525.Az

"Sosial şəbəkə istifadəçilərindən bir qədər incimişəm" - Müsahibə


 

GƏNC BƏSTƏÇİ VƏ PİANOÇU LƏMAN RƏHMANLI: “SOSİAL ŞƏBƏKƏ İZLƏYİCİLƏRİ DAHA ÇOX ŞƏXSİ HƏYATIMA MARAQ GÖSTƏRƏNDƏ ÇOX MƏYUS OLURAM”

"Sosial şəbəkə istifadəçilərindən bir qədər incimişəm" -<b style="color:red"> Müsahibə</b>

Sosial şəbəkələrdə parlayanlar...

Budəfəki həmsöhbətimiz sosial şəbəkələrdə izləyicilərin maraqla qarşıladığı "Ay anam" mahnısının sözlərinin müəllifi, bəstəçisi, gənc ifaçı Ləman Rəhmanlıdır. Amma özü sosial şəbəkələr vasitəsi ilə məşhurlaşsa da, bu məkandan tam razı qalmadığını bildirdi, izləyicilərin göstərdiyi diqqətin az olmasından gileyləndi. Biz narazılığının səbəblərini soruşduq, o cavablandırdı. Oxumaq isə oxucuların öhdəsinə qalır.


“Gördüyüm işlərə verilən dəyər məni qane etmir”

- Təxminən 5 ilə yaxındır, sosial şəbəkə istifadəçisiyəm. İzləyicilər günlərlə əziyyət çəkdiyim mahnılara yox, daha çox şəxsi həyatıma maraq göstərəndə çox məyus oluram. Gördüyüm işlərə verilən dəyər məni qane etmir. Təbii ki, bu sözlər bütün izləyicilərə aid deyil. Olduqca diqqətcil və hər mahnıdakı əziyyətə dəyər verən, məni sevindirən çoxlu sayda izləyicilər də var.

- Ağlınıza gələrdimi ki, öz xınayaxdı məclisinizdə ifa etdiyiniz bu mahnınız belə qısa müddətdə məşhur olacaq?

- Sözün düzü, mahnımın o qədər izləyiciyə çatacağı, bir çox səhifələrdə paylaşılacağı ağlıma da gəlməzdi. Sadəcə, bu, mənim həssas dönəmimdə anamla olan bağlarımdan ortaya çıxan bir bəstə idi. Ata evindən ayrılmağın məndə yaratdığı qəmgin notlar mahnıda açıq hiss olunur. Ona görə də, mahnımın sevildiyini görmək məni hədsiz sevindirdi.




- Musiqi istedadınızın olduğunu kim ortaya çıxardı? Özünüz, yoxsa..?

- Əslində, bunu mən yox, anam kəşf edib. Onun dediyinə görə, hələ uşaq vaxtlarımdan boyum çatmadığı halda bibimin fortepianosunda ifa etməyə can atırmışam. Bu həvəsim səbəbindən bir az böyüyəndən sonra məni musiqi məktəbinə yazdırıblar.

- Bəs, ali təhsilinizi harda almısınız?

- Bakı Musiqi Akademiyasında instrumental ifaçılıq fakültəsinin bakalavr və magistratura pilləsi üzrə təhsil almışam. Universitet illərində Çexiyada və İspaniyada keçirilən beynəlxalq musiqi müsabiqələrində birinci yerə layiq görülmüşəm. Hazırda İncəsənət Gimnaziyasında və Bülbül adına orta ixtisas musiqi məktəbində müəllim kimi fəaliyyət göstərirəm.

"İnsanlar daha çox bayağı musiqilərə üstünlük verirlər"

- Sizə ən doğma olan bəstəniz hansıdır?

- Hər bir bəstəmin öz yeri var, ancaq mənə ən doğma olanı anam üçün yazdığım "Ay anam" mahnısıdır. O mahnını bəstələyəndə evlilik ərəfəsində olduğumdan anama qarşı çox həssas idim və hədsiz dərəcədə kövrəlmişdim.

- Bu gün simfonik əsərlər yazan bəstəkarlarımız çox azdır. Mahnı janrında yazmaq dahamı rahatdır?

- Mən deməzdim ki, mahnı janrında yazmaq asandır. Sadəcə, bu yolla dinləyicinin ürəyinə yol tapmaq daha rahatdır. Bu gün Azərbaycanda simfonik musiqiyə maraq göstərənlər həm çox azdır, həm də maraq göstərənlərin əksəriyyəti elə musiqiçilərdir. Ancaq mən deməzdim ki, simfonik janra maraq azdır. Məsələn, Bakı Musiqi Akademiyasını bitirənlər diplom işi olaraq simfonik əsər təqdim etməlidirlər. Bu janrın tarixi də çox qədimdir. Dahi Azərbaycan bəstəkarlarından bir çoxu yeni simfonik janrların da təməlini qoyublar. Fikrət Əmirovun bəstələdiyi "Şur" və "Kürdovşarı" simfonik muğamlarını buna misal göstərmək olar. Amma indiki gənclər bunlardan həm məlumatsızdır, həm də buna maraq göstərmirlər. Sözün əsl mənasında zövqlər korlanıb. Bu gün insanlar klassik musiqilərdən daha çox bayağı musiqilərə üstünlük verirlər. Bununla bağlı musiqiçilər tədbir görməlidir. Mən öz əhatəmdə olan dinləyicilərə bunu qismən aşılamağa çalışıram. Hərdən öz səhifəmdə klassik musiqiləri paylaşıram. Həmin izləyicilər buna maraq göstərir. Amma zövqləri tamamilə dəyişdirmək mövzusunda bir qədər acizəm. Çünki hərənin bir cür düşüncə tərzi var.

