525.Az

"Azərbaycan-Pakistan ədəbi-mədəni əlaqələri" müzakirə edilib


 

"Azərbaycan-Pakistan ədəbi-mədəni əlaqələri" müzakirə edilib<b style="color:red"></b>

İyunun 21-də AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı və Pakistan Muslim İnstitutunun iştirakı ilə "Azərbaycan-Pakistan ədəbi-mədəni əlaqələri" mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib.

Konfransı giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq Azərbaycanla Pakistanın dostluq, qardaşlıq münasibətlərinin bütün sahələrdə olduğu kimi elm və ədəbiyyat istiqamətində də uğurla inkişaf etdiyini və özünün də Azərbaycan-Pakistan dostluq qrupunun üzvüolduğunu bildirib.Qeyd edib ki, 2005-ci ildə Pərviz Müşərrəf prezident olan dövrdə Pakistana səfər edib. "Prezidentin özü ilə şəxsən görüşməsəm də, parlamentarilərlə və Müsahid Hüseynlə görüşdüm. 2005-ci il səfərimiz zamanı urdu dilində Cəlil Məmmədquluzadınin kitabını nəşr etdirdik. Eyni zamanda səfirliyin köməyi ilə "100 şairdən bir damla" kitabını çap etdirdik və mən o kitaba müqəddimə yazdım.  Mənim bir akademik məqaləm də orada çap olundu. Pakistanın Mədəniyyət naziri ilə görüşümüz zamanı onun bir fikri xüsusilə yadımda qalıb. Nazir dedi ki, kitabı çox maraqla oxudum. Sanki bu azərbaycanlı yazıçı Pakistanın indiki həyatını yazıb. Bu bizim həyatımızın, taleyimizin nə qədər yaxın olduğunu göstərir". İ.Həbibbəyli bildirib ki, institutda "Pakistan otağı" yaradılıb və ora bir elmi mərkəzə çevrilib. İnstitutumuzun əməkdaşlarından Bədirxan Əhmədov  və Bəsirə Əzizəliyeva Pakistanda olublar: "Bu gün isə biz Muslim İnstitutu ilə Ədəbiyyat İnstitutu arasında müqavilə imzalayırıq. İmzalayandan dərhal sonra onun icrasına başlayacağıq. İnanıram ki,birgə keçirilən konfrans və imzalanan müqavilə qarşılıqlı elmi əlaqələrin inkişafında yeni töhfələrverəcəkdir".

Akademik vurğulayıb ki, Pakistan Azərbaycanın Qarabağdakı mübarizəsini birmənalı şəkildə dəstəkləyir. Azərbaycan da Pakistana Kəşmir məsələsində dəstək verir: "Həm ulu öndərimiz Heydər Əliyev, həm də prezidentimiz İlham Əliyev Pakistanda olmuşlar. Onların İslamabadda əkdiyi ağaclar dostluq və qardaşlığımızın simvoludur".

Konfransda Muslim İnstitutunun direktoru, professor Sahibzadə Sultan Ahmed Ali çıxış edərək Bakıda olduğu müddətdə Azərbaycan xalqından sevgi və hörmət gördüyünü söyləyib. Bildirib ki, Pakistan Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləyir. Professor çıxışında deyib ki, "yeni xəbər olaraq onu söyləyim ki, birbaşa uçuşların təşkili üçün danışıqlar aparılır. Bu institutda "Pakistan otağı"nın yaradılması ədəbiyyatlarımızı öyrənməyə daha çox töhfə verəcək. Eləcə də, Pakistan kitabxanasında da Azərbaycan guşəsi vardır. Pakistanın mənəvi qurucusu olan Məhəmməd İqbalın əsərlərinin burada təqdiqinin şahidi oldum. Nizami Gəncəvi də pakistanlılar üçün yad deyil. Bu konfrans ölkələr arasındakı əlaqələrin inkişafında daha böyük rol oynayacaq və mötəbər İsa Həbibbəylini yenidən Pakistanda görmək istərdim".

Daha donra Fəlsəfə İnstitutunun direktor müavini, tarix elmləri doktoru, Azərbaycanın Pakistandakı keçmiş səfiri Eynulla Mədətli "Azərbaycan-Pakistan əlaqələrinə dair" məruzəsində iki dövlət arasındakı münasibətlərdən bəhs edib. O bildirib ki, bizi birinci növbədə islam dini birləşdirir. Buraya Dehli sultanlığı zamanı yayılmış sufi ədəbiyyatını da aid edə bilərik və nəhayət, Pakistanın son 800 ildə türk sülalələri tərəfindən idarə olunması da ortaq mədəniyyətimizdən xəbər verir: "Bir faktı da vurğulayım ki, BMT-nin işğal olunmuş Azərbaycan torpaqlarının geri qaytarılması haqqındaməlum qətnamələri Pakistanın BMT Təhlükəsizlik Şurasına sədr olduğu dövrdə qəbul edilib. Hazırda "Pakistan-Azərbaycan dostluq əlaqələri cəmiyyəti" fəaliyyət göstərir. Rusiyadan sonra yalnız İslamabadda Azərbaycan səfirliyi üçün kompleks tikilib".

Sonra Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, professor Bədirxan Əhmədov "Azərbaycan-Pakistan ədəbi-mədəni əlaqələri" mövzusunda məruzə ilə çıxış edib. Məruzədə əsasən XX əsr ədəbi-mədəni əlaqələri əhatə olunub. Bildirilib ki, 2007-ci ildə Pərviz Müşərrəfin "Atəş xəttində" kitabı Eynulla Mədətlinin tərcüməsində çap edilib. Professor qeyd edib ki, bir il öncə İslamabadda konfransda iştirak edib.

Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Bəsirə Əzizəliyeva isə "Məhəmməd İqbalın yaradıcılığında müsəlman birliyi ideyası, ilahi eşq və milli düşüncə" mövzusunda məruzə ilə çıxış edib.

Konfransda qarşlıqlı şəkildə rəmzi hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkilib.

 





26.06.2019    çap et  çap et