525.Az

Seçim və məsuliyyət


 

Seçim və məsuliyyət<b style="color:red"></b>

Milli Məclisin deputatı
Fəlsəfə doktoru 

“Bizim uğurlarımız insanların, Azərbaycan xalqının dəstəyi və birbaşa iştirakı olmadan mümkün deyil... Bizim uğurlarımızın əsas mənbəyi Azərbaycan  xalqının

fəaliyyətidir, Azərbaycan xalqının iradəsidir”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

 

Artıq yüz ilə yaxındır ki, Azərbaycan cəmiyyəti hər bir vətəndaşına seçmək və seçilmək hüququnu tanıyıb. Bu gün dünyanın ən çox inkişaf etmiş bəzi ölkələrindən daha əvvəl ölkəmizdə istisnasız olaraq cəmiyyətin bütün üzvlərinə və o cümlədən qadınlara seçki hüququnun verilməsi ümumbəşəri dəyərlərin Azərbaycan cəmiyyətində çoxdan yer aldığını və möhkəmləndiyini göstərən qürurverici bir həqiqətdir. İndiyədək çox seçimlər etmişik. Uğurlusu da olub, uğursuzu da. Bu gün də ölkəmiz seçim ərəfəsindədir. Növbəti beş ildə Azərbaycanı dünya siyasətinin labirintlərində məharətlə irəliyə aparacaq, vətəndaş rifahını onun layiq olduğu yaşam səviyyəsinə yüksəldəcək bir ölkə başçısının seçimi qarşısındayıq. Deməli, cəmiyyətin hər bir üzvü üçün məsuliyyətin ən yüksək dərki və vicdanın tələbi ilə qərar qəbul etmək anıdır. Belə bir anda millətimizin gələcəyi naminə dönüb geriyə baxmaq, qazandıqlarımızla itirdiklərimizi tərəziyə qoymaqla milli maraqlarımıza ümummilli təəssübkeşlik aynasından baxaraq edilən seçim vətəndaş məsuliyyətinin ən parlaq göstəricisi olur.

Beş illik ilk prezidentlik dövründə  ona etimad göstərmiş xalqın gözləntilərini layiqincə doğrultması İlham Əliyevə 2008-ci il seçkilərində daha inamlı qələbə qazandırdı. İkinci prezidentlik dövründə İlham Əliyev Ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiq qalmaqla bərabər, həm də onu yeni keyfiyyətlərlə zənginləşdirmək, heç kimin proqnozlaşdıra bilmədiyi bir novatorluqla davam etdirmək, müasir dünyanın siyasi mədəniyyətində  “öz üslubunu” yaratmaq bacarığını ortaya qoydu. İqtisadi böhranın bütün dünyanı çulğadığı  bir zamanda milli dövlətimizin  tərəqqiyə qovuşması, ölkə miqyasında bu inkişaf  tendensiyanının davamlılığı Azərbaycanı beynəlxalq arenada  önəmli bir dövlətə – qlobal siyasətdə söz sahibinə çevirdi. Azərbaycanın orta və uzunmüddətli inkişafının prioritet istiqamətləri və bu strategiyanın uğurlu icra mexanizmləri müəyyən edildi. Regionların sosial-iqtisadi inkişafına vüsət verən proqramlar, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə, təhsilin, səhiyyənin, elmin tərəqqisinə hesablanmış fəaliyyət istiqamətləri  bir-birini tamamlamaqla ölkəmizdə bir milyondan çox iş yerinin açılmasına və yoxsulluq səviyyəsinin kəskin şəkildə aşağı düşməsinə şərait yaratdı. İnsan amili dövlət siyasətinin  ana xəttini təşkil etməyə başladı. On il ərzində ölkəmizdə ümumdaxili məhsulun həcmi 3 dəfədən çox, dövlət büdcəsi isə təqribən 20 dəfəyədək artdı, sənaye və kənd təsərrüfatında müşahidə olunan yüksəliş yürüdülən sistemli sosial-iqtisadi siyasətin uğurlu olduğunu təsdiq etdi. Azərbaycanın əldə etdiyi iqtisadi uğurlar, dayanıqlı iqtisadi inkişaf onun beynəlxalq arenada yeni model dövlət kimi özünəməxsus yer tutmasına səbəb oldu. Dünyanın aparıcı informasiya vasitələri ölkəmizdə baş tutan bənzərsiz tərəqqi tendensiyasını ən maraqlı detalları ilə önə çəkərək Azərbaycan haqqında ətraflı məlumatlar yaymağa başladı. Azərbaycanın qısa zaman kəsiyində  dünyanın sürətlə inkişaf edən ölkələri sırasına daxil olması, ümumdaxili məhsulun, sənaye istehsalının dəfələrlə artımı, enerji gəlirlərinin ölkənin çoxşaxəli inkişafına yönəldilməsi, insan kapitalının dövlətin prioritet siyasət xəttinə çevrilməsi Azərbaycanı yeni tipli dövlət kimi bütün dünyaya tanıtdı.

