525.Az

Qadın barışmazlığının zərif təsviri - Ülviyyə Tahir Ceylan Mumoğlunun romanından yazır


 

Qadın barışmazlığının zərif təsviri - <b style="color:red">Ülviyyə Tahir Ceylan Mumoğlunun romanından yazır</b>

Əgər məndən keçmişi soruşsalar, yəqin ki, ilk ağlıma gələn atamın nənəsinin ciblərindən noğul, badam, ya da quru meyvələr çıxarması olar. Amma o qadının yarı şaqqasını xatırlayıram.

O epizodda tamlıq yoxdu. Dumana bürünmüş əncir ağacı və yarısı görünən tünd yaşıl jaketi olan yarım qol... Bəli, hamımız üçün belədi, keçmiş dağılmış pazl kimi səpələnib yaddaşımızın bucaqlarına... Bu keçmiş bəzən bizim yerimizə qərar verir, ya da qərardan çəkinir. Heyhat, biz bunu hiss etmirik. "Qadının üç yaş" dövrü bizim genetikamızdakı bu yaddaşın önə çıxmasının parlaq ifadəsidir. Bu əsərdə qadınlar vahidləşir, onlar bir vahid olaraq hərəkət edirlər. Onların həyat şəraiti və yetişdikləri mühit fərqli olsa da, qərarları və düşüncələri eynidir. Çünki fərdi yaddaşları heç bir dəyişikliyə uğramadan ötürülüb. Əsərdə bütün qadınlar passiv mübarizə içindədilər. Onlar bu mübarizəni öz nəinki qarşı tərəflə, hətta öz həmcinsləri ilə də aparırlar. Amma yenə manipulyasiyanın qadının əlində olduğunu görürük. Romanda kişilər ikinci, hətta deyərdim ki, köməkçi obrazlarda təsvir olunub. Bu isə mənim uzun illərdən bəri formalaşmış fikrimə bir daha qadın yazardan dəstəyin gəlməsi idi. Bəli, kişilər möhkəm və təhlükəsiz divarlardır, qadınlar isə o divarlara söykənmiş pərilər. O divarların çatlaması (ya da möhkənlənməsi) yenə dolayısı ilə qadın əməlinin və mübarizəsinin nəticəsi olur.

Ceylan Mumoğlunun "Qadının üç yaş dövrü" əsərini oxuyanda Pərvin Nəsirsoyun "Oğurluğun əvvəli, o da ay işığında" romanını xatırladım. Hər iki roman müəlliflərinin ilk əsəridir. Hər iki əsər qadın mübarizəsinə həsr olunub. Hər iki romanda ağrı içində olan qadınlar var və öz qüvvələrinə inanmayan bu qadınlar məsələlərin həllinin elə onlardan keçdiyini anlaya bilmirlər. Bu, iki yazıçının da təxəyyülünün məhsulu deyil. Bu, bizim hər gün üzləşdiyimiz cəmiyyətin üzvləridir. Onlar var, yaşayır və öz passiv mübarizələrinə davam edirlər. Elə bu fikirlərlə Vircinya Vulfun qadın yazıçılar haqqında dediyi sözləri xatırlayıram. O bildirir ki, qadın yazıçının ən böyük uğuru onların qadın kimi yazmasıdır. O, qarşı cinsi təqlid edəndə artıq uğursuzluğa düçar olması şübhəsizdir. Fikrimcə, Ceylan Mumoğlu bunu bacarıb. Klimtin eyniadlı əsərindən ilhamlanaraq yaradılan bu roman 3 nəsil qadın ağrılarının sintezidir. Klimtin əsərinə diqqət etdikdə orada diqqətimi bir nüans cəlb etdi (Təbii ki, mən rəsm əsərləri üzrə mütəxəssis deyiləm və bu fikrim də tamamilə subyektiv ola bilər). Təsvir olunan qadınların üzlərindəki xoşbəxtlik pilləvaridir. Qucaqda yatan körpə məsumluğuna, ana körpənin məsumluğunun xoşbəxtliyinə qərq olarkən, qoca qadın simasını gizləyir. Bu barışmazlıq və tərk olunmuşluğun rəsmidir. Eyni ilə Ceylan Mumoğlunun romanındakı qadınların barışmazlığının təsviri kimi... Bu anda əhəmiyyətli bir məsələni qeyd etmədən keçə bilməyəcəm. Bağışlama prosesində işin ilkin formatı, başlanğıcı özünü bağışlamaqdan keçir. İnsan qarşısındakını bağışladığına görə özünü bağışlamağı bacarmalıdır. Klimtin əsərinəki qoca qadın simasından utanır, halbuki illərin və təcrübənin formaladırdığı o sima utanılası üz olmamalıdır. Amma qadın yaşaya bilməyib. Həyat onun üçün uduzulmuş oyun meydançası kimidir. Və bunu xatırlamaq istəmir. Zənnimcə, romanda bu psixoloji qatları daha da dərinləşdirmək olardı. Ola bilsin, Ceylan Mumoğlu Prustvari təsvirlərdən qaçaraq, daha çox oxucunun bunu hiss etməsini düşünərək, bir növ Flober kimi davranıb. Hətta uzun təsvirlər ustadı Prust belə bunu belə əsaslandırır: "Flober "Madam Bovari"də madam Bovarinin sobaya yaxınlaşdığını yazır. Amma Flober onun üşüdüyünü yazmır". Prust bunu üslubun üstünlüyü kimi xarakterizə edir.

Romanı mütaliə edəndə, doğrusu, təəccübləndim. Çünki ilk roman olaraq belə ağır mövzuda yazmaq cəsarətini özümdə tapmazdım. Xüsusilə, Klimtin əsərindən yola çıxaraq bunu bizim qadınlarla sintez etmək, ümumiyyətlə, inanılmaz bir işdir. Bəli, qadın hər yerdə qadındır. O, Həvva kimi də, Səma və Klimtin əsərində də eynidirlər. Onlar həyata ürkək başlayıb, əksərən peşman ölürlər. Çünki əksəriyyəti həyat ağacının məhz onlardan qaynaqlandığını anlaya bilmir. Bu anlaşılmazlıq və cəsarətsizliyin fonunda ana övladını atır, övlad öz övladının həyatını cəhənnəmə çevirir və ardınca tələb olunan cəza və əfv gəlir. Bəzən prosses elə cəhənnəmdə dayanır. Qadın məhvər olduğunu ya bilmir, ya da etiraf etmək istəmir, çünki məsuliyyət o qədər xoşa gələn məsələ deyil. Ümid edirəm ki, bu roman cəmiyyətdə qadın məsələlərinə fərqli bir bucaq və işıq olacaq, qadınların  cəmiyyətimizdə fərqli bir mövqedə olduğunu izah edə biləcək.

 





28.03.2020    çap et  çap et