525.Az

“Bizə bəxş edilən gözəlliklərə şükr etməyin tam vaxtıdır” - Sorğu


 

DÜNYANIN MÜXTƏLİF YERLƏRİNDƏ YAŞAYAN AZƏRBAYCANLI ZİYALILAR KORONAVİRUSDAN DANIŞIRLAR

“Bizə bəxş edilən gözəlliklərə şükr etməyin tam vaxtıdır” - <b style="color:red">Sorğu </b>

Ötən ilin sonlarında Çində başlayıb çox böyük sürətlə az qala dünyanın hər tərəfinə yayılan koronavirus pandemiyası məsələnin fəlsəfi mahiyyətinə varanda, əslində, insana və insanlığa çox şeyləri anlatdı.


Elmin, texnologiyanın bu qədər sürətli inkişafına nail olmuş, az qala təbiəti və dünyanı özündən asılı hala sala biləcəyinə inanan insan mikroskopla belə çətin görünəcək qədər kiçik bir virusun əlində aylardır ki, aciz vəziyyətdədir.

Virusun sürətli yayılması ilə fərqli ölkələrdə olan azərbaycanlılar, xüsusən tələbələr təcili öz vətənlərinə dönmək istədilər. Amma bir çox soydaşlarımız var ki, müxtəlif ölkələrdə özlərinə bir həyat qurublar və onlar Azərbaycana ya dönmədilər, ya da uçuşların ləğviylə əlaqədar olaraq dönə bilmədilər. Biz də onlara sualla müraciət etdik: Görəsən, nə zamansa, dünyanın bir virusun əlində aciz qalacaq qədər balaca olduğunu düşünərdikmi? Bu vəziyyət insanlığa hansı mesajı ötürür?

Cavabları təqdim edirik:

Yazıçı Orxan Aras (Almaniya): "Mən həmişə dünyanı kosmosda kiçik bir zərrə olaraq gördüm. Bütün kainatın içində biz nəyik ki? Amma insanın eqosu onu davamlı böyük və yenilməz olaraq göstərib. Əsas qəhrəman və dünyanın əfəndisi biz insanlar idik. Özümüzü hər mövzuda yaradıcı yerinə qoymuşduq. Bu səbəblə ekologiyanı da, digər canlıları da heç çəkinmədən kirlətdik, yox etdik. Kefimizə görə hər canlını kəsib yeyə bilər, meşələri yox edə bilər, dağları dümdüz edə bilərdik. Hər şey sonsuz və sərhədsiz idi. Bu virus bizə kim olduğumuzu xatırlatdı. Nə qədər aciz olduğumuzu gördük. Bir yerdən kömək gəlsin də, qurtulaq deyə düşündük. İndi evlərimiz dünyamız oldu. Vəhşi kapitalizm bir az da olsa həyatımızdan çəkildi. İnsanlıq bundan dərs alarmı deyə soruşsanız, almaz. Virus bəlası bitsin, yenə eyni eqoizminə və mənfəətçiliyinə dönəcək. Amma bu virus və bu qorxu insanların ruhunda dərin izlər buraxacaq, bu, dəqiqdir!

Şair, həkim Afaq Şıxlı (Rusiya): "İnsanlar insanlıqdan çox uzaq düşmüşdülər. İddiaları dünyadan böyük idi. Kiçik gözəgörünməz bir varlıq hər kəsə meydan oxuyaraq, maddi durumun, irqin, təriqətin fərqini yox etdi. Göydən yerə enənlərin sayı, göyə köçənlərdən daha çox oldu. Məncə təbiətə də elə bu lazımdır.

Təbiət dincəlmək istəyir, saflıq, duruluq istəyir. Göyləri bağrı dəlinməkdən, torpaqları bölünməkdən yorulub.

Bir az dayanaq, nəfəsimizi dərək və özümüzü yenidən tanıyaq!"

