525.Az

Milli-mənəvi dəyərlərin keşiyində - Paşa Əlioğlu yazır


 

YAZILI ABİDƏLƏRİN, MEMUAR ƏDƏBİYYATIMIZIN YORULMAZ TƏDQİQATÇISI

Milli-mənəvi dəyərlərin keşiyində - <b style="color:red">Paşa Əlioğlu yazır </b>

Əlyazmalar, yazılı abidələr, ayrı-ayrı müəlliflərin müxtəlif xətlərlə (çətin, ya asan) köçürülmüş əsərləri elə bir aləmdir ki, bu dünyaya bir dəfə daxil olub onun vurğunu olan bir daha buranı tərk etmək istəmir.

Görkəmli şərqşünas, əlyazmaşünas alim İ.Y.Kraçkovski yazırdı ki, əlyazmalar üzərində çalışmaq, illərlə onları oxuyub öyrənmək insanı nəcibləşdirir. Ömrünü yazılı abidələrimizin tədqiqinə həsr edən, əlyazmaları, sənədləri oxuduqca nəcibləşən alimlərimizdən biri də Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Şəxsi arxivlərin tədqiqi şöbəsinin müdiri, filologiya elmləri doktoru Nailə Səmədovadır. Nailə xanım Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirdikdən sonra 1983-cü ildən Əlyazmalar İnstitutunda çalışır. Qeyd edək ki, onun atası Əbdül Əzizov da, anası Cənnət Nağıyeva da ədəbiyyatşünas alim olmuşlar. Ömrünün altmış ilini Əlyazmalar İnstitutunda işləmiş filologiya elmləri doktoru, professor Cənnət Nağıyeva Azərbaycan-özbək ədəbi əlaqələrinin görkəmli tədqiqatçısı, tanınmış alim olmuşdur. Onun yüksək elmi potensialı, klassik ədəbiyyat sahəsindəki zəngin bilikləri, işinə məsuliyyətli münasibəti, intizamı uzun illər institutun əməkdaşları, o cümlədən, mənim üçün nümunə olmuşdur. Şübhə yoxdur ki, ömrünü klassik irsə, əlyazmalara həsr etməsində Nailə xanımın valideynlərinin nümunəsi həlledici rol oynamışdır.

