525.Az

Milli Məclisdə büdcə müzakirələri


 

MİKAYIL CABBAROV: "DÖVLƏT ŞİRKƏTLƏRİ AYDIN VƏ DƏQİQ STRATEGİYAYA MALİK OLMALI, DÖVLƏT ŞİRKƏTLƏRİNİN DÖVLƏT BÜDCƏSİ ÜÇÜN AĞIR YÜKƏ ÇEVRİLMƏLƏRİNİN QARŞISI ALINMALIDIR"

Milli Məclisdə büdcə müzakirələri <b style="color:red"></b>

Milli Məclisin (MM) plenar iclaslarında 2020-ci ilin büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi başlanılıb. Qeyd edək ki, büdcə zərfi ilə bağlı müzakirələr 3 gün çəkəcək. Onu da qeyd edək ki, büdcə müzakirələrinə ənənəvi olaraq hökumət üzvləri, o cümlədən, yeni Baş nazir Əli Əsədov qatılıb. Ə.Əsədov hökumət başçısı kimi ilk dəfədir büdcə müzakirələrində iştirak edir. İclası açan spiker Oqtay Əsədov 3 günlük büdcə müzakirələri ilə bağlı fikirlərini açıqlayıb. Spiker bildirib ki, ölkədə bütün makroiqtisadi göstəricilərədə artım müşahidə olunur: "Bu gün genişmiqyaslı struktur islahatları aparılır və yeni yanaşmalar tətbiq edilir. Bu il Ümumi Daxili Məhsulun (ÜDM) iqtisadiyyatda çəkisi 2,5 faiz təşkil edib. Qeyri-neft sektorunun sürətlə artımı baş verir. Ölkənin valyuta ehtiyatı 48,5 milyard dollar təşkil edib. 9 ayda əhalinin gəlirləri 8,9 faiz artıb. Gələn il cari xərclərin həcmi 40 faiz artacaq. 2020-ci ilin dövlət büdcəsi də sosialyönümlü büdcə olacaq".

MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq  komitəsinin sədri Ziyad Səmədzadə çıxışında bildirib ki, dünyada, ölkəmizdə bir çox zəngin hadisələrlə yadda qalan 2019-cu il artıq sona yaxınlaşmaqdadır: "Ötən bu dövr ərzində Azərbaycanda sözün əsl mənasında inkişaf, tərəqqi, çiçəklənmə baş verməkdədir. Dünyada, ətraf ölkələrdə hələ də maliyyə-iqtisadi böhranın, qarşıdurmaların, qlobal kataklizmlərin davam etməsinə, qloballaşmanın, qlobal risklərin ölkələri, milli iqtisadiyyatları təhdid etməsinə baxmayaraq, Azərbaycanda siyasi sabitlik təmin olunub, iqisadi inkişaf təmin edilib, makroiqtisadi inkişaf qorunub-saxlanılıb. İlin əvvəllərindən, yanvar-fevral aylarından daha da geniş vüsət alan islahatlar prosesi ölkə həyatının bütün sahələrinə sirayət edib. Bütün istiqamətlərdə - siyasi, iqtisadi, sosial, mədəni sahələrdə islahatlar prosesi daha da dərinləşməkdədir. Bunu da təkcə biz iddia etmirik, söyləmirik, bunu beynəlxalq qurumları, reytinq mərkəzləri, nüfuzlu ekspertlər deyirlər, etiraf edirlər. Beynəlxalq aparıcı maliyyə qurumları bu sahədəki fəaliyyətimizi yüksək qiymətləndirirlər". Z.Səmədzadə sonra deyib ki, ölkədə aparılan islahatlar, xüsusilə "kölgə iqtisadiyyatı" ilə mübarizə öz nəticələrini verir: "Bu nəticələri vergi və gömrük daxilolmalarında aydın görürük". O bildirib ki, 2019-cu ilin 9 ayı ərzində ÜDM-in nominal artımı 1,2, qeyri-neft sektoru üzrə 7,6 faiz olduğu halda, vergi daxilolmalarının artım tempi 5,7 faiz təşkil edib: "O cümlədən, qeyri-neft sektoru üzrə artım 12,6 faiz olub". Komitə sədri qeyd edib ki, 2019-cu ilin müvafiq dövründə proqnozun icrası ümumilikdə 104,9, neft sektoru üzrə 95,9, qeyri-neft sektoru üzrə isə 109,5 faiz yerinə yetirilib: "Cəmi fəal ƏDV ödəyicilərinin sayı 1 yanvar 2019-cu illə müqayisədə 1 noyabr 2019-cu il tarixinə 32,9 faiz artıb". Onun dediyinə görə, Azərbaycanın dövlət büdcəsi son illər dəfələrlə artıb. Əlavə artımlar nəticəsində daha da çox artacaq: "Bəzi təşkilatlar bizi tənqid edir ki, Azərbaycanda müdafiə xərcləri də artır. Lakin diqqət yetirmək vacibdir ki, hərbi xərclərin artması obyektiv zərurətdən doğur". Z.Səmədzadə  bildirib ki, bu sahəyə bundan sonra diqqət yönəldiləcək: "Artıq Azərbaycanın çox güclü müdafiə potensialı var. Bu, bölgədə ən güclü potensialdır və biz bunu daha da artırmalıyıq. 2020-ci ilin büdcəsi bu tələblərə cavab verir. Azərbaycan həm müdafiə qabiliyyətini, həm iqtisadi təhlükəsizliyini gücləndirmək, həm də ölkənin iqtisadi gücünün artması və bu əsasla əhalinin keyfiyyətli yaşayış səviyyəsini yüksəltməsi istiqamətində daha cəsarətli addımlar atmaq imkanına malik olmalıdır".