Bu dövrdə Azərbaycanın  xarici siyasət sahəsində qazandığı uğurlar onu beynəlxalq siyasi sistemin ən fəal subyektlərindən birinə çevirdi. Azərbaycan özünün və daxil olduğu regionun təhlükəsizlik maraqlarını qoruya bilmək, cürbəcür təhdid və avantüraları zərərsizləşdirmək bacarığını nümayiş etdirdi və nəticədə dünya birliyində etibarlı tərəfdaş nüfuzu qazanmış Azərbaycan 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının üzvü seçilərək dünyanın idarə olunmasında bilavasitə iştirak edən bir dövlətə çevrildi. Həm birinci, həm də ikinci prezidentliyi dövründə ölkəmiz üçün ən ağrılı problem olan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində həyata keçirilən ardıcıl tədbirlər İlham Əliyev siyasətinin prioritet istiqamətini təşkil etdi. Avropa Şurası, Avropa Parlamenti kimi mötəbər təşkilatlar tərəfindən Ermənistanın təcavüzkar dövlət kimi tanınması, bir çox dövlətlər tərəfindən Xocalı faciəsinin soyqırım faktı kimi qəbul edilməsi Azərbaycanın beynəlxalq hüquq  prinsiplərinə əsaslanan haqlı mövqeyini bir daha təsdiq etmiş oldu.

Əsası Heydər Əliyev tərəfindən qoyulmuş   enerji strategiyanın ötən onillikdə də uğurla həyata keçirilməsi Azərbaycanın əldə etdiyi iqtisadi uğurların başlıca səbəbi  oldu və bu prosesdə ölkəmizin güclü enerji infrastrukturu təşəkkül tapdı  və onun qlobal  əhəmiyyəti daha da artdı. Nəticədə, ölkəyə sabit maliyyə axını təmin edildi, ölkənin valyuta ehtiyatları dəfələrlə yüksəldi, çoxsaylı sosial-iqtisadi proqramların icrası təmin edildi. İkinci prezidentlik müddəti üçün qarşıya qoyulan əsas hədəflərdən biri – qaçqın düşərgələrinin ləğv edilməsi, onlar üçün müasir tipli qəsəbə və şəhərçiklərin  salınması, onların iş yerləri ilə təmin olunması uğurla həyata keçirildi.  Bununla bərabər, ölkə iqtisadiyyatının enerji amilindən asılılığının azaldılması da hər zaman İlham Əliyevin  yürütdüyü iqtisadi  siyasətin mərkəzində dayandı. Ümumdaxili məhsulun həcmində qeyri-neft sektorunun xüsusi çəkisi dəfələrlə artırıldı, çoxşaxəli inkişaf strategiyasının tətbiqinə başlanıldı.

