525.Az

"Təbriz namusu"ndakı Çingiz xan: fateh-hökmdara yazıçı baxışı


 

"Təbriz namusu"ndakı Çingiz xan: <b style="color:red">fateh-hökmdara yazıçı baxışı</b>

Görkəmli yazıçı, dəyərli tarixi romanlar müəllifi Fərman Kərimzadənin 60-cı illər Azərbaycan ədəbi nəsrində özünəməxsus nasir dəsti-xətti var.


Ədib "Təbriz namusu" romanında tarixi hadisə və obrazları bədiiliklə yaratmış, onun imkanlarından yararlanaraq "Təbriz namusu" kimi möhtəşəm roman ərsəyə gəlmişdi. Romanda orta əsrlər tarixinə güzgü tutan yazıçı Azərbaycanda Elxanilər hakimiyyəti qurmuş monqol sülaləsi dövrünü və hökmdarlarının hakimiyyətini tarixi qaynaqlara dayanaraq təsvir edir. Yazıçı üçün tarixi hadisələrin təsvirində əsas mənbə tarixçi, Elxanilər dövlətinin baş vəziri olmuş Fəzlullah Rəşidəddinin orta əsrlər tarixi ədəbiyyatının ən mühüm əsərlərindən biri kimi özündə mühüm ensiklopedik məlumatları əks etdirən tarixçi Fəzlullah Rəşidəddinin "Tarixlər toplusu" ("Came ət-təvarix") əsəridir. Xoca Rəşidəddinin bu kitabının sözügedən tarixi dövrün öyrənilməsində əvəzsiz əhəmiyyətini yazıçı romanda bədii obrazın dili ilə, Şeyx Səfiyyədinin Əbu Səidlə söhbəti əsnasında ifadə edir: "Çingiz xan ölkələr tutub, böyük, ucsuz-bucaqsız bir səltənət yaradıb. Hər şey keçmişə getdikcə, nəsillər dəyişdikcə yaddaşlar korlanır. Bütün işlər yaddan çıxır. O kitab isə əbədiyyət yaddaşıdır. Dünya durduqca o kitab duracaq və nəslinizi bütün nəsillərə tanıdacaq".


Bu tarixi əsərdən bəhrələnən yazıçı forma aydınlığı, dil və üslub zənginliyi ilə seçilən "Təbriz namusu" romanında Azərbaycanda orta əsr Hülakülər dövrünü və böyük sərkərdə, dünya cahangiri Çingiz xanla bağlı hadisələri təsvir edir.


Əsərdə cərəyan edən hadisələr iki xətt üzrə öz əksini tapır. Zaman baxımından uzaq olsa da, bu hadisələr məzmun etibarilə bir-birilə uyğunluq içərisində, yazıçı məharəti sayəsində əlaqəli şəkildə təsvir edilib.


Romanda Çingiz xanın həyatının müəyyən dönəmləri, onun hökmranlığı qələmə alınıb. Ədib Elxanilər dövlətinin ümumi mənzərəsini sonuncu hökmdar Sultan Əbu Səid Bahadur xanın hakimiyyəti dövrünün timsalında təsvir edib, onun dövlət valiləri ilə münasibətlərini qələmə alıb. Baş vəzir, tarixçi Fəzlullah Rəşidəddinin vəsiyyətnaməsi əsərə daxil edilib. Çoxobrazlı süjetə malik olan əsərdə tarixi mənbələrə əsaslanan hadisələr Hülakülər dövrünün ictimai-siyasi, coğrafi mənzərəsi haqqında geniş təsəvvür yaradır. Xarəzmşah Cəlaləddin, Əbu-Səid, Teymur Məlik, Əmir Çoban kimi tarixi şəxsiyyətlərin yaddaqalan obrazları romanda bədii ustalıqla verilib.


