525.Az

“Tariximizi dəyişdirməyə heç kimin ixtiyarı yoxdur!” - Sərxan Bünyadzadə ilə müsahibə


 

“Tariximizi dəyişdirməyə heç kimin ixtiyarı yoxdur!” - <b style="color:red">Sərxan Bünyadzadə ilə müsahibə</b>

Müsahibimiz gənc xanəndə, IV Televiziya Muğam Müsabiqəsinin qalibi, Azərbaycan Dövlət Televiziyasının solisti Sərxan Bünyadzadədir.

Onunla musiqi dünyasından, qalibi olduğu müsabiqədən, muğamın indiki yerindən və başqa bir sıra maraqlı mətləblərdən danışdıq:

- Sərxan bəy, başlayaq muğama olan marağınızdan. Hardan yarandı bu sevgi?

- Əvvəla, bütün oxucuları salamlayıram. Muğam bizim milli irsimiz, milli dəyərimiz, keçmişimiz, tariximiz, canımız və qanımızdı. Mən elə təsəvvür edirəm ki, özünü azərbaycanlı hiss edən hər bir kəsin canında milli musiqimiz var və həmişə də var olacaq. Sualınıza gəldikdə, muğama olan həvəsim uşaq yaşlarından yaranıb. Bu da ailədə muğama, xalq mahnılarına olan sevgidən irəli gəlib. Açıq danışsam, mən özümü musiqi sahəsində təsəvvür etmirdim. Dərslərimi çox yaxşı oxuyurdum, sinfin əlaçısı idim. Ailəm də mənim peşə seçimimdə heç bir zaman qarşıma məcburiyyət qoymayıb.

- Səsinizin olmağını ilk kim kəşf etdi?

- Musiqi duyumumun, səsimin olmağını təbii ki, ilk ailəm kəşf edib, amma mənə musiqi təhsili al deyəndə etiraz etmişəm. Dediyim kimi, özümü musiqiçi kimi təsəvvür etmirdim. Düzdür, orta məktəbin keçirdiyi kütləvi tədbirlərdə, bayram konsertlərində, hətta qohum toylarında özüm öyrəndiklərimdən ifa edirdim və bu da alqışlarla qarşılanırdı. Bu, mənim xoşuma gəlirdi, ancaq musiqi təhsili almaq barədə heç düşünmürdüm. Bir gün Həsən əmimin israrı ilə Nehrəm musiqi məktəbinə getdik və o gündən mənim musiqiyə olan həvəsim daha da artdı. Muğamlarımızın, xalq mahnılarımızın dərinliyini, gözəlliyini dərk etdikcə bu işə vuruldum desək azdır. Nehrəm musiqi məktəbində mənə muğamları, xalq mahnılarını ustad xanəndə, Naxçıvan MR əməkdar artisti Hünər Əliyev öyrədirdi. Ona xüsusi salamlarımı yetirirəm. Təhsilimi sonradan Naxçıvan musiqi kollecində davat etdirdim. Orda isə ustad xanəndə, Azərbaycanın Əməkdar artisti Qurban Qasımovdan və prezident mükafatçısı Əbülfəz Məmmədlidən dərs aldım. Hamısına salamlarımı yetirir və can sağlığı arzu edirəm.

- Biz öyrəşmişik xanəndələr, adətən, çox ciddi görünüşə malik olurlar. Gənclər də həmçinin. Siz isə bütün ifalarınızda xoş təbəssümlə yadda qalırsınız. Həyatda da şən insansınız?

- Belə yadda qaldığım üçün özümü xoşbəxt sayıram, çünki ifa zamanı insanların üzündəki təbəssümü görəndə mənimçün də çox xoş olur. Bu təbəssümü mən özümə qazanc bilirəm. Həyatda isə deyib-gülən, qəmli notlardan uzaq olmağa çalışan biriyəm. Düzdür, bu, həmişə olmur, amma çətinliklərə baxmayaraq, pozitiv olmaq insanı gümrah saxlayır. Musiqiçi isə gümrah olmalıdır ki, tamaşaçıya da o rahatlığı, pozitivliyi ötürə bilsin.

