525.Az

Təlim nəticələrini qiymətləndirilməsinə tarixi-nəzəri baxiş


 

Təlim nəticələrini qiymətləndirilməsinə tarixi-nəzəri baxiş<b style="color:red"></b>

Təhsil prosesinin tərkib hissələrindən biri olan qiymətləndirmə günümüzə qədər gəlib çıxanadəık keşməkeşli yollar keçib.

Qiymətləndirmənin tarixinə nəzər salsaq görərik ki, onun tarixi qədim dövrlərə qədər gedib çıxır. Mənbələrə nəzər salsaq qiymətləndirmənin tarixinin Çinə qədər gedib çıxdığını görərik.

Qeyd edək ki, ilk qiymətləndirmə Çində tətbiq olunub. Qiymətləndirmə “Çin imperiya imtahanları” adı altında ilk dəfə olaraq 587-ci ildə keçirilib. Bu imtahanlar əsasən dövlət məmuru kimi çalışmaq istəyən vətəndaşlarla bağlı tətbiq olunub. Əvvəlcə şifahi, daha sonralar isə yazılı şəkildə aparılan bu imtahanlar 1905-ci ilədək qüvvədə qalıb.

Avropada ilk dəfə yazılı imtahanlar 1792-ci ildə Kembric Universitetində keçirilib. XVIII əsrin əvvəllərindən isə digər Avropa ölkələrində də tətbiq olunmağa başlayıb. İlkin olaraq qiymətləndirmə yüksək, orta və aşağı olmaqla üç səviyyədə aparılıb. Daha sonralar qiymətləndirmədə rəqəmlərdən də istifadə olunub.

XIX əsrin əvvəllərində Rusiya təhsil sistemində ilk dəfə beş ballıq qiymətləndirmə şkalası tətbiq edilib. Bundan əvvəl isə Rusiyada fəaliyyət göstərən təhsil müəssisələrində qiymətləndirmə rəqəmlə deyil, sözlə (“əla”, “yaxşı”, “kafi” və “qeyri-kafi”) aparılıb. SSRİ Nazirlər Sovetinin 1944-cü ilin birinci yarımilində verdiyi qərardan sonra Rusiya və SSRİ məkanında fəaliyyət göstərən bütün təhsil müəssisələrində beş ballıq qiymətləndirmə sisteminin tətbiqinə başlanılıb.

Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarında kolleclərə qəbulda şagirdlərin intellektual bacarığını yoxlamaq məqsədi ilə ümumfederal testlərdən istifadə olunub . Bu testlərin tətbiqində əsas məqsəd şagirdlərin intellektual qabiliyyətinin, həmçinin konkret fənlər üzrə bilik və bacarıqlarının səviyyəsinin ölçülməsi və üzə çıxarılması idi.

Bundan başqa, Böyük Britaniya Krallığının təhsil müəssisələrində də müəllimlər tərəfindən tədris planına uyğun olaraq şagirdlərin diaqnostik və formativ qiymətləndirilməsi aparılıb. Təlim nəticələrinə müsbət təsir etmiş hər iki qiymətləndirmə Böyük Britaniya təhsil müəssisələrində bir növ hazırlıq funksiyasını yerinə yetirib. Qeyd edək ki, bu ölkədə fəaliyyət göstərən bütün təhsil müəssisələrində uşaqlara müstəqil şəkildə kitabxanalarda və laboratoriyalarda işləmək, öyrəndikləri bilikləri isə sərbəst şəkildə praktikaya tətbiq etmək bacarığı öyrədilirdi.

Daha bir Avropa ölkəsi olan Fransada qiymətləndirmə bir qədər fərqli olub. Bu ölkədə ali məktəblərə qəbulda imtahanlar tətbiq edilmirdi. Qəbul əsasən orta məktəb təhsilinin nəticələrinə görə aparılırdı.

İnkişaf etmiş Avropa ölkələrindən olan Almaniya Federativ Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində şagirdlərin bilik səviyyəsi müəllimlər tərəfindən ilboyu monitorinq vasitəsilə izlənilir və nəzarətdə saxlanılırdı. Əsasən üçüncü sinifdən başlayaraq şagirdlərin bilik, bacarıq və vərdişləri testlər vasitəsi ilə yoxlanılırdı. Bu ölkədə fəaliyyət göstərən təhsil müəssisələrində şagirdlərə əvvəlcədən fərdi qaydada olaraq bütün fənlər üzrə təlim nəticələrinin qiymətləndirilməsi nəzərdə tutulan qiymətləndirmə kartları paylanılırdı. Altı aydan bir bu kartlar məktəb rəhbərliyi tərəfindən toplanılır və şagirdlərin təlim nəticələri barəsində valideynlərə məlumat verilirdi.

