525.Az

Kamal Abdulla imzalı iki hekayə - Şahanə Müşfiqin yazısı


 

Kamal Abdulla imzalı iki hekayə - <b style="color:red">Şahanə Müşfiqin yazısı </b>

Əgər kimsə məndən, keçmiş tələbəsi kimi müəllimim Kamal Abdullanı şərh etməyimi istəsə, yəqin ki, sayacağım uzun epitetlərin başında "fərqli" sözünü işlədərəm. Fərqli insan, fərqli rəhbər və fərqli pedaqoq... Ancaq çoxları kimi mən də onu öncə yazıçı kimi tanımışdım. Fərqli yazıçı...

Hələ Bakı Slavyan Universitetində ondan dərs almamışdan qabaq "Unutmağa kimsə yox" və "Sehrbazlar dərəsi" romanlarını oxumuş, oradakı mistikaya, yazıçı baxışına və qarışıq situasiyaların rəvan təhkiyəsinə heyran olmuşdum. Sonra isə yazıçı Kamal Abdulla həyatımdakı statuslarını artırmağa başladı. Onun haqqında düşündüyüm "fərqli" sözü isə hər zaman həm onu, həm də məni izlədi.

Adətən, oxucular yazıçıların öncə hekayələrini, yəni nisbətən qısa əsərlərini, sonra isə romanlarını oxuyarlar. Kamal Abdulla ilə mənim "tanışlığım" isə romandan hekayəyə davam etdi. Onun hekayəçiliyi haqqında geniş araşdırmalar aparmaq, uzun-uzun məqalələr yazmaq, hətta dissertasiyalar müdafiə edib monoqrafiyalar çap etdirmək də olar. Bildiyim qədərilə, bunları edənlər də var. Ancaq mən bu yazımda K.Abdullanın iki hekayəsindən söz açmaq fikrindəyəm: "Bir yay axşamı" və "Qar". Adlarına nəzər salsaq, fəsil etibarilə bir-birinə zidd zamanlardan söhbət getdiyini düşünə bilərik. Elə seçimimdəki əsas səbəb də budur: K.Abdullanın yaradıcılığındakı ilkin təəssüratın yanıldıcılığı.

Hər iki hekayədə hadisələr bir-birinə yaxın zamanlarda baş verir. İkisi də hekayədən daha çox novella təsiri bağışlayır. Mövzular və obrazlar isə tamamilə fərqlidir.

***

"Bir yay axşamı" gənclik həvəsi və məsum sevginin yaratdığı qarışıq duyğulardan bəhs edən romantik çalarlarla süslənmiş realist hekayədir. Hadisələr və onun məntiqi nəticəsi real həyatın axışına tamamilə uyğundur. Hisslərin təsviri, duyğuların ifadəsi isə oxucuda romantik ab-hava yaradır.

Orxan ortayaşlı bir adamdır. Ona gənc demək də olmur, qocaldığını iddia etmək də. Ancaq ruhən, düşüncə etibarilə və özünə yanaşmasına görə "ağırbaşlı" biridir. Bir yay axşamı qardaşı da daxil olmaqla bir neçə oğlan və qızların birgə oynadıqları qəribə oyuna baxarkən düşündükləri də onun özünə və yaşına qarşı yanaşmasını bir daha sübut edir: "Bizim vaxtımızda biz belə oyunlar oynamırdıq. Məktəbdə oxuduğumuz zaman qızlarla ən isti təmasımız "əl-ələ" oyunu idi. Əlin ələ toxunması bizim üçün artıq sirr idi..."

Orxanın başında gənclik həvəslərinin qaldığını iddia edə bilmərik. Ta ki qonşuluqdakı Həliməyə qarşı duyğularını öyrənənə qədər. On yeddi yaşlı qıza qarşı hiss etdiyi qəribə duyğular oğlanın özünü də çaşdırır və o, bunu özünə etməyə cəsarət göstərmədən rədd etməyə çalışır. Bu hissləri ilkin yaradan isə elə Həlimənin özüdür: "...Orxanın bu vaxtacan yadında dəqiq qalan odur ki, bu Həlimə onu təklikdə görəndə yanaqları qıpqırmızı qızarır, qaşının biri təəccüblə yuxarı dartılırdı. Nə dinirdi, nə də danışırdı. Əvvəl-əvvəl Orxan bunun fərqində deyildi. Bir müddət keçdi. Orxan bunun fərqində o zaman oldu ki, təklikdə Həlimə ilə qarşılaşanda başladı hiss eləməyə ki, onun özünün də yanaqları belə təkbətək görüşlər zamanı ağırlaşır, isinir".