Yazıçı Aqşin Yenisey (Türkiyə): "Bu pandemiya publisist Dostoyevskini haqlı, yazıçı Dostoyevskini haqsız çıxardı. Publisist Dostoyevski deyirdi ki, sülh insanların mənəviyyatını korlayır. Mərdlik, vicdan, xeyirxahlıq kimi insani duyğular sülh dövründə məhv olur, zənginlik hər şeyi satın alır. Biz İtaliyanın timsalında bunu gördük. Sülh dövründə İtaliya ilə eyni ittifaqda olan ölkələr, demək olar ki, onun yanan barmağı tərəfə heç baxmadılar da. İtaliya öz yanında “kasıb və mərd” Kubanı gördü. Çox güman insanlar da belədir. 

Yazıçı Dostoyevskinin isə göylərə qaldırdığı günah anlayışı öz dəyərini itirdi, miskinləşdi. Pandemiya günahın insanı böyütmədiyini göstərdi o yarasa yeyən səfeh çinlinin obrazında. Milyonların ölümünə səbəb olan günah da bir zibil deyilmiş.

Biz bu pandemiyaya münasibətdə həm də ölümün, azadlığın, insanın Şərq və Qərb mədəniyyətlərindəki yerini bir daha gördük. Bu iki mədəniyyətin insan həyatına yüzilliklər ərzində formalaşmış potensial baxışına şahid olduq. Çin öz torpaqlarında bu pandemiyanın qarşısını, az qala, Holokost qəddarlığı ilə aldı, pandemiyanın mənbəyi olan Uhan şəhərində, sanki, “Osvensium” hərbi əsir düşərgəsinin qaydaları tətbiq olundu. Avropa isə öz insanına tanıdığı demokratik haqların güdazına getdi.

Qəribəsi odur ki, Yuval Harari, Slavoj Zizek, Kler Mari kimi filosoflar pandemiyadan sonra dünyada sosializmin mövqeyinin şiddətlənəcəyini, totalitar rejimlərin güclənəcəyini proqnozlaşdırırlar. Təvəkkül Allaha!"