Nailə Səmədova Əlyazmalar İnstitutunda işlədiyi ilk vaxtlarda burada saxlanılan şəxsi arxiv materiallarına, memuar və epistolyar ədəbiyyat nümunələrinə daha böyük maraq göstərdi. XIX-XX əsrlərdə yaşayıb-yaratmış bir sıra görkəmli ədəbiyyat və mədəniyyət xadimlərinin, mütəfəkkir və maarifçilərimizin şəxsi arxiv materialları Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qızıl fondunu təşkil edir. Məlum olduğu kimi, bir çox görkəmli şəxsiyyətlərimiz şəxsi arxiv materiallarının toplanaraq gələcək nəsillər üçün qorunmasına gərəyincə əhəmiyyət verməmişlər. Azərbaycan mədəniyyəti tarixində şəxsi arxiv materiallarının qorunub saxlanması və tərtib edilməsinin ilk təşəbbüskarı milli dramaturgiyamızın banisi, böyük mütəfəkkir Mirzə Fətəli Axundzadə olmuşdur. Ədibin müxtəlif şəxslərə, görkəmli dövlət xadimlərinə və nüfuzlu adamlara yazdığı məktubları öz miqdarı və məzmunu etibarı ilə onun arxivinin mühüm hissəsini təşkil edir. Görkəmli ədəbiyyatşünas Yusif Vəzir Çəmənzəminli də şəxsi arxiv materiallarına xüsusi qayğı və diqqətlə yanaşmış, onların gələcək nəslə çatdırılmasına böyük əhəmiyyət vermişdir. O, "Turgenevin yazı üsulu" adlı məqaləsində yazır: "Bizim Azərbaycan yazıçıları bu barədə daha geridə qalmışlar, bir çoxlarının əlyazmaları belə meydanda yoxdur, arxivi meydana çıxanlar da az olmuşdur. Yalnız Mirzə Fətəli istisnadır. Çünki o, özündən sonra gözəl və müntəzəm bir arxiv buraxmışdır. Yazıçıların səhlənkarlığı qismən onların özlərinə qiymət verməmələrindən irəli gəlmişdir". Buna baxmayaraq, bir sıra görkəmli mədəniyyət xadimlərimizin, ədiblərimizin şəxsi arxivləri əlimizə gəlib çatmışdır və Əlyazmalar İnstitutunun Şəxsi arxivlərin tədqiqi şöbəsinin əməkdaşları bu materialları bir neçə istiqamətdə araşdırmaqda davam edirlər. Əvvəllər şöbənin elmi işçisi, hazırda müdiri olan Nailə Səmədova Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Yusif Vəzir Çəmənzəminli, Əli Nəzmi, Əliabbas Müznib, Məmmədəli Sidqi və başqa ədiblərimizin şəxsi arxivlərini, buradakı memuar və epistolyar ədəbiyyat nümunələrini araşdırmış, ədəbiyyat və mədəniyyət tariximizin tədqiqi baxımından maraqlı elmi nəticələrə gəlmişdir. Onun 1993-cü ildə müdafiə etdiyi "Məmməd Səid Ordubadinin "Həyatım və mühitim" memuarı" mövzusunda namizədlik dissertasiyası (Elmi rəhbər akademik Məmməd Cəfər Cəfərov olmuşdur) tədqiqatçılar tərəfindən müsbət qarşılanmışdır. Nailə xanım Məmməd Səid Ordubadi yaradıcılığına qarşı həmişə diqqətli olmuş, onun xatirələrini, bəzi qeyri-mətbu əsərlərini, məktublarını ayrıca kitab halında nəşr etdirmiş, ədəbi irsi barədə məqalələr yazmışdır. Ədiblərimizin məktubları və xatirələri ədəbiyyat tariximizin öyrənilməsi, araşdırılması baxımından çox böyük əhəmiyyətə malikdir. Son dövrlərə qədər bu zəngin xəzinə lazımi diqqətdən kənarda qalmışdı. Nailə xanım memuar ədəbiyyatının tədqiqi ilə ciddi surətdə maraqlanmağa başladı, görkəmli ədiblərimizin şəxsi arxivlərdə saxlanan xatirə və gündəliklərini topladı və sistemli şəkildə ətraflı araşdırdı, bu mövzuda çoxsaylı elmi məqalələr yazdı. O, 2011-ci ildə "Azərbaycan memuar ədəbiyyatının yaranması, təşəkkülü və inkişaf mərhələləri" adlı doktorluq dissertasiyasını uğurla müdafiə etdi (Elmi məsləhətçi professor Teymur Əhmədov olmuşdur). Bu elmi işin məzmunu Nailə Səmədovanın "Azərbaycan memuar ədəbiyyatı tarixi" və "İnsan, zaman və həyat həqiqəti" adlı monoqrafiyalarında əksini tapmışdır. Elmi işində memuarların əhəmiyyətindən danışan tədqiqatçı göstərir ki, insanların hiss və həyəcanları, həyata və dünyaya baxışları xatirə məzmunlu yazılarda daha dolğun şəkildə əksini tapmaqdadır. Memuar ədəbiyyatı müəllifin olanlar və keçənlər, insanlar, mühit, dövr haqqında yazılı əsəridir. Memuarist öz həyatını, çevrəsində olan insanları, ona müsbət və ya mənfi münasibət bəsləyənləri, ömür yollarının çətinliklərini, uğurlarını olduğu kimi anlatmaqla canlı insan surətləri yaradır, həyat həqiqətini tam əks etdirməklə müəyyən bir tarixi dövrün ab-havasını canlandırır.

