525.Az

Tariximizdə izi qalan şəxsiyyət - Araşdırma


 

NAXÇIVAN MİLLİ ŞURASININ SƏDRİ OLMUŞ MİRZƏ NƏSRULLA ƏMİROV HAQQINDA QEYDLƏR

Tariximizdə izi qalan şəxsiyyət - <b style="color:red">Araşdırma </b>

Unudulmaz alim, ədəbiyyatşünas, tərcüməçi Əziz Şərifin yazdığı gündəlik qədim Naxçıvanımızın ədəbi mühitinin, maarifinin, incəsənətinin, həmçinin, tarixinin XIX-XX yüzilliklərdəki bir çox qaranlıq məqamlarını işıqlandırmağa köməklik edir.

Bu fikri gündəliklə tanış olan araşdırıcı alimlər də təsdiq edər. Onun "Keçmiş günlərdən" adlı xatirə kitabında isə belə bir maraqlı qeyd var. "Yadımdadır ki, o zaman keçən əsrin sonları (söhbət XIX əsrin sonlarından gedir - müəllif), indiki əsrin (XX əsr - müəllif) əvvəllərində, Naxçıvanda bircə adamın velosipedi var idi, o da şəhərimizin dövlətli taciri Mirzə Nəsrulla Əli oğlu Əmirovun böyük oğlu Cabbar idi ki, o zaman məktəbli idi". Əziz Şərifin bu qeydləri maraqlı və düşündürücü idi. Çünki Naxçıvan Əmirovları da tariximizin orijinal səhifələrinin yaradılmasında böyük xidmətlər göstərmişlər. İstər Naxçıvanın maarifçiliyində, incəsənətində, mədəniyyətində, istərsə də siyasi həyatında fədakarlıqlar göstəriblər. Amma onlar haqqında, xüsusilə Mirzə Nəsrulla Əmirov adına - 1990-cı ildən sonra - dövri mətbuatda ara-sıra rast gəlinsə də, bu şəxs haqqında ətraflı yazılmayıb. Bunun əsas səbəblərindən biri Mirzə Nəsrulla Əmirovun XX əsrin əvvəllərində repressiya qurbanı olmasıyla bağlıdırsa, digər səbəbi isə onlarla bağlı sənədlərin olmaması olub. Çox ehtiyatlı adam olan Əziz Şərif də yəqin ki, bu səbəbdən öz gündəliyini çap etdirəndə yuxarıdakı qeydlərdən savayı digər məlumat verməmişdi. Əslində isə o, Mirzə Nəsrulla Əmirov haqqında çox məlumata malik idi və şəxsən onu yaxından tanıyırdı. Bütün bu deyilənləri nəzərə alaraq vətənpərvər, görkəmli, maarifçi və yüksək gildiyalı tacir Mirzə Nəsrulla haqqında xeyli axtarışlar apardıq. Arxivlərdə aparılan axtarışlar Əmirovlar haqqında yeni maraqlı faktları üzə çıxartdı.

Çar Rusiyasının Naxçıvan şəhəri üzrə 1832-ci il kameral təsvirindəki məlumatlardan aydın oldu ki, Əmirovlar Naxçıvanın qədim Kəngərli tayfasının yurdçu qoluna mənsubdurlar. Həmin ildəki siyahıya almada yazılıb:

Mirzə Nəsrulla Əmirəli oğlu 30 yaşında iki həyat yoldaşı qeyd edilib.

Şahsənəm 20 yaşında, Fizzəbəyim 19 yaşında.

Mirzə Nəsrullanın 1 yaşlı qızı Sarabəyimin vəfat etməsi də yazılıb.

Bu siyahıda Mirzə Nəsrullanın iki bacısının adları da göstərilib: Qızxanım (ailəli) 23 yaşında, Xədicəbəyim 15 yaşında.

Naxçıvan şəhərinin 1843-cü ildə yazılan təsvirində Mirzə Nəsrulla haqqında yenə həmin məlumatlara rast gəlinir. Burada onun yaşı 40 göstərilib. Hər iki siyahıya alınmada Əmirovların Kəngərli tayfasına mənsub olduqları qeyd edilib.

Kameral təsvirlərdə söhbət açdığımız Mirzə Nəsrulla yazımızın əvvəlində söhbət açdığımız Mirzə Nəsrulla Əmirovun babasıdır.

