525.Az

Bəxtiyar Aslanın danışan hekayələri - Təhminə Vəliyeva yazır


 

Bəxtiyar Aslanın danışan hekayələri - <b style="color:red">Təhminə Vəliyeva yazır</b>

Öncə korrektoru oldum, sonra oxucusu və daha sonra Bəxtiyar Aslan hekayələrinin qəhrəmanı. Oxuduqca və duyduqca yaşamın hər halında eşqi arayan bir obraza çevrilirsən.

"Üç əqrəb zamanı"nı əlimə alıb çəkilirəm kütlə səs-küyündən bir kənara, öz daxili dünyama ... Öz hekayələrini danışan Bəxtiyar Aslan hər kəsin qəlbinin dərinliyinə enə, hər kəsin sarı siminə toxuna bilir. Bu hekayələrdə eşq öz duyğusu və düşüncəsi ilə həyatın hər anındadır - "Mirzənin dərəsi"ndə, o kimsəsizlikdə eşqə susayanda da, "Qorxunun aynasında" qorxularınla üzləşdiyin anda da, "Yasəmən yanğını"nın küllüyündə eşq ilə tutuşanda da, lacivərd səmada "Lacivərd" gözlü sevgilini xatırlayanda da, "Ölüm və mavi quş" üzünün sahilinə qonanda da, "Üç əqrəb zamanı"nda qara əqrəblərlə ölüm-qalım mücadiləsi verərkən də səninlədir. Həqiqətən, "eşq də belə bir şey deyilmi" ki, hər anda, hər halda sənin həyatında, zehnində, düşüncələrində və duyğularındadır.

Bənzərsiz metaforalar, sürrealist təsvirlər, poetik nəsr üslubu tək yaşanılan eşqi tərənnüm etmək ətrafında cəmləşir. Bəxtiyar Aslan hekayələrinin daha bir uğurlu cəhəti cavablı, yaxud cavabsız suallarıdır. Bəxtiyar Aslan sualları ilə oxucusunu hekayələrində tərənnüm etdiyi eşq tələsinə salır. Bu hekayələrdə eşq sadəcə hiss və duyğularını təlatümə gətirmir, o, həm də həyatı öyrənməyə kömək edir Bu məqsədlə, ədib daha çox təsir altında saxlamaq, daha dərindən sarsmaq, onun hiss və duyğularına toxunmaq üçün ritorik suallardan istifadə edir. Hadisələrin tam ortasında, həyatın müxtəlif oyunları sırasında qəfildən bir sual səslənir: "Eşq də belə bir şey deyilmi?". Bir anlıq nəfəsini dərib düşünürsən. Düşünür və eşqi anırsan. Eşq şərabından məst olduğun günləri də xatırlayırsan, bütün sevinclərini bir anda yox edən o eşqi də... Axı suallar həqiqətə aparan ən yaxşı bələdçidir. "Mirzənin dərəsi" hekayəsində eşqin nə olduğuna dair suallar içində boğulan aşiq onlarla həm də öz kədərini ifadə edir: "Eşq belə bir şeydir, eləmi? Susduqca yaşayan, amma söz olmaq üçün çırpınan, qarşısında dayanılmaz bir sel kimi çağlayan? İçimdəki o seli, dünyanı qabağına qatıb bir top kimi yumalayan seli necə həbs edə bilərəm? Mənə bunun elmini niyə öyrətmədin? Niyə öyrədən olmadı?... Mən səhrada hər qum dənəsində bir kainat yerləşdirməyəmi məhkum edildim? Eşq belə bir şeydirmi, Tanrının özünü imkansızın aynasında göstərməsidirmi?" Anlayırsan ki, eşqin var olduğu anda hər şey - o mücadilələr, həyat uğrunda, mal-dövlət uğrunda verilən o savaşlar necə də mənasızmış... Ədibin "insan intihar edərkən öz obrazınamı qıyır?" sualı necə tükürpədir və düşündürürsə, "Tanrının o qədər yaratdığı şeylər arasından bir həqiqəti tapıb ona inanmaq mümkün ikən niyə zehnimizdə meydana gətirdiyimiz obrazlara daha çox inanar və bağlanarıq?" sualı ilə tanrının varlığı sorğuya alınır.