- Ümumiyyətlə, Sərxan Bünyadzadə kimdir? Arzuları və xəyalları nələrdir?

- Sərxan Bünyadzadəni dostlarından, onu tanıyan insanlardan soruşsanız daha yaxşı olar, məncə (gülür). Çünki özüm də beləyəm. İnsanların sözlərindən çox etdiyi hərəkətlərə, qurduğu dostluqlara, insanlara münasibətinə baxıb qiymət verirəm. Dil yalan söyləyə bilər!

Arzular, xəyallar hər birimizin həyatında önəmli yer tutur. Arzusuz insan qurumuş bir ağaca bənzər. Gənc yaşlarımdan daim ağlımda dünya şöhrətli musiqiçi olmağı və ifa etdiyim musiqinin, fərqi yoxdur muğam, bəstəkar mahnıları böyük bir kütlə tərəfindən sevilməsini istəmişəm. Buna öz ölkəmizdə az da olsa nail olmuşam. Hədəfim dünyaya açılmaq, böyük səhnələrdə və Azərbaycan musiqisi ilə yüksək performans göstərməkdir!

- Sənətinizdə araşdırma aparmağa, yeniliklər yaratmağa cəhd edirsiniz, yoxsa ənənəyə sadiqsiniz?

- Təbii ki, muğamın öz tarixi ənənəsi var. Biz bu ənənəni heç vaxt pozmamalıyıq. Pozanlar çoxdur, təəssüf ki... Onlar bunun mahiyyətini başa düşmürlər. Xalq mahnılarımızı götürüb elə aranjiman etdirirlər ki, mahnı milliliyini itirir. Bu, bizim musiqi mədəniyyətimiz üçün çox təhlükəli haldır. Həmin "musiqiçilərə" səslənirəm! Milli musiqiyə toxunmayın! Bu, bizim tariximizdir. Tariximizi dəyişdirməyə heç kimin ixtiyarı yoxdur! Yeniliklərə gəldikdə isə daim axtarışdayam. Qulağım yeniliklərə çox həssasdır. Klassik bir əsər və ya mahnı eşidəndə beynimdə ideyalar dolub-daşır. Bundan çox zövq alıram. Hətta özüm evdə öz imkanlarımla aranjimanlar edirəm. Bu yaxınlarda bir neçəsini dinləyicilərlə bölüşəcəm.

- Mətbuatla aranız necədir?

- Bir çox sənət adamları kimi mən də mətbuatla maraqlanıram. Baş verən hadisələri, yenilikləri təqib edirəm. Amma bəzi saxta "musiqiçi"lər kimi, mətbuatda da saxta "jurnalistlər" var ki, mətbuatın nə qədər önəmli olduğunu, yalnış informasiyaların müəyyən təhlükələr doğurduğunu dərk etmirlər. Jurnalist dostlarım çoxdur, özüm də Azərbaycan Dövlət Televiziyasında solist vəzifəsində çalışıram. Mətbuatda baş verən rəsmi təsdiq olunmuş hadisələri maraqla oxuyuram.

- Özünüzü hansı muğamda tapırsınız və əksinə, hansı muğamı özünüzə, qəlbinizə uzaq hiss edirsiniz?

- Bütün muğamlar mənimçün vacib və qəlbimə yaxındır. Hər muğamın öz hissiyatı, mənası var. İnsanın özü də haldan hala düşə bilir, bu zaman düşdüyü situasiyaya uyğun muğamlar dinləməyi məsləhətdir. Məsələn, bir insan kədərlənibsə bu zaman "Cahargah" dinləyə bilməz. “Cahargah” igidlik, qəhrəmanlıq hissi aşılayır. Bu zaman "Segah", "Bayatı-şiraz" dinləsə, xoş gələr. Mən də eləcə.