Digər arxiv sənədlərindən məlum olur ki, baba Mirzə Nəsrullanın Hacı Əli adlı oğlu olub. Hacı Əli ağa isə 1918-1920-ci illərdə Naxçıvanın daşnak quldurlarından müdafiə olunmasında fədakarlıq və qeyrət göstərən Mirzə Nəsrullanın atasıdır.

Axtarışlar nəticəsində tapılan bir arxiv sənədindən məlum olur ki, Mirzə Nəsrullanın 2 oğlu və 3 qızı olub. Oğlanların adları: Əli və İbrahimxəlil, qızlarının adları: Xırda, Qızxanım və Şirin.

1867-ci ilə aid olan sənəddə yazılıb ki, Mirzə Nəsrulla Əmirəli oğlu 1 il 7 ay bundan əvvəl vəfat edib.

Bu sənəddə onun Tükəzban xanım Kərbəlayi Qasım qızı adlı həyat yoldaşının olması haqqında da məlumat vardır. Bütün bu məlumatlardan aydın olur ki, Naxçıvan xanlığında yüksək mənsəb sahibi olan Əmirlər xanlığın siyasi həyatında da mühüm rol oynayıblar. Sovet hökuməti qurulana qədər, yəni 1920-ci ilin iyuluna kimi Naxçıvanın maarifinə, mədəniyyətinə və hərbi işlərinə öz şəxsi vəsaitlərini belə əsirgəməyiblər. Bu haqda bir az sonra.

Mirzə Nəsrulla Əmirovun şəxsi işini hələlik əldə edə bilməsək də, onun haqqında mühüm bir sənəd vardır. Bu sənəd Nəsrulla Mirzə Əli oğlunun III sinifli Naxçıvan şəhər məktəbini bitirməsi haqqında attestatdır. Orada 1886-cı ilin iyununda yaşının 25 olduğu qeyd edilib. Buna əsasən demək olar ki, o, 1861-ci ildə Naxçıvan şəhərində Hacı Mirzə Əlinin ailəsində doğulub. Həmin attestatda qeyd edilib ki, o, III sinifli şəhər məktəbinə 1879-cu ilin sentyabrında daxil olub.

Mirzə Nəsrulla Əmirovun sonralar harada təhsil alması hələlik məlum olmasa, sənədlərdə onun adı Naxçıvanın maarifpərvər ziyalılarının önündə yazılır. Bəzi mənbələrdə isə onun var-dövlətini elm-maarif və Naxçıvanın müdafiəsinə sərf etməsi, böyük ədib Mirzə Cəlillə, görkəmli dramaturq Hüseyn Cavidlə, görkəmli pedaqoq Rəşid bəy Əfəndiyevlə dostluq və əməkdaşlıq etməsi barədə də məlumatlar vardır. Və sənədlərdə Mirzə Nəsrulla Əmirov görkəmli pedaqoq Məhəmməd Tağı Sidqinin davamçısı kimi də göstərilir. O, Naxçıvan şəhərindəki məktəblərdə təlimin yeni üsullarla aparılmasında Tiflis maarifçiləri ilə daim əlaqə saxlayıb. Hətta yeri gələndə onlarla birlikdə dərsliklər də yazıb. Öz pulu ilə Naxçıvan şəhərində, keçmiş Puşkin küçəsində qızlar üçün məktəb tikdirib. Bununla bağlı arxiv sənədi vardır.

Mirzə Nəsrulla Əmirov zəngin tacir olmaqla bərabər, həm də əla maarifçi idi. Naxçıvanın maarif tarixində silinməz izlər qoyan Mirzə Nəsrulla həm də siyasi fəaliyyətlə məşğul olmuşdur. Qeyd edək ki, bəzi arxiv sənədlərində onun ötən əsrin əvvəllərində Naxçıvan şəhərinin starostası (başçısı) işləməsi barədə məlumatlar var. Mirzə Nəsrulla Əmirovun 1918-1920-ci illərdə Naxçıvanın daşnak erməni quldurlarından müdafiə olunmasında böyük xidmətləri var. O, müəyyən vaxtlarda Naxçıvan Milli Şurasının, Müdafiə Komitəsinin sədri vəzifəsində çalışmış və Naxçıvana göz dikən qərb dövlətlərinin, ABŞ-ın hədələrinə sinə gərmiş və Naxçıvanın müdafiəsində hərbçilərlə bir yerdə döyüşüb.

Ən çətin məqamlarda Milli Şuranın, Milli Müdafiə Komitəsinin başçılığını cəsur hərbçilər Rəhim xan və Cəfərqulu xan Naxçıvanski qardaşlarına həvalə etmişdir.

