525.Az

Tayvan lideri: “Çinin “Bir ölkə, iki sistem” təklifini qəbul etməyəcəyik”


 

Tayvan lideri: “Çinin “Bir ölkə, iki sistem” təklifini qəbul etməyəcəyik”<b style="color:red"></b>

“Tayvan “Bir ölkə, iki sistem” muxtariyyət təklifi ilə Çinin bir hissəsi olmağı qəbul edə bilməz”.

APA-nın “France 24” telekanalına istinadən verdiyi xəbərə görə, bunu Tayvan Prezidenti Tsay İnven ikinci müddətə prezident seçildikdən sonra keçirilən andiçmə mərasimindən sonra çıxışında deyib.

O bildirib ki, Tayvan və Çin arasındakı münasibətlər tarixi dönüş nöqtəsinə çatıb: “Uzun müddət birlikdə yaşamaq, antaqonizmin güclənməsinin qarşısını almaq üçün bir yolun tapılması hər iki tərəfin borcudur. Burada sülh, paritet, demokratiya və dialoq sözlərini bir daha təkrar etmək istəyirəm. Pekinin Tayvanı çökdürmək və strateji status-kvonu pozmaq üçün “Bir ölkə, iki sistem” təklifini qəbul etməyəcəyik”.

Tsay İnvenin sözlərinə görə, sülh və stabilliyi saxlamaq üçün Tayvan çox səylər göstərib: “Biz bu səyləri davam etdirəcəyik. Çinlə dialoqa girməyə, regional təhlükəsizliyə daha konkret töhfələr verməyə hazırıq”.

Prezidentin baş müşaviri Yao Çiaven vurğulayıb ki, Tayvan hər zaman Çinlə münasibət qurmağa hazırdır, lakin Çinin Tayvana güzəşt etməsi ehtimalı azdır: “Növbəti dörd ildə əlaqələrin yaxşılaşması üçün şans azdır”.

Çin Xarici İşlər Nazirliyi (XİN) isə “Bir ölkə, iki sistem” təklifinə sadiq qalacaqlarını və Tayvanın müstəqil separatçı fəaliyyətlərinə imkan verməyəcəklərini bəyan edib.

“Yenidən birləşmə qaçılmazdır. Bizdə milli suverenliyi və ərazi bütövlüyünü qorumaq üçün kifayət qədər möhkəm iradə və tam etimad var”, - deyə XİN-dən bildirilib.

 





20.05.2020    çap et  çap et