Bəxtiyar Aslanın hekayələrində qəhrəman sürrealist xarakter də ala bilər, real, əlçatan da ola bilər, lap müdaxiləsiz qala da bilər Şərif qardaş obrazı kimi. "Qorxunun aynasında" adlı hekayəsində bütün qorxularını yedəyinə alıb aparan, qorxuları ilə üzləşdikcə qorxusuzluğa çatan qəhrəman qorxusuz yaşamağın mənasız bir məcra aldığını bilərək yenə qorxu axtarır. Bu axtarışında da eşqi anımsayır: "İnsan belədi, itirdiyi şeyi hərdən illərcə axtarır, axtarmaq məcburiyyətində qalır. Eşq də belə bir şey deyilmi, Şərif qardaş?" Nənəsinin danışdığı qorxulu hekayələrdəki qışın şaxta-boranında uşaqları heybəsinə alıb aparan eybəcər qarı da onu qorxutmur, gecənin zil qaranlığında qəbiristanlıqda kürəyini oxşayan külək də, öz zehninin uydurduğu ölülərin məzarlarından qalxması süjeti də, qurdların cəsədləri parçalaması da - heç nə, onu qorxutmur. Çünki o, uşaqlıqdan bəri qorxduğu itin bir təbəssümü ilə qorxusunu üstələmişdi.

Bəxtiyar Aslan "Yasəmən yanğını" hekayəsində eşq yanğısını dadaraq, hələ də yanaraq, eşqə susayaraq necə gözəl təsvir edir: "Eşq atəşini sadəcə sözlərin susdurduğunu sanırdım. Yazdıqca artdı yanğım. Yazaraq gözəlləşdirdiyim birini sevməyə başladım bir müddət sonra. İnsan nədən yazarsa, onu gözəlləşdirər. Gözəlləşdirmək üçün yazar çünki". Yaza-yaza yüngülləşdiyini sandığın kədərin yazdıqca necə də artır, yaxud yaza-yaza bitirmək, birdəfəlik öldürmək istədiyin eşqin yazdıqca sanki yenidən cana gəlir və daha da böyüyür. Yazaraq obrazlaşdırma, həyatı obrazlaşdıraraq yaşatma, əlbəttə, peşəkar yazıçı işidir. "Mən adi hekayəçiyəm", "yazmaq obrazlaşdırmaqdır. Və yazılan hər şey bilavasitə obrazdır". "Bəlkə hər şeyi burada bitirməliyəm. Uzağı bir hekayə deyilmi?" özünün hekayə yazdığını elə hekayənin içərisində vermək, oxucusuna bildirmək Bəxtiyar Aslan hekayələrinə başqa bir ovqat qatır. Oxucu bilir ki, onunla həmsöhbət olan, ona hekayələrini danışan bir hekayəçi var. Ancaq onun hisslərinə və düşüncələrinə şirin təhkiyəsi, şeiranə deyim tərzi ilə necə təsir edirsə, sanki həmdərdi ilə söhbətləşir, onun yaşanmışlarını dinləyir və özününkülərini xatırlayır.

"Yasəmən yanğını" hekayəsində bir yanğında hər şeyini, ən qiymətli əşyalarını, hekayələrini və xatirələrini itirmiş birinin kədəri ilə hər gün nakam eşq atəşi ilə yanan bir hekayəçi qarşılaşdırılır. Bəlkə, bir yanğın olsa, tamam kül etsə xatirələri, hicran duyğusunu birdəfəlik alıb aparsa deyirsən. Ancaq "xatirələrin qoxusu" varsa, bir yasəmən, bir bayğın çöl nərgizi onu xatırladırsa ... yanğının uzun sürəcəyini bəllidir.

Arada fiziki ayrılığın belə qopara bilmədiyi bir düyün, bir bağ varsa, sevgili necə unudular?! Qışın soyuğundan daha betər üşüdər ayrılıq! Huri eşqinin alovu vücudunu tamamilə sarsa da, üşüdər. Qar aşiqə ilk tanışlıq anını, ilk dəfə o gün - qar yağan gün vurulduğunu xatırladır. "Qar və düyün" hekayəsində sarsılmaz tellərlə sevgisinə bağlanan və çarəsizlik içində çırpınan bir aşiqin hüznü kədərli bir dillə ifadə edilir. Öz dərdini keçmişə, bir də qayıtmayacaq keçmişə göndərmək istəməsi də olduqca təsirlidir: "İçimdə nə varsa çox keçmişə, bitmiş bir keçmişə göndərəcəyəm. Yaşamaqdan qorxduğum bir şey mənim əvəzimdə keçmişdə yaşanıb bitmiş olacaq... Tale bir daha təkrarlanarmı?" Kimin keçmişdə qalmasını istədiyi kədəri yoxdur ki?! Bəxtiyar Aslan bu hekayəsi ilə də sarı simə toxunur.

