525.Az

Qırx ilin özgəsi... - Nuranə Tağıyeva yazır


 

Qırx ilin özgəsi... - <b style="color:red">Nuranə Tağıyeva yazır</b>

Bir səhifə də bağlanmışdı. Bu, hansısa kitab, jurnal və ya qəzet səhifəsi deyildi. Ömürlük bağlanan bir ürək səhifəsi idi. Qəlbdən yumşaq bir çəkingənliklə süzülüb gözlərdə görünən kiçik bir damlayla hər iki oxucusuyla da vidalaşmışdı.

O damla ki, bağlanan səhifə ilə açılası növbəti səhifəni birləşdirib, çıxış yolu qoymamışdı sahibinə. Bir-birindən qoparmağa çalışsalar, o səhifələri cırılacaq, geri dönüşü olmayan bir yola girəcəkdi. Eləcə toxunmasalar, illərin qəzəbinə düçar olub, saralıb solacaqdılar. Lakin hər iki seçim də zərər verəcəkdi onlara...

Qadın ayrılıq ayı olaraq bilinən noyabr ayının soyuq havasını udurdu. İllərin yorğunluğunu və təkliyin dəhşətli ağrılarını çiyinlərinə yükləyib, Allaha əmanət yaşayırdı. Ürəyinin qapılarını axıra qədər bağlamışdı sevgilərə. Nə üçün, kim üçün yaşadığının, bəlkə də varlığının belə fərqində deyildi, doğrusu, əhəmiyyət də vermirdi. Bugündən sabaha tələsik addımlarla yeriyirdi ömrü yarılamaq məqsədiylə. Yaşaya bilmədi deməsinlər, heyfislənməsinlər deyə.

Ömrünü yarılayan hər insan kimi bir tərəfi çoxdan ölmüş, digər tərəfi də sanki yeni doğulmuş kimiydi. Yeni doğulmuş tərəfinin ümidi, şübhəsiz ki, həddindən artıq çox idi. Xəyalları və arzuları ləkə düşməmiş ağ bir kağız kimi qüsursuzdu. Bir tərəfi dərin bir yuxuda ikən digər tərəfi uzun yol hədəfləyirdi. İki yol ayrıcında qalmağın çıxmaza gedən axışına müdaxilə etməyə nə gücü, nə də inamı qalmışdı. Ancaq başını qaldırıb ətrafına baxsa, mütləq şəkildə bir cüt göz onu izləyirdi. Kimisi yatağında, kimisi ürəyində, kimisi isə müxtəlif maraqlarında xəyal edirdi onu. Bax, o kimsələrlə dəfələrlə qarşılaşıb, xəyal qırıqlıqları yaşayıb, məyus olub ölmədən məzara da girmişdi əvvəllər. Bir daha o yolları eyni həvəs və istəklə yeriyə bilməyəcəyindən əmindi. Yenə də düşünürdü ki, insan övladı yaşarkən ölməyə, ölmək üçün yaşamağa can atan məxluqdur. Ona görə də yeridi, yandı, itirdi, öldürdü, öldürdülər, yenə eyni həvəslə, eyni qorxu və çəkingənliklə yoluna davam etdi. Kim bilir, yenidən, neçənci qatilinin önünə sərəcəkdi küllərindən yeni doğulmuş parçasını...

Gözlənilməyən bir zamanda, gözləmədiyi bir eşq qapısına dayanmışdı. Hər gün yanından keçib salamını almadığı üçün boynunu büküb, pərişanlıq nümayiş etdirirdi. Sanki gec gəldim, bağışla demək istəyirmiş kimi gecə-gündüz gözlərində yatırdı. Görə bilmirdi onu. Çünki inancını itirmişdi. Çünki zamanında gördüyü üçün gözlərinə düşmən kəsilmişdi. Salamını almırdı, çünki eşqə qulağını qapatmışdı. Susmuşdu, çünki səsinə küsmüşdü. Vaxtında çox eşidilmək istəyib də eşidilməmişdi. İndi istəsəm də, ayağa qalxa bilmərəm deyə düşünürdü, çünki ümidinin köksü yaralıydı. Eşq dinləmədi onu. Dəvətsiz qonaq kimi ürəyinin qıfılını qırıb, ən baş küncündə taxt qurdu özünə... O da

Bəlkə dedi, bəlkə bu dəfə...

