525.Az

Sosial-iqtisadi inkişafı proqnozlaşdırmaya dair dəyərli dərs vəsaiti


 

Sosial-iqtisadi inkişafı proqnozlaşdırmaya dair dəyərli dərs vəsaiti<b style="color:red"></b>

Milli iqtisadi inkişafın bütün təminat mexanizmlərini prioritet olaraq müəyyən edən ölkəmizdə artıq keyfiyyətcə yeni mərhələnin əsasları qoyulmuşdur.

Sosiallaşma proseslərinin müşayiəti ilə davamlı hal alan bu məsələlər ölkəmizin uzaq gələcək üzrə perspektivlərini müəyyənləşdirməkdədir. Əsasları Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan həmin proseslər mükəmməl sosial-iqtisadi baza formalaşdırmışdır. Təbii ki, bütün bunlar yeni iqtisadi şəraitin, yeni istehsal münasibətlərinin, yeni iqtisadi gücün və yeni iqtisadi müqavimətliliyin əsaslarını da özündə əks etdirməkdədir. Qeyd olunanlar XXI əsrin əvvəllərində keçid etdiyimiz bazar iqtisadiyyatının dolğun dayaqlarını yaratmış oldu və müvafiq sahə üzrə münasibətləri daha da möhkəmləndirdi. Başladılan iqtisadi islahatlar isə ölkənin artan təlabatlar qarşısındakı dayanıqlığına yeni dəyərlər qatmış oldu. Bu dəyərlər içərisində iqtisadiyyatın neft və qeyri-neft sektorlarının davamlı inkişafı, regionların istehsal potensialının artırılması, yerli istehsalın stimullaşdırılması, daxili bazarın qorunması, ixracyönümlü məhsulların istehsalı, dünya təsərrüfatına və iqtisadiyyatına inteqrasiya və digər amillər yer almışdır. Beləliklə, iqtisadiyyat özünün regional və milli mahiyyəti ilə çoxşaxəliliyin və yüksək perspektivliliyin hərəkətverici qüvvəsinə çevrilmişdir.

Təbii ki, keçdiyimiz inkişaf yoluna nəzər saldıqda aydın olur ki, 2003-cü ildən hüquqi əsasları yaradılan, 2004-cü ildən isə uğurla icrasına başlanılan Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları artıq dördüncü mərhələsində olmaqla, makroiqtisadi siyasətin uzaq gələcək üzrə hədəflərini daha əlçatan etdi. Bununla yanaşı, 2012-ci ildə "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyasının və 2016-cı ildə Milli İqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələrinin təsdiq olunması bu sahədəki potensialın daha da artırmasına zəmin oldu.

Artıq ölkəmizdə milli iqtisadi quruculuq prosesləri daha mükəmməl, daha kreativ ideya və təşəbbüslər əsasında davam etməkdədir. İqtisadiyyatımız dünya iqtisadiyyatının nəinki tərkib hissəsi olaraq çıxış edir, hətta onun da uzunmüddətli inkişafı istiqamətində strateji layihələrin müəllifi kimi söz sahibinə çevrilmişdir. Bütün bunlar isə, təbii ki, ölkənin həm hazırkı, həmçinin, qarşıdakı dövrlər üzrə, həm də uzunmüddətli perspektivlər nəzərə alınmaqla reallaşdıracağı tədbirlərə işıq salmaqda və bütün bu istiqamətlər üzrə elmi cəhətdən dolğun şəkildə əsaslandırmalar tələb etməkdədir.

Bu bir həqiqətdir ki, hər bir iqtisadi ideyanın, reallaşdırılan tədbirlərin və həyata keçirilən tənzimləmələrin güclü elmi əsasları da vardır və bu, müvafiq sahədə mövcud vəziyyətin təhlilinə və gələcək üzrə proqnozlaşdırmanın hazırlanmasına əlverişli imkanlar açmaqdadır. Əlbəttə ki, ölkəmizdə sosial-iqtisadi sferanın təmin olunan güclü dayaqları bu sahədəki elmi araşdırmaların əhatəsini də genişləndirir və ona səmərəlilik gətirir. Bu mənada müvafiq araşdırmaların aparılması, onun nəticələrindən düzgün istifadənin yollarının müəyyən olunması da diqqət çəkməkdədir.