Yazıçı, araşdırmaçı Şain Sinaria (Fransa): “Belə bir pritça var. Bir gün bir nəfər gəlir Buddanın yanına, deyir ki, sən müdrik adamsan, mənə həyat haqqında, insan haqqında bir fəlsəfi fikir de, məsələn, bu gün necəsən? Budda da deyir: “Səhər durmuşam, indi günortadır, bilmirəm axşama sağ çıxacam, ya yox”. Kişi deyir: “Burda təəccüblü, fəlsəfi nə var ki? Biz hamımız sənin vəziyyətindəyik də, hamı axşama sağ qalıb, qalmayacağını bilmir”. Budda deyir ki, bəli, bunu hamı bilir, bəs kim dərk edir?” Bilmək və dərk eləmək ayrıdır. Baş verən bu hadisələr göstərir ki, bu, əslində, bir nəfərə yox, elə bütün bəşəriyyətə aiddir. Yəni istənilən vaxt Yer kürəsi səhəri açıb, axşama dağılıb gedə bilər. Biz indi başa düşdük ki, insanın həyatı kimi bəşəriyyətin də həyatı tükdən asılıdır. Dünya bu qədər inkişaf edib, cibimizdəki bir balaca telefona bütün dünyanı sığdıra bilirik, Aya uçuruq, NASA Marsda həyat yaratmaq istəyir. Bu qədər böyük texnikaya, inkişafa rəğmən, gözə görünməyəcək qədər kiçik virusun qarşısında bütün dünya aciz qalıb. Hazırda bütün bəşəriyyət sudan quruya çıxmış balıq kimi çırpınır. Bunu başa düşdük ki, deməli, biz nə qədər zəif, aciz məxluqlarıq. Biz çox qudurmuşduq. Axırıncı illərə baxın, islamizm, terrorizm, Suriyadakı hadisələr, üçüncü dünya müharibəsinə işarə edən olaylar. Biz üçüncü dünya müharibəsindən qorxurduq ki, bir atom bombası atılsa bütün dünya məhv olacaq. Gördük, insanların qırılması, dünyanın aciz hala düşməsi üçün heç atoma gərək yoxmuş, bir dənə virus bəs imiş. Bu da təbiətin insanlara olan mesajıdır. Mənə elə gəlir ki, bu hadisələr planetin özünün özünü təmizləməsidir, qadınlardakı aylıq period kimi. İndi biz tarixdən danışanda “bizim eradan əvvəl” sözünü işlədirik. Vaxt gələcək ki, bu hadisələr qurtarandan sonra “koronavirusdan əvvəl, koronavirusdan sonra” ifadələrini işlədəcəyik. İndiki hadisələr bizə çox şeyləri başa salacaq. Yer kürəsi canlı məxluqdur, o da yorulmuşdu. Mən inanıram ki, bunun çox gözəl cəhətləri olacaq, daha doğrusu, indi də var. Məsələn, Parisin havasını deyək. 25 ildə mən Parisin havasını bu qədər təmiz, Parisin göylərini bu qədər mavi görməmişdim. Düzdür, çılpaqlaşıb Paris, amma küçələr nəfəs alır. Mən işimə görə hərdən evdən çıxmalı oluram, şəhrin ən məşhur yerlərindən keçəndə adama elə gəlir ki, Paris utanır. Bunun özünün də bir gözəlliyi var. İnsanlığa ötürülən mesaj da elə bu olacaq. İnsanlar bir-birini sevməlidir. Azərbaycanda “özündən muğayət ol” ifadəsi var. Fransızlarda bunun tərcüməsi var, amma onlar çox az, nadirən işlədərdilər. İndi isə burda tanıdı, tanımadı hamı bir-birinə “özündən muğayət ol” deyir. İnsanlar mehribanlaşıblar, bir-birinin qeydinə qalmağa başlayıblar. Mənə elə gəlir ki, bundan sonra da insanlar insan olduqlarını başa düşəcəklər”.   

Yazıçı, psixoloq İlqar Kamil (Rusiya): "Təcrübə göstərir ki, daha böyük bir ağrı gələndə kiçik ağrı unudulur; məsələn, başın ağrıyır, halsız-halsız uzanıb darıxırsan, qəfil zəng gəlir ki, dostun (qardaşın, əzizin) qəzaya düşüb, bu xəbərdən sonra darıxmaq qalar? Dərhal bədənin sim kimi dartılır, qalxıb qoşursan dostunun sorağına. Bir gün sonra yadına düşür ki, a kişi, axı dünən axşam mən zır-zır darıxırdım, bəs noldu? Məlum virusun bəşəriyyətə ən böyük mesajı, demək istəyirəm ki, budur:

biz əməlli-başlı xoşbəxt imişik!

Lakin deyim biləsiz, əzbərimizi pozmaq üçün gələn bəla əzbərimizi pozmayınca getməyəcək - günü-gündən möhkəmlənirəm qənaətimdə: bu virus kainatın əzbərini pozmaq üçün gəlib! Onun hesabıyla bundan sonra insanlar, məsələn, gecələr işləyib günüzlər yatmalıydı, və bu il bahar başqa cür, tamam başqa cür gəlməliydi, bəs necə! Ağaclar, tutalım, çiçəkləmədən əvvəl meyvə yetişdirməliydi üzərində, hər şey dəyişməliydi, hər şey; bağlı qapılar, dünya dağlardı bəyəm, açılaydı, açaydı insanların ürəyini? Bunca il bağlı qaldılar bəs deyil? Soyuq qış, misal üçün, nolardı ki, vəziyyəti belə görüb dərhal isti yayı verəydi qabağa: "sən buyur!" Halbuki belə olmadı, şair demiş, dünya öz işində oldu, yağış yudu, gün qurutdu yenə alapütrüm...