Son 5 il ərzində Azərbaycan təkcə iqtisadi inkişafı ilə deyil, bu inkişafla tarazlı şəkildə həyata keçirilən idarəetmə qurumlarının restrukturizasiyası, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılması baxımından da digər dövlətlər üçün müsbət nümunəyə  çevrilməkdədir. Elektron hökumətin formalaşdırılması tədbirləri çərçivəsində vətəndaşlara göstərilən əksər xidmətlərin vətəndaş – məmur qarşılaşması olmadan elektron formada həyata keçirilməsi, ASAN Xidmət şəbəkəsinin respublika miqyasında qurulması istiqamətində görülən tədbirlər İlham Əliyevin öz vətəndaşına  dünya standartlarına uyğun  yüksək keyfiyyətli xidmətlərin göstərilməsində qərarlı olduğunu göstərir.

Bütün bu uğurların kökündə 2003 və 2008-ci il seçimlərində xalqın etimadını  qazanmış  və  onu layiqincə  doğrultmuş  İlham Əliyevin modernist baxışları, prinsipial siyasi mövqeyi, öz xalqına və xalqın ümummilli Liderinin siyasi kursuna sadiqliyi və nəhayət, onun gərgin əməyi dayanır. Bu gün  prezident olmaga iddialı  şəxslərin siyahısında yer alan İlham Əliyev bütün məziyyətləri ilə başqalarından fərqlənən, eyni zamanda öz təvazökarlığı ilə ən çox diqqəti cəlb edən və seçicilər tərəfindən xüsusi  rəğbətlə qarşılanan bir namizəddir. Bu məqamda bir vətəndaş və bir siyasətçi kimi İlham Əliyev şəxsiyyətini opponentlərindən fərqləndirən özəlliklərə nəzər salmaq yerinə düşərdi.

Humanizm. Hər şeydən öncə İlham Əliyev humanist – insanpərvər bir siyasətçidir. Demək olar ki, hər bir çıxışında qeyd etdiyi – “Azərbaycanda dövlət siyasətinin təməlində insan amili dayanır” prinsipi İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bütün layihələrin başlıca humanist ideyasıdır. Dövlətin ali məqsədinin vətəndaşa xidmət etməkdən ibarət olduğunu dəfələrlə vurğulayan İlham Əliyev Prezident olduğu dövrdə ölkənin siyasi, sosial, iqtisadi, mədəni inkişaf proqramlarının da məhz bu prinsipdən çıxış edərək həyata keçirilməsinə təminat yaratmışdır. Bu baxımdan, İlham Əliyev həm ölkəmizdə, həm də beynəlxalq miqyasda dövlət – insan münasibətlərinin yeni platformasını irəli sürən novator siyasətçi kimi diqqəti cəlb edir. Dünyanın bütün dövlət başçıları arasında İlham Əliyev öz  xalqı ilə ən çox təmasda olan bir ölkə başçısıdır.

Fədakarlıq və təvazökarlıq. İlham Əliyev xalq tərəfindən seçilən, xalq üçün seçilən və xalqın firavan gələcəyi üçün yorulmadan çalışan bir siyasətçidir. O, eyni zamanda, əldə olunan  bütün uğurları xalqın adına bağlayan təvazökar bir siyasətçidir. “Bizim uğurlarımız insanların, Azərbaycan xalqının dəstəyi və birbaşa iştirakı olmadan mümkün deyil və bir daha demək istəyirəm ki, bizim uğurlarımızın əsas mənbəyi Azərbaycan xalqının fəaliyyətidir, Azərbaycan xalqının iradəsidir”. 2008-ci ildə yeni seçilmiş Prezidentin andiçmə mərasimində söylədiyi bu fikirlərlə  İlham Əliyev özünəməxsus  təvazökarlıqla əldə olunmuş uğurların təməlində hakimiyyət komandasının deyil, bütövlükdə Azərbaycan xalqının dayandığını  göstərirdi. Faktiki olaraq, hakimiyyət komandası da Azərbaycan xalqının siyasi-intellektual elitasından formalaşdığından  prezidentin vurğuladığı dövlət və xalq maraqlarının vəhdəti burada bütün fəaliyyətlərin qaynağında görülür. Bu, həm də ölkə başçısının Ana Yasamıza sadiqliyini nümayiş etdirir, konstitusion əsaslarda Azərbaycanda hakimiyyətin mənbəyinin xalq olduğunu bir daha göstərir.

