525.Az

Nazir: "Cənub Qaz Dəhlizi" Azərbaycanın qaz ölkəsi kimi mövqeyini gücləndirir"


 

Nazir: "Cənub Qaz Dəhlizi" Azərbaycanın qaz ölkəsi kimi mövqeyini gücləndirir"<b style="color:red"></b>

Azərbaycanın mövqeyini gücləndirən “Cənub Qaz Dəhlizi” qaz ölkəsi kimi inkişafa da imkanlar yaradır.

"APA-Economics"in məlumatına görə, bunu Azərbaycanın Energetika naziri Pərviz Şahbazov YAP-ın qərargahında keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycanın qaz ölkəsi kimi inkişafı da enerji siyasətinin prioritet istiqamətlərindəndir. Qaz sahəsinin son onilliklərdə aşağı karbonlu enerji növü olan təbii qazın ön plana çıxması mənbə və marşrutların diversifikasiyası və enerji təhlükəsizliyi kimi məsələlərin də əhəmiyyətini artırıb.

“Bu baxımdan, Azərbaycanın mövqeyini gücləndirən “Cənub Qaz Dəhlizi” qaz ölkəsi kimi inkişafa da imkanlar yaradır”, - deyə nazir əlavə edib.

P. Şahbazov bildirib ki, Azərbaycan qazını Avropaya çatdıracaq “Cənub Qaz Dəhlizi” seqmentləri üzrə ümumi inkişaf göstəriciləri “Şahdəniz-2”də (Xəzərin Azərbaycan sektorunda yerləşən yatağının ikinci mərhələsi layihəsi) 93%, TANAP-da 99,9 %, TAP-da isə 90%-ə yaxındır.

Trans-Anadolu qaz kəməri (TANAP) vasitəsilə Türkiyəyə indiyədək 2,5 mlrd. kub metr "Şahdəniz" qaz-kondensat yatağında hasil edilən qaz nəql edilib, nazir söyləyib.

“Şahdəniz-2” (Xəzərin Azərbaycan sektorunda yerləşən yatağının ikinci mərhələsi layihəsi) layihəsi çərçivəsində hasil olunan Azərbaycan təbii qazını əvvəlcə Türkiyəyə, sonra da Avropaya nəql edəcək Cənub Qaz Dəhlizinin ən önəmli həlqəsi olan TANAP-ın Türkiyə-Gürcüstan sərhədindən Əskişəhərə qədər olan hissəsi 2018-ci il iyunun 12-də keçirilmiş beynəlxalq açılış mərasimində istifadəyə verilmiş, iyunun 30-da isə Türkiyəyə kommersiya məqsədli qazın axını başlayıb. Boru xəttinin Əskişəhərdən Türkiyə-Yunanıstan sərhədinə qədər olan ikinci hissəsində isə mexaniki tamamlama işləri 2018-ci ilin sonunda başa çatıb, cari ilin aprelində xəttə sınaq məqsədilə qaz vurulub. Bu il iyulun 1-dən Avropaya qazın nəqli üçün tamamilə hazır vəziyyətə gətirilən TANAP, tarixə eyni zamanda Türkiyə, Yaxın Şərq və Avropanın ən uzun və ən geniş diametrli təbii qaz xətti kimi düşüb. Türkiyə-Yunanıstan sərhədində TANAP ilə birləşəcək Trans-Adriatik qaz boru kəmərində (TAP) aparılan işlər tamamlandıqdan sonra (2020-ci ildə), Azərbaycan qazı gələn ildən etibarən Avropa bazarlarına nəql olunacaq.

Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

Azərbaycan qazının Avropaya 2020-ci ildə çatdırılacağı nəzərdə tutulur.

 





19.09.2019    çap et  çap et