525.Az

Xalq şairi Nəriman Həsənzadə: “Bu, bəşər mədəniyyətinə böyük qəsddir” - Açıqlama


 

Xalq şairi Nəriman Həsənzadə: “Bu, bəşər mədəniyyətinə böyük qəsddir” - <b style="color:red">Açıqlama </b> “Bununla bəşəriyyətə çox böyük bir cinayət ediblər. Əfsanələrdə, nağıllarda heç belə şeylər olmayıb. Nə həyatda belə şeylər görmüşdük, nə mifologiyada oxumuşduq ki, bütün planeti evə dustaq eləsinlər. Havanı bu dərəcədə zəhərləmək, insanları zəhərləmək bəşər mədəniyyətinə böyük qəsddir. İbtidai icmadan bu günə kimi bəşər tarixində necə bir inkişaf var idisə, hamısına qarşı yönəlmiş ən böyük qəsddir, cinayətdən daha betərdir”.

Bu sözləri 525.az-a açıqlamasında Xalq şairi Nəriman Həsənzadə deyib.

O, pandemiyanı insanlığa yönəlmiş cinayət adlandırıb: “Bu işdə insan əli varmı, böyük dövlətlərin oyunudurmu, bilmirəm, deyə bilmərəm. Sadəcə belə fərziyyələr irəli sürürlər. Əgər belə bir şey varsa da, ən böyük cinayətdir bu. Ən böyük müsibətdir. Bu dünya birdən-birə yaranmayıb axı. Nə qədər insanların zəhməti var. Özü də indi ilin ən gözəl vaxtıdır, təbiət oyanıb, günəş parlayır, çiçəklər açır. Həyat öz axarında davam edir, insanlar isə evə məhkum qalıblar. Təfəkkürə sığmayan işdir.

Ancaq onu da qeyd edim ki, ölkəmizin koronavirusla mübarizəsi çox təqdirəlayiqdir. Keçən gün Avstriyadan bir dostum zəng eləmişdi. Dedi ki, Azərbaycanda bu sahədə görülən işlər Avropada görülmür. Çox böyük iş gedir ölkəmizdə. Xəstəxanlar açmaq, tibbi maska fabriki istifadəyə vermək, alınan qərarlar, görülən tədbirlər çox gözəldir. Allah eləsin ki, hər şey tezliklə bitsin, bu bəla tez zamanda sovuşub getsin. Hamımız onu gözləyirik”.

N.Həsənzadə həmçinin, bu günlərdə yaradıcılığındakı yeniliklərdən də söz açdı, oxucularını sevindirəcək xəbərlər verdi:

“Bu günlər yarımçıq işlərimizi tamamlamaq, yeni yazılar yazmaq üçün də fürsət yaratdı. Doğrudur, işləyirik, amma virusla bağlı həm ölkəmizdən, həm də dünyadan gələn xəbərlər insana pis təsir edir, narahatlıq yaradır. İnsan belə şeylərə biganə qala bilməz. Bununla bərabər, mütaliəmdən qalmıram, öz kitabxanamdakı kitablardan oxuyuram. Əlimdə bir poema vardı, onu yazıb bitirdim.

Biz mərhum şair Xəlil Rza Ulutürklə birlikdə oxumuşduq, iki rəfiqəylə evlənmişdik. Çox gözəl dostluğumuz vardı. Hələ o zamanda bir poema yazmışdım və Xəlilə də oxumuşdum. O da deyirdi ki, ver çapa. Mənsə saxlamışdım, çap etdirmirdim. Sonra necə oldusa, əsər itdi, tapa bilmədim. Üstündən iyirmi ildən çox zaman keçəndən sonra bu yaxınlarda tapdım poemanı. Bu günlərdə də şərait yarandı, yenidən əl gəzdirdim, bitirdim. Poemanın adı belədir: “Gözüm o gözlərdə qaldı”. Sevinirəm ki, ürəyimi boşaltdım, rahat işləyə bildim bu əsəri”.

Xalq şairi bu günlərdə ən çox yazıçı dostları və tələbələri üçün darıxdığını bildirdi: “Biz gözümüzü yazıçılar içərisində açmışıq, bu mühitdə böyümüşük. Burda hamı bir-birinə qohum kimidir, doğmadır. İndi evdə oturmuşuq görüşə bilmirik, amma dostlar, tanışlar, qələm yoldaşlarım çox zəng edirlər, axtarırlar, hal-əhval tuturlar. İnsanlar üçün darıxıram. Milli Aviasiya Akdemiyasında dərs deyirəm, karantin bitəndən sonra ilk gedəcəyim yer də akademiya olacaq, müəllim həmkarlarım, tələbələrim üçün darıxıram. Ancaq zəngləşirik, danışırıq. Elə bir dövrdür ki, hamının vəziyyəti eynidir. Dostlar isə mütləq bir-birini axtarıb tapırlar.

Hərdən fikirləşirəm ki, bəlkə də bu vəziyyət insanları daha da yaxınlaşdıracaq, bir-birinə qarşı daha da mehriban edəcək. Bilmirəm. Amma bütün hallarda heç də xoş variant deyil. Özü də bilmirsən ki, nə vaxt bitəcək. Bunu bilən, deyən də yoxdur. Bizə tez bitməsi üçün dua etməkdən və gözləməkdən başqa bir şey qalmır”.

Şahanə MÜŞFİQ
 





08.04.2020    çap et  çap et