Böyük bir ehtimalın varlığını hiss edirdi. Gözlərini bağlayıb, ürəyinin qapılarını açmaq, keçmişin üstündən bir xətt çəkərək, yaralarını sağaltmaq, onları sığallatmaq və izlərini itirtmək istəyirdi, qırx ilin özgəsinə. Bənzərsiz bir sevgiylə qucaqlamışdı xəyallarını, ruhunu, qəlbini. Həyatının bu qaranlıq anında, ən böyük boşluğunda tutmuşdu onu. Həm də qaçmadan çatmışdı ömür yoluna. Bəlkə də qadın elə sanmışdı. Bəlkə də kişi heç hərəkət etməmişdi, yerində saymışdı.

Uzun illərdən sonra heç aşina olmadığı bir evin eyvanına asmışdı xəyallarını. Tanımadığı bir ruha təslim etmişdi ruhunu. Xoşbəxtliyin ən əlçatmazına dikmişdi gözlərini. Hərçənd həmişə belə olmamışdımı..? İmkansız sularda üzməyin verdiyi zövqü nədə ala bilib ki, insan övladı indiyə qədər. İkisi də heç nəyin fərqində deyildi, bunun fərqində olduqları qədər. İmkansız bir sevginin bənzərsiz dadını duyaraq açmışdılar ürək qapılarını. Çılpaq təslimiyyət idi bunun adı. Bəlkə də qadının uydurduğu saxta bir sevgi hekayəsi...

Lakin çətindi ona, onu sevmək. Bitmək tükənmək bilməyən bir səylə davam etdirirdi həyatındakı varlığını. Zəncirinin ucu açıq idi. Harda yaxasına yapışacağını və nə vaxt həbs edəcəyini hesablaya bilmirdi. Çox yol qət etmişdilər. Bitirməyə qıymır, davam etdirməyə gücü çatmırdı. Edə bildiyi tək şey tərəddüd etmədən, hesabsız, plansız sevməkdi adamı.

Görünən odur ki, özünə nifrətin ən acınacaqlı növünü yaşadacaqdı, bu şirin həyat. Dəhşətli ürək ağrılarına yol açacaq, geri dönülməz səhvlərə imza atmağın bir addımlığında qalmışdı. Dönüşü olmayan yollarda yeriməyin qorxu dolu qaranlığında axtarmışdı aydınlıq yolu. Heç nəyi bu qədər arzulamamışdı. Heç nəyin arxasınca bu qədər düşməmişdi, ümidin arxasınca düşdüyü qədər.

Gözlənilən o ayrılıq sonrası;

Dayanmışdı zaman. Axıb getmirdi su kimi gözünün önündən. Ona dayanmaq nədir, özünü saxlamaq nədir lağlağı bir üslubla öyrədirdi. Səbirlə gözləmək adlı dayanacaqda sahibsiz bir sakin idi bundan sonra. Dayanmaqla susmaq arasındakı o dadsız münaqişədə itirirdi, çox arxasınca qaçdığı ümidini. Bəlkə də hər sevgilinin eyni ölçü və eyni qaydada tərk etmə hekayəsi və qalan sənsən əgər dayanmaq və susmaq məcburiyyətində olduğu gərçəyi ilə üzləşirdi.

Uzaqlaşmaq istəmişdi. Yaşadığı şəhərdən, həyatından, ətrafından, sevdiyindən və xüsusilə də işindən. Qaçmaq da demək olar. Qısa bir müddətlik də olsa hər şeyi geridə qoyub, başqa bir ölkənin ən izdihamlı şəhərində nəfəsini tükətmək, yenilənmək, dirilmək istəmişdi. Amma bilmirdi insan övladının hər şeyi geridə qoya bildiyi halda sevdiyi adamı da yanında apardığını. Çamadanında bir cüt göz daşıdığını. Ürəyinin geridə qalanla qaldığını bilmirdi. İlk təcrübəsiydi. Çünki o, uzun müddətli sevgilərin qadını olmamışdı. Heç bir kişini uzun müddət həyatına müşayiət etməsi üçün ürəyində bəsləməmişdi. Nə gələnlər, nə də gedənlər bir məna kəsb etmirdilər onun üçün. Bir sərhəd həddi var idi hər zaman. Hardasa 5 ildir adını qoymadan yaşanmışlıqlara öyrətmişdi özünü. Dəyişməz bir nizam qurub, yalnızlığıyla dostlaşmışdı.