"Mənim yaradıcılığım" ifadəsini dilimə gətirməyi sevmirəm”

- Bəs, öz yaradıcılığınızı daha çox hansı janra aid edirsiniz?

- Özümü mahnı janrında görürəm. Açığı, "mənim yaradıcılığım" ifadəsini dilimə gətirməyi sevmirəm (gülür). Çünki həyatını bu sahəyə həsr etmiş bəstəkarlara haqsızlıq olar. Amma öz həyatımı musiqiyə həsr etmişəm. İllərdir, musiqi ilə nəfəs alıram.

- Mahnılarınızın həm sözlərini yazır, həm bəstələyir, həm də ifa edirsiniz. Hamısını biryerdə eləmək çətin deyil ki?

- Çətindir, amma həm də rahatdır. Çünki öz yazdığım sözlərə musiqini daha rahat bəstələyirəm və ifa edirəm. Ancaq yeddi notun üzərində hər dəfə fərqli musiqi bəstələmək də asan deyil.

- Həyat yoldaşınızın sənətinizə münasibəti necədir?

- İstər ailəm, istərsə də həyat yoldaşım tərəfdən hər zaman dəstək görmüşəm. Hətta həyat yoldaşım məni tanımazdan əvvəl ifalarımı tanıyıb. Dediyinə görə, "Ulduzlar" adlı ifama əməlli-başlı vurulubmuş (gülür). Hələ də telefonunun zəngində o musiqi var.




“Uşaqlıqdan Şopenə pərəstişim olub”

- Hansı bəstəkarlardan təsirlənmisiniz?

- Uşaqlıqdan klassik Polşa bəstəkarı Frederik Şopenə pərəstişim olub. Musiqi məktəbində təhsil alandan bu yana hər zaman onun əsərlərini ifa etmişəm. Azərbaycan bəstəkarlarından da çox dahiyanə əsər yazanlar var. Ancaq sırf mahnı yaradıcılığından danışsaq mən özümə Tofiq Quliyevin əsərlərini nümunə götürmüşəm. Musiqimizin banisi dahi Üzeyir Hacıbəylinin, Müslüm Maqomayevin, Qara Qarayevin, Fikrət Əmirovun adını çəkməsəm, düz olmaz... Əslində, bu siyahı saydıqca uzana bilər.

- Bir xanım mahnınızı icazəsiz ifa etmişdi deyə, aranızda anlaşılmazlıq olmuşdu. O məsələdə ortaq məxrəcə gələ bildinizmi?

- Həmin məsələ ilə bağlı çox böyük gərginlik yaşadım. Amma sonradan aydın oldu ki, ifa edən xanım rəfiqəsinin icazə aldığını zənn edib. Əslində, belə hallar çox olub, reaksiya verməmişəm. Amma bu, həyat yoldaşıma bəstələdiyim mahnı olduğu üçün bir az həssaslıq göstərmişdim.



- Bəstəkarlıq qazanc gətirən sahədir?

- Mənə görə təkcə bəstəkarlıqda yox, incəsənətin bütün növlərində fəaliyyətlər iki cür olur: qazanc və incəsənət məqsədli yönüm. Bir bəstəkar bu işlə incəsənət məqsədilə məşğul olub simfonik əsər yazırsa, ona yalnız işlərini tarixə keçirməsi maraqlıdır. Digəri mahnı janrında musiqilər bəstələyib müğənnilərlə işləyirsə, o, biznes sahəsinə xidmət edir. Bir başqası da həm qazancı, həm də sənəti düşünür və hər ikisini paralel aparır.

“Təki hər şey qaydasına düşsün, bütün xəyallarımızı gerçəkləşdirə bilək”

- Müğənnilərdən bəstələdiyiniz mahnıları almaq istəyən olub?

- Hazırda bir müğənni mahnımın üzərində işləyir. Yaxın zamanlarda bəstəmi bir müğənninin ifasında görəcəksiniz.

- Nüsrət Kəsəmənlinin şeirinə də mahnı bəstələmisiniz. Başqa müəlliflərin şeirlərinə bəstəniz varmı?

- Nüsrət Kəsəmənlinin şeirlərini sevirəm. Bir çox şeirlərinə də mahnı bəstələmişəm. Amma "Bənövşə" daha çox sevildi. Vaqif Səmədoğlunun "Yuxu" şeirinə də bəstəm var. Həmin mahnını tələbəlik illərimdə bir rəfiqəmin xahişi ilə bəstələmişəm. İlk bəstələdiyim mahnı elə o olub. Leyla Əliyevanın və öz qardaşımın şeirlərinə də mahnılar bəstələmişəm. Ümumiyyətlə, başqa müəlliflərin şeirlərinə də müraciət etməkdən çəkinmirəm.



- Yaxın gələcəkdə hansısa yeniliklər gözlənilirmi?

- Bir müddətdir, yeni mahnılar üzərində işləyirəm. Yaxın zamanlarda səhifəmdə paylaşacağam. Onu da qeyd edim ki, çoxdan ağlımda olan bir layihə var. Əgər imkan olsa, yaxın gələcəkdə "Romantik Şopen gecəsi" adlı solo konsert etməyi planlaşdırıram. Amma bunun nə vaxt, harda olacağını bilmirəm. Təki hər şey qaydasına düşsün, canımız sağ olsun və bütün xəyallarımızı tez bir zamanda gerçəkləşdirə bilək.

Günel ABBAS

 





29.03.2020    çap et  çap et