Çeviklik, cəsarət və qətiyyət. İlham Əliyev dünya birliyinin dialektik inkişaf istiqamətlərini yaxşı bilən, Azərbaycanın xarici və daxili siyasət platformasını optimal tarazlıq müstəvisində  zərgər dəqiqliyi ilə müəyyənlişdirən  çevik, cəsarətli və qətiyyətli bir siyasətçidir. Yaşadığımız regionda, eləcə də beynəlxalq miqyasda bir göz qırpımında dəyişən situasiya xarici siyasətin daha çevik olmasını və bu siyasətin milli maraqlara adekvat yürüdülməsini tələb edir. İlham Əliyevin rəhbərliyi ilə yürüdülən xarici siyasəti səciyyələndirən spesifik cəhət də məhz belə bir reallıqda yalnız milli maraqlara əsaslanan tarazlı beynəlxalq münasibətlər xəttini prinsipial şəkildə yeritməsidir. Dövlət maraqlarının ən ali səviyyədə qorunmasına xidmət edən diplomatik korpus şəbəkəsinin genişlənməsi, beynəlxalq və regional təşkilatların Azərbaycanın haqlı mövqeyini qəbul etdikləri qərarlarla dəstəkləməsi, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına üzvlük  İlham Əliyevin yürütdüyü xarici siyasətin milli maraqlardan qaynaqlandığını və bu siyasətin daxili siyasətlə harmonik bağlılığını göstərən dəlillərdir. Bu baxımdan, Azərbaycanın  ümumtürk  inteqrasiya proseslərini və türk dünyasının  bütövlüyünü şərtləndirən təşəbbüslərin İdeya Mərkəzinə çevrilməsi də  İlham Əliyevin  milli-tarixi və milli-mənəvi köklərə bağlı olan cəsarətli bir rəhbər olduğunu göstərir.

Sabitlik və Həmrəylik. İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan sabitliyin, davamlı iqtisadi inkişafın təmin olunduğu, dövlət siyasətinin mərkəzində vətəndaş marağının dayandığı bir ölkəyə çevrilmişdir. Bu gerçəkliyi görməmək mümkün deyil. Bu gün Xalq-Hakimiyyət konfiqurasiyasının  bir tərəfində – vətəndaşı üçün layiqli həyat səviyyəsini təmin etməyi başlıca hədəf kimi müəyyən edən İlham Əliyev şəxsiyyəti, digər tərfində isə əvvəlki seçkilərdə İlham Əliyevə göstərdiyi etimadın  bəhrəsini real şəkildə hiss edən, onu yenidən öz lideri kimi görmək arzusunda olan Azərbaycan vətəndaşı dayanır. Azərbaycan seçicisinin ölkə başçısına, ölkə başçısının Azərbaycan seçicisinə olan güvəncini sarsılmaz edən də bu tərəflər arasındakı qarşılıqlı inamdır. Bütün ölkələr üçün ideal sayılan bu Vəhdət Azərbaycan nümunəsində artıq reallığa çevrilib. Azərbaycanın çağdaş mənzərəsi məhz bunu göstərir. Xalqın etimadını, sevgisini qazanmaq, bu etimad və sevgini daim qoruyaraq onu ümumxalq dəstəyinə  – Sosial Dayağa çevirmək hər siyasətçiyə müyəssər olmur. Azərbaycan seçicisi üçün əldə olunmuş uğurların davamlılığı, tərəqqi yolunun, sabitliyin dönməz xarakter daşıması daha çəkicidir. Burada özünün zəngin dövlətçilik təcrübəsi ilə Azərbaycanı dünya birliyinin aparıcı subyektinə çevirən İlham Əliyevin  siyasi opponentlərlə müqayisədə mütləq üstünlüyü dərhal nəzərə çarpır və bu fərq hər bir Azərbaycan vətəndaşının  seçimində həlledici olur.

