525.Az

“Hərdən onun üçün darıxıram” - Xəzər Süleymanlı ilə müsahibə


 

“REAL HƏYATDA KİMƏSƏ ŞEİR OXUMAĞI SEVMİRƏM”

“Hərdən onun üçün darıxıram” - <b style="color:red">Xəzər Süleymanlı ilə müsahibə </b>

Onu  çoxları tanıyır. Qısa zamanda fərqli və özünəməxsus səs tembri, şeirləri sadə, rəvan ifası ilə özünü və bədii qiraət sənətini geniş auditoriyaya, xüsusən gənclərə sevdirməyi bacardı. Çoxları onun bədii qiraət sənətinə yeni nəfəs gətirdiyini iddia edirlər.

Şeir yazmaqdan şeir deməyə necə gəldiyini və uğur sirlərini öyrənmək üçün müsahibimiz bədii qiraətçi Xəzər Süleymanlıdır:

- Xəzər, səni ilk dəfə şair kimi tanımışdıq. Şeirlərin də bəyənilirdi. Sonra isə deyəsən, şeir yazmağın daşını atıb, şeir deməyə keçdin. Nə idi səbəb?

- Uşaq olanda musiqini, xüsusən də ritmi sevirdim və çox vaxt televizorda musiqilər səslənəndə ya qazanda, ya stulda, ya da hansısa əşyada ritm tutub həmin musiqiləri müşaiyət edirdim. Sonra atam saz almışdı. Heç vaxt ağlıma gəlməzdi ki, bir gün müəllimsiz bu alətdə ifa etməyi bacararam. Atam işə gedən kimi sazı götürüb dınqıldadardım. Bir də o zaman ayıldım ki, artıq, sazda bir çox havaları ifa etməyi bacarıram. Atam bu qabiliyyətimi görüb adımı musiqi məktəbinə yazdırdı. Bir müddət tar sinfində təhsil aldım. Təəssüf ki, bu təhsilim yarımçıq qaldı. Amma yenə sazda özüm üçün ifa edirdim. Və başa düşürdüm ki, mənim mənəvi tələbatım var və bu tələbatı yalnız incəsənətə olan məhəbbətimlə ödəyə bilərəm. Yəni şeir yazmazdan əvvəl musiqi ilə məşğul idim. İndi isə qiraətlə. Ola bilər ki, bir müddət sonra başqa bir sahədə olaram. Mən sadəcə, içimdən gələni edirəm. Bu, seçim deyil, həyat tərzidir.

- Şeiri yazmaq daha asandır, ya demək?

- Bəlkə də sözüm bir az şişirdilmiş görünə bilər, ancaq şeir yazmaq prosesi olduqca məhrəmdir, müqəddəsdir. Yəni şeir yazarkən sanki məqam sahibi olursan. Allah sənə layiq olduğundan artıq dəyər verir, ucaldır. Bu, səndən asılı olan hal deyil. Şeir deyərkən isə sözləri də, səsi də, intonasiyanı da özün idarə edirsən. İstədiyin tərzdə ifadə etməyə çalışırsan. Burda əsas məsələ seçdiyin şeirin müəllifinin ruhunu duymaqdır. İki proses də asan deyil.

- İncəsənətə bu qədər marağın var idisə, niyə əvvəl mühəndis olmağı seçmişdin?

- Əslində, məqsədim heç mühəndis olmaq da deyildi. Sadəcə, universitet oxumalı idim, diplomum olmalı idi və mən də o gözəl illərimi boşuna sərf etdim. Yəni öz naşılığım və ya komplekslərim buna imkan vermədi. İndi sadəcə, təəssüflənirəm.

- Qiraətin təkcə şeirlə məhdudlaşmır, mən bilən... Başqa nələr səsləndirmisən?

- Təəssüf ki, şəraitim hələ şeirlər və kiçik mətnlər səsləndirməyə imkan verir. Böyük mətnlər- hekayələr, romanlar səsləndirmək arzum ürəyimdə qalır. Amma ümid edirəm ki, bir gün heç olmasa, ev şəraitində yaxşı səsyazma aparatlarım olacaq.

- Əgər elə bir şəraitin olsa hansı kitabları, romanları səsləndirmək istəyirsən?

- Hazırda oturub gözləmirəm ki, kimsə bu mövzuda mənə kömək etsin. Çünki bu günə qədər heç kəsin dəstəyini görməmişəm və istəməmişəm. Nə qazanmışamsa, nə etmişəmsə, öz gücümə bacarmışam. Əgər belə imkan olsaydı, əvvəlcə öz yazıçılarımızdan səsləndirərdim. Cəlil Məmmədquluzadənin hekayələrindən başlayardım, düz Pərviz Cəbrayılın "Məryəm surəsi" romanına qədər...

- Bu günlərdə Vaqif Səmədoğlunun anım tədbirləri üçün Türkiyə və Rusiyada səfərdə oldun. Bunlardan danışaq bir az. Təəssüratların necə oldu?

