525.Az

Azərbaycan-özbək lüğətşünaslığı tarixində mühüm elmi hadisə


 

Azərbaycan-özbək lüğətşünaslığı tarixində mühüm elmi hadisə<b style="color:red"></b>

Yaxın günlərdə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr" şöbəsində Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdində Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin layihəsi əsasında hazırlanmış "Azərbaycanca-özbəkcə, özbəkcə-azərbaycanca lüğət" nəfis şəkildə nəşr olunub.

"Azərbaycanca-özbəkcə, özbəkcə-azərbaycanca lüğət" lüğətçilik tarixində mühüm elmi hadisədir. Xalqlarımız arasında tarixi mənəvi körpüdür. Bu lüğət Azərbaycan və Özbəkistan xalqları öz tarixi dostluqlarını davam etdirmək məqsədi ilə, mədəni-ədəbi-elmi əlaqələrimizin bariz nümunəsi kimi meydana çıxmış, danılmaz bir zərurət kimi hazırlanıb.

Kitabın tərtibində hər iki dilə məxsus yazılı qaynaqlara müraciət edilib, lüğətçilik sahəsindəki dəyərli tədqiqatlardan  faydalanılıb, gündəlik həyatımızda istifadə olunan söz və ifadələr müəyyənləşdirilib və lüğətin sözlüyünə daxil edilib. Bu lüğətdə 25 mindən artıq leksik vahidlər yer alıb.

Lüğətin tərtibçiləri Azərbaycan tərəfindən filologiya elmləri doktoru, professor Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət Dil Komissiyasının üzvü İsmayıl Məmmədli, filologiya elmləri doktoru, "Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri" şöbəsinin müdiri Almaz Ülvi (Binnətova), Özbəkistan tərəfindən isə Beynəxalq Mahmud Kaşqari, "Azərbaycanın yaxın dostu" mükafatları laureatı, ədəbiyyatşünas Babaxan Məhəmməd Şərif, filoloq Şahista Kamranlıdır.

Nəşrin elmi məsləhətçiləri AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor, akademik İsa Həbibbəyli, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin rektoru, filologiya elmləri doktoru, professor Şöhrət Sirajiddinov, elmi redaktorları: filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli və Özbəkistan EA Dil, Ədəbiyyat və Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Nizaməddin Mahmudov, nəşrin rəyçiləri: AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor, akademik Möhsün Nağısoylu və Özbəkistan EA Dil, Ədəbiyyat və Folklor İnstitutunun "Lüğətşünaslıq" şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Abduvahab Mədvəliyevdir.

Bəllidir ki, özbəklərin əksəriyyəti Özbəkistan Respublikasında yaşayır. Onların sayı 30 milyondan artıqdır. Özbək dilinin daşıyıcıları dünyanın bir çox ölkələrində: Əfqanıstan, Çin Xalq Respublikasında, Tacikistan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Türkmənistanda yaşayırlar. Ümumən dünyada özbək dilində 35 milyondan artıq adam danışır. Özbək millətini soqdlar, bəlxlilər, xarəzmlilər, fərqanəlilər, sak-massagetlər formalaşdırmışlar.

Müxtəlif vaxtlarda özbək dilinin orfoqrafiya, terminologiya, izahlı  lüğətləri nəşr olunub.

Onu da diqqətinizə çatdırırıq ki, Özbəkistan Respublikasında 40 mindən çox azərbaycanlı yaşayır.

Özbəklər öz yazılarında 1927-ci ilədək ərəb qrafikalı əlifbadan, 1927-1940-cı illərdə latın əsaslı əlifbadan istifadə etmişlər. 1940-cı ildən sonra ta Sovet ittifaqının çökməsinə qədər rus kiril əlifbası işlədilmiş, bu gün isə rus kiril əlifbası ilə  yanaşı, latın yazısı hərfləri işlədilir.

"Azərbaycanca - özbəkcə və özbəkcə - azərbaycanca" lüğət türk dillərinin lüğətçiliyi sahəsində əhəmiyyətli, perspektivli bir araşdırma kimi diqqəti cəlb edir. Lüğət normativ bir sorğu kitabıdır. Azərbaycan və özbək dillərinin lüğət tərkibində intensiv işlənən, işlənmə tezliyi ilə fərqlənən sözlər və ifadələr bu lüğətin sözlüyünün əsas bazasını təşkil edir. Azərbaycan və özbək dilləri türk dilləri ailəsinin oğuz və qarluq dil qruplarına aiddir. Türk - Azərbaycan - türkmən - qaqauz dilləri oğuz qrupunu təşkil edir.

Son 10-15 ildə nəşr olunan "Azərbaycanca-türkcə" və "Türkcə-azərbaycanca" lüğət ilk uğurlu addım kimi səsləndi. Bu lüğət 2000-2018-ci illər arasında fasilələrlə 3 dəfə çap olunaraq böyük oxucu auditoriyası qazanmışdır. Azərbaycan lüğətçiliyində qohum olmayan rusca, ingiliscə, çexcə, bolqarca, polyakca, ukraynca və başqa dillərin ikidilli tərcümə lüğətləri əsasında azərbaycanca, rusca, ingiliscə, çexcə, bolqarca, polyakca, ukraynca lüğətlər yaradılmışdır. "Azərbaycanca - özbəkcə və özbəkcə - azərbaycanca" lüğət Azərbaycan və Özbəkistan xalqlarının dillərinə, mədəniyyətinə, tarixinə, adət-ənənələrinə maraq göstərən, hər iki dili mükəmməl və sərbəst öyrənmək istəyən şəxslər üçün nəzərdə tutulmuşdur.

İsmayıl MƏMMƏDLİ
professor

 





09.10.2019    çap et  çap et