Memuarist əsasən öz yaddaşına əsaslanır, hadisələri yaddaşında qaldığı kimi əks etdirir. Yalnız xatirələrdə deyil, ümumiyyətlə mədəniyyətimizdə yaddaş fenomenindən danışan tədqiqatçı yazır: "Yaddaş ünsürü bu və ya başqa dərəcədə insan şüurunun bütün aktlarında iştirak edir. Olayların baş verməsi ilə memuarların yaranması arasındakı müddət nə qədər çox olarsa, yaddaşın əhəmiyyəti bir o qədər artar".

Xatirələri digər sənət əsərlərindən fərqləndirən ən başlıca əlamət şəxsi başlanğıcın bilavasitə ifadəsidir. Bununla müəllif ön plana çıxır. Memuarlarda müəllif əsas rol oynayır, öz tərəfindən danışır.

Nailə Səmədova haqlı olaraq ilk xatirə nümunələri kimi orta əsrlər klassiklərinin, Əbülüla Gəncəvi, Xaqani Şirvani, Nizami Gəncəvi, Hümam Təbrizi, Məhəmməd Füzuli, Qövsi Təbrizi və başqalarının əsərlərini göstərir. Həqiqətən də bu şəxsiyyətlərin bədii əsərlərindən onların həyatına dair əldə edilən çoxsaylı faktlar ədəbiyyat tariximizdə əksini tapmışdır. Alim qeyd edir ki, xatirə örnəkləri şair və yazıçılar barədə məlumat və əsərlərindən nümunələrdən ibarət olan təzkirələrdə daha çoxdur. "Təzkirə" sözü ərəbcə xatırlamaq, xatirat, tərcümeyi-hal deməkdir. Bio-biblioqrafik qaynaq olan təzkirələrdə müəlliflər, xüsusən, öz çağdaşları haqqında nisbətən geniş məlumat vermişlər. Əlişir Nəvai, Sam Mirzə, Sadiq bəy Əfşar, Əhdi Bağdadi, Mir Möhsün Nəvvab və başqalarının təzkirələrində görkəmli ədiblərimizin, şəxsiyyətlərimizin həyat və yaradıcılığına dair çox dəyərli məlumatlar vardır.

Nailə Səmədova göstərir ki, XIX əsrdə yazıb-yaratmış Qasım bəy Zakir, Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundzadə, Mirzə İsmayıl Qasir, Bahar Şirvani, Seyid Əbülqasım Nəbati, Mir Möhsün Nəvvab, Seyid Əzim Şirvani, Xurşidbanu Natəvan  kimi sənətkarlarımızın əsərlərində avtobioqrafik məlumatlara daha geniş yer verilmişdir. Qasım bəy Zakirin bir sıra lirik şeirləri, əsasən müxəmməsləri onun şəxsi həyatı, əhvali-ruhiyyəsi ilə bağlı məlumatlarla zəngindir. Abbasqulu ağa Bakıxanovun şeir və poemaları onun həyat yolu, vətənpərvər bir şəxsiyyət kimi yetişməsi barədə müəyyən bir məlumat almaqda dəyərli mənbələrdir.

Tədqiqatçı XX əsrdə memuar nümunələrinə marağın artması barədə yazır: "Artıq XX yüzilliyin əvvəllərində xatirələrə maraq artır, cəmiyyətdə, ədəbiyyatda mövqeyi olan bir çox insanlar ya öz ömür yolları və ya tanınmış, görkəmli şəxsiyyətlər haqqında xatirələr yazırlar. Bu qəbildən Mirzə Ələkbər Sabir haqqında yazılan xatirələri xüsusi qeyd etmək lazımdır. Böyük şair haqqında C.Məmmədquluzadə, Ə.Nəzmi, H.Nəzərli, S.Mümtaz, H.Məmmədquluzadə, S.Hüseyn, Ə.Müznib, S.M.Qənizadə, C.Cəbrayılbəyli, H.İ.Qasımov, A.Səhhət, Ə.Razi, Q.Qantemir, Ə.Şərif, M.Ə.Sidqi, M.Mərdanov və başqaları xatirələr yazmışlar". Onu da qeyd edək ki, Nailə xanım Məmməd Səid Ordubadi ilə bərabər, Əbülqasım Əminzadənin Abbas Səhhət və Məhəmməd Hadi haqqında xatirələrini, Əliabbas Müznibin xatirələrini ön sözlə çap etdirmişdir. Böyük maraq kəsb edən bu memuarlar dövrün mənzərəsinin canlandırılmasında, görkəmli şəxsiyyətlərimiz barədə yeni məlumatlar əldə edilməsində bizə kömək edir.