Həmin illərdə Milli Şuranın və Milli Müdafiə Komitəsinin katibi işləmiş müəllim Mirzə Bağır Əliyevin yazdığı "Qanlı günlərimiz" gündəliyində bu haqda ətraflı məlumatlar vardır.

1918-ci ilin mayın 23-də türk hərbçisi Xəlil bəyin Mirzə Nəsrulla Əmirova yazdığı məktub onun vətənpərvərliyindən söhbət açır. Məktubda deyilir: "Milli Komitə sədri Mirzə Nəsrulla Əmirov cənablarına. Məktubunuzu aldım. Həm şad oldum, həm də yaşlandım. Sizlərin millət yolunda nə cür çalışdığınızı hər kəs bildiyi kibi bən də pək əla biliyorum. Bu xususda heç mütəəssir olmayınız. Yenə də millət yolunda çalışmağınızdan fariğ olmayasınız..."

Yeri gəlmişkən, türk hərbçisi Xəlil bəyin Mirzə Nəsrullaya bir neçə məktubu var.

1918-20-ci illərdə doğma Naxçıvanımızı daşnak tör-töküntülərindən və onların havadarlarından qoruyan vətənpərvər ziyalılarımızdan biri olan Mirzə Nəsrulla haqqında Mirzə Bağır Əliyev "Qanlı günlərimiz" gündəliyində yazır: "Rəbiül əvvəl 24 (1918 sənədi miladi, 16 dekabr).

Dekabr ayının 16-da Şərur nahiyəsinə əraminə qoşununun qarşısına çıxıb müdafiədə bulunmaq üçün azim olan Naxçıvan qəza komandanı Kalbalı xan cənabları I və II bölmələr və zabitlər ilə axşam saat beşin yarısında şəhərə varid oldu. Yerli əsakir milli nəğmələr oxuya-oxuya gəlib mətanət və sürurluqla şəhər bazarlarından keçib tabor komandanı adlanan Bəhram xan cənabının imarətinin qarşısında nizam ilə səf olaraq düzəldi. Bəhram xan isə əsakirə (əskərlərə - M.Q.) düşmənə saldıqları zərbələrdən və göstərdikləri bu müvəffəqiyyətlərdən dolay təbrik və təşəkkür yetirdi. Sonra Mirzə Nəsrulla Əmirov həzrətləri əsakirin göstərdiyi rəşadət və müvəffəqiyyət barəsində gözəl bir nitq irad edib."Yaşasın qəhrəman əsgərlərimiz" sözləri ilə nitqinə xitam verdi".

Qeyd edək ki, Mirzə Nəsrulla Əmirov Naxçıvan Araz-Türk Cümhuriyyətinin yaradılmasında və fəaliyyətində əsas iştirakçılardan biri olub.

Mirzə Nəsrulla Əmirovun görkəmli pedaqoq Rəşid bəy Əfəndiyevlə sarsılmaz dostluğu onların ikisinin də Qori Müəllimlər Seminariyasında oxumalarından xəbər verir. Hətta Naxçıvanın çətin günlərində, yəni 1918-20-ci illərdə Rəşid bəy Əfəndiyev də Naxçıvana gələrək naxçıvanlılarla çiyin-çiyinə daşnaklara qarşı mübarizə aparıb. Bu haqda Mirzə Bağır Əliyevin gündəliyində maraqlı bir qeyd də var: "Naxçıvan qəzasının Şərur həvaləsinin xəritəsi Rəşid bəy Əfəndiyev, Mirzə Bağır Əliyev və Mirzə Kazım Qulubəyov tərəflərindən çəkilməyə başladı". Bu vacib tapşırıq 11, 18 avqust 1918-ci il tarixdə yerinə yetirilib.

Yəqin ki, gələcəkdə tədqiqatçılar Rəşid bəylə Mirzə Nəsrullanın birgə fəaliyyətindən ətraflı söhbət açacaqlar.

