525.Az

1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılarla bağlı dəyərli əsər


 

"1920-ci İLƏDƏK ALİ MƏKTƏBLƏRDƏ OXUMUŞ AZƏRBAYCANLILAR" ENSİKLOPEDİK SORAQ KİTABININ III CİLDİ ÇAPDAN ÇIXIB

1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılarla bağlı dəyərli əsər<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-ın müxbir üzvü, professor Misir Mərdanov və filologiya üzrə fəlsəfə doktoru, professor Ədalət Tahirzadənin həmmüəllifi olduğu "1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar" ensiklopedik soraq kitabının III cildi çapdan çıxıb.

Çar hakimiyyəti müsəlmanların, o sıradan Azərbaycan türklərinin ali təhsil almasına hər vasitə ilə əngəl törədir, hətta bəzi ali məktəblərə qəbul olunmaq üçün şəxsən çarın özü onlara icazə verirdi.

Buna baxmayaraq, azərbaycanlıların savadlanmaq həvəsi bütün maneələri aşdı və soydaşlarımız Rusiya imperiyası müsəlmanları içərisində sayca ən çox alitəhsilliyə malik oldu. Sovet dönəmində iddia edilirdi ki, 1920-ci ilədək yalnız 62 alitəhsillimiz olub.

Bugünlərdə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə ərməğan kimi çap edilən "1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar" ensiklopedik soraq kitabı isə həmin iddianın yalan olduğunu bir daha sübut edir.

Kitabın müəllifləri Bakıdan başqa, Moskva, Sankt-Peterburq, Qazan, Saratov, Kiyev, Xarkov, Odessa, Tallin, Tiflis... kimi şəhərlərdəki mərkəzi arxivlərdə uzunmüddətli gərgin araşdırmalardan sonra gətirdikləri zəngin məlumatlar, sənədlər əsasında qələmə alınmış bu kitabda çar, Cümhuriyyət və sovet dönəmində nəşr olunmuş çoxlu qəzet-jurnal materialları da ilk dəfə elmi dövriyyəyə cəlb edilib və nəticədə 1920-ci ilədək əsasən Rusiya və Avropanın ali məktəblərində oxumuş 700-dən artıq soydaşımız haqqında ən dəqiq və geniş ensiklopedik-sorğu bilgi bankı yaradılıb.

"Təhsil" nəşriyyatında nəfis tərtibatda hazırlanmış kitabda 1920-ci ilə qədər ali məktəblərdə oxumuş azərbaycanlıların arxiv sənədləri əsasında hazırlanan tərcümeyi-halı ilk dəfə toplu halında ölkə ictimaiyyətinə təqdim edilmişdir.

479 səhifədən ibarət kitabın elmi redaktoru AMEA Tarix İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü, professor, Dövlət Mükafatı laureatı Yaqub Mahmudov, naşiri "Təhsil Nəşriyyat-Poliqrafiya" MMC-nin baş direktoru Tural Axundovdur.

Kitabın I cildində ali məktəblərdə oxumuş  azərbaycanlılardan yalnız "A" hərfi ilə başlayan soyadlı vətəndaşlar haqqında məlumatlar daxil edilib. Ensiklopedik soraq kitabının birinci cildi 480 səhifədən ibarətdir. Misir Mərdanov I cilddə yazdığı "Varmış millətimin xətti bu imzalar içində!" adlı ön sözündə Azərbaycanın 1920-ci ildən öncəki tarixinə qısa nəzər salıb, bu dövrdə xalqın elmə, təhsilə münasibətindən danışaraq ümumiləşdirmələr aparıb: "Çox sevinirik ki, xalqımızın istər hərbi-siyasi, istər mədəni, istərsə də elm və maarif tarixinə hansı dövrlərdən və hansı bucaq altında baxsaq, qürur duya bilirik. Bizi bu qəti fikrə gəlməyə sövq edən amillərdən biri də Azərbaycan təhsil tarixi ilə müntəzəm məşğul olduğumuz zaman gəldiyimiz qənaətlərdir. Azərbaycanın təhsil tarixindən söz açmağa bizim mənəvi haqqımız var, çünki həm keçmiş təhsil naziri, həm də bu sahəni hərtərəfli araşdırmış bir alim kimi milli təhsil tariximizə yetərincə bələdik. 4 cildlik "Azərbaycan təhsil tarixi" kitabımızı hazırlayarkən əmin olduq ki, ən qədim dövrlərdən bu günümüzədək xalqımız elm və təhsilə yüksək qiymət verib və onun qabiliyyəti nəinki qonşularımızdan əskik deyil, əksinə, bir çox hallarda daha yüksəkdir..."

Kitabın ikinci cildində isə 193 soydaşımızın həyatı və təhsili ilə bağlı məlumatlar öz əksini tapıb.

Misir Mərdanov deyir ki, bu günlərdə işıq üzü görən kitabın 3-cü cildində ali məktəb auditoriyalarında görkəmli professorlardan dərs almış 85 yurddaşımız haqqında sənədli bilgilər yer alıb: "Kitabda dünya arxivlərindən əldə etdiyimiz materiallardan daha çox yararlanmışıq. Arxiv sənədləri isə, məlumatlı oxucularımızın yaxşı bildiyi kimi, əsasən ruscadır, yaxud ərəb qrafikasındadır, ancaq alman və fransız dillərində olan bir sıra bəlgələr də var. Deməli, biz olduqca geniş həcmli materialı başqa dillərdən ana dilimizə çevirmiş, yaxud ərəb qrafikasındakı xeyli sənədi çağdaş latın qrafikasına uyğunlaşdırmışıq. Etiraf etməliyik ki, bu iş hədsiz vaxt və gərgin əmək hesabına başa gəlir. Biz hər hansı tələbədən yazarkən yalnız arxiv materiallarından deyil, həmin tələbə haqqında indiyədək yazılmış, dərc edilmiş, demək olar ki, bütün materialları araşdıraraq ən son bilgiləri özündə əks etdirən tam yeni bir məqalə hazırlayır, yararlandığımız bütün qaynaqları  həmin məqalənin sonunda qeyd edirik ki, araşdırıcılar onlardan istifadə edə bilsin".

Misir Mərdanov qeyd edib ki, kitabın 4-cü cildi təxminən 92 nəfəri, 5-ci cildi təxminən 106 nəfəri, 6-ci cildi 118 və 7-ci cildi təxminən 128 nəfəri əhatə edəcək: "Beləliklə, inşallah, aşağı-yuxarı 725 soydaşımızın 1920-ci ilədək hansı ali məktəblərdə oxuması və həyatı haqqında oxucularımıza bilgi verəcəyik. Xatırlatmaq çox xoşdur ki, bu insanların çoxlarının adı toplumumuza ilk dəfədir ki, təqdim edilir. Hətta tanınmışların əksərinin tərcümeyi-halları arxiv materialları arasında, demək olar ki, yenidən işlənib. Əlbəttə, bu bölgü təxminidir. Oxucuların nəzərinə çatdırırıq ki, əsərdə, əsasən, müəlliflərin əldə edə bildiyi arxiv sənədləri və ailə məlumatları öz əksini tapıb. Ancaq ola bilsin ki, bəzi şəxslərin adları kənarda qalıb, yaxud haqqında yazılmış tələbələrə dair bilgilər məhdud həcmdədir".

S.QARAYEVA

 





08.11.2019    çap et  çap et