Bütün bu hallar həm qız, həm də oğlan üçün ilkdir, yenidir, əl dəyməmişdir. Ona görə də hər ikisi bununla necə davranacaqlarını bilmirlər. Bu sevgini gələcəyə aparan və ruhdakı unudulmaz dadını yaradan isə həmin axşam həmin oyunda yaranan kiçik öpüş olur. Həlimənin Orxanın yanağına qondurduğu o şıltaq öpüş 15 il sonra belə onu izləyir, şirin xatirənin alovlu izi kimi dodağının küncünü yandırır.

Kamal Abdullanın "Bir yay axşamı" hekayəsi lal sevginin hələ doğulmadan ölməsi, daha doğrusu, əbədi susqunluğa tərk edilməsi haqqında ən gözəl əsərlərdən biridir.

***

Əbdürrəhim bəy Haqverdiyevin xatirəsinə həsr olunmuş "Qar" hekayəsində də hadisələr isti ayların birində baş verir. Şəhərə artıq beş ildir ki, qar yağmır. Müəllifin dili ilə desək, "soyuq, şaxta düşürdü, tufan qopurdu, hətta ağacları kökündən qoparan küləklər əsirdi, amma qar... qar yağmırdı".

Artıq hər kəs qardan əlini üzmüşdü. Bircə Həsən əmidən başqa. O, həm özü inanır, həm də camaatı inandırırdı ki, qar yağacaq, hökmən yağacaq, axı "adamın gözü qar görməlidi. Yoxsa olmaz".

Vəziyyət o həddə çatmışdı ki, insanlar Allahı da, təbiəti də, qarın yağıb, yağmamasının təbii səbəblərini də unudub Həsən əmidən qar tələb edirdilər. Uşaqlı böyüklü hər kəs. Savadlısı da, savadsızı da. "Gözlərindən cin çıxan qonşu uşaqlar" "gözləri itiliyini itirmiş" qocadan əl çəkmir, ona görən kimi "qar yağacaq?" - deyib sual edirdilər.

Elə mənzərə yaranmışdı ki, sanki qarı Həsən əmi yağdırmalıdır, o isə camaatı aldadır, yağdırmır. Yoxsa Qəddar Malik hirslə, nifrətlə "Bax, deyirəm, sabah qar yağmasa, sən bir də buralara gəlmə. Eşitdin? Yoxsa... yoxsa səni doğulmağına peşman edərəm, bəlli bil. Eşitdin, nə dedim mən? - deyib beli bükülmüş qocanın hulqumundan yapışmazdı.

Hə, insanlar Həsən əmiyə vaxt qoymuşdular, bu "andıra qalmış" qar sabah mütləq yağmalı idi. Fəsil isə o fəsil deyildi. Günəş bütün əzəmətilə göylərdəki taxtına oturmuş, yerdə qar gözləməkdən səbri tükənmiş insanların yanında başıaşağı qalan fağır qocanın halına "yanırdı". Yəqin elə buna görədir ki, Həsən əmiyə "biçilən" vaxtın sonunda isti yaz ayı olmağına baxmayaraq, "taxtını tərk" edir və düz beş ildən sonra şəhərə qar yağır: "...Yaz günəşinin son şüasının pəncərədən çəkilməyilə yekə-yekə, ağappaq qar lopalarının şəhərə yağmağı, demək olar ki, eyni vaxtda baş verdi. Qar lopaları, elə bil, çətir açıb torpağa doğru ahəstə-ahəstə uçuşurdular. Havada asudəlik, azadlıq, dinclik və əmin-amanlıq qoxusu var idi. Az bir zaman içində qar hər tərəfi dümağ rəngə bürüdü. Şəhər əməlli-başlı qaldı qarın altında".

Amma təəssüf, Həsən əmi beş ildir gözlədiyi, inandığı, uğruna az qala bütün şəhəri qarşısına aldığı o qarı görmədi. Bəlkə də gördü. Nə bilim...

 





19.05.2019    çap et  çap et