Z.Səmədzadənin çıxışından sonra Maliyyə naziri Samir Şərifov və Hesablama Palatasının səsr Vüqar Gülməmmədov çıxış ediblər. S.Şərifov deyib ki, 2020-ci il dövlət büdcəsinin gəlirləri Ümumi Daxili Məhsulun (ÜDM)  29 faizi həcmində olmaqla nominal ifadədə 24 milyard 135 milyon manat nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 967 milyon manat və ya 4,2 faiz çoxdur: "Dövlət büdcəsinin gəlirlərinin tərkibində neft gəlirləri 56,1 faiz və ya 13,5 milyard manat, qeyri-neft gəlirləri 43,9 faiz və ya 10,6 milyard manat nəzərdə tutulur. Cari illə müqayisədə xüsusi çəki nisbətində neft gəlirləri 3 faiz bənd azalıb, müvafiq olaraq isə qeyri-neft gəlirlərinin xüsusi çəkisi isə 3 faiz bənd artıb. Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə 7 milyard 875 milyon manat daxilolma nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 559 milyon manat və ya 7,6 faiz çoxdur. Gömrük orqanlarının xətti ilə büdcəyə 4 milyard manat, yəni 2019-cu ilə nisbətən 298 milyon manat və ya 8 faiz çox vəsait daxil olması proqnozlaşdırılır. Növbəti ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə 11 milyard 350 milyon manat və ya cari illə müqayisədə 14,3 milyon manat az transfer nəzərdə tutulur. 2020-ci il dövlət büdcəsinin xərcləri ümumi daxili məhsulun 32,3 faizi səviyyəsində və ya 26 milyard 914 milyon manat nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 1 milyard 724 milyon manat və ya 6,8 faiz çoxdur".

