525.Az

“Son vaxtlar həyat sanki öz məcrasından çıxmışdı...” - Vilayət Hacıyevlə müsahibə


 

USTAD TƏRCÜMƏÇİ VİLAYƏT HACIYEVİN BU GÜN 70 YAŞI TAMAM OLUR

“Son vaxtlar həyat sanki öz məcrasından çıxmışdı...” - <b style="color:red">Vilayət Hacıyevlə müsahibə</b>

Aprelin 1-i Azərbaycanın ustad tərcüməçisi, dəyərli ədəbiyyatşünas Vilayət Hacıyevin doğum günüdür. Builki doğum günü həm də yubiley olması ilə əlamətdardır: Vilayət müəllim 70 yaşını qeyd edir.

Danılmaz faktdır ki, Vilayət Hacıyev çağdaş tərcüməçiliyimizin canlı korifeyidir, onun bu sahədəki yaradıcılığı isə əsl məktəb səviyyəsinə yüksəlib. Almandilli ədəbiyyatın ana dilimizə ali peşəkarlıqla çevrilməsində Vilayət müəllimin müstəsna rolu var.

Vilayət Hacıyevin 70 illiyinin tamam olması, hər nə qədər narahat, qayğılı bir dönəmə təsadüf etsə belə, Azərbaycan ədəbi-ictimai mühiti üçün olduqca fərəhli hadisədir. Bu münasibətlə Vilayət müəllimi ürəkdən təbrik edir, ona möhkəm sağlamlıq, könül rahatlığı və yeni yaradıcılıq uğurları diləyir, görkəmli tərcüməçimizlə müsahibəni oxucuların diqqətinə çatdırırıq. 

- Vilayət müəllim, 70 illik yubileyinizi necə qeyd etməyi düşünmüşdünüz?

- Mən, adətən, buna cəhd etmirəm, xüsusi bir hazırlığım olmur. Həmişə dost-tanışlarım, tələbələrim nəsə təşkil edirlər. Bu il özüm istəyirdim nəsə edim. Amma karantinə görə alınmadı. Evdə oturub təbrikləri qəbul etməklə məşğulam (gülür). Ümid edirəm, bu pandemiya tezliklə aradan qalxacaq, normal həyatımıza davam edəcəyik.

- Karantin günlərindən necə faydalanırsınız?

- Məni yaxından tanıyanlar bilirlər ki, tətil günlərini əvvəlcədən, təqvimlə  müəyyənləşdirib planlar qururam. Çünki mən həmişə işləmişəm deyə, yaradıcılıqla, adətən, həftəsonu məşğul olmuşam. Amma maraqlıdır ki, nə Novruz tətilində, nə indiki vəziyyətə görə çıxdığım bir aylıq məzuniyyət günlərində əlim işə yatır. Belə vəziyyətə vaxtilə 20 Yanvar hadisələrindən sonra düşmüşdüm. Yadımdadır, Böllün “Bir təlxəyin düşüncələri” romanını tərcümə edirdim. Yarımçıq qaldı. Uzun müddət, on ildən çox tərcüməyə qayıtmadım. Ümumiyyətlə, qayıda bilmədim. İndi qorxuram, yenə o cür olsun. Özümü məcbur edirəm, amma alınmır, məndən asılı deyil. Görünür, psixoloji vəziyyətlə, dünyada hökm sürən gərginliklə bağlıdır. Ümid edirəm, keçib gedəcək.

- Söhbət tərcümədən düşmüşkən, bilmək olarmı indi hansı əsərin tərcüməsilə məşğulsunuz?

- Əlbəttə. Bayramdan bir neçə gün əvvəl gənc Avstriya-alman yazıçısı Daniel Keelmanın “Dünyanın arşını” romanını bitirib göndərdim nəşriyyata. Hazırda isə daha bir alman ədibi Mixael Kumpfmüllerin “Həyatın möhtəşəmliyi” romanı üzərində işləyirəm. Çalışıram ki, oxucularımız klassiklərlə bərabər çağdaş Almaniya ədəbiyyatı ilə də tanış olsunlar. Keelman kifayət qədər məşhur yazıçıdır. Sözügedən romanı 10 il ərzində 50-dən çox dilə çevrilib. Bir az əvvəl kitabın redaktoru zəng vurmuşdu, dedi ki, xeyli oxuyub, hələlik yaxşı gedir. Görək, sonra nə olur. Onu da deyim ki, bir qədər ağır, postmodernist mətndir. Elmi tərəfləri çoxdur. Gərək, ən azından, astrologiyadan, coğrafiyaşünaslıqdan məlumatlı olasan. Baza tələb edir oxucudan. Kumpfmüllerin əsəri isə Kafkanın ömrünün son ilindən bəhs edir. Bir hissəsini artıq tərcümə etmişəm. “Xəzər” jurnalının növbəti sayında çap olunacaq. Yəqin ki, bir neçə nömrə davam edəcək. Sonra da kitab halında çıxacaq.

