525.Az

Azərbaycandakı məscidlər: mənəviyyat və tarixi-memarlıq abidələri


 

Azərbaycandakı məscidlər: mənəviyyat və tarixi-memarlıq abidələri<b style="color:red"></b>

Azərbaycan tarixən müxtəlif inancların, fərqli dini konfessiyaların birgə və əmin-amanlıq şəraitində yaşadığı ölkədir. Respublikamızda kilsələr, sinaqoqlar, məscidlər və müxtəlif dini məbədlər eyni vaxtda yanaşı fəaliyyət göstərir. Keçən silsilə yazılarımızda şəxsi müşahidələrimizə, müxtəlif mənbələrə, o cümlədən də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmi saytına əsaslanaraq ölkə ərazisində mövcud olan qədim alban məbədləri haqqında oxucularımıza məlumat vermişdik. İndi isə Azərbaycan əhalisinin böyük əksəriyyətinin – təxminən 95 faizdən artığının etiqad etdiyi islam dininin müqəddəs ibadətgahlarından – məscidlərdən söhbət açacağıq. Ölkə ərazisində, demək olar ki, hər bir rayon və şəhərdə böyük və kiçik olmaqla onlarla məscid fəaliyyət göstərir. Növbəti silsilə yazılarımızda paytaxt və Abşeron yarımadasından başlamaqla ölkə ərazisində fəaliyyət göstərən məşhur məscidlərimizdən bəhs edəcəyik.

Paytaxtda olduğu kimi bölgələrimizdə də istər tarixilik baxımından, istərsə də memarlıq üslubu cəhətdən möhtəşəm məscidlər var. Masallı şəhər Cümə məscidi də belə tarixi abidələrdəndir. Füzuli küçəsində yerləşən məscid XIX əsrin əvvəllərində inşa edilib, əsas və yardımçı binalardan, həmçinin mədrəsə binasından ibarətdir. Məscidin daxili 354 kvadratmetr, tutumu 400 nəfərdir. İnşasında qırmızı kərpicdən və yerli meşə materiallarından istifadə edilib. Məscidin orta sütunları çoxillik palıd ağaclarındandır. İçi ağac şəbəkə ilə kişi və qadın ibadət yerlərinə ayrılıb. Pəncərələri ağac və rəngli şüşə şəbəkələrdən qurulub. Məscidin qabaq hissəsinə sütunvarı çıxıntı əlavə edilib. Məscidin qabaq divarları sonradan ağ mərmər üzlüklə örtülüb. Məscidin minarəsi olsa da, Sovet dövründə dağıdılıb. Məscid sonuncu dəfə keçən əsrin 80-ci illərində restavrasiya olunaraq muzey kimi istifadə edilib. Hazırda məscid fəaliyyətdədir və tarixi abidə kimi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qorunur.

Masallıda daha bir tanınmış məscid – Seybətin kənd məscidi şəhərin Seybətin küçəsində yerləşir. Məscid 1910-cu ildə inşa edilib, dəfələrlə restavrasiya və təmir olunub. Sonuncu dəfə məscid 1990-cı ildə tam əsaslı təmir edilərək sahəsi genişləndirilib. Məscidin həyəti hasarlanaraq qapalı hala gətirilib. Məscid su, kanalizasiya və müasir istilik sistemi ilə təchiz edilib. Məscid tarixi abidə kimi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qorunan abidələr siyahısındadır.

XIX əsrin əvvəllərində inşa edilmiş və dəfələrlə təmir olunmuş Masallı rayonu Digah kənd məscidi də qorunan tarixi abidələr sırasında yer alıb.

Cənub bölgəsinin daha bir məscidi – Lənkərandakı Böyük Bazar məscidi şəhərin mərkəzində yerləşir və tarixinə görə buradakı ən qədim məscid sayılır. Məscid XIX əsrin ilk illərində inşa edilib və cənub bölgəsinin dini mərkəzi rolunu oynayıb. Sahəsi 500 kvadratmetr, tutumu 550 nəfərdir. Məscid əsas və yardımçı binalardan ibarətdir. Sovet dövründə dağıdılmış minarəsi 1995-ci ildə yenidən bərpa edilib. Minarənin hündürlüyü 36 metrdir. Məsciddə kanalizasiya və istilik sistemləri mövcuddur. Burada hətta ibadət edənlərin təhlükəsizliyini təmin etmək üçün təhlükəsizlik kameraları quraşdırılıb. Məsciddə Dövlət Komitəsindən qeydiyyatdan keçmiş dini icma fəaliyyət göstərir. Ölkə əhəmiyyətli tarixi abidə kimi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qorunur.