- Səməd Vurğun Ev Muzeyinin direktoru Nüşabə Babayeva-Vəkilovanın təşəbbüsü ilə Vaqif Səmədoğlu Mərkəzinin nəzdində Vaqif Səmədoğlu adına Poeziya Teatrı yaradılıb. Hələ ki, sevilən aktyor, qiraətçi Kamran Yunis və mən bu teatrın tərkibindəyik. Keçən ildən Səməd Vurğun Ev Muzeyində hər ay müxtəlif şairlərin yaradıcılıq gecələri keçirilirdi. Daha sonra Ankarada TÜRKSOY-un təşkilatçılığı ilə Vaqif Səmədoğluna həsr olunmuş gecəyə dəvət olunduq. Çıxışımız maraqla qarşılandı və bizi il ərzində baş tutacaq başqa tədbirə də dəvət etdilər. Yaxın günlərdə isə Rusiyanın Sankt-Peterburq və Moskva şəhərlərində yenə Vaqif Səmədoğlunun 80 illik yubileyi çərçivəsində təşkil olunmuş tədbirlərdə çıxış etdik. Təəssüratlarım çox yaxşıdır. Ən azından poeziyamızı başqa ölkələrdə də təmsil etmək qürurvericidir.

- Oralarda Azərbaycan ədəbiyyatına marağı necə gördün?

- Türkiyədə dinləyənlərin gözü dolmuşdu. Bizə yaxınlaşıb deyirdilər ki, bu günə qədər elə bilirdik, sizin dilinizi yaxşı anlamırıq, ancaq şeirləri dinlədikcə yanıldığımızı başa düşdük. Bizi ağlatdınız. Rusiyada isə dilimizi anlamasalar da, təkidlə yenə şeir oxumağımızı tələb edirdilər. Buna səbəb isə səs tembrimizin və ifa tərzimizin onlara xoş təsir etməsi idi. Sankt-Peterburqda Nüşabə xanım anlasınlar deyə, Vaqif Səmədoğludan rusca bir neçə şeir oxudu. Çox bəyəndilər. Moskvada isə orada təhsil alan tələbələrimiz gözəl çıxışlar etdilər. Ruslar telefonla çəkirdilər və deyirdilər ki, təkrar-təkrar baxacağıq.

- Çox şeirlər səsləndirmisən. Bəs sevdiyin şairlər kimlərdir?

- Klassik şairlərimizdən Füzulini, Nəsimini çox sevirəm. Sovet dövründə yaşayıb-yaratmış şairlərdən Hüseyn Cavidi, Mikayıl Müşfiqi, Əli Kərimi, Rəsul Rzanı, Bəxtiyar Vahabzadəni sevə-sevə oxuyuram. Müasirlərimiz hesab olunan şairlərdən Musa Yaqubu, Ramiz Rövşəni, Eldar Baxışı, Nəriman Həsənzadəni, Vaqif Bayatlı Odəri, Salam Sarvanı, Aqşin Yeniseyi, Aqşin Evrəni sevirəm.

- Sənin üçün oxuduğun şeirdə əsas hansı özəllik olmalıdır ki, onu səsləndirəsən?

- Şeirin səmimiyyəti... Daha doğrusu, müəllifin səmimiyyəti. Şeir var, oxuyan kimi başa düşürsən ki, müəllif bunu nəyəsə və ya kiməsə xatir özünə zorla yazdırıb. Ya da kimisə oxuyub, təsirinə düşüb, başlayıb onu yamsılamağa. Bu gün yazanların 90 faizi bu səviyyədədir. Şeir də var ki, səni yerindən tərpədir. Təkrar-təkrar oxuyub zövq alırsan.

- Bədii qiraət də bir sənətdir, hətta İncəsənət Universitetində dərs olaraq da tədris olunur. Səninsə təhsilin başqadır. Bəs hardan və kimlərdən öyrənirsən?

- Düşünürəm ki, təhsil almaq mütləq lazımdır. Mən incəsənət təhsili ala bilməmişəm, ancaq böyük sənətkarlarımızı sevə-sevə dinləyirəm, filmlərinə, tamaşalarına baxıram. Hərəsindən bir az-bir az nəsə öyrənməyə çalışıram. Məsələn, Həsən Məmmədov, Həsənağa Turabov, Şahmar Ələkbərov, Səməndər Rzayev müxtəlif vaxtlarda şeirlər, qəzəllər oxuyublar. Onları dinləmək vacibdir. Həsən Əblucu çox sevirəm. İndi isə bir qaranlıq məqam, çətinlik olan kimi Xalq artisti, gözəl aktyorumuz Məmməd Səfa müəllimə üz tuturam.

- Məmməd Səfa müəllimin əsas hansı tövsiyəsi və ya tövsiyələri “ömürlük yadımda qalar” dediklərindən olub və köməyinə çatıb?

- İnanın, o elə insan və elə sənətkardır ki, hər dediyi önəmlidir. Ən adi bir sözü belə mənim üçün çox dəyərlidir.

- Bəzi insanlar qiraət sənətini pul qazanmaq üçün vasitəyə çeviriblər. Hətta bankda hesab açıb, elan verənlər də olur, "şeirini səsləndirməyimi istəyənlər filan hesaba ödəniş etsinlər". Səndə necədir vəziyyət? Bu sənətdən qazana bilirsən?