- Yaradıcı insan, tərcüməçi kimi pandemiya və karantinə baxışınız maraqlıdır...

- Araşdırmalar, analizlər, məqalələr oxuyuram bu barədə. Maraqlıdır ki, sanki yüz ildən bir dünyanı silkələyən hadisələr baş verir. Hər halda bu, təbitətin qisasıdır, məncə. Son vaxtlar həyat sanki öz məcrasından çıxmışdı. Yəqin təbiət yenidən həyatın axarını öz yoluna qaytarmaq istəyir. Məncə, hazırkı vəziyyət insanların daxili aləminin dəyişməsinə kömək edəcək. Nəyisə dəyişmək, nəyisə dərk etmək üçün gərək təbiət bizi bir qədər silkələsin. Məni həmişə bu sual maraqlandırır: biz niyə bu dəhşətləri mütləq görməliyik ki, səhvimizi başa düşək? Halbuki elmin, texnologiyanın bu qədər inkişaf etdiyi bir dövrdə bunu özümüz anlamalıyıq. Tərcümə etdiyim romanda, dolayı da olsa, bu məsələyə toxunulur. Ümumiyyətlə, təbiət çalışır ki, həmişə öz axarı ilə getsin. Onun yolunu dəyişmək olmaz. Təbiətin işinə qarışmaqla nizamı pozuruq. O da bu yolla bizdən qisas alır.

- Yaşadığımız bu günləri indiyədək tərcümə etdiyiniz, ya da oxuduğunuz hansı əsərdəki ən çətin, ağır məqamla müqayisə edərdiniz?

- Mənə elə gəlir ki, ən dəhşətlisi budur. Müxtəlif dövrlərdə oxşar hallar üzə çıxsa da, indiki kimi informasiya axını olmadığından bu qədər qabardılmır, dünyanı yerindən silkələmirdi. Sən deyən xəbərdar da olmurduq. Məsələn, təxminən 100 il əvvəl ortaya çıxan ispan qripi 100 milyona yaxın tələfata səbəb olub. Amma bu rəqəmi sadəcə statistika kimi qəbul etmiş, ciddi yanaşmamışdıq. İndi-indi mahiyyətinə varırıq. Heç Azərbaycanda olub-olmadığından da xəbərsizdik. Məsələn, taunun özünü belə əsərlərdən oxuyub bilmişik.

- Remark, Böll, Hesse kimi nəhənglərdən tərcümələr etmisiniz. Bəs sizcə, ən yaxşı tərcüməniz hansıdır?

- Bu suala cavab verəndə əksərən “əsərlərim də övlad kimidir, ayrı-seçkilik etmək çətin olar” deyirlər. Mənə uğur qazandıran ilk tərcüməm Erix Maria Remarkın “Zəfər tağı” romanı olub. Mənim ilk kitab tərcüməmdir. O vaxt çox yaxşı qarşılanmışdı. Həmin dövrdə Yazıçılar İttifaqına üzv olmaq asan deyildi. O tərcüməyə görə ittifaqa üzv qəbul edildim. Ancaq maraqlıdır ki, daha çox xatırlanan, yayılan Herman Hessenin “Yalquzaq” romanıdır. Dörd dəfədən çox çap olunub. Ziyalılar da təqdir edirlər.

Sonra 2012-ci ildə Frans Kafkanın “Məhkəmə” romanını Azərbaycan dilinə tərcümə etdiyim üçün “Tofiq Bayram” mükafatı almışam. Ötən il isə orijinaldan bədii tərcümə nominasiyası üzrə Haynrix Böllün “Kişisiz ev” romanına görə, “Qızıl kəlmə”yə layiq görülmüşəm.

- Azərbaycanda tərcümənin problemləri, perspektiv barədə fikirləriniz maraqlıdır...