Cəlilabad şəhərindəki Cümə məscidinin də maraqlı inşa tarixi var:  1916-cı ildə Çar Rusiyasının valisi Anukiyevdən qızıl pulla alınmış ərazidə yerli əhali tərəfindən inşa edilən məscid sovet hakimiyyəti dövründə məsciddən müxtəlif məqsədlər üçün, həmçinin anbar, kino, idman zalı kimi istifadə edilib. 1993-cü ildə məscid əsaslı təmir edilərək dindarların istifadəsinə verilib. Məscidin sahəsi 816 kvadratmetr, tutumu 856 nəfərdir. Məsciddə dövlət qeydiyyatından keçmiş dini icma fəaliyyət göstərir. Bu ibadət ocağı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yerli əhəmiyyətli tarixi abidə kimi qorunur.

Cənub regionunda diqqəti çəkən məscidlərdən biri də Astara şəhərindəki mərkəzi Qum məscididir. Məscidin xeyli yaşı var. Qum məscidi 1898-ci ildə yerli əhali tərəfindən inşa edilib. Məscidin tikintisinə  Hacı Zeynalabdin Tağıyev  yardım edərək çatışmayan tikinti materiallarına köməklik göstərib. Məscid əsas və yardımçı binalardan ibarətdir. Ötən 110 il ərzində bir neçə dəfə əhali tərəfindən əsaslı təmir ən məscidin sahəsi 221kvadratmetr, tutumu 200 nəfərdir. Maraqlı bir fakt da odur ki, sovet hakimiyyəti dövründə bölgədə yalnız bu məscid fəaliyyətini davam etdirə bilib. Mərkəzi Qum məscidi tarixi abidə kimi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qorunmaqdadır.

Ölkənin şimal, şimal-qərb bölgəsində də xeyli möhtəşəm Allah evləri fəaliyyət göstərməkdədir.

Quba şəhərindəki Cümə məscidi də tarixilik baxımdan maraq doğurur. 1802-ci ildə Qazi Nəsrulla əfəndinin və oğlu Hacı İsmayılın təşəbbüsü, maddi yardımı ilə tikilən məscidi məşhur memar Ömər Əbu Bəkr oğlu Naxçivani ərsəyə gətirib. 1933-cü ildə məsciddə iki mədrəsə, minarə və digər tikililər dağıdılıb. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra məscidin ətrafına şəbəkəli hasar çəkilərək su, kanalizasiya xətləri bərpa edilib, dəstəmazxana və digər köməkçi binalar və 41 m hündürlüyündə minarə ucaldılıb. Məscid səkkiztinli prizma şəklində olub içəri tərəfdən hündürlüyü 28 m, sahəsi 400 kvadratmetrdir. Məsciddə dövlət qeydiyyatından keçmiş dini icma fəaliyyət göstərir.

Quba şəhərinin daha bir ilginc tarixi abidəsi Səkinə Xanım məscididir. Məscidi 1854-cü ildə böyük Azərbaycan yazıçısı və tarixçisi Abbasqulu ağa Bakıxanovun xatirəsini əbədiləşdirmək üçün həyat yoldaşı Səkinə xanım tikdirib.  Məscid dördbucaqlı formasındadır, doqquz pəncərəsi və iki qapısı var. Hündürlüyü 27 metrdir. 1930-cu illərdə məscid Sovet hakimiyyəti tərəfindən bağlanan məscidin ətrafındakı mədrəsə və köməkçi binalar sökülərək dağıdılıb. Bir çox məscidlər kimi təyinatı dəyişdirilən məsciddən əvvəllər anbar kimi, daha sonra tikiş sexi kimi istifadə ediblər. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra məscid dindarların istifadəsinə verilib. 1990-1993-cü illərdə dəstəmazxana və baş köməkçi binalar tikilərək məscid əsaslı təmir edilib.

Quba rayonu, Rustov kənd məscidi 1903-cü ildə Azərbaycanın böyük xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin köməyi ilə tikilib. Sovet hakimiyyəti illərində məscid bağlanaraq taxıl anbarı kimi istifadə edilib,bu möhtəşəm dini və tarixi abidə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dindarların istifadəsinə verilib. Məscid 2008-ci ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yenidən bərpa edilib, ətrafında köməkçi binalar tikilib. Məsciddə dövlət qeydiyyatından keçmiş dini icma fəaliyyət göstərir.

(Ardı var)

S.ABDULLAYEVA

 





01.10.2013    çap et  çap et