Göylərin lacivərdi qadının lacivərd gözlərinə necə də bənzəyir?! Hər şeyin mümkün olduğu həyatda onun dönüşünün mümkünsüzlüyü paradoksu "Lacivərd" hekayəsinə hakimdir. Gəlməyəcəyinə heç vaxt inanmayan, hər zaman yolunu gözləyən, hər an onu anımsayan bir aşiq yenə inləyir. Bu dəfə "Lacivərd" hekayəsində... O lacivərd gözlərdə hər şey başlar və hər şey bitər...

Zehnini, düşüncələrini tamamilə ələ keçirmiş sevgilini bir köpük kimi bir anda yox etmək istəyi və yaxud köpük kimi bir anda sönəcəyinə ümid etmək hissi necə güclüdür "Köpük" hekayəsində... Ayrılıq yükünü heybədəki duz yükü tək daşımaq necə əzablıdır və necə dözülməzdir "Aramızda danışan" hekayəsində əksini tapır. Qara, yaxud boz qanadları ilə deyil, mavi quştək ölüm mələyinin can almağa gəlməsi xüsusi həssaslıqla "Ölüm və mavi quş" hekayəsində işlənib. Hekayə o qədər güclü təəssürat yaradır ki, bundan sonra ölüm mələyini qara geyimini, boz qanadlarını çıxarıb səma mavisinə bürünür. Bir mavi quş tək aparır bu dünyadan...

"Eşq də belə bir şeydir. İnsan bir sevgilidən çox öz içində yaşatdığı, meydana gətirdiyi, böyütdüyü sevimli obrazına aşiqdir" - deyən Bəxtiyar Aslan öz sevgilərini və sevgililərini ideallaşdıran və gerçəkliklə üzləşə bilməyənlərə sanki xitab edir. O, dəlicəsinə aşiq olduğun kəs obrazdır sadəcə, gerçək deyil. Sən onun obrazına aşiqsən. Sənin özünün yaratdığın obraza. İnsan öz yaratdıqlarını daha çox sevər. Nəinki gerçəkdə var olanı.

Öz Leylasından qarşılıq ala bilməyən aşiq ağlında Leyla varkən, "Məni Leyla olaraq təsvir elə" deyən birini öpməsi, anlıq fuque vəziyyəti yaşaması motivi "Leyla və güzgüdəki füqur" hekayəsində izlənilir. Eşqin çərçivələrdən kənar olduğunu deyən qəhrəmanın özünə haqq qazandırması "eşqdə hər yol mübahdır" deyimi ilə üst-üstə düşür: "Başqa birini öpərək Leyladan intiqam almanın qəbul olunası bir şey olmadığını düşünə bilərəm, amma eşqdə yaşanan hansı şey qəbul olunasıdır ki?"

Fərqli zamanların üç qara əqrəbi üç fərqli vaxt aralığında sevgililər arasındakı münasibətin əyani göstəricisidir "Üç əqrəb zamanı" hekayəsində. Birinci qara əqrəbi öldürən, ikinci gəlişində qarşısında aciz qalan və onu gözləyən, onu arzulayan, ölərkən sarılmaq istəyən, qara əqrəbin üçüncü gəlişində ölümü arzulayan bir aşiqin iniltisi var hekayədə... "Eşq... Sən... Boşluq... Kainatın mənası olmalıdır. Bir ulduz toqquşsa... Əqrəb ulduzu deyə bir şey olmalıdır... Qanadları əqrəbin ayaqları kimi... Qaranlıq bir ulduz... Sənin kimi... Sevdikcə əridən, yox edən, udan... Mən səndəmi yox olacağam?" -  "Üç əqrəb zamanı" hekayəsində yer alan tezis, sözsüz ki, kitabdakı hekayələrin ümumi ruhuna uyğun gəlir və sanki ilk işarə verir. Bu səbəbdən, Bəxtiyar Aslanın 15 hekayəsinin toplandığı bu kitabın "Üç əqrəb zamanı" adlandırılması təsadüfi ola bilməz.

Sualları ilə insanı öz-özüylə tək buraxan, hekayələri ilə hər kəsin hiss və düşüncələrinə sirayət etməyi bacaran yazıçıya eşqi bu qədər dərindən duyaraq təsvir etmək, yaşamaq və yaşatmaq sirrini kim öyrətdi ona?!

 





08.11.2019    çap et  çap et