- Vaxtilə muğam müsabiqəsində münsiflərin yekdil səsilə qalib olmuşdunuz. Nələr hiss edirdiniz?

- Düzdür, mən 2013-cü ildə 4-cü televiziya muğam müsabiqəsində 1-ci yerə layiq görülmüşəm. Bu, mənim həyatımın dönüş nöqtəsi idi. Çünki Naxçıvandan Bakıya bu müsabiqədə iştirak etmək üçün gəlmişdim. Ailəmə çox minnətdaram ki, onların dəstəyi ilə gəldim və hazırda Bakıda yaşayırıq. Müsabiqənin 1-ci, 2-ci turlarını uğurla keçdim. 3-cü tur, yəni final turunda 20-liyə düşəcəyimi heç təsəvvür etmirdim. Adım 20-liyin içində çəkiləndə həqiqətən inanmırdım ki, bu, mənəm?! Çox kövrəlmişdim. İnsan çəkdiyi zəhmətlərin boşa getmədiyini öz gözləri ilə görəndə əvəzedilməz bir xoşbəxtlik ortaya çıxır. Bunu sözlərlə izah etmək mümkün deyil. Və nəhayət, finalda adım 1-ci yer üçün çəkiləndə durğunluq çökdü mənə. Yəqin sevincin həddən artıq olmasından qaynaqlanırdı. Səhnəyə çıxdım, alqışlar dayanmırdı. Bütün gözlər üzərimdə idi. Xalq artisti, professor, dəyərli ustadımız Arif Babayevin əlindən birincilik kubokunu alanda öz içimdə dedim ki, "BƏLİ, MƏN BUNU BACARDIM!" Bu, çox özəl və gözəl hiss idi. Mənim Naxçıvandan Bakıya gəlib müsabiqəyə qatılmağımın yeganə səbəbi ustadım, Xalq artisti Gülyaz Məmmədova idi. Onun təşəbbüsü və dəstəyi ilə gəldim və elə onun sayəsində birincilik qazandım.

- Həm onda, həm də sonradan tanınmış xanəndələr, muğam ustaları sizin səsinizin çoxdandır axtarılan səs olduğunu deyirlər. Sizcə, fərqiniz nədir?

- Bəli, mən müsabiqənin hər bir turunda ifa etdiyim zaman münsiflər heyəti maraqla dinləyirdi. Mənim səsimi mərhum sənətkarımız, Xalq artisti Əbülfət Əliyevin səsinə bənzədirdilər, elə mən də Əbülfət Əliyevin sənətinin vurğunu idim. Onun ifalarının, demək olar, hamısını dinləyib öyrənmişdim. O qədər qulaq asırdım ki, onun muğamda, mahnıda etdiyi özünəməxsus boğazları mən də onun kimi də olmasa edirdim. Onu da deyim ki, onun etdiyi boğazlar çox çətin və hər xanəndənin edə bilməyəcəyi boğazlar sayılır. Bunu xanəndələr gözəl bilir.

- Bir neçə ay öncə Azərbaycan və digər türkdilli ölkələrin prezidentlərinin görüşündə müxtəlif sənətçilərimizlə birgə sizin də çıxışınız oldu. Hissləriniz maraqlıdır.

- Düzdür, 15 oktyabrda Bakıda türkdilli dövlətlərin əməkdaşlıq şurasının VII zirvə görüşü keçirildi. Bu münasibətlə biz Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə möhtəşəm bir konsert proqramı ilə çıxış etdik. Mən həmkarım, 3-cü televiziya muğam müsabiqəsinin qalibi Kamilə Nəbiyeva ilə "Şuşanın dağları" və "Can Özbəkistan" mahnısını ifa etdik. Onu da qeyd edim ki "Can Özbəkistan" mahnısını özbək dilində ifa etdik. Bu, bizimçün çox məsuliyyətli konsert idi. Sonda bizim ölkə başçımız cənab İlham Əliyev başda olmaqla 8 ölkə başçısı ilə xatirə şəkli çəkdirdik.

