsa mütləqa məhv ediləcəkdir. Və doğrudan da iman ediyordu ki, əgər xilas edilməsələr və İldırım gedib təslim olsa yenə o ailə xilas edilməyəcəkdir. Matvey bolşevikləri böylə tanıyordu.

Əslən rus olub da Romanov Rusiyası tərəfindən Azərbaycana nəql edilən və Azərbaycan türklərinin mal-qaralarını əllərindən alaraq mülk və bağlarında oturan bu rus Matveyi asilərə iltihaq etməyə vadar edən səbəb bolşeviklərin xunxar və cəllad olduqlarına inandığı və bunu dəlillərilə isbat etdigi idi.

Matvey və ümumən onun ailəsi, Azərbaycana nəql edilərkən kəndi arzular ilə gəlmiş degil, Çar hökuməti və rus Ortodoks kilsəsi tərəfindən sürgün edilmişlərdi. Rusya Çar idarəsi bu fikir ilə 2 məqsədə nail olmaq istəmişdi. Əvvəla Rusyada, rus millətinin ana yurdunda yeni məzhəb və din çıxarmaqla Rus milli din və vəhdətini pozmağa başlayan Doukxobor və digər Malakan adlandırdığımız ruslardan Rusyayı təmizliyor, saniyən də Azərbaycanın Muğan, Şirvan, Mil səhralarına, Gəncə, Quba, Salyan və Lənkəran kibi qəzalara bu rus kütlələrini iskan (məskən) etməklə Azərbaycan türklərinin vəhdəti-milliyəsini pozurdu. Fəqət Azəri türklərinin içində qalan bu Malakan ruslar, biləks türkləşiyordu. 3-cü nəsilləri tamamilə türkləşmiş, qızları türklərə getməyi türk mədəniyət və irfanına hizməti ruslara hizmətdən daha təbii bilməgə başlıyordu. Malakanların əksərisi dini etiqadlarına görə dünyada müharibə olması və qan tökülməsi əlehyinədirlər. Matvey qismən türkləşmiş, qismən də bu etiqadın həqiqi mürşidi olduğundadır ki, xunxar, cəllad və dinsiz bolşeviklərə qarşı Azərbaycan milliyətçilərinə qoşulmuşdu.

***

Mağaranın kiçik və təbii bir qapısı vardı. Oradan dışarı baxarkən uzaqda dumanlara bürünmüş başları qarlı dağlardan başqa bir şey görünmüyordu. Hava tutqun olursa bu da görülmüyor, ağ bir duman dənizindən başqa heç bir şey seyr edilmiyordu. Matvey oturub düşünüyordu. Eyni fəaliyətlə məşğul olan Aydəmir, atəşə diqqət etməkdə ikən, hərdən birə başını qaldırdı. Bu zaman mağaranın qapısından bir kölgənin keçdigini gördü. Bunu görüncə qalxdı,:

- Göyərçin gəldi deyə çıxdı və quşcığaz əlində olduğu halda təkrar daxil oldu.

Aydəmir kağəzi (məktubu) açdı Matveyə verdi. Göyərçini digər mücahidlərə uzadaraq oturdu və dinləməyə başladı. Məktub bu məzmunda idi:

- “Siz əmələ-köylü hökumətinə çox zərərlər vermişsiniz və verməkdə davam ediyorsunuz, ona görə əmələ-köylü hökumətinin inqilab məhkəməsi və onun mənafeini müdafiə edən inqilab komitəsi qarşısında cavabdasınız. Biz şimdilik bilmiyoruz ki sizi bu işlərə vadar edən nədir. Kəndin, əmələ və köylü sinfindən olduğun halda kəndi hökumətinə qarşı üsyan bayrağını nə üçün qaldırdın? Sizin rəhbəriniz Yusif Camal nə oldu? Gəncə qəhrəmanları nə oldular? Zakatala və Qarabağ asiləri nərədə? Babanız “Müsavat” və onun hökuməti nə oldu? Rusya füqərayi-kasibə inqilabını boğmaq istəyən Kolcaq, Kaledin, Budeniç, Denikin, Vrangel və sairləri, onlardan əvvəl qanlı Nikolay və Kerenskilər nə oldular? Bunların həpsini nəəzərə alıb bu boş işdən əl çəkməlisiniz və gəlib füqərayi-kasibənin inilabçı əli olan “Çeka”ya təslim olmalısınız. İnqilab məhkəməsi sizi mühakimə edər və şübhə yoxdur ki məsai sinifindən olduğunuzu nəzərə alaraq sizi bağışlar. Siz bu qəhrəmanlığınız ilə kəndi sinfinizin hürriyyət və hakimiyəti yolunda çalışmaqla təqsir və günahlarınızı bağışlatdırırsınız. Şübhə yoxdur ki, siz təslim olandan sonra ailəniz də xilas ediləcək. Şimdilik onlardan başqa rəhin götürüləcək bir mal və mülkünüz olmadığı üçün onları təhdi-nəzarətə aldıq”.