Vaxtı ilə Mirzə Nəsrullanın nəvəsi Gövhərtac xanım Naxçıvan şəhərində yaşayırdı. O, sonralar Bakıya köçmüşdü. Naxçıvan tarixində mühüm rolu olan Əmirovlar haqqında xeyli maraqlı tarixi sənədlər, məktublar, yüzə yaxın fotoşəkil qoruyub saxlamış və özünün dediyinə görə, Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivinə bağışlayıb. Gövhərtac xanım 1924-cü ildə Mirzə Nəsrulla Əmirovun oğlu Cəlilin ailəsində dünyaya göz açmışdı. Mirzə Nəsrulla Əmirovun həyat yoldaşı Səltənət xanım vəfat edəndən sonra o, ikinci dəfə ailə qurur. Nəsrulla Əmirovun ikinci həyat yoldaşı Kübra xanım Seyidova Qarabağlar kəndindən olub. O, 1972-ci ildə Naxçıvanda vəfat edib. Mirzə Nəsrullanın Cabbar, Cəlil, Kazım, Kərim adlı oğlanları və Tovuz, Tərlan adında qızları olub.

Mirzə Nəsrulla Əmirovun ikinci nikahından Xurşid, İsmət, İzzət, Nüsrət və Ülfət adlı övladlarının da adları sənədlərdə qeyd edilib.

Mirzə Nəsrulla Əmirovun oğlanları Sankt-Peterburqda və İstanbulda təhsil alıblar. Kərim Sankt-Peterburqda təhsil alıb və teleqrafçı işləyib. Mirzə Nəsrullanın böyük oğlanları Cabbar və Cəlil İstanbulda hərbi litseydə təhsil alıblar. 

Mirzə Nəsrulla Əmirov Naxçıvanda Sovet hökuməti qurulduqdan sonra da maarifçiliklə və bağçılıqla məşğul olub. Amma bu xeyirxah fədakar şəxs də bolşevik təqiblərinə, təzyiqlərinə məruz qalıb. 1934-cü ildə onu həbs ediblər. Gövhərtac xanımın dediyinə görə, Mirzə Nəsrulla Əmirovu həbs edən şəxsin familiyası Nikişov olub. NKVD-nin zirzəmilərində işgəncələrə dözməyən Mirzə Nəsrulla Əmirov elə həmin ayın iyununda həbsxanada vəfat edib. Ailəsi isə o vaxtlar təqiblərdən yaxa qurtara bilməyib. Onun Səltənət xanım ilə nikahından olan oğlanları - Cabbar, Kazım, Cəlil, Kərim və qızları - Tovuz, Tərlan da günahsız təqib olunublar. Ataları həbs olunduqdan sonra onlara Naxçıvanda yaşamağa icazə verməyiblər. Böyük oğlu Cabbar Lənkərana köçüb. Orada ticarət sistemində işləyib. 1937-ci ildə həbs edilərək Uzaq Sibirə sürgün olunub. 10 il sürgün həyatı keçirən Cabbar vətənə dönə bilməyib. Cəlil də həbs olunub. Və sonralar Qubada yaşayıb. Cabbarın isə 5 oğlu olub: Əli, Cəmşid, Cavid, Davud, Rəşid. Əli Əmirov uzun illər dövlət orqanlarında yüksək vəzifələrdə işləyib. Eyni zamanda, neftçi alim kimi elmlə də məşğul olub.

Cəmşid Əmirov isə tanınmış yazıçı idi. Onun qələmə aldığı "Sahil əməliyyatı", "Brilyant məsələsi", "Qara Volqa", "Şəhər yatarkən" adlı roman və povestləri indi də ən çox oxunan kitablardır.

Mirzə Nəsrulla Əmirovun ailəsi incəsənətə də çox böyük maraq göstərib. Onun oğulları Cabbar və Cəlil Naxçıvanda teatr tamaşalarının hazırlanmasında yaxından iştirak edib. Onlar həm də yaxşı tar çaldıqlarından Naxçıvan musiqi mühitində böyük hörmətə layiq imişlər. Gövhərtac xanımın arxivində çox maraqlı bir fotoşəkil var. Bu, Naxçıvan teatr tarixinin öyrənilməsi üçün də olduqca qiymətlidir. 1923-cü ilin 23 avqustunda "Nadir şah" pyesini tamaşaya hazırlayanlardan teatrın direktoru Heydər Muradov, artistlərdən Cabbar və Cəlil Əmirovlar, Səməd Mövləvinin birlikdə çəkdirdikləri şəkildir. Bu barədə şəklin arxasında da qeyd var.

1918-1920-ci illərdə Naxçıvanın müdafiəsində cəsurluq göstərən, Azərbaycanın və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının yaradımasında fəal iştirak edən Mirzə Nəsrulla Əmirov bu gün də çox xatırlanan, pedaqoji və siyasi fəaliyyəti dərindən öyrənilən vətənpərvər şəxsiyyətlərimizdən biridir.

 





13.02.2020    çap et  çap et