Çağdaş ədəbiyyatımızda memuar əsərlərinin kəmiyyətcə artması ilə yanaşı, keyfiyyətcə də yeniləndiyi qənaətinə gələn tədqiqatçı yazır ki, kamil xatirə nümunələrinin yaranması ilə səciyyələnən XX yüzil, eyni zamanda, klassik ənənələrin davamı və inkişafı baxımından da dəyərləndirilməlidir. Keçən yüzilin ikinci yarısı və əsrimizin ilk illərində meydana çıxan xatirələr Azərbaycan memuar ədəbiyyatını yeni nümunələrlə zənginləşdirmişdir. Bu əsərlər dövrün yetirməsi olan şəxsiyyətlərin mənəvi keyfiyyətlərinin bütün çalarları ilə gələcək nəslə ötürülməsində xüsusilə önəmlidir.

Nailə Səmədova görkəmli jurnalist, mühərrir, mollanəsrəddinçi Məmmədəli Sidqinin həyat və yaradıcılığının, ədəbi irsinin tədqiqi sahəsində də mühüm işlər görmüşdür. 2015-ci ildə o, Məmmədəli Sidqinin AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanan şəxsi arxivinin təsvirini "Elm" nəşriyyatında bir kitab halında nəşr etdirmişdir. Burada ədibin şəxsi arxivində saxlanan xatirələr, məktub və teleqramlar, sənədlər, bədii əsərlər, fotoşəkillər, qəzet nümunələri, çap kitabları barədə məlumat verilmişdir. 2017-ci ildə tədqiqatçı "Elm və təhsil" nəşriyyatında Məmmədəli Sidqinin şəxsi arxivindəki materialların: tərcümeyi-hal və xatirələrin, əsərlərin, məktubların mətnini müasir əlifbada oxuculara təqdim etmişdir. 748 səhifədən ibarət bu kitab, heç şübhəsiz, tədqiqatçılar üçün əvəzsiz töhfədir.

Nailə Səmədovanın 100-dən artıq elmi məqaləsi müxtəlif elmi məcmuələrdə, o cümlədən, Türkiyə, İran, Özbəkistan, Gürcüstan, İsveçrə və Almaniyanın jurnallarında dərc olunmuşdur. O, bir sıra ölkələrdə keçirilən beynəlxalq elmi konfrans və simpoziumlarda iştirak etmişdir. Alimin "Azərbaycan memuar ədəbiyyatı tarixi" kitabı 2006-cı ildə Əlyazmalar İnstitutunun ən mühüm elmi nəticəsi kimi AMEA rəhbərliyinə təqdim edilmişdir.

Nailə Səmədova gənc elmi kadrların yetişdirilməsində də əməyini əsirgəmir. Onun yetişdirdiyi dissertant və doktorantların elmi işləri yüksək keyfiyyəti ilə seçilir.

60 yaşını qeyd etdiyimiz bu günlərdə Nailə xanıma can sağlığı, uzun ömür arzulamaqla bərabər, ondan yeni-yeni elmi nailiyyətlər gözlədiyimizi də bildirmək istərdik. Elmi yaradıcılığının ən kamil dövrünü yaşayan alim etdiklərindən qat-qat artıq işlər görməyə qadirdir.

 





16.08.2019    çap et  çap et