Qeyd etdiklərimiz iqtisadi əhəmiyyətinə və müasir iqtisad elminin inkişafındakı roluna görə yüksək elmi dəyəri ilə cəlbedicilik qazanacaq "Sosial-iqtisadi inkişafın proqnozlaşdırılması" adlı dərs vəsaitində əhatəli şəkildə yer almaqdadır. Naxçıvan Dövlət Universitetinin "İqtisad" fakültəsinin "Dünya iqtisadiyyatı və menecment" kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Ceyhun Mahmudovun və "Naxçıvan" Universietetinin tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylunun həmmüəllif olduğu bu dərs vəsaiti elmi tədqiqatlarla məşğul olanlar, tələbələr üçün və tədris proseslərində çox zəruriliyi ilə seçiləcəkdir. Dərs vəsaiti 9 fəsildən və 30 paraqrafdan ibarət olub, 263 səhifə həcmindədir. Həmçinin, özündə proqnozlaşdırmanın əsas forma və metodlarını, milli iqtisadiyyatı, regional və ən vacib sahələrin məcmusunu birləşdirir.

Dərs vəsaitini vərəqləyərkən aydın olur ki, həmmüəlliflər bütün oxucuların baxış və yanaşmalarını nəzərə almış, anlaşılan və tez mənimsənilən şəkildə tərtib olunmuşdur. Ən əsası isə orada Azərbaycan Respublikasının böyük təcrübə əsasında başlatdığı və hazırda da uğurla davam etdirdiyi aktual sosial-iqtisadi proseslərin proqnozlaşdırılması məsələlərinə geniş yer verilmiş və elmi cəhətdən əsaslandırılmışdır. Orada:

- Proqnozlaşdırmanın predmeti və nəzəri-metodoloji əsasları;

- sosial-iqtisadi inkişafın baza şərtlərinin proqnozlaşdırılması;

- iqtisadi artımın və iqtisadiyyatın strukturunun proqnozlaşdırılması;

- qiymətlərin proqnozlaşdırılması və dövlət tənzimlənməsi;

- inflyasiyanın proqnozlaşdırılması və idarə edilməsi;

- maliyyə-kredit resurslarının proqnozlaşdırılması;

- elmi-texniki tərəqqi və innovasiya fəaliyyətinin proqnozlaşdırılması;

- regional inkişafın proqnozlaşdırılması;

- xarici iqtisadi əlaqələrin inkişafının proqnozlaşdırılması kimi məsələlər elmi-nəzəri baxımdan, həm də peşəkarlıqla təhlil olunmuşdur.

Dərs vəsaitində proqnoz anlayışı haqqında müxtəlif elmi yanaşmalar irəli sürülmüş və göstərilmişdir ki, proqnoz iqtisadi sistemin gələcək parametrləri haqqında əsaslandırılmış kompleks ehtimaldır. Digər tərəfdən, proqnoz məfhumu adı altında gələcəkdə hər hansı bir obyektin mümkün vəziyyəti haqqında əsaslandırılmış mühakimə başa düşülür. Daha doğrusu, proqnoz - gələcək vəziyyətin təxmini qiymətləndirilməsidir. Göründüyü kimi, dərs vəsaiti sosial-iqtisadi proseslərin qarşıdakı dövlər üzrə gedişini, ardıcıllığını və istiqamətlərini təyin edir.

Dərs vəsaiti hazırkı dünya iqtisadiyyatında baş verən dəyişikliklərlə, onun çağırışları ilə, müasir iqtisadi şəraitlə və onun obyektiv inkişaf qanunları ilə yaxından səsləşir. Orada göstərilir ki, bazar iqtisadiyyatı şəraitində proqnozlaşdırmanın zəruriliyi:

- istehsalın ictimai xarakterə malik olması;

- sahələrarası və regional əlaqələrin çətinləşməsi;

- dövlətin bazar münasibətləri subyekti kimi fəaliyyət göstərməsi və s-lə şərtlənir.