Və o, heç vaxt bilməyəcəkdi. Qadının özündən nələri qurban verdiyini, nələrdən vaz keçdiyini, nələrə qapı açıb, nələrə köks ötürdüyünü. Bilmirdi, bilməyəcəkdi də. Çılğındı, həyəcanlıydı, tələbkardı. Acdı, susuzdu, doyumsuzdu. Adam verdikcə qadın tükətmişdi. Məmnun qalmamışdı. Adam da bezib, yorulub, getmişdi.

Əksəriyyət yaz ayrılığı ilə savaşarkən onun alnına da yay ayrılığı yazılmışdı. Günlər boyunca "sevən nə etməz ki" sualı beynini məşğul edirdi. Sadəcə bu sualın cavabını axtarırdı. Heç bir sancı bu sual qədər ağrıtmırdı qəlbini. Və deyəsən, sevən birinin edə bildiyi ən gözəl şeyin arxasına belə baxmadan getmək və sənin min bir əziyyətə qatlaşaraq adını qoyduğun münasibəti yerlə bir etmək olduğunu anlamışdı. Həm də heç acımadan, amma heç içi yanmadan qıymışdı sevdiyinə. Ən dəhşətlisi də gözlənilməyən bir zamanda vaz keçmişdi...

Artıq bir yad idi özünə qadın. Ən çox o sevib, ən çox o yara almışdı. İtirmişdi içində yoxdan var etdiyi hər şeyi. Tək başına ödəyirdi iki nəfərlik eşqin bədəlini. Bir zamanlar onu sevmək kimi çətin və qürurlu bir vəzifəsi vardı. Bu vəzifəni alın açıqlığı ilə tamamlamağı bacarmışdı. Gözlənilmədən gələn və onu sevmək qədər çətin olan bir bədəli eyni müvəffəqiyyətlə ödəyə biləcəkdimi, çox əmin deyildi.

Onun kitabında getməyin də bir ədəbi var idi. Getmək də bir əxlaq nümayişi tələb edirdi ona görə. Necə ki, qalanın əxlaqi davranışı özünü saxlamaq və susmağı bacarmaqla ölçülürsə, gedənin də getmək şəkliylə ölçülürdü. Artıq nəyi, nəyə yozacağını bilməyəcək qədər yorğun düşmüşdü beyni. Bildiyi tək şey vardı: O və içində olduğu bu münasibət belə dəyərsiz vidaya layiq deyildi.

Ürəyində daşıdığı sevginin daha sayğılı bir sona layiq olduğunu düşünürdü. Əslində, heç bir münasibət kilometrlərlə uzaq məsafədən, cansız bir mesaj uydurmasıyla bitirilməyə layiq deyil. Sevməyi bu qədər gözəl bacaran bir kişi, adam kimi getməyi bacarmamışdı.

Tərk edilməyi qəbullanmaq mübarizəsi adlı bir sıfır məğlubiyyətlə başlayan o soyuq müharibədə;

Bizim üçün darıxdım deyən ürəyinə "biz kimik?" deyib qarşı çıxan məntiqinin gerçəkləri çılğın küləklər kimi üzünə çırpmasıyla oyanmışdı, xəyal dünyasının şirin yuxusundan. Sərt bir qasırğa qopub, silib süpürmüşdü aylarla xüsusi titizliklə qurduğu hər şeyi. Ən başdan yaşamağa başla deyə bağırırdı gerçəklər üzünə. İndi o böyük eşqdən geriyə; Həyatda əlindən gələn ən yaxşı işi yazmaq olan bir qadının boğazına tıxanan sözləri və o ən sevdiyi misraların mənasında boğularaq dibə gömülən səsi qalmışdı. Bir də təbii ki, yalvarmaq sözünün içində özünü büruzə verən acizliyin ümidinə dikilən İKİ cüt göz...

 





04.12.2019    çap et  çap et