Tarixi roman orta əsrlər Şərqinin böyük fatehi, dünya cahangiri Çingiz xan obrazının xarakterik xüsusiyyətlərini, döyüşlərini, müharibə taktikasını əks etdirir. Cahan tarixinin ən önəmli səhifələrini yazmış sərkərdənin əsərdə hərtərəfli bədii obrazı yaradılıb, onun tarixi prototipi dolğun şəkildə təsvir edilib. Dünya hərb tarixində möhtəşəm döyüşkənliyi və bənzərsizliyi ilə yeni bir səhifə yaradan, misilsiz və əzəmətli hərbi qabiliyyətə malik olan Çingiz xan tarixin yetişdirdiyi, əsrlərdən bəri yaşayan şəxsiyyət, böyük sərkərdə olub. Çingiz xan hərbi dühalığı, inadlı mübarizəsi, hünəri və zəkası sayəsində dövrünün ən qüdrətli və güclü monqol ordusunu yaradıb. Onun apardığı müharibələr illərlə çəkmiş, ancaq Çingiz xan ağlı və qılıncı ilə yeni torpaqlar fəth etməyi, adını tarixə yazdırmağı bacarıb. O, apardığı zəfər yürüşləri ilə dünyanın ən geniş ərazi fəth etmiş fatehi kimi cahan tarixində bütöv bir fəsil və dövr əmələ gətirdi. Monqol hücumlarına məruz qalmış ölkələrin tarixində bu dövr dərin iz buraxmış, onların tarixinin ayrılmaz bir hissəsinə çevrilmişdi. XVI əsr tarixçisi, Qızıl Orda sarayının katibi olmuş Ötəmiş Hacı Çingiz xan və onun hakimiyyətdə olan monqol sülaləsindən bəhs edən, çağatayca qələmə alınan "Çingiznamə" əsərində yazırdı ki, Çingiz xan bir tərəfi Bağdad, bir tərəfi Hindistan və bir tərəfi Dəşti Qıpçaq, İdil çayı olan elləri fəth etdi. Bu vilayətləri dörd (beş) oğluna pay verdi.


Yüksək idarəçilik və strateji qabiliyyəti sayəsində bir birinin ardınca qələbələr qazanmış, XIII əsrdə Şərqlə-Qərb kimi iki sivilizasiya qütbləri arasında güclü təşkilata malik Monqol dövlətini yaradan Çingiz xan nəinki tarixdə, həmçinin, bədii ədəbiyyatda bir obraz kimi özünəməxsus yer tutur. Ç.Aytmatovun "Çingiz xanın ağ buludu" povestində, C.Menin "Çingizxan" tarixi romanında, H.Ötəmişin "Çingiznamə" və bu kimi çox sayda bədii əsərdə Çingiz xanın tarixi obrazı yaradılıb.


F.Kərimzadə "Təbriz namusu" romanında həm tarixi mənbələrin gözü, həm də bədii təxəyyülü vasitəsilə Çingiz xan obrazını böyük hökmdar kimi canlandırıb. Romanda nəql olunan hadisələr tamamilə tarixlə səsləşir, Çingiz xanın bir sərkərdə,  hökmdar kimi yetişib formalaşdığı tarixi şərait təsvir edilir.


Əsərdə Çingiz xan obrazının təsviri ardıcıl bədii dillə "Bir ovuc qan" adlı hissənin nəql olunması ilə başlayır. Hökmdarın obrazı tarixi hadisələr fonunda təbii inkişafda Teymurçindən Çingiz xana doğru həyatı, hakimiyyəti, yürüşləri və ömrünün son gününə qədər əsərdə öz əksini tapır. Monqol tayfası tay-çiutların rəhbəri Yesugey Bahadır xanın oğlu və sonralar dünyada orta əsrin ən qüdrətli hökmdarı, adı çəkilən hər yeri lərzəyə gətirən Çingiz xan kimi tarixə adını yazdırmış böyük sərkərdə və dövlət xadiminin əsl adı Teymurçin olub. Teymurçin adının mənasına əsərdə açıqlıq gətirilir. Yesugey döyüşdə məğlub etdiyi tatar tayfa başçısı Teymurçin-Ugenin adını belə əlindən almaq üçün oğluna monqolcadan "Çin dəmiri" anlamına gələn Teymurçin adını verir. Müəllif əsərdə yaratdığı Çingiz xan obrazının təsvirinə bu sözlərlə başlayır: "İllər ötəcək, o, böyüyüb hakimiyyəti ələ alacaq, dünyada çox qan tökəcək və o zaman onu daha bir təzə adla Çingiz xan deyib çağıracaqdılar. O vaxta hələ çox vardı..."