Adamın dili də gəlmir desin, ilahi, uzaq elə bu bəlanı üstümüzdən. Sanırsan Hatifdən nida gələcək ki, xeyir ola, nə dəyişdi, nə baş verdi, bəs bunca zəhmət boşa getsin? Axı bu hərəkatın bir missiyası vardı, astarını üzünə çevirməli, alt-üst eləməliydi mövcud nizamı və sizə göstərməliydi ki, həyatınızın altı üstündən daha alidir.

Üzdə qalmışıq, üzdə, bilirsiz, əzbərlədiyimiz 3-5 şeir var, illərdi yalnız onları təkrarlayırıq, gözümüzün qabağındakı mənzərə əsrlərdi eyni, halbuki bir geri qanrılsaq... boynumuzu burmaq üçün (əsla qırmaq üçün deyil) gəlib bu bəla, məqsədinə çatmayınca gedən deyil!"

Yazıçı Gülay Hüseynova (Türkiyə): "2020-ci ildən etibarən, yeni bir çağa qədəm qoyduğumuzu düşünürəm. Çünki, bu güzgülü rəqəm istər astrolojik, istərsə də şahidi olduğumuz hadisələrlə, bizə sözün hər mənasında yenilənmə ili olduğunu işarə edir. Hər doğumun sancılı olması kimi hər yenilənmə də bir sıra dağıntılara səbəb olub. Bütün dünya olaraq, kollektiv şəkildə böyük bir təkamül prosesindəyik. Zənnimcə, mövcud dəyərlər, doğrular və yanlışlar yenidən düşünülüb şəkillənəcək. Bu mənəvi yüksəlişlə də humanizm və mərhəmət hissimiz güclənəcək.

Digər tərəfdən, içimdə qəribə bir pərtlik və qəbullanma hissi var. Çünki biz insanlıq olaraq dünyanı çox incitdik, təbiəti küsdürdük. Mənasız iqtidar savaşları, torpaq işğalları uğrunda tökülən qanlar, törədilən cinayətlər, təcavüzlər, göz yumulan böyük haqsızlıqlar, təbiət və iqlimə vurulan zərərlər, kütləvi saxtakarlıqlar ve s.. Sanki dünyanın sebr kasası daşdı və bizi silkələmək istədi ki, özümüzə gələk. Hardan gəlib hara getdiyimizi xatırlayaq və heddimizi bilək.

Məsələyə fəlsəfi yanaşanda isə verilən mesajların sayı daha da çoxalır. Ana təbiətin bizə bəxş etdiyi gözəlliklərə şükr etməyin tam vaxtıdır. Xoşbəxt olmaq üçün bir az günəş işığı, bir qab yemək və qıvrılıb yatmaq üçün 1 metrlik yər də kifayət imiş. Bu sınaq və ya ruhsal transformasiyadan birlikdə arınıb, saflaşıb, gözəlləşmək ümidilə. Yenilənmiş dünyada hər şey təsəvvür etdiyimizdən də gözəl olacaq, inanın...



Tərcüməçi Sənəm Əliyeva (Estoniya): "Məncə, bu virus bizlərə çox mesajlar verir. Bilirsiniz, özümü filosof kimi aparmaq istəmirəm, amma adi bir insan kimi şəxsən mən bu iki həftəni özüm üçün çox məsələni götür-qoy etmişəm. Birinci və ən əsas odur ki, əlimizdə olanlar üçün təşəkkür etmədən yaşayırıq.

Hər səhər yuxudan ayılıb aydınlaşan günə başlayırıqsa, nə qədər xoşbəxt olduğumuzu dəyərləndirmirik. Bizə hər zaman xoşbəxt olmaq üçün nəsə lazımdır.

