525.Az

"Mənim məxsusi şeir "qarderobum" var" - Müsahibə


 

GƏNC QİRAƏTÇİ ELVİNA DÜNYAMALIYEVA: "ŞEİR DEYƏRKƏN PAFOSDAN MÜMKÜN QƏDƏR UZAQLAŞIB, HƏQİQİ DUYĞULAR ÖTÜRMƏYƏ ÇALIŞIRAM"

"Mənim məxsusi şeir "qarderobum" var" - <b style="color:red">Müsahibə </b>

Azərbaycanda bədii qiraət sahəsində inkişaf müşahidə olunsa da, bu sənətin təmsilçilərinin çoxu kişilərdir. Qadınlar şeir söyləməkdə, nə səbəbdənsə, bir az arxa planda qalırlar. Amma onların arasında da bu sahədə seçilənlər, adını tanıtdırmağı bacaranlar var. Gənc qiraətçi Elvina Dünyamalıyeva (Rafiyeva) kimi...


Elvina xanımın, adətən, səsini tanıyırlar. Sosial şəbəkələrdə qiraətləri geniş yayılsa da, özünü şəxsən tanıyan insan azdır.


Bu müsahibədə onunla söhbətləşərək oxucularımıza səsindən, ifalarından tanıdıqları Elvinanı daha yaxından tanıtmaq istədik. Söhbətimizə keçməzdən öncə müsahibimizi qısa şəkildə öz dilindən tanıyaq:
 

- Mən sosial şəbəkələrdə də özüm haqqında, demək olar ki, heç bir məlumat yerləşdirməmişəm. Çünki şəxsi özəlliklərimlə deyil, ifa etdiyim şeirlərlə, seçimlərimlə önə çıxmağa çalışıram. Bundan sonra da bu, dəyişməyəcək. Ona görə də özüm haqqında o qədər də məlumat verməmişəm.


1993-cü ildə Quba rayonunda anadan olmuşam, ailəliyəm, orta təhsilliyəm. Əsas marağım, sevgim poeziyayadır. Şeir səsləndirməyi çox sevirəm. 


- Nə vaxtdan şeir deməyə başlamısınız? Qiraətçilik nə zamandan marağınızı çəkib?


- Təxminən, beş ildir ki, şeir deyirəm. Ta uşaqlığımdan şeir mütaliəsini çox sevirdim. Özü də şeiri bir dəfə oxumaqla yetinmirdim. Onu dəfələrlə oxuyaraq hər dəfəsində daha da dərinliklərinə getməyi, hər misrasını, hər sözünü hiss etməyi sevirdim. Bir şeiri dəfələrlə, ta ki, şeirdə nə deyildiyini, şairin nəyi vurğulamaq istədiyini anlayana qədər oxuyurdum. Hər şeir deyil, amma bəzi şeirlər olurdu ki, onun dərinliklərinə endikcə heyrətlənirdim. Bu, məni çox həyəcanlandırırdı və belə bir istək yaranırdı ki, özümün bu şeirdə duyduqlarımı, anladıqlarımı, hiss etdiklərimi ətrafımdakılara da izah edim, şairin demək istədiklərini onlar da başa düşsünlər. Çünki sirr deyil ki, çoxu şeiri sadəcə bir dəfə üzdən oxuyaraq keçir, geriyə isə ilkin təəssürat və anladıqları bir-iki misradan başqa heç nə qalmır. Buna görə də qərara gəldim ki, bir özümü yoxlayım, bəlkə alınar. Beləcə başladım sevdiyim, seçdiyim şeirləri ifa etməyə.


- Qiraətçi bir növ şairlə dinləyici arasında körpüdür, əlaqələndiricidir. Sizcə, şairin hisslərini nə dərəcədə ötürə bilirsiniz dinləyicilərə?


- Bunu nə dərəcədə bacardığımı dinləyicilər deyə bilər. Ancaq xoş sözlər, razılıq bildirən rəylər çox alıram, eşidirəm. Bu da yəqin onu göstərir ki, müəyyən dərəcədə də olsa, bunu bacarıram. Mənə elə gəlir ki, kifayət qədər anlaşıqlı şəkildə şeiri dinləyiciyə ötürə bilirəm. Əgər belə olmasa, qətiyyən o ifamı paylaşmaram. Çünki özüm də bir dinləyici kimi çox tələbkaram. Əgər qiraət məni duyğulandırmırsa, o şeirin hissini mənə ötürə bilmirsə, onu bir də heç vaxt dinləmirəm. Eyni zamanda, özüm də istəyirəm və çalışıram ki, ifa etdiyim şeirlərdə söhbətin nədən getdiyini, duyğunun şiddətini qarşımdakına, məni dinləyənə hiss etdirə, anlada bilim. Öz ifalarımı təbii ki, öncə özüm dinləyirəm, hətta dəfələrlə. Əgər özüm o hissi alıramsa, sonra paylaşıram. Buna sözün əsl mənasında hədsiz diqqət edirəm.


- Hansı qiraətçiləri sevirsiniz, kimlərdən öyrənirsiniz?


- Azərbaycanda tanınmış qiraətçilər çoxdur. Onları əvvəllər dinləsəm də, qiraətçiliyə maraq salandan və özümdə də ifa etmək istəyi yaranandan sonra daha çox öyrənmək məqsədiylə dinləməyə başladım. Xalq artisti Əminə Yusifqızı, Əməkdar artist Ağalar Bayramov, gənclərdən Xəzər Süleymanlı və başqalarını dinləyirəm. Bu sənətkarlardan Ağalar müəllimi xüsusi qeyd etməliyəm. Çünki onun ifalarını dəfələrlə dinləyirdim. Onun ifası mənə daha çox yaxın gəlirdi, sanki şeir onun səsiylə ürəyimə işləyirdi. Onu dinləyə-dinləyə özümü də yoxlamaq istədim.


- İncəsənətə marağınız necədir? Qiraət aktyorluqla sıx bağlı sənətdir. İncəsənət Universiteti oxumaq istərdinizmi? Yoxsa təhsil elə də rol oynamır istedad varsa?


- İncəsənətə sevgim elə şeirlə başlayıb deyə bilərəm. İncəsənət dedikdə gözümün önündə istedadlı insanlar canlanır. Nə vaxtsa o adlar arasında, kiçik də olsa, bir yer tutmaq ehtimalı belə məni həyəcanlandırır. Qismət olarsa, planlarım arasında bunun təhsilini almaq da var. Sözsüz ki, təhsil böyük rol oynayır.Təhsil və istedad bir araya gələrsə, möhtəşəm işlər görmək qaçılmazdır.


- İlk qiraət etdiyiniz şeirlə hələlik son qiraətiniz arasında hansı fərqləri sezirsiniz?


- İlk qiraətimlə bugünkülər arasında çox böyük fərqlər var. Çünki insan hər bir işə başlarkən öncə o işdə müəyyən qüsurları, büdrəmələri olur. Bunlar da zamanla və təcrübəylə öz yerini tutur. Zaman keçdikcə cilalanıb parıldamağa başlayırsan. O zaman axınında mən də nələrisə azaltdım, nələrisə çoxaltdım, nələrisə ümumiyyətlə, çıxartdım və sonda istədiyim ifaya gəlib çatdım. Bəlkə bu gün də hansısa səhvlərim var, müəyyən şeylər çatışmır, amma bu o demək deyil ki, sondur. Çünki həmişə öyrənirik və öyrəndiklərimizi tətbiq etdikcə daha yaxşı işlər ