525.Az

BMT-nin Baş katibi: Ən iri istehsalçılar emissiyaları azaltmasalar, biz məhv olarıq


 

BMT-nin Baş katibi: Ən iri istehsalçılar emissiyaları azaltmasalar, biz məhv olarıq<b style="color:red"></b>

Sürətli qlobal istiləşmə əvvəlki temperatur rekordlarını geridə qoyur. Son onillik meteoroloji müşahidələr başlanandan bəri ən isti onillik olub. Alimlər bu faktı onunla izah edirlər ki, okean çox sürətlə qızır. Sanki hər saniyədə vaxtilə Xirosimaya atılmış 5 bomba gücündə partlayış baş verir. Bir milyon bitki və heyvan növü yoxolma həddindədir.

AZƏRTAC BMT-nin xəbərlər saytına istinadla bildirir ki, BMT-nin Baş katibi Antonio Quterreş bu sözləri BMT Baş Assambleyasının nümayəndələri qarşısında çıxışında söyləyib. Baş katib bəşəriyyət üçün əsas təhdidlərin sırasında geostrateji gərginlik, qlobal səviyyədə etimadsızlığın artması və yeni texnologiyaların doğurduğu təhlükə ilə yanaşı, iqlim dəyişmələrinin də adını çəkib.

“Planetimiz sözün hərfi mənasında od içindədir. Avstraliyada bu yaxınlarda baş vermiş yanğınlara, evlərini tərk edib gedən insanlara, odla çarpışan heyvanlara baxanda bugünkü hadisələrə görə kədər, gələcəyə görə qorxu hissləri keçirməmək olmur”, - deyən Baş katib daha sonra əlavə edib ki, dünya “gedər-gəlməz”ə yaxınlaşır.

Quterreş Madriddə iqlimə həsr olunmuş konfransın ümidləri doğrultmadığını vurğulayaraq qeyd edib ki, bəzi liderlər hətta bu böhranlı vəziyyəti də ciddi qəbul etmək istəmirlər. Onun sözlərinə görə, istixana qazları emissiyasının azaldılmasına görə əsas məsuliyyət ən iri istehsalçıların üzərinə düşür. Axı, 2030-cu ilə qədər bu emissiyaları 45 faiz azaltmaq lazımdır. BMT rəhbəri xəbərdarlıq edərək deyib: “Əgər onlar zəruri hərəkətlər etməsələr, biz məhv olarıq”.

Bununla bərabər, Baş katib əmin olduğunu bildirib ki, iqlim dəyişməsi ilə mübarizədə qalib gəlmək hələ mümkündür. Onun sözlərinə görə insanlar müvafiq hərəkətlərin zəruri olduğunu anlayır, investisiya şirkətlərinin iqtisadçı və menecerləri başa düşürlər ki, ekoloji biznesin böyük gələcəyi var, alimlər isə bir səslə bildirirlər ki, “boz iqtisadiyyat”dan “yaşıl iqtisadiyyat”a keçmək hələ gec deyil və bunun üçün zəruri texnologiyalar var.

Baş katib hökumətləri iqlim məsələlərinə dair bu ilin dekabrında Qlazqoda keçiriləcək növbəti konfransda “inqilabi öhdəliklər” götürməyə çağırıb. İnsanlar bunu tələb edir və bu, bəşəriyyətin salamat qalması üçün zəruridir.

 





23.01.2020    çap et  çap et