- Həmişə demişəm, bizdə, məsələn, ruslarda, gürcülərdə olduğu kimi tərcümə məktəbi olmayıb. Xüsusən, 2000-ci illərin əvvəllərində tərcümə bumu yaşananda da qətiyyən narahat olmadım. Çünki nəyinsə yaranması üçün çoxluq lazımdır ki, seçim imkanı olsun. Bu məsələdə optimistəm. Düzdür, orijinaldan tərcümə problemi öz aktuallığını saxlayır. Bizdə bu sahədə mütəxəssis, demək olar ki, yoxdur. Amma maraqlıdır ki, ruscadan, eləcə də ikinci dildən tərcümənin keyfiyyətində yaxşılaşma gözə çarpır. Əvvəllər kommersiya məqsədli tərcümələr daha çox idisə, indi ədəbi meyarlar əsas götürülür. Mənə elə gəlir ki, yaxşı olacaq. Özümün də əməkdaşı olduğum Dövlət Tərcümə Mərkəzində Etimad Başkeçid, Mahir Qarayev, Saday Budaqlı, Nəriman Əbdürrəhmanlı, Fərhad Abdullayev kimi tərcüməçilər toplanıb. Yazıçılar Birliyinin bu sahə ilə məşğul olan, şair Səlim Babullaoğlunun rəhbərlik etdiyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi var. Bunları nəzərə aldıqda demək olar ki, Azərbaycanda tərcümə sahəsində proses müsbətə doğru gedir. Çünki seçmək üçün mütləq ələmək lazımdır, ələmək üçünsə seçim imkanı olmalıdır.

- Gənc tərcüməçilərə münasibətiniz necədir?

- Çox yaxşı! Elə alman dilindən tərcümə edən Zaur Səttarlının, Nilufər Məmmədzadənin tərcümələri uğurludur. Azad Yaşarın, Svetlana Turanın, Seyfəddin Hüseynlinin fəaliyyətini qiymətləndirmək lazımdır. Adını çəkəcəyim çox adam var, Qabriel Qarsiya Markesin “Yüz ilin tənhalığı” əsərini tərcümə edən Günel Mövludu, eləcə də Hessenin əsərlərini çevirən Kifayət Haqverdiyevanı da nümunə göstərmək olar. Bütünlükdə gənc tərcüməçilərdən söhbət gedirsə, həmişə onların gələcəyinə inanmışam. Tövsiyə kimi onu deyə bilərəm ki, təlsəməməyə, diqqətli olmağa çalışsınlar. Tərcüməçiliyə sənət kimi yanaşılması məni çox sevindirir. Peşəkarlıqdan savayı, əsər seçimi də vacib amildir. Hər bəyənilən əsəri deyil, Azərbaycan ədəbiyyatı, mədəniyyəti üçün xüsusi dəyər kəsb edənləri tərcümə etmək lazımdır.

Tərcümə söz duyumu ilə bağlıdır. Duymaq və onu uğurlu şəkildə ifadə etmək... Burda qayda çoxdur. Amma ən əsası sözü duymaqdır.

- Sizdən daha çox hansı yöndə məsləhətlər alırlar və sizin hansı tövsiyələriniz olur?

- İşlədiyim mühitdə tərcümə sənətinin qaymaqları toplaşıb, burada kimin kimdən öyrənməyini dəqiqləşdirmək çətindir. Hamımız bir-birimizdən öyrənirik. Gnclərə tövsiyəm isə bu sənətə ciddi yanaşmaq və tələsməməkdir. Hərdən saytlarda qəribə yazılar görürəm. Sanki tələsirlər ki, imzaları görünsün, tanınsın. Əvvəla, mükəmməl tərcümə mümkün deyil. Çünki yaradan bir dəfə yaradıb. Onu ikinci dəfə təkrarlamaq olmayacaq. Bunu yalnız Allah edə bilər. Biz imkan daxilində orijinala yaxın yaratmalıyıq. Özü də dilimizin qayda-qanunları çərçivəsində. Əsas məsələ tələsməməkdir. Tələsməmək, tələsməmək, yenə də tələsməmək...

- Nə kimi yaradıcılıq planlarınız var?

- 70 yaş və planlar... (gülür) Amma var, bəzi planlarım var... Klassik alman ədəbiyyatı, necə deyərlər, yaralı yerimdir. Düzdür, müasirləri də çevirirəm, amma klassik əsərlərin tərcüməsinə xüsusi yanaşıram. Nəşriyyatdan da çox şey asılıdır. Şahbaz Xuduoğluya söz vermişəm ki, imkan olan kimi Kafkanın “Amerika” romanını tərcümə edəcəm. “Qəsr”i müəllimim Çərkəz Qurbanlı edib. Mən də “Məhkəmə”ni tərcümə etmişəm, “Amerika” qalıb... Sağlıq olsun.

Cavid QƏDİR

 





01.04.2020    çap et  çap et