525.Az

Rəsmi Bakı Ermənistan rəhbərliyinə kəskin xəbərdarlıq etdi


 

"PAŞİNYANIN AÇIQLAMALARI BÖLGƏDƏ GERİ DÖNÜŞÜ OLMAYAN PROSESLƏRƏ START VERDİ"

<b style="color:red">Rəsmi Bakı Ermənistan rəhbərliyinə kəskin xəbərdarlıq etdi</b>

"Azərbaycan Xarici İşlər Nazirliyinin Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı yaydığı bəyanatlara biri də əlavə olunub. Ancaq budəfəki bəyanat genişliyinə və məzmununa görə əvvəlkilərdən fərqlənir".

Bu sözləri "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, bu bəyanatda Ermənistanın baş naziri Nikol Paşinyanın "Qarabağ Ermənistandır" açıqlamasının hansı nəticələrə gətirəcəyi bu cümlələrlə izah olunub: "Ermənistan rəhbərliyinin son dövrdə səsləndirdiyi anneksionist bəyanatlar əsasən daxili auditoriyaya yönəlmiş olsalar belə, bölgədə vəziyyətin kəskinləşməsinə xidmət edib. Onlar beynəlxalq hüququn açıq şəkildə tapdalanması ilə yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə beynəlxalq vasitəçilərin uzun illər apardığı səylərini demək olar ki, şübhə altına alan çox təhlükəli bir gərginlik yaradıblar".

"Bəyanatdakı cümlələrin sonluğunda gələcək zaman ifadələrindən istifadə edilmir: "kəskinləşməsinə xidmət edəcək" və ya "gərginlik yaradacaq" yazılmır, "kəskinləşməsinə xidmət edib" və "gərginlik yaradıb" bildirilir. Bu o deməkdir ki, Nikol Paşinyanın açıqlamaları bölgədə geri dönüşü olmayan proseslərə start verib və rəsmi Bakı bunu belə qiymətləndirir", - deyə E.Şahinoğlu bildirib.

Politoloqun sözlərinə görə, Xarici İşlər Nazirliyinin bəyanatında yazılır ki, Paşinyanın açıqlamaları danışıqlar prosesini pozmaq cəhdidir: "Əslində, bu, cəhd deyil, düşünülmüş siyasətdir. Nikol Paşinyan hələ ötən il BMT Baş Assambleyasındakı çıxışında pozuculuq cəhdlərinə başlamışdı. Ardınca onun Tehrana səfəri zamanı yerli ermənilər tərəfindən "Qarabağ Ermənistandır. Vəssəlam" şüarı qaldırılıb, selfi çəkilib və bunun məntiqi sonu kimi avqustun 5-də Xankəndidə bu şüar Ermənistanın baş naziri tərəfindən bir daha təsdiq olunub".

Mərkəz sədri qeyd edib ki, Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında BMT və ATƏT-in baş katiblərinə, ATƏT-in Minsk qrupunun həmsədrlərinə, eləcə də Minsk qrupuna üzv ölkələrinin xarici işlər nazirlərinə ünvanlanmış məktublarından söz açılır: "Həmin məktublarda beynəlxalq ictimaiyyətin qəti mövqeyinin işğalçı Ermənistanın özünü cəzasızlıq şəraitində hiss etməsinə imkan verməməli olduğu qeyd edilib".

