525.Az

İtirdik... - Aida Qafarova Rafiq Əliyevdən yazır


 

İtirdik... - <b style="color:red">Aida Qafarova Rafiq Əliyevdən yazır </b>

16 aprel 2020-ci il. Səhərimiz acı xəbərlə açıldı. Azərbaycan professional aktyor və rejissor sənətinin görkəmli nümayəndəsi, əziz dostumuz, Respublikanın Xalq artisti Rafiq Əliyevin vəfatı hamımızı məyus etdi. Allahın ona bəxş etdiyi istedadı, yiyələndiyi bilik və bacarıqları səxavətlə sərf edən sənətkar 70 illik həyat və sənət missiyasını başa vurdu.

Hələ gənclik illərindən özünə qarşı tələbkarlığı, prinsipial mövqeyi, möhkəm əqidəsi onun gələcəkdə peşəkar aktyor olacağından xəbər verirdi. Azərbaycan tamaşaçısının sevimli aktyoru Rafiq Əliyev ifa etdiyi obrazların daxili aləminə məharətlə nüfuz edərək, onları tamaşaçıya real çalarlarla təqdim edirdi. Mahir oyunu sayəsində tamaşaçı səhnədə və ya ekranda baş verən hadisəni onunla birgə yaşayırdı. Yaratdığı obrazlar dərin fəlsəfi mahiyyəti ilə seçilirdi.

O, varlığı ilə ətrafına nur saçan bir sənətkar idi. Elə bir nur ki, özündən sonra belə sədaqətlə xidmət etdiyi sənət aləmində, sevənlərinin qəlbində dərin iz qoydu. İllərlə qazandığı həyat və sənət təcrübəsi bu işığın şöləsini bir az da artırdı. Ona olan sevgi bir az da böyüdü, bir az da artdı. Sevgi nə qədər çoxaldısa,  itirmək də bir o qədər ağır oldu…

Milli mədəniyyətimiz üçün ağır itki olan bu hadisəni yaşamaq onunla birgə çalışdığımız Azərbaycan Teatr Xadimləri İttifaqının əməkdaşları üçün ikiqat çətin oldu. Ötən il tamam olan 70 yaşına bir neçə ay qalmış tale onu ağır bir sınaqla üz-üzə qoydu. Tutulduğu amansız xəstəliyin ucbatından əziz dostumuz gözlərimiz önündə anbaan əridi. Amma son dəqiqəyə qədər məğrur görünüşünü itirmədi.

Rafiq müəllim uzun illər bərabər işlədiyimiz Teatr Xadimləri İttifaqının hətta nəfəs aldığımız havasının belə qədir-qiymətini bilirdi və hamımıza bunu təlqin edirdi. Onun səmimi rəftarı, qayğıkeş münasibəti, maraqlı, bəzən ciddi və ciddi olduğu qədər də həlim, zarafatyana söhbətləri, müdrik məsləhətləri üçün çox darıxacağıq. Rafiq müəllimin hətta kimisə danlamağında da bir sevgi, bir haqq-ədalət və yalnız ona məxsus olan bir məntiq var idi.

O, insanlara sonsuz sevgi bəsləyən, sənətinə bağlı, prinsipial, həyata özünəməxsus münasibəti olan bir insan idi.

Sirr deyil ki, əksər insanlarda hər hansı bir səbəbdən ailəyə, sənətə, dostlara və ya digər insanlara münasibətdə bir boşluq yarandığı anlar olur.  Rafiq müəllimdə bu boşluq yox idi, öz məhəbbətini, diqqət və qayğısını eyni zamanda hamıya bəxş edə bilirdi:

- O, valideyn təəssübü çəkən övlad idi. Anası – mərhum Ruqiyyə xanımın qayğısına qalmaqdan xüsusi zövq alırdı. Həmişə deyirdi ki, "anam mənim yaşama səbəbimdir, onun xidmətində durmaq mənim üçün həyatı gözəlləşdirir".

- O, bacılarının tək və sevimli qardaşı idi, onların hamısına eyni zamanda, eyni dərəcədə məhəbbət bəxş etməyi bacarırdı.

- O, gözəl ailə başçısı, qayğıkeş ata, mehriban baba idi. Ailə üzvlərinə, xüsusən nəvələrinə böyük sevgi bəsləyirdi.

- O, dostluğu bacaran, qiymətləndirən insan idi. Onunla dostluq edənlər bunu daha yaxşı bilirlər.

- O, mükəmməl sənətkar idi, ürəyi sənətlə döyünür, ruhu yalnız sənət aləmində rahatlıq tapırdı. 

- O, təcrübəli pedaqoq idi. Sənətə olan sevgisini ağlı, əqidəsi və inamı ilə birləşdirərək topladığı həyat və sənət təcrübəsini gənclərə öyrətməkdən həzz alırdı.

- Və ən nəhayət o, həyat eşqi ilə dolu olan, yaşamağı çox sevən bir insan idi…

Təəssüf ki, bu gün bütün bu keyfiyyətlər onun haqqında keçmiş zamanda səslənir. 70 illik coşğun, mənalı bir sənətkar ömrü yaşayan Rafiq Əliyev bütün bu keyfiyyətləri ilə haqq dünyasına qovuşdu. Onun işıqlı xatirəsi sevənlərinin qəlbində məğrur görünüşlü, sadə, xeyirxah bir insan, Azərbaycan mədəniyyətinə vicdanla xidmət edən bir sənətkar kimi yaşayacaq. Allah rəhmət eləsin.

Azərbaycan Teatr Xadimləri İttifaqı adından       

Aida QAFAROVA
İttifaqın məsul katibi





 





18.04.2020    çap et  çap et