Digər tərəfdən, Tanrının bizə bəxş etdiyi sevginin qədrini bilmirik. Sevgini olduğu anlayışdan çıxarıb, bəzəkli şəklə salmışıq. Məsələn, sevə bildiyimizə xoşbəxt olmaqdansa ayrılığa bədbəxt olmağı sevənlərik biz. Sevdiyimizə, sevə bildiyinizə şükür edə bilmirik- fərq etməz özümüzü, təbiəti, sağlamlığı və ya əks cinsi. Bəşəriyyətə isə sevgi lazımdır, pozitiv enerji lazımdır. Bunlar təəssüf ki, tükənmək üzrədir.

Bəlkə də cavabım uzun və bir qədər qlobal oldu, amma düşüncələrimiz bizi idarə edir və bunu deməklə mən bir yenilik etmirəm".

Şair Səfa Rəşid (İspaniya): "Koronavirus ilk yayıldığı gündən ciddiyə alınmadı. Hazırda yaşadığım ölkədə kütləvi yayılmaqla və böyük sayda ölümlərlə nəticələnir. Dünya bu virusun əlindən qapı arxasına kilidlənib. Buna baxmayaraq, ispanlar tibb işçilərinin ağır günündə birlik nümayiş etdirirlər. Xəstəxanalarda tibbi avadanlığın çatışmaması xəstələrin müalicəsini gecikdirir. Bir sıra tanınmış şirkətlər bu yöndə öz köməklərini əsirgəmirlər. Evlərində tikiş maşını olan adi insanlar tibbi maskalar tikməklə də olsa kömək etməyə çalışırlar. İnşallah, bu ağır günləri geridə qoya bilərik düşünürəm".

Şair Elmin Həsənli (Almaniya): "Mənə elə gəlir ki, son onilliklərdə texnologiyanın, elmin bu qədər inkişafı dünyanı bir xeyli rahatlatmışdı. Son illərdə yayılan bir neçə yoluxucu xəstəliyin də qarşısı uğurla alınıb, bəşəriyyət üçün ciddi təhlükə törətmədən qarşısı alınıb. Hətta QİÇS xəstəliyi bir neçə ölkədə tamamilə məğlub edilib, İngiltərədə iki nəfər müalicə alaraq sağalıb. Xərçəng kimi ağır xəstəliklə mübarizədə xeyli nailiyyətlər əldə olunub. Futurololoqlar yaxın gələcəkdə insanın daha uzun müddət yaşayacaya biləcəyindən danışırlar. Bütün bunların fonunda "korona böhranı" bütün dünyanı bir az şoka saldı. Amma bir tərəfdən biz texnoloji inkişafın müsbət tərəflərini bu böhranda yenə də görürürük. Məsələn, internet. Məhz internetin inkişafı imkan verdi ki, insanların bir çoxu alış-verişini evdən çıxmadan edə, işini evdən - Homeoffice edərək- görə bilsin.

Koronavirusun 2002 və 2012-ci illərdə yayılan SARS və MERS növlərindən sonra mütəxəssislər peyvənd üzərində işləyirdilər. Ancaq hər iki dövrdə pandemiyanın yayılmağının qarşısı alındığına görə istər dövlətlər tərəfindən, istərsə də böyük tibb firmaları tərəfindən bu cür araşdırmalara maraq göstərilmədi. Alimlər deyir ki, əgər vaxtında Koronanın digər növlərinə qarşı peyvənd yaradılsaydı, böyük ehtimal Koronanın məhz bu yeni növüylə mübarizədə həmin peyvəndin böyük xeyri dəyə bilərdi. Burdan alınan mesaj odur ki, dövlətlər  və böyük şirkətlər (çünki epidemiyaların onlara da böyük zərəri deyir) gələcəkdə bu cür epidemiyaların qarşısının alınması üçün elmi araşdırmalara daha çox sərmayə qoymalıdırlar.

