525.Az

Qorxu - Nüşabə Məmmədli yazır


 

Qorxu - <b style="color:red">Nüşabə Məmmədli yazır</b>

Səs-küy hər tərəfi bürüdü. Əvvəlcə xəfif bir meh əsdi. Ancaq uşaqlıqdan təbiəti dərk etdiyimiz dövrdən xəfif meh insana xoş hislər, sərinlik, məhəbbət dolu ruhları oxşayan bir ətir bəxş edirdi. Bu meh isə fərqli idi – heç vaxt duymadığımız, tanış olmayan ruhun nəşəsini alan, ürəyi bulandıran bir qoxu saçırdı ətrafa. Bu cansıxıcı mehin kəsməsini, uzaqlaşmasını istəyirdim. Cəld hərəkətlə qapını, pəncərəni bağladım. Rahatlandım. Sevindim ki, bu könül bulandıran qoxudan canım qurtardı. Mehin haradan əsdiyini bilmək üçün pəncərədən bayıra baxdım. Lap uzaq - qonşu belə olmayan bir həyətdən od-alov püskürürdü.

Düşündüm, bu yanan çirkab nədirsə yanıb qurtarar, iy-qoxu da çəkilər. Amma, yox, bədheybət – heç vaxt görmədiyim canlı bir kabus kimi ətrafı öz cənginə ala-ala irəliləyirdi. Mənim də pəncərəmin önündə qara bir kölgə peyda oldu. Bu haradan çıxdı, nə baş verir? – deyə düşünməyə başladım. Kölgə gah buynuz kimi görsənirdi, gah da qəribə bir taca bənzəyirdi. Görkəmi taca bənzəsə də özü qədimi neştəri xatırladırdı. Sanki divarları, qapıları dəlib deşməyə çalışırdı. Kimin qapısı açıq idisə, çox rahat -  fürsəti əldən vermədən taca bənzətdiyim bu kabus şığıyıb, heç də gözəl görsənməyən şiş ucları ilə xirtdəkləri dəlib keçir, köksün üzərinə öz ağırlığı ilə çökür. Nəfəs yollarını qapadır, bir udum havaya möhtac qoyana qədər bağrını dəlir, ciyərini dəlmə-deşik edir. Ölüm saçan, faciə daşıyan bu kabus hər aldığı candan bir güc alaraq növbəti qurbanlarına tərəf şığıyır. Sanki götürdüyü öhdəliyi yerinə yetirmək üçün tələsirdi. Artıq uzaqdakı həyətdən qalxan alov şüaları sönmüşdür. Boz-bulanıq tüstüsü qalmışdı. Xəfif əsən meh isə küləyə -  özü də şiddətli əsən küləyə çevrilmişdi. Ancaq sağda, solda fırtına, tufan az qala yerlə-göyü birləşdirirdi. Bunu seyr etdikcə ürəyim ağzıma gəlirdi. O tufanın bizim küçəyə də gələcəyindən qorxurdum. Çox keçmədi ki, qorxduğum başıma gəldi. Şiddətli külək tufana çevrildi. Xeyli qonşumun damını, divarını başına uçurtdu. Qara kölgə, qara buluda çevrilmişdi. Hər qapını döyürdü. Bir balaca aralı qapı tapan kimi neştərini keçirirdi, aradan şığıyıb düz içəri nüfuz edirdi, sağlam vücud qoymurdu. Götürdüyü öhdəliyi artıqlaması ilə yerinə yetirmək üçün fürsət axtarırdı. Qara kabus bizim də qapımızın önündə fasilə vermədən gəzişirdi. Hər an boylanıb qapıdan, pəncərədən keçməyə dəlmə deşik axtarırdı. Amma, içimdə vahimə məni bürüsə də özümü o yerə qoymurdum. Müşahidəmdə davam edirdim. Birdən bu vahiməli, həm buynuza, həm də taca bənzəyən kölgəni qapının şüşəsinin arxasından lap yaxından gördüm. Ötkəm, kəskin səslə:

- Axı sən kimsən? – deyə soruşdum.
O isə çox da düşünmədən:
- Qorxuyam!!! – deyə boğunuq, lakin olduqca özünə güvəncli olan səslə dilləndi.
- Mən səndən qorxmuram!!! 
- Bəs qorxmursansa, qapını niyə açmırsan?
- Səndən güclü olduğumu sən və sənin havadarlarına göstərmək üçün. “Ehtiyatlı igidin anası ağlamaz” deyiblər.

Özünü “Qorxu” adalandıran ölüm kabusu tac mənim bu sözümdən əzəmətini itirdi, kiçildi, bürüşdü – bağlı qapıdan keçə bilmədiyi üçün zəiflədi. Mübarizə aparmağın mənasız olduğunu görüb, vaxt itirmədən, hələ ki, tacının itiliyini kəsərdən salan bir güc yox ikən ölüm kabusunu daşımaq üçün daha çox açıq qapılara yol aldı. Qorxu uzaqlaşsa da, hiss edirdim ki, o çox yaxındadır. Çünki onun xırıltılı, boğunuq, vahiməli səslə - mən getsəm də, arxamca ardıcıllarımı canlara vəlvələ salmaq üçün hazırlayırlar. Onlar məndən də amansız olacaqlar. Sözünün ağırlığı içimə bir ümüdsüzlük çökdürdü.  Amma gedəndə dediyi:

- Sən qapını açmadın, canını qurtardın... – sözləri qulağıma sırğa kimi taxıldı. Bildim ki, bu özünü Qorxu adlandıran taca bənzər vahimənin qarşısını almaq üçün bütün cəhdlər nə qədər ki, acizdir qapıları bağlayıb evdə qalmaq ən düzgün çıxış yoludur!!!
Onunçün də deyirəm:

- Evdə qalın!!! Evdə qalaq. Ölüm kabusundan qorunaq. Özümüzü, sevdiklərimizi, Vətəni, Torpağı qoruyaq – düşmənlərimizi sevindirməyək.


Nüşabə MƏMMƏDLİ

 





07.04.2020    çap et  çap et