- Mən hələ ki, sırf şeir səsləndirməklə pul qazanmamışam. Bütün şeirləri təmənnasız oxumuşam. Müraciət edənlər çox olur. Yazırlar ki, bizim şeirlərimizi pul qarşılığında səsləndirin. Amma etməmişəm. Çünki istədiyim səviyyədə olmayan şeirləri oxuya bilmərəm. Hətta pul qarşılığında belə... Əgər kimlərsə edirlərsə, halal xoşları. Sadəcə, inanmıram ki, o tip şeirləri pul qarşılığında səsləndirənlər nə vaxtsa qiraətçi kimi xatırlana...

- Bədii qiraətlə aktyorluq qohum sənətlərdir hardasa. Aktyorluqla bağlı fikrin varmı, ya da təklif olubmu?

- Bədii qiraət aktyorluğun bir parçası olsa da, aktyorluq qədər çətin və məsuliyyətli deyil. Bunu anladığım üçün hələ ki, öyrənməyə çalışıram. Müəyyən təkliflər var, ancaq hazır deyiləm. Zamanla görərik.

- Nə vaxtsa İncəsənət Universitetini oxumaq istəyərsən?

- Əslində istəyirdim. Sadəcə, şəxsi məsələlərə görə bu, mümkün olmadı. Amma fikrimdə var ki, yaxın zamanlarda aktyorluq kurslarına gedim. Daha doğrusu, yenə Məmməd Səfa müəllimdən bəhrələnəcəyəm.

- Gənc oğlan, dili şeirlə zəngin. Yəqin xanım pərəstişkarların çoxdur. Heç şeirdən tanışlıq üçün istifadə etdiyin olub?

- Qətiyyən olmayıb. Ümumiyyətlə, real həyatda kiməsə şeir oxumağı sevmirəm. Bəlkə də qəribə gələ bilər sizə, ancaq bu, doğrudan da belədir.

- Həyatındakı insan səni qısqanmır ki qadın sevənlərinə?

- Əlbəttə, qısqanır. Amma bir tərəfdən bəxtim onda gətirib ki, mənə inanır. Məncə, münasibətdə ən önəmli olan da inamdır. Mən də əlimdən gələni edirəm ki, inamını itirməyim.

- Səncə, bədii qiraət sənətini sevdirmək üçün nə etmək, hansı yenilikləri eləmək lazımdır? Bununla bağlı planların varmı?

- Qiraət sənəti artıq sevilir. Bu gün hara baxsanız, təkcə sosial şəbəkələrdə deyil, telekanallarda belə qiraətlə bağlı layihələr var. Bu, çox sevindirici haldır. Planlarım çoxdur. Maraqlı ideyalarım var. Həyata keçirtmək üçün mütləq tənbəlliyimə qalib gəlməliyəm.

- Digər qiraətçilərlə iş birliklərin olurmu, gələcəkdə daha çox birgə işlər görə bilərsinizmi?

- Dediyim kimi, Kamran Yunislə artıq uzun müddətdir eyni səhnəni bölüşürük və yəqin ki, bölüşəcəyik də. Bu yaxınlarda isə tanınmış aktyor və qiraətçi Kamran Ağabalayevlə iş birliyimiz oldu. İdeya müəllifi Nigar Vəkilova olan bir layihədə böyük şairimiz Səməd Vurğunun şeirini oxuduq. Bu layihə də davamlı olmalıdır.

- Səncə, qiraətçilər arasında niyə məşhur olan xanımlar yoxdur. Söhbət gənclərdən, yeni nəsildən gedir.

- Görünür, insanların sevgisini qazanmaq üçün təkcə şeir oxumaq kifayət etmir. Düzgün intonasiya və maraqlı səs tembri də önəmlidir.

- Və bu səs tembri ancaq kişilərdə var?

- Məsələ təkcə səs tembri deyil. Burda intonasiya və şeirə yanaşma da böyük rol oynayır. Hazırda görürük ki, kişi qiraətçilər daha aktiv və populyardırlar. Əminə Yusifqızından sonra qadınlardan heç kəs onun qədər məşhur ola bilməyib.

- Bədii qiraətçi kimi müsahibə aldığım Xəzərdən son olaraq soruşmaq istərdim ki, özünü şair kimi təqdim etsən hansı şeirinlə təqdim edərsən?

- Son dəfə yazdığım "Əlvida, Bakı!" şeirimlə... Çünki o şeirdən sonra bir daha şeir yazmadım. Belə desək, şeir yazmaqdan imtina etdim. Şeirin mövzusu da belə idi: sanki şeir yazan Xəzər içimdən ruh kimi uçub gedir. İndi bilmirəm o haralardadır, xoşbəxtdir ya yox, ancaq hərdən onun üçün darıxıram. Ümid edirəm ki, bir gün yenə görüşəcəyik... 

Bir səhər güzgüdə özünə baxıb,
Son dəfə özündən doyub gedəsən.
Bu ömrü yarımçıq əlyazma kimi
Yazı masasında qoyub gedəsən...

Şahanə MÜŞFİQ

 





29.03.2020    çap et  çap et