Əsərdə Yesugey Bahadırın oğlu Teymurçinin doğulduğu hissənin nəqli üçün "Bir ovuc qan" başlığının seçilməsi təsadüfi deyildir. Şaman Teymurçinin dünyaya ovcu dolu qanla gəlməsini ilahi nişanə kimi yozur və sözügedən hadisə haqqında XIII əsrə aid qədim monqol ədəbiyyatının ən qiymətli tarixi xəzinəsi sayılan "Monqolların gizli tarixi" əsərində də bəhs olunur: "...Onan çayı yanındakı Deligün-boldaxda iqamət etdikləri zaman tam orada Çingis-kağan dünyaya gəldi. O, doğularkən sağ əlində saqqa (sümüyü) böyüklüyündə laxtalanmış qan tutmuşdu". Romanın tarixlə səsləşməsi bu məqamda da görülməkdədir.


Bəşər tarixində yeni-yeni ərazilər fəth etmək uğrunda qanlı müharibələr aparmış Çingiz xan tarixdə işğalçı, qəddar bir hökmdar kimi xatırlanmaqla bərabər, həm də özündən sonra yaddaşlarda dünya fatehi, bir cahangir kimi yaddaqalan obraz yaratmışdı. Romanda hökmdarın obrazını öz xarakterik xüsusiyyətləri ilə qələmə alan müəllif cərəyan edən hadisələr fonunda onun mənəvi-psixoloji aləmini aydın cizgilərlə əks etdirib. Çingiz xan tarixdə əsirlikdən hakimiyyətə gəlmiş, erkən yaşından iti zəka sahibi kimi seçilmişdi. O, səriştəsiz davranmağın yalnız məğlubiyyətlə nəticələnəcəyini anlayır və bu hadisələr fonunda onun əsərdə soyuqqanlı obrazı yaradılır.


Çingiz xanın sözündən dönməzliyi, qətiyyətli cəhətləri onun əsərdə yaddaqalan obrazını yaratmağa imkan verib. Merkit tayfasının hökmdarının dilindən müəllif onun obrazını aydın xarakterizə edir: "...Çingiz xan kinli idi, çox kinli idi, ona olunan pisliyi də, yaxşılığı da yaddan çıxarmırdı".


Çingiz xan obrazı mərdliyi və ləyaqəti qiymətləndirir, könüllü itaət edənləri bağışlayır, onların hakimiyyətlərinə, sərvət və dinlərinə toxunmur. Yazıçı sərkərdənin bu xarakterik xüsusiyyətini əsərdə göstərdiyi hadisə fonunda işıqlandırır. Tarixi obrazın bu cəhəti Çingiz xanla Xarəzmşah Cəlaləddinin döyüşündə açıq ifadəsini tapır. Bütün Mavəraünnəhrdəki şəhərlər Çingiz xanın itaəti altında olsa da, hökmdara tabe olmaq istəməyən təkcə Sultan Məhəmmədin oğlu Cəlaləddin olmuşdu. Sultan Cəlaləddin sona qədər mübarizə apararaq təslim olmur, döyüş meydanında mərdliyi və qorxmazlığı ilə nəinki monqol döyüşçülərini, Çingiz xanı və onun oğullarını böyük heyrətə salır. Müəllifin dilindən deyildiyi kimi, böyük hökmdar bu şücaətdən dəhşətə gəlmiş və "Atanın oğlu bax belə olar!" sözləriylə heyrətini gizlətməmişdi. Məhz bu xarakterindən qaynaqlanaraq Çingiz xan monqol döyüşçülərinə Sultan Cəlaləddini təqib etməməyi əmr edərək, bahadırda igidliyə, mərdliyə dəyər verdiyini göstərmiş olur. Yazıçı Çingiz xan obrazını bu əhvalatın nəqlində daha da yüksəldir və fikrini "Bəlkə də o, Cəlaləddinin bu hərəkətini əvvəlcə öz gözləri ilə görsəydi, heç bu ölkəyə basqın eləməzdi" ifadəsi ilə tamamlayır. Müəllif bu məqamın Çingiz xan üzərində qoyduğu təsiri tam dolğunluğu ilə oxucuya çatdırmaq üçün əsərin sonunda bir daha xatırlatma verir.