Bu məktubu dinlədikdən sonra Aydəmir qalxdı və dedi ki:

- Çocuqlar, çocuqlara xəbər veriniz. 50 adam “ölüm qapısında” dursun. Bu axşam kəndim “K” köyünə hücum edəcəgəm. 

- 5 -

Doğrudan da o kecə “K”ya hücum olmuşdu. Fəqət hücuma böylə bir təbiət hadisəsi təqəddüm etmişdi. Birdən birər dağları və bütün ətrafı qalın bir sis bürümüşdü. Göy kişnəməgə, ildırım çaxmağa, bulud ağlayıb göz yaşlarını sel kibi axıtmağa başlamışdı. İldırımın ilk şimşəyi dağlarda parlayıb sönməyə başladığı zaman “K” cəbxanəsi qapısında duran 2 rus saldatı gülüşdü, biri-digərinə dedi ki:

- Bu gecə İldırım hücuma keçəcəkdir.

Digəri dedi ki:

- İvan, sən buna inanmıyormusan?

- Qaliba yavaş yavaş fanatikləşiyorsan. İnşallah Hindistana erdikdən sonra tamam bir molla olursan!..

- Sənin Hindistana ermək xəyalın nə qədər həqiqət isə, haqqındakı nəzərin də o qədər doğrudur. Bən diyoram ki, İldırım falına yalnız bən degil, böyük “yoldaşlarımız” çekistlər də inanıyorlar.

- Bunu nədən bildin?

- Ondan bildim ki, bu gün İldırımın ailəsəni buradan “K” köyünə nəql etdilər. Bu təbdili-məkan ehtiyacını onların “barametrəyə” baxıb bu axşam yağmur olacağını bildikdən sonra hiss etdiklərinə qətiyən şək və şübhəm yoxdur.

- Pəki yağmur ilə bu məhbusların nə əlaqəsi?

- Onlar yağmur olacağını bildikdən sonra bu fikrə gəlmişlər ki yağmurdan əvvəl həmişə dağlara duman gəlir, göy gurulduyor və ildırım çaxıyor, madam ki böylədir onlar düşünmüşlər - İldırım hücum edəcək və ailəsini xilas etmək istəyəcək, demək ailənin yerini dəyişmək lazım.

Qızıl saldat daha cavab vermədi və kəndi fikrinə qərq olub gəzişməyə başladı. İldırım şiddətlə çaxmaqda idi və göy guruldaması ara-sıra öylə şiddət ediyordu ki bütün yer və divarlar titriyordu. Buna mütəaqib şiddətli yağmur başladı. Rus nəfəri arqadaşının qarşısına keçib təkrar sözə başladı.

Vasili yoldaş!... İldırım bu kecə doğrudan da hücum edərsə?..

Edəndə edər, nə olur. Biz də nəhayət, insan İldırım ilə həqiqi ildırımı təfriq edəriz.

- Fəqət bu olmaz, burada qüvvət, demək olur ki yoxdur. Məhbuslarla bərabər qüvvəti də alıb götürdülər.

- Nə demək istiyorsan İvan?

- Demək istiyoram ki o zaman biz məhv oluruz.

- Nə edəlim?...

“K”yə çəkiləlim...

- Dəli mi oluyursan İvan? Vəzifədən qaçmaq, bu olurmu? İnqilab Əskəri Şurasının qərarı bu xüsusda sərihdir (aşkardır) zənn edərim.

