525.Az

I sinfə qəbul üzrə müsahibə mərhələsi gələn həftə başa çatacaq


 

I sinfə qəbul üzrə müsahibə mərhələsi gələn həftə başa çatacaq<b style="color:red"></b>

I sinfə qəbul üzrə müsahibə mərhələsi gələn həftə başa çatacaq.

Bu barədə APA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib.

Bu gün BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin təhsil digər dildə aparılan bölmələrində məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı müsahibə prosesi izlənilib.

BŞTİ-nin struktur bölmə rəhbərləri, valideynlər və media nümayəndələri müsahibənin gedişini yaxından izləyib, bu proseslə bağlı onları maraqlandıran suallara aydınlıq gətirilib.

Qeyd olunub ki, paytaxtdakı ümumi təhsil məktəbləri üzrə məktəbəhazırlıq qruplarının təhsil digər dildə aparılan bölmələrindəki uşaqların şifahi nitq bacarıqlarının yoxlanılması ilə bağlı 8 Müsahibə komissiyası fəaliyyət göstərir. Şifahi nitq bacarıqlarının qiymətləndirilməsinin 5 meyar üzrə (dinlədiyini anlayır, ünsiyyət qurur, öz fikrini sadə formada bildirə bilir, söz və ya söz birləşmələrinin tələffüzünü düzgün edir, özü və ailə üzvləri haqqında qısa məlumat verir) aparıldığı nəzərə çatdırılıb.

Müsahibə komissiyalarının tərkibi yüksək peşəkarlıq səviyyəsinə malik 3 nəfər müəllimdən ibarətdir. Komissiyaların fəaliyyətinə ümumi nəzarət mərkəz rəhbəri tərəfindən həyata keçirilir. Müsahibə prosesi zamanı obyektivlik və şəffaflığın tam təmin olunması üçün videoçəkiliş aparılır. Həmçinin müsahibədə valideynin və ya qanuni nümayəndənin iştirakına şərait yaradılır. Eləcə də müsahibə prosesinin vebkameralar vasitəsilə canlı izlənilməsi həyata keçirilir.

Uşağın şifahi nitq bacarıqlarının qiymətləndirilməsi komissiya üzvlərinin yazılı rəyi ilə təsdiqlənir. Yekun rəylə bağlı sualı yaranan valideynlərin müraciətinə müsahibələr başa çatdıqdan sonra videogörüntülər əsasında yenidən baxılaraq aydınlıq gətiriləcək.

Qeyd edək ki, tədris Azərbaycan dilində aparılan məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqlar elektron sistemdə avtomatik olaraq təhsil aldıqları məktəblərin I siniflərinə qəbul edilir. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, təhsil digər dildə aparılan məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqların I siniflərə qəbulu isə şifahi nitq bacarığını qiymətləndirən müsahibələrin nəticəsi əsasında aparılır. Proses uşaqların yaş və psixoloji hazırlıq səviyyəsi nəzərə alınmaqla həyata keçirilir.

 





28.02.2020    çap et  çap et