Yaponiyada fəaliyyət göstərən təhsil müəssisələrinin buraxılış siniflərinə daxil olmaq üçün qəbul əsasən doqquzuncu sinifdə aparılırdı. Buna qədər isə Yaponiya təhsil müəssisələrində heç bir qəbul imtahanı və ya digər rəsmi qiymətləndirmə tətbiq olunmurdu.  Almaniyada olduğu kimi, Yaponiyada da şagirdlərin inkişafı məktəb rəhbərliyi tərəfindən fərdi qaydada izlənilir və rübbün sonunda təlimin nəticələri haqqında hər bir şagirdin valideyninə ayrıca olaraq hesabat kartları göndərilirdi.

Yaponiyadan fərqli olaraq Hollandiyada məktəblərin yüksək özünüidarə hüquqları var. Həmçinin Hollandiya təhsil müəssisələrində Milli kurikulum üzrə fənlərin tədris edilməsində və şagirdlərin qiymətləndirilməsində məktəblərə müstəqillik hüququ verilib. Qeyd edək ki, Hollandiyada ibtidai təhsildə rəsmi qiymətləndirmə tətbiq olunmamışdı. Bunun əvəzinə isə şagirdlərin nailiyyətləri formativ qiymətləndirmə vasitəsi ilə yoxlanılırdı.

Onu da qeyd etmək lazımdır ki, Hollandiyada fəaliyyət göstərən məktəblərdə təlimin keyfiyyətinin qiymətləndirilməsində əsasən CİTO təşkilatı tərəfindən hazırlanmış çoxvariantlı testlərdən də istifadə olunub. Bu testlər şagirdlərin növbəti təhsil pilləsinə keçməsində önəmli rol oynayıb.

Türkiyə Cümhuriyyətində isə daha çox formativ qiymətləndirmədən istifadə olunub. Bu ölkədə fəaliyyət göstərən məktəblərdə təhsil alan şagirdlərin təlim keyfiyyətinin monitorinqi məqsədilə türk dili, riyaziyyat və həyati bacarıqlar fənləri üzrə mütəmadi olaraq test imtahanları keçirilirdi. Bundan başqa, Türkiyədə fəaliyyət göstərən təhsil müəssisələrində ibtidai təhsildən orta təhsilə keçmək üçün yekun qiymətləndirmədən də istifadə olunur.

Azərbaycan Respublikası hazırda üç beynəlxalq qiymətləndirmə proqramına (PİSA, TİMSS və PİRLS) qoşulub. Ölkəmizdə fəaliyyət göstərən təhsil müəssisələrində şagird nailiyyətlərinin yekun qiymətləndirilməsi imtahanlar vasitəsilə həyata keçirilir. İmtahanadək isə diaqnostik, formativ və summativ qiymətləndirmə mərhələlərindən istifadə olunur.

Qeyd edək ki, Azərbaycan Respublikasının təhsil müəssisələrində şagird nailiyyətlərinin qiymətləndirilməsi hökumət tərəfindən 2006-cı ildə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli kurikulumu)” və  2009-cu ildə təsdiq olunmuş “Azərbaycan Respublikasında ümumi təhsil sistemində qiymətləndirmə Konsepsiyası” adlı sənədlərdə öz əksini tapıb.

Sonda onu qeyd edək ki, yuxarıda adlarını sadaladığımız dövlətlərin təhsil müəssisələrində qiymətləndirmə müxtəlif istiqamətlərdə aparılıb. Bütün qiymətləndirmə formalarında ilkin olaraq şagirdlərin bacarıqları müəyyənləşdirilmiş, daha sonra bütün tədris ili boyunca şagirdlərin nailiyyətləri izlənilib və sonda alınan nəticələrə uyğun olaraq yekun qiymətləndirmə aparılıb. Qiymətləndirmə vasitəsi ilə təhsil müəssisələrinin rəhbərləri məktəblərdə təlim-tərbiyə işinin səviyyəsilə bağlı, həmçinin müəllim və şagirdlərin fəaliyyəti ilə əlaqədar məlumat toplaya bilir. Toplanılmış bu məlumatların əsasında təhsil müəssisələrində təlimin keyfiyyətinin yaxşılaşdırılması üçün müvafiq qabaqlayıcı tədbirlər həyata keçirilir.

 





06.04.2020    çap et  çap et