- Fəqət biz ağac, daş kibi cansız, hissiz bir “şey” deyiliz ki təhlükə və ölümü görüb hiss də edə, ağıl və idrakımızın əmir və təlqinlərini dinləməyəlim.

- Xayır, əf edərsən yoldaş, silah bizim əlimizdə nasıl bir alət isə biz də qırmızı komandanın əlində öylə bir alətiz. Silahı biz idarə etdigimiz kibi, bizi də onlar idarə ediyorlar. Nasıl ki silahın müstəqilən hərəkətə iqtidarı yoxdur, bizim də haq və ixtiyarımız yoxdur.

- Xeyir, bu əski rus fəlsəfəsidir. Şimdi bunun modası keçmişdir. Ancaq komunist olduğu üçün üzərində komanda etmək vəzifəsini almış və bundan başqa heç bir fikri, əqli və mənəvi fayiqiyyəti (üstünlüyü) olmayan qırmızı komandanın xatiri üçün ölməyi o qədər də arzu etməm və 5 günahsız məhbus üçün burada duracaq deyiləm.

- Öylə isə bunlardan daha günahsız olan İldırımın çoluq və çocuqlarına bu vaxtadək nədən rəhm etmədik?

Bunlar kəndi fəlsəfələrilə məşğul ikən, həbsxanə İldırım mücahidləri tərəfindən çəmbər altına alındı. İvan və Vasiliyə də 2 mücahid tüfəngi öylə dikildi ki rusların vəziyət almağa belə imkanları qalmadı:

- Kimsiniz və nə istiyorsunuz? - deyə sordu.

- Tüfəngləri buraxınız!..

- Sonra nə edəlim, deyə, İvan və Vasili tüfənglərini yerə buraxmaq üçün boyunlarından çıxaryordular. İvanın 2-ci sualı cavabsız qalmışdı. Heç kəs dinmiyordu. Yağmur şiddətlə yağmaqda idi. Göy gur, gur gurulduyor, ildırım boyuna çaqıyordu. İvan tüfəngini yerə qoymuşdu. Vasili isə hənuz boynından çıxarmaqla məşğul kibi görünüyordu. Bu şübhəli hərəkət mücahidlərinin nəzər-diqqətini cəlb etmiş olduğundan olacaq ki:

- Çabuq ol yoxsa... dedilər və cümlənin gerisini tüfənglərin çaxmaqları təkmil etdi.

İvan: bizi öldürməyin də məhbusların yerini söyləyəlim, dedi.

- Məhbuslar burada degilmi?

- Yox. Burada idi, bu gün götürdülər.

- Nərəyə götürdülər.

Onları götürdülər... cümlənin sonu, daha eşidilmədi. Çaxmaq səsini mütəaqib tüfəng patladı. İvan yerə yıxıldı. Vasili, tüfəngi yerə buraxmayıb İvana tövcih eyləmiş, əsrarı (sirləri) verməmək üçün arqadaşını öldürmüşdü. Mücahidlərdən biri əlindəki hazır tüfəngi dər saət çaxmış Vasiliyi də o öldürmüşdü. Halbuki qalsaydı bəlkə də işkəncə və cəza ilə məhbusların yeri öyrənilə bilirdi. Fəqət bu mümkün degildi. Çünki mücahid, Vasiliyi öldürməsəydi ikisi də ölməsə, biri mütləqa onun əlində məhv olacaqdı.

Qapıçıların imhasından sonra həbsxanə aranıb məhbuslar həqiqətən də bulunmamışdı. Burada yalnız 5 köylü məhbus buraxılmışdı ki bunlar da təslih olunaraq asilərə iltihaq etmişlərdi. Ondan sonra “B” köyündəki evlər aranmış, nə qədər silah varsa toplanmış, komunistlər imha edilmiş daha sonra mufrəzə (dəstə) dağlara çəkilmiş, getmişdi.

Həvadis ətrafa yayılınca xalq İldırımın müvəffəqiyətsizliginə təəssüflər izhar etməyə, “Çeka” isə daha müdhiş tədabir ittixazına məcbur olmuşdu.

(Mabədi var)

Mühərriri Mirzə Bala
Ənzəli, 8-9 Mayıs 1924
“Yeni Qafqasiya”, 28 Mayıs, 15 Haziran (iyun) 1924, №№ 17, 18

 





01.04.2019    çap et  çap et