Aparılan müşahidələr göstərir ki, son həftələrdə Çinin Wuhan şəhəri və İtaliyanın şimalında hava çirkliliyi nəzərə çarpacaq qədər azalıb. Çünki karantin elan olunduğuna görə avtomobillərdən istifadə olunmur, təyyarə səyahətləri təxirə düşür, insanlar daha az istehlak etməyə başlayıblar. Nəticədə təbiətə zərər vurmağı bir az azaltmışıq. Deməli iqlim dəyişikliyi ilə mübarizədə əslində dünya real işlər görsə, müsbət dəyişikliklər əldə etmək mümkün olar".



Professor, sənətşünaslıq doktoru İlqar İmamverdiyev (Türkiyə): “İnsanoğlu Allahın şah əsəridir. "Əşrəfi-məxluqat" təbiri bütün insanlıq aləmini təmsil edənlər üçün təltif olunmuş mükafatdır. Nə yazıq ki, bu yüksək ödülü insan xilqəti dünya tarixində baş vermiş müharibələrlə, başı bir-birlərinə qarışaraq, şeytanın fitnələrinə uyaraq bu dünyanın ilahi memarı olan Ulu Tanrının nələrə qadir olduğunu unutmağa, bu dünyamızın yaradıcısının fövqəlbəşər gücünü heçə saymağa əsirlərlə çalışdılar. Allahından qorxmaq yerinə İblisdən qorxdular. 2-cinin diktəsi ilə oturub-durdular. Əksəriyyət Nəmrudları, Fironları, Hitlerləri özlərinə ilahi güc olaraq  könül dünyasına qəbul  edib, bu ülvi gözəllik məkanı olan ruh aləmini çirkləndirdilər. Allaha bəndəlik qaldı bir tərəfdə şeytanlığı, iblisliyi ürəklərinə, qəlblərinə, fikir və düşüncələrinə, mənəvi dünyasına daxil etdilər.  Ona görə də duaları saxta oldu. Allah dərgahında qəbul olunmadı. Cənnət cəhənnəmi  Məhəmməd Peyğəmbərimiz çox anlatdı  Allah tərəfindən dünyamıza aydınlıq gətirən müqəddəs kitabımız olan mübarək Quranımızda. Fəqət şeytan vəsvəsəsinə  uyaraq nə yazıq ki, gözardı etdik orada anladılan, bəni-insan üçün göstərilən haqq, iman yolunun kodeksinə.  Mənim 35 il öncə bir fikrim var idi: "İnsan bu dünyaya qonaq kimi gəlib, fəqət bir çoxları özlərini ev sahibi kimi aparırlar". Bir çoxlarımız bu dünyada qonaq olduğumuzu, Allahın bəndəsi olduğumuzu heyif ki, unutduq.  

İndi də qalmışıq çıxılmaz vəziyyətdə. Öz yanlış əməllərimizin, dünyaya olan baxışımızdakı səhvlərimizin, yanlışlıqlarımızın nəticəsidir ki cəzasını hər birimiz bu günlərdə daha çox çəkirik. Atam Cəmil Əkbər şeirlərinin bir beytində qısaca belə demişdir: "Hər kəsdənin öz baxtıdır, törətdiyi əməlləri".

İstedadlı şairimiz, məkanı cənnət olsun Bəhman Vətənoğlunun şeiri ağlıma gəldi.

Bir zaman nizamın, qurğun var idi,
Biz də dolanırdıq mağıl, a dünya!
İndi milçəklərin fildən böyükdür,
Səni tarımar ol, dağıl, a dünya!

Bir misrasında da belə deyir:

Daldalan uğursuz əsən küləkdən,
Astarı şeytandan, üzü mələkdən.  

Şeytani əməllərimizin toruna düşmüşük, indi də qalmışıq çabalaya-çabalaya. Nə tilsimli toru yırtıb, nə də düşdüyümüz sonugörünməz qaranlıq dərin quyudan qurtulub çıxa bilirik. Hey düşünürük bir yol tapa bilmirik. Çünki çıxılmaz bir labirintə şeytani  əməllərimizin nəticəsində girmişik. Mənim bir tələbə yoldaşım var idi Böyükxan Pərviz adında. Allah rəhmətinə qovuşdu. Allah ruhunu şad etsin. Bu dünyada onun bir beyti indi də ağlımdadır. Çox sevirəm bu dərin anlamlı kəlamı. Görün nə gözəl demiş:

"Əlli ilin savabıyla yuyulmaz,
Həyatında eylədiyin bir günah."  