İqtisadiyyat naziri Mikayıl Cabbarov  isə  çıxışında qeyd edib ki, turizm sektorunda bu ilin 9 ayında turistlərin sayı 2,4 milyon nəfəri ötüb: "Görülən işlər nəzərə alınaraq, gələn il turizm sektorunda 6 faiz, növbəti 3 ildə 5,6 faiz artım gözlənilir. Büdcə investisiyalarının azalması fonunda qeyri-neft investisiyalarının gələn il 11 faiz artması proqnozlaşdırılıb. Ötən 10 ayda qeydə alınan əmək müqavilələrinin sayında 17 faiz artım olub. Görülən işlər nəticəsində son illər dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə transfert olmayacaq. Bununla belə, hesab edirik ki, ölkədə ünvanlı dövlət sosial yardımın özünəməşğulluqla əvəzlənməsi sürətləndirilməlidir". İqtisadiyyat nazir bildirib ki, Azərbaycanda insanların tarixən fərdi sahibkarlığa və ticarətə meyli var: "Biz bu amili tam gücü ilə hərəkətə gətirməliyik. Bu sahədə qeyri-şəffaf amillər aradan qaldırılmalıdır. Biznesin dövlət tənzimlənməsi yükü daha da azaldılmalıdır. Mülkiyyət hüququnun daha etibarlı qorunması təmin edilməlidir. Bu olmadan rəqəmsal iqtisadiyyata inteqrasiya çətin olacaq. Yüksək neft gəlirləri dövründə dövlətin rolu post-neft dövründə dəyişir. Dövlət əmlakının səmərəli idarə edilməsi qarşıda duran vəzifələrdən biridir. Dövlət şirkətləri aydın və dəqiq strategiyaya malik olmalı, dövlət şirkətlərinin dövlət büdcəsi üçün ağır yükə çevrilmələrinin qarşısı alınmalıdır. Yeni, müvafiq standartlar bu sahəyə gətirilməlidr. Dünya rəqəmsal iqtisadiyyata doğru irəliləyir, bu sahədə insan kapilatının rolu artacaq. Ali peşə və biznesin sıx inteqrasiyası baş verməlidir. Təhsil əmək bazarına tam uyğunlaşması təmin edilməlidir. İnsan kapitalının formalaşmasına yönələn tədbirlərin əhatə dairəsi genişlənəcək". M.Cabbarov qeyd edib ki, bank sektorunun sağlamlaşdırılmasının başa çatdırılması, biznesin maliyyə vəsaitlərinə çıxış etdirilməsi əhəmiyyətlidir: "Prezident tərəfindən uğurla həyata keçirilən siyasətlər, iqtisadiyyatın dayanıqlığının qorunub saxlanılması üçün görülən tədbirlər növbəti ildə yeni iqtisadi model çərçivəsində əhalinin sosial durumunun daha da yaxşılaşmasına səbəb olacaq".

Hökumət rəsmilərinin çıxışlarından sonra büdcə ətrafında müzakirələrə başlanılıb. Deputat Vahid  Əhmədov  bildirib ki, 2020-ci ilin dövlət büdcəsi makroiqtisadi göstəricilər nəzərə alınmaqla müsbətdir: "Bəzi məsələlərə diqqət yetirmək istərdim.  Bizdə sənaye parkları yaradılıb. Yeni nazir onları daha 3 il müddətinə vergidən azad etmək istəyir. Ancaq 7 il kifayət edərdi ki, həmin sənaye parkları effektiv işləsin və dövlətə vergi ödəsin. Bundan əlavə, satınalmalarla bağlı deyə bilərəm ki, bizdə  tenderler düzgün keçirilmir. Hətta burada korrupsiya faktları da aşkarlanıb. Bu sahəyə ciddi nəzarət olmalı, şəffaflıq təmin edilməlidir. Bununla yanaşı, hesab edirəm ki, hökumət gəlir deklarasiyası ilə bağlı  sənədi  hazırlayıb təqdim etməlidir, o cümlədən, maliyyə amnistisiyası məsələsi də ciddi məsələ olaraq qalır".

Deputat Qənirə Paşayeva  çıxışında dövləti universitetlərinin tələbə yataqxanalarının tikilməsi məsələsinə toxunub. O qeyd edib ki, kəndlərdən Bakıya oxumağa gələn tələbələr bu məsələdə ciddi çətinliklərlə üzləşirlər: "Çünki kənd ailələrindən gələn uşaqların Bakıda kirayə ev tutmağa imkanı yoxdur. Bizim böyük universitetlərin hələ də yataqxanası yoxdur. Hesab edirəm ki, artıq bu məsələyə ciddi yanaşmaq lazımdır. Həmçinin, təhsil kreditləri haqqında məsələ də öz həllini tapmalıdır. Bundan əlavə, 2020-ci ildə Aliment Fondunun yaradılmasının artıq zəruri olduğunu diqqətinizə çatdırmaq istəyirəm".

Müzakirələr zamanı millət vəkilləri Gövhər Baxşəliyeva və Eldar İbrahimov da çıxış ediblər.

Büdcə müzakirələri bu gün davam etdiriləcək.

Kamil HƏMZƏOĞLU

 





13.11.2019    çap et  çap et