Fikrimizcə, dərs vəsaiti eyni zamanda, ayrı-ayrılıqda, sosial proseslərin, iqtisadi hadisələrin və inkişafın davamlılığının proqnozlaşdırılması baxımından öz aktuallığını daha da artırmaqdadır. Orada irəli sürülən fikirlər, yanaşma və əsaslandırmalar şəkillər, cədvəllər və tənliklər vasitəsilə öz əksini tapmışdır. Düşünürük ki, "Sosial-iqtisadi inkişafın proqnozlaşdırılması" adlı dərs vəsaitinin aktuallığı həm də:

- islahatların daha güclü milli iqtisadiyyat quruculuğu məqsədilə davam etdirilməsi;

- bazar qanunlarının inkişaf etdiyi, iqtisadi tarazlığın təşəkkül tapdığı sağlam iqtisadi mühitin möhkəmləndirilməsi;

- iqtisadiyyatın bütün sahələri üzrə dövlət tərəfindən tənzimlənməsi həyata keçirilməsi;

- qeyri-neft sektorunun inkişafı məqsədilə, müəyyənləşdirilən hədəflərin gerçəkləşdirilməsi;

- innovativ inkişaf əsasında daha yaradıcı ideyaların reallaşdırılması;

- regional iqtisadi siyasətin məhsuldarlığı və istehsal potensialının bu anlayışı əhatə edəcək təşəkkülü;

- milli iqtisadiyyatın dünya iqtisadiyyatına inteqrasiya olunması və s. baxımından artmaqdadır.

Yuxarıda sadalanan amillərin hər birində ölkəmizin müasir iqtisadi şəraitdəki keçdiyi inkişaf mərhələləri ifadə olunur və dərs vəsaitində onların hər biri nəzərə alınır. İstər sənayeləşmə siyasətinin davamlılığı, istər sosiallaşma sahəsindəki islahatların faydalı təşkili və idarə olunması, istərsə də iqtisadiyyatın diversifikasiya olunması istiqamətində görülən işlər qarşıdakı dövrlərin mükəmməl elmi və sosial-iqtisadi bazasını təşkil edir və proqnozlaşdırma məhz bu baza nöqteyi nəzərdən aktualdır. Elə dərs vəsaitinin yeni iqtisadi şəraitdə tədris proseslərinə cəlb olunması bu mənada zəruridir və orada yer alan mövzuların gənc nəslə aşılanması çox lazımlıdır. Təhsilin və tədrisin yeni standartlarda təşkilində dünya təcrübəsindən istifadənin böyük yeri vardır. 2008-ci ildən etibarən müxtəlif ölkələrdə aradan qaldırılması çətin olan iqtisadi-maliyyə böhranlarının özünü göstərməsi iqtisad elminin aparıcı mövqeyini ortaya qoyur və mövcud vəziyyətin qarşıdakı dövrlərdə düzgün nəticələnməsi üçün iqtisadi siyasətin və tədbirlərin məqsədyönlülüyünün təminatı bir daha öz aktuallığını göstərir. Burada da təbii ki, proqnozlaşdırma sahəsinə olan təlabat və diqqət özünəməxsusluğu ilə seçilir. Qeyd olunanlar fonunda iqtisadçı alimlərimiz Ceyhun Mahmudovun və Hüseyn Bağırsoylunun həmmüəlliflikləri ilə işıq üzü görən "Sosial-iqtisadi inkişafın proqnozlaşdırılması" adlı dərs vəsaitinin artan elmi və təcrübi əhəmiyyətini bir daha qeyd etmək yerinə düşər.

Beləliklə, dərs vəsaiti "Naxçıvan" Universitetinin təsis olunmasının 20 illiyinə töhfədir. Bunlarla yanaşı, Naxçıvan Muxtar Respublikasında ölkənin milli iqtisadi quruculuq proseslərinə uyğun olaraq, davamlı, ardıcıl və yüksək perspektivliliyə malik tədbirlərin reallaşdırılmasını və müəlliflərin "Naxçıvan" Universitetində və Naxçıvan Dövlət Universitetlərində fəaliyyət göstərməsini nəzərə alsaq, onda dərs vəsaitini hər iki Ali təhsil müəssisəsinin bu tarixi inkişafa töhfəsi kimi də dəyərləndirmək olar.

Cavadxan QASIMOV
İqtisad üzrə fəlsəfə doktoru, dosent

 





17.01.2020    çap et  çap et