Çingiz xan obrazının digər bir xarakterik xüsusiyyətinin əsərdə bəhsi keçən əhvalatda üzə çıxması diqqətəlayiqdir. Hökmdarın Qarait tayfasının başçısı olmuş Onxanla görüşü, ona sahib çıxması, xeyrinə kopçur vergisi təyin etməsi, Onxanın bir neçə ilə artıq hökmdara çevrilməsi Çingiz xanın keçmişinə, atası Yesugey Bahadırın əmanətinə sadiqliyinin bir nümunəsi kimi başa düşüləndir.


Hökmdar müqavimət göstərməyən, təslim olan şəhərlərin dağıdılmaması əmrini vermiş, əksinə, bu şəhərlərdə elm və mədəniyyətin himayə olunmasına diqqət yetirmişdi. Əsərdə möhtəşəm Buxaranın qapıları xanın üzünə açılır, yazıçı bu məqamda Çingiz xan obrazının başqa bir tərəfini onun dini inancını ifadəli sözlərlə oxucuya çatdırır. Çingiz xan öz tanrısına inanır, ona dua edir. Amma məsciddə şərab içilməsindən, Quranın məhv edilməsindən çəkinmir. Əsərdə obrazın dilindən Allaha yaxınlığı ifadə olunur, ancaq eyni zamanda, o, fitrətindəki qəddar xarakterini də öz nitqində ortaya qoyur: "Ey adamlar, bilin ki, siz çox böyük günahlar işlətmisiniz. Mən bu sözü niyə deyirəm? Ona görə ki, mən Allah bəlasıyam! Əgər siz günah işlətməsəydiniz, yolunuzdan çıxmasaydınız, böyük Allah da məni sizin canınıza bəla göndərməzdi".


Hökmdarın romanda yaradılmış obrazı nəql edilən hadisələrdə onun qəddar, zülmkar, yanlışları bağışlamayan, qəzəbli xarakterini başqa bir hadisənin təsvirində ortaya qoyur. O, intiqam almaq üçün Sultan Cəlaləddinin ölüm xəbərini anasına verərkən bundan zərrə qədər də peşmanlıq duymur, əksinə, öz qələbəsini təntənəli sözlərlə ifadə edir: "Mən gedirəm. Oğlun ölüb, ölkəniz qan dənizinə dönüb. Ağla, nə qədər ağlayırsan..."


Əsərdəki bədii obrazın xarakterinin prinsipial tərəfləri cərəyan edən hadisələr fonunda öz dolğun əksini tapır. Hökmdarın nəvəsi, Cığatayın öldürüldüyü xəbəri xana yetişdikdə o, intiqam almaq məqsədi ilə qalasını talamadan məhv etdirir. Qəzəbli hökmdar qərar verir ki, qalanın yerində gərək heç vaxt insan yaşamasın. Yazıçı səlis və axıcı üslubu ilə əsərdə Çingiz xanın xarakterini bütün xüsusiyyətləriylə ortaya qoyur. Çingiz xanın Xarəzmşah Məhəmmədə yazdığı məktub onun bədii obrazının başqa tərəflərini özündə cəmləşdirən bir vasitə kimi dəyərləndirilir. Xan ona fəxri ləqəblərini yazmadan müraciət etməyi məsləhət bilir, "mənim üçün siz doğma oğlum və yaxşı müsəlmansınız" - deyə məktubu tamamlayır.


Romanda hökmdarla bağlı vaqe edən son əhvalat çox təsirli bədii təsvirlə yekunlaşır. Düzə toplanmış Tanqut xalqına divan tutulur, dünyaya ovcunda qanla gələn böyük fateh, dünyadan köçəndə də qan içində gedir.


Lamiyə NƏSİROVA
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Azərbaycan-Asiya ədəbi əlaqələri" şöbəsinin əməkdaşı 

 





15.05.2020    çap et  çap et