- Naxçıvanlısınız. Kiçik araşdırma bəs etdi ki, Naxçıvanın sizinlə nə qədər fəxr etdiyini öyrənək. Bu haqda nə deyə bilərsiniz?

- Əvvəla, mən Naxçıvanla fəxr edirəm. Orda doğulub boya-başa çatdığım üçün qürur duyuram. Həqiqətən, oranın verdiyi təhsil və tərbiyənin mənim həyatda Sərxan Bünyadzadə kimi formalaşmağımda əvəzsiz rolu var. Naxçıvanda gənclərə olan diqqət, milli musiqimizə olan qayğı danılmazdır. İştirak etdiyim muğam müsabiqəsinin bir həftəsi Naxçıvanda keçirildi. Bütün heyətlə orda olduq və Naxçıvan camaatının, Naxçıvan rəhbərliyinin muğamımıza, milli dəyərlimizə nə qədər həssaslıqla, diqqət və qayğıyla yanaşdığının bir daha şahidi olduq. Mən Naxçıvanla fəxr etdiyim kimi, inanıram ki Naxçıvan da mənimlə fəxr edir!

- Sizcə, muğam indi hansı pillədədir?

- Muğamımız hazırda dünya inciləri siyahısındadır. Bizim dövlətimizin muğama olan qayğısı nəticəsində muğam zirvələri fəth edib. 2008-ci ildə Azərbaycan muğamının UNESCO-nun maddi-mədəni irs siyahısına daxil edilməsi muğamın dünya səviyyəsindəki nüfuzunu daha da artırdı. Ölkədə keçirilən muğam müsabiqələri, beynəlxalq muğam festivalları muğamımızın nə qədər dəyərli bir inci olduğunun və dövlətimizin muğama göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

- Başqa janrlarda da ifa edirsiniz, bildiyimizə görə.

- Az da olsa başqa janrlara müraciət edirəm. Klassik mahnılarımızı ifa etməkdən zövq alıram. Hərdən türk mahnıları da səsləndirirəm. Bilirsiz, xanəndə təkcə muğamla kifayətlənməməlidir. Bizim musiqimiz çox genişdir. Muğamımız bir tərəfə, axı bizim bəstəkar mahnılarımız, əsərlərimiz retro mahnılarımız, romanslarımız, operalarımız var. Bunları da öyrənmək, təbliğ etmək bizim borcumuzdur.

- Nə zamansa muğamı, musiqini tədris etsəniz, tələbələrinizə ilk nəyi öyrədərsiniz?

- Tələbələrimə ilk olaraq, həyatda yaxşı insan olmağı, sadəliyə üstünlük verməyi, zövqlü musiqilər dinləməyi öyrədərdim, ondan sonra xalq mahnılarını.

- Hazırda dünyamız və ölkəmiz ağır sınaqdan keçir. Hamımız karantin rejimindəyik. Siz bu günləri necə keçirirsiniz və oxucularımıza bu haqda sözləriniz nə olardı?

- Bəli hal-hazırda ölkəmiz ağır sınaqdan keçir. Koronavirus pandemiyası səbəbindən karantin rejimi elan olunub. Təbii ki, bu, bizimçün çətin günlərdir. İnşallah ki, yaxın zamanda bu bəla ölkəmizdən sovuşub gedəcək. Mən bu günləri musiqi ilə, kitabla keçirirəm. Oxucularımızdan da bu karantin rejiminə və ÜST-ün və Nazirlər Kabineti yanında operativ qərargahın verdiyi tövsiyələrə şərtsiz əməl etmələrini xahiş edirəm. Allah xalqımızı qorusun!

Şahanə MÜŞFİQ

 





31.03.2020    çap et  çap et