Sidqinən edilən dualarımız bəlkə bizi xilas edə bu kələfi dolaşmış ilmədən.

Dünyamızı dolaşığa salanların, iblis əlləri ilə dünyamızı qarışdıranların əməllərinin cəzasını çəkirik hər birimiz. Bir yol qalır qəlbimizdəki şeytanları, iblisləri xəbislikləri, qısqanclıqları, paxıllıqları, kinliliyi öldürmək, Dinə-imana gəlmək, etiqada sarılaraq Rəbbinə dönmək, Allahı tanımaq.

İranın (Urmiya) Qulunçu kəndində 6 dil bilən Dədə Katib adında çox məşhur bir şairi var idi. 85 yaşında bu ustadın ziyarətinə getmişdim. Aşıqların söz repertuarında yer alan Divanisində belə deyir:

Könül nəfsi öldürməmiş, rəyazət də yalandır,
(Öncə qəlbini təmizlə, sonra Allahı zikr et)
Haram maldan ehsan olmaz, səxavət də yalandır!
Bir insanın zatında ki gər ləyaqət olmasa,
Ata, baba sultan ola, nəcabət də yalandır. 

Bir ay oruc, beş vaxt namaz, əldə təsbeh, səccadə,
Gecə-gündüz zikr edəsən, Həccə getsən piyadə,
Şeytana yüz daş atasan, qurban kəssən Minada,
Gər könüldə rəhm olmasa, ibadət də yalandır.

Cavanlara təlim eylə, böyüklərə ehtiram,
Yoxsulların halın yoxla, düşkünlərə (qoca, ahıl) ver salam,
Yaradana qulluq eylə, xalqa xidmət, vəssalam,
Əyər qəsdin şöhrət olsa, o xidmət də yalandır. 

Dədə Katip işlə, çalış, nə qədər var ixtiyar,
İşləyərsən el içində olar sənə iftixar,
Gərçi ruzi müqərrərdir, amma hərfi-aşikar,
(Allah təala hər kəsə ruzisini mütləq bəxş edir)
İşləməsən ruzi yetməz, o qismət də yalandır. 

Cızığımızdan çıxdığımız üçün başımıza indən belə çox bəlalar, müsibətlər gələ bilər. Allahım qorusun, Allahım fürsət verməsin. Heç olmasa zərərin yarısından bir an geri dönməliyik, ay insan oğlu, Günah etməməliyik, insanlığımıza qayıtmalıyıq, ay insan övladı. Şər qüvvələrin əsiri olmamalıyıq. Aydınlığa, ülviliyə çağıranların, insanlığa səsləyənlərin yolunun zəvvarları olmalıyıq. Çıxış yolu, qurtuluş yolu budur.

Əməllərimizlə, işimizlə  "Əşrəfi-məxluqat" olmağımızı Allahımız qarşısında sübut edib təsdiqləməliyik. Bunu isbat edə bilsək hər şey düzənə girər İnşaallah

Təəssüf ki bu insani, ülvi dəyərlərdən uzaq qaldığımızın finalıdır ki, dünyanın sonunu adəm oğlu yaxınlaşdırır. İnsan böyük qüvvədir, təəssüf ki, bu qüvvəsini yanlış mövqedə istifadə etdi. Bu viruslar ağlımızı başımıza gətirdi bəlkə. "Mövlam neyləsə, gözəl eylər". Bu da bir sınaqdır, Allahın sınağı. İnşallah üzü ağ çıxarıq bu imtahandan!”

Şahanə MÜŞFİQ

 





31.03.2020    çap et  çap et