525.Az

Güvəndiyin dağlara yağan qar - Türkan Turanın yazısı


 

Güvəndiyin dağlara yağan qar - <b style="color:red">Türkan Turanın yazısı </b>

Eşqə qarışmadan öncə hər kəs özünü fəzada və ya hansısa zirvədə hiss edir. Əlavə dərd çəkmir, cavabsız suallar beynini gəmirmir, ömrün "necədir, nə edir, hardadır" suallarını təkrarlayaraq keçmədiyi üçün gərginlikdən uzaq və rahat həyat sürürsən.

Bir gün biri gəlir, aşağıda dayanaraq özünü onun qollarına atmağın üçün sənə səslənir. Təkidlə qorxmamağa, səni tutacağına inandırmağa çalışır. Əvvəl-əvvəl bu çılğınlığa çox da isti baxmırsan, görməzlikdən və duymazlıqdan gələrək yaşayırsan. O isə səbrlə gözləyir, dayandığı yerdən tərpənməyərək şirin vədlərlə dil tökməyə davam edir. Özünü nə qədər sıxıb saxlasan da, eqonu tumarlayan bu situasiyadan yan qaça bilmirsən. Nəhayət, xeyli götür-qoydan sonra ovsunlanıb, boşluğa, onun qollarına doğru atılırsan. Bunu inamla, gülə-gülə, həyəcanla edirsən. Elə onda görürsən ki, çatmağına az qalmış çəkilir və sən surətlə gəldiyin yüksəklikdən yerə çırpılırsan! Beləliklə, bölünüb min tikə olan güvənlə tanışlıq mərasimi başlayır. Bəzən aylarla, çox vaxt illərlə bərpa edə bilmirsən. İnsanların içində ürkək-ürkək gəzirsən. Hamıya şübhə ilə baxırsan.

Sadəcə eşqdə  yox, dostluqda, işdə və digər sosial münasibətlərdə də güvənmək mühümdür. Bu söz bir mənanı versə də, anlamı insandan-insana dəyişir. Güvənmək bəziləri üçün söykənmək, bəzilərinə görə yanındakı ilə gözübağlı addımlamaq, kiminə görə isə sirrini, sözünü etibar edəcəyi birinin olmağı deməkdir. Bu halda insan arxayınlaşır, yaşamağa daha ürəkli davam edir. Bilirsən ki, yıxılsan yerdən qaldıracaq əl, ağırlıqlar altında əzilsən yükünü xəfiflədəcək güc, fikir içində çabalasan səni fərahlığa çəkəcək ağıl var. Hər insan istənilən məqamda bu hissə ehtiyac duyur. Çünki yaşamağın başlıca şərtlərindəndir. Birinə güvənirsinizsə tərəddüd içində qalmırsınız. Sizə zərər verəcəyini heç vaxt ağlınıza gətirmirsiniz. Hər şeyə rəğmən bağrına basacağını yaxşı bilirsiniz. Yaxşı, bəs, bu bitərsə nə olar? Hə, həngamə bundan sonra başlayar! Güvənin itməsi münasibətlərin ölümünə səbəb olur.

Münasibət üçayaqlı masa kimidir. O masanın ayaqlarından biri qırılsa, digərlərinin möhkəm olmağının əhəmiyyəti qalmır, istənilən halda aşır. Edilən xətalar, sədaqətsizlik, aldatmalar, yalanlar, oynanan oyunlar güvənin yox olmağına səbəb olur. Çox vaxt səbəbkar dəridən-qabıqdan çıxır, hər şeyi düzəltmək istəyir, qarşısındakını yolundan geri döndərməyə çalışır. Ola bilər ki, əks tərəfi birtəhər razı salır. Gedən yolundan dayanır, sevməyə, sayğı duymağa davam edir. Amma heç vaxt ona arxasını çevirmir. Çevirsə belə gözü həmişə onun üstündə olur. Bir dəfə sarsıldığına görə növbətinin də qaçınılmaz olduğuna inanır. Qarşısındakının mütləq bir yanlış edəcəyini gözləyir. Dayanmadan kontrol edir, qısqanclıqlar artır, mübahisələr səngimir, hirs, hikkə dinmək bilmir. Mütəmadi "yenidən zərər verəcək" düşüncəsi ilə yaşadığına görə rahatlığı ərşə çəkilir. Əvvəllər "gözü bağlı inanma hissi" yerini "kəşfiyyatçılığa" verir. Mütəmadi olaraq telefonunu qarışdırır. Zəng gələndə ekrana ondan qabaq boylanır. Sosial şəbəkələrdə onu qarabqara izləyir. Kimlər bəyənib, kimlər şərh yazıb, neçə dəqiqə əvvəl burada olub, yaxşı, bəs burda olduğu halda mənə niyə mesaj yazmayıb, dost siyahısına kimləri əlavə edib kimi paranoyak fikirlər bitmək bilmir ki, bilmir! Vəziyyət get-gedə qəlizləşir. Kiçik yerdə başlayan yanğın böyüyür, bir gün "mən artıq heç kimə güvənmirəm" deməyə qədər gedib çıxır.

Güvən əskikliyi olan münasibətlərin hamısı belədir. Çətin qazanılır, itiriləndə isə yenidən əvvəlki vəziyyətə qayıtmağı ciddi enerji və çox vaxt tələb edir. Baş verən hadisənin miqyası nə qədər böyükdürsə, bərpa etmək o qədər çətindir.

İnsan güvən hissini itirəndə özünü düşmən ordunun içində silahsız, müdafiəsiz, qalaları dağılmış, evləri yıxılmış, yurdu talan edilmiş kimi hiss edir. Bu hiss oxun hansı tərəfdən gəlib kürəyinə sancılacığını, ölümün hansı məqamda yaxalayacağını bilmədən, 24 saat özünə keşik çəkərək yaşamaq kimidir.

Görəsən, yenidən xəyanət edər? Ya yenə yalan danışarsa? Görüşməyəcəm dediyi halda birdən görüşərsə? Yenə gedərsə? Yenə edərsə? kimi suallar adamın yaxasından əl çəkmir.

Oturub hər şeyi açıq şəkildə danışmaq, problemin həlli yolunda atılan ilk addım ola bilər. Amma nə qədər aydınlansa, bərpa olunsa, almaz kimi parıldayıb, günəş kimi işıldasa da, heç nə əvvəlki kimi olmur!

İnandığım isə budur, insan ilk növbədə güvən toxumlarını içərisinə özü əkməlidir. Çünki bu hiss güclü immunitet kimidir, nə qədər möhkəm olsa, kənardan gələn ağrıları o qədər yüngül keçirdərsən. Özünüzə güvənin, özünüzdən yapışın, öz bazanızı doldurun, oradan istifadə edin. İnsan gözləntiləri qədər tükənir. Ona görə də, ağaca budaq yox, budağa qonan göyərçin olun! Bilin ki, budaq qırılsa belə sizi "ağac" deyil, güvəndiyiniz qanadlarınız xilas edəcək.

 





01.06.2019    çap et  çap et