Söz və Əməl. Yüksək xarizmaya, rəğbətdoğurucu şəxsi keyfiyyətlərə, üç dildə  natiqlik məharətinə, əsaslı mövqeyin optimal təzahür maneralarına malik olan İlham Əliyev Azərbaycanın bir ucqar kəndində də, beynəlxalq tədbirlərin keçirildiyi  yüksək tribunalarda  da eyni səviyyədə yüksək məntiq və inandırıcılıq səriştəsi ilə çıxış edir. Onun çıxışları məntiqli və inandırıcıdır. Çünki onun dediyi Sözün arxasında Əməli dayanır. Prezidentliyi dövründə İlham Əliyev bir ölkə başçısının öz dövləti və xalqı üçün edə biləcəyindən daha artığını edə bilməyin mümkün olduğunu artıq öz əməlləri ilə sübut etmişdir. Malik olduğu bütün müsbət məziyyətlərini, proseslərə rasional yanaşma qabiliyyətini dövlətin daxili və xarici siyasət strategiyasına məharətlə hopduran İlham Əliyev XXI əsrin çağdaş ruhu ilə səsləşən müasir Azərbaycanı yaratmaqdadır. Bu prosesdə isə heç nə təsadüfən baş vermir, ölkənin siyasi, ictimai, iqtisadi, mədəni həyatını yönəldən proseslər onun daxili inkişaf məntiqindən, qabaqcadan ölçülüb-biçilmiş layihələrin, proqramlaşdırılmış fəaliyyətlərin ardıcıllığından irəli gəlir. Belə yaradıcı bir fəaliyyətin nəticəsində Azərbaycan kəndi tarixin heç bir zamanında görmədiyi təhsil, mədəniyyət və istehsal obyektlərinə sahib olur. Ölkə əhalisinin yarıdan çoxunu təşkil edən kənd əhalisinin verdiyi sözü  əməli işi ilə tamamlayan  bir namizədi səmimiyyətlə dəstəkləyəcəkləri qətiyyən şübhə doğurmur. Səhiyyə sisteminin təkmilləşdirilməsi, maddi-təchizat və tibbi xidmət potensialının dünya standartları səviyyəsinə çatdırılması istiqamətində davamlı siyasətin aparılması Azərbaycan həkiminin seçim etməsində əsas meyar olacaqdır. Kiçik və orta sahibkarlığın inkişafına yönəlmiş proqram və layihələrin uğurlu icrası, sahibkarlığa dövlət dəstəyinin yüksələn xətlə davam etməsi, əlverişli iş mühitinin yaradılması Azərbaycan sahibkarının seçimində həlledici amildir. Əmək şəraitinin yaxşılaşdırılması,  yeni-yeni iş yerlərinin açılması kənddə və şəhərdə yaşayan zəhmətkeş insanların verilən sözə etimadını daim artırmaqdadır.  Dövlət qayğısını hər zaman hiss edən, yaşayış tərzi daim yaxşılığa doğru dəyişməkdə olan Azərbaycan təqaüdçüsü öz seçimində sosial rifaha işıq yandıran namizədi tərəddüd etmədən dəstəkləyəcək.

Sadaladığım amillər seçildiyi gündən xalqın etimadını doğruldan İlham  Əliyevin prezidentliyi dövründə  Azərbaycanın  qazandığı uğurların işığında  öz dolğunluğu və  möhtəşəmliyi  ilə görünür. Beynəlxalq təşkilatların da artıq qeyd etdiyi kimi, seçkiqabağı dövrdə namizədlərin qeydə alınması prosesinin tam şəffaf keçməsi, təbliğat və təşviqat üçün bütün namizədlərə bərabər şəraitin yaradılması və ən baçlıcası, xalqın malik olduğu seçim təcrübəsi və məsuliyyəti Azərbaycandakı növbəti prezident seçkilərinin tam demokratik şəraitdə keçəcəyinə heç bir şübhə yeri qoymur.  İlham Əliyevi siyasi mübarizə meydanında alternativsiz liderə çevirən amillərdən biri də elə mövcud demokratik mühitdir. Məhz belə bir durumda prezident iddiasında olan namizədlər  xalqla açıq təmasa girib öz platformalarını bəyan edərkən İlham Əliyevin şəriksiz  liderliyi faktı üzə çıxır.

 

 





03.10.2013    çap et  çap et