525.Az

Bakıda Türk Dünyası IV Sənədli Filmlər Festivalı


 

Bakıda Türk Dünyası IV Sənədli Filmlər Festivalı <b style="color:red"></b>

Dünən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Türkiyənin Azərbaycandakı Mədəniyyət müşavirliyinin dəstəyi ilə Türk Dünyası IV Sənədli Filmlər Festivalının açılış mərasimi keçirilib.

Açılışda müşavirliyin nümayəndələri, festival üçün Bakıya təşrif buyuran qonaqlar, universitet tələbələri, kinosevərlər və media nümayəndələri iştirak ediblər. Dörd ildən bəri keçirilən festivalın açılış mərasimində Universitetin rektoru Ceyran Mahmudova, xalq artisti Oqtay Mirqasımov, Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtım müşaviri olan İrfan Çiftçi və başqaları çıxış ediblər. Onlar çıxışlarında sözügedən festivalın gənclərin  bir amal ətrafında birləşməsinin müsbət nəticələrindən bəhs ediblər.

Festivalın bu dəfə "9 ölkə, 9 şəhər, bir festival" devizi ilə Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Makedoniya, Macarıstan, Bosniya Herseqovina, Şimali Kiprdə sənətsevərləri bir araya toplandığı vurğulanıb. Deyilib ki, festivala təqdim olunan ən yaxşı filmlər təqdim edilib.

Festivala Azərbaycandan Aydın Nəcəfoğlunun "Yaşanan tarix"  filmi təqdim edilib.

Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtma müşaviri olan İrfan Çiftçi bildirib ki, türk dünyası IV Sənədli Filmlər festivalı kino sahəsində kifayət qədər həvəsi, marağı olan həvəskar bir qrupun təşəbbüskarlığı ilə  başlayan bir layihədir. Buna Türkiyədən, Azərbaycandan, türk dünyasından kino insanları, müxtəlif qurumları, ali məktəbləri dəstək verir: "Festivalda  iştirak edən filmlərdə türk dünyasının milli mənəvi dəyərləri, mədəni sərvətimiz öz əksini tapıb. Belə ki, biz burda Tahir Salahovun, Emin Sabitoğlunun, Eldar Quliyevin, Əzizə Mustafazadənn irsinin davam etdiyinin şahidinə çevrilirik. Türk dünyası olaraq bütün qədim və çağdaş, modern dəyərləri bir arada olan çox zəngin bir mədəniyyətə sahibik. Sahib olduğumuz bu zənginliyin fərqinə varmaq, onlardan xəbərdar olmaq və bunu tarixinə heç bir zərər gətirmədən dünyaya təbliğ etmək bizim qarşımıza qoyduğumuz əsas hədəfimizdir. Biz sahib olduğumuz dəyərlərimizi böyük və geniş imkanlarla təqdim etməliyik. Hesab edirəm ki, sözügedən festivalın artıq  həvəskarlıqdan çıxaraq daha ciddi və professional şəkildə nümayiş olunmasının zamanıdır. Layihə böyük türk dünyasının sənədli film festivalının bir parçası olaraq yola başladı. Qazaxıstandan Dubaya, Azərbaycandan Makedoniyaya qədər türk dünyasında filmə həvəsi olan və bu sahədə təhsil alan tələbələri təşviq etdi. Belə festivalların keçirilməsi təqdirəlayiq haldır, ancaq həvəskar şəkildə davam etməsi yaxşı deyil. Bu işin daha da peşəkarlaşması və dünyaya açılması lazımdır". 

Festivalın təşkilat komitəsinin sədri, Türk Dünyası Jurnalistlər Federasiyasının rəhbəri Menderes Dəmir bildirib ki, türk dünyası geniş bir ailədir. Bu ailənin mədəniyyətini, sənətini, milli-mənəvi dəyərlərini  məhz elə türk dilli dövlətləri vasitəsi ilə təbliğ etmək ən gözəl vasitədir: "Təbliğatın yolu sənədli filmlərdən keçir. Bir neçə il bundan öncə Türk Dünyası Jurnalistlər Federasiyasının Tatarıstanın paytaxtı Kazanda ikinci şurası keçirilirdi və orada türkdilli ölkələr üçün sənədli film müsabiqəsi keçirmək qərarı müzakirə olundu. Türk dünyasının media mənsubları olaraq türkdilli dövlətlərin mədəniyyətinə necə xidmət edə bilərik deyə fikirlər irəli sürdük. Belə bir festival etmək fikri ortaya çıxdı. Biz də türk dünyası sənədli film festivalı və müsabiqəsi yaratdıq. 2016-cı ildə iki universitet bizim layihəyə ortaqlıq etdi. Federasiyamıza bağlı olan cəmiyyətlərin dəstəyi ilə türk dünyasının hamısında sənədli film müsabiqəsi elan etdik və yarışmaya başladıq. Birinci müsabiqədə bizə türk dünyasından olan 70 rejissorun  filmi göndərildi. 2016-cı il iyulun sonunda layihənin ilkin variantını təşkil etdik. Birinci festivalımıza "5 ölkə, 6 şəhər" şüarı ilə işə başladıq. O zaman festivalın mövzusu türk dünyasının milli-mənəvi dəyərləri idi. Qalib olan filmlərimizi öncə Azərbaycanda Bakı Dövlət Universitetində nümayiş etdirdik. Həmin il Qırğızıstanın Maraş Universitetinin bir tələbəsinin "Köç" filmi birinci olmuşdu".

M.Dəmir əlavə edib ki, kino təbliğat vasitəsi olduğu üçün belə bir addım atmağı, bu layihə ilə türkdilli dövlətlərin həvəskar kino mühitinin nümayəndələrini ətrafına cəm etməyə çalışıb: "Toplumun öz dəyərlərini böyük kütlələrə çatdırmaq üçün biz də bir vasitədir. Bu il "9 ölkə, 9 şəhər, bir festival" devizi ilə yola çıxmışıq".

Türk Dünyası Universitetləri başda olmaqla incəsənət adamları arasında  həyəcan yaradan festivalın qarşıdakı illərdə "Türk Dünyası Film Festivalı"na çevrilməsi gözlənilir.

Azərbaycanda festivalın layihə tərəfdaşları Bakı Dövlət Universiteti, Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Mətbuat Şurasıdır.

Şahanə MÜŞFİQ

 





13.10.2019    çap et  çap et