E.Şahinoğlu bildirib ki, Xarici İşlər Nazirliyi Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatının bütün üzv dövlətlərinə bu xüsusda eyni məzmunlu notalar ünvanlayıb: "Bu o deməkdir ki, rəsmi Bakı Nikol Paşinyanın təxribatçı açıqlamalarına beynəlxalq təşkilatların reaksiya verməməsindən narahatdır". "Həqiqətən heç bir beynəlxalq təşkilat konkret olaraq Nikol Paşinayanın danışıqlar prosesini pozan "Qarabağ Ermənistandır" açıqlamasına münasibət bildirmədi, bunun danışıqlara zərbə vurduğunu qeyd etmədi. "Qarabağ Ermənistandır" siyasəti anneksiyanın rəsmən etirafı deməkdir. Bundan sonra danışıqlara da ehtiyac qalmır. Təəssüf ki, beynəlxalq təşkilatlar bu təhlükəli gedişata "dur" deməyiblər. Tam əksinə, Minsk qrupu həmsədrləri bəyanat yayaraq Dağlıq Qarabağda qanunsuz keçirilən "yerli seçkilər"in normal olduğunu vurğulayıb. Buna baxmayaraq, Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında Rusiya Xarici İşlər Nazirliyinin sözçüsünün öz şərhlərində mövcud vəziyyətlə bağlı narahatlığını ifadə etməsinə, verilən bəyanatların münaqişənin dinc yolla nizamlanmasına yönəldilmiş ümumi səylərin kontekstinə uyğun gəlməməməsinə, o cümlədən, ABŞ-ın Azərbaycandakı səfirinin Ermənistan baş nazirinin bəyanatına münasibət bildirərək şiddəti təbliğ edən və gərginliyi artıran ritorikadan uzaq olmağa və tərəfləri dialoq prosesinə diqqət yetirməyə çağrıldığı vurğulanıb. Həqiqətən, həm Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü, həm də ABŞ səfiri mövzuyla bağlı nəsə deyiblər, ancaq pozucunun ünvanını konkret göstərməyiblər, bəzi cümlələrində isə həmişə olduğu kimi işğalçı ilə işğala məruz qalan arasında bərabərlik işarəsi qoymağa çalışıblar. Yəni Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü və ABŞ səfiri bizim narahatlığımızı tam bölüşməyiblər, fikirləri yarımçıqdır", - deyə politoloq qeyd edib.

E.Şahinoğlu bildirib ki, Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatının əsas qayəsi son abzasların birində əks olunub: "Ermənistan rəhbərliyinin məsuliyyətsiz və destruktiv mövqeyi münaqişənin həlli istiqamətində aparılan sonuncu müzakirələrin mahiyyəti ilə ziddiyyət təşkil edir və danışıqlar prosesinin məhv edilməsi cəhdi deməkdir. Nikol Paşinyan onu da birmənalı şəkildə dərk etməlidir ki, millətçi-təxribatçı dairələrin təzyiqi altında danışıqlar prosesini tərk edən tərəf mütləq uduzacaq". Bəyanatda "cəhd" sözündən bir neçə dəfə istifadə olunub. Paşinyanın açıqlamaları "danışıqlar prosesinin məhv edilməsi cəhdi" deyil, danışıqlar prosesinin məhv edilməsidir. "Danışıqlar prosesini tərk edən tərəf mütləq uduzacaqdır" cümləsi ilə də razılaşmaq çətindir. Ermənistan hakimiyyəti təxribatçı açıqlamalarına rəğmən, danışıqları tərk etmir və etməyəcək. Tam əksinə, status-kvonun uzanmasına xidmət edən imitativ danışıqlar işğalçının maraqlarına cavab verir. İndiki vəziyyətdə danışqları tərk etmək və ya imitasiyaya xidmət edən danışıqlara fasilə vermək barədə biz düşünməliyik. Ermənistan parlamenti Aprel savaşının nəticələri ilə bağlı komissiya yaradıb, ordudakı yeyintilərin və itkilərin səbəbkarları axtarılır, Azərbaycan ordusu işğalçıya bir neçə "Aprel" yaşatsa, Ermənistanda itkilərin səbəbkarını axtaracaqlar və bununla işğalçı dövlətdə gərginliyi artıracaq komissiyaların sayı da artacaq. Bizə bu lazımdır".

Qeyd edək ki, sentyabrın 13-də Azərbaycan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı növbəti bəyanatını yayıb.

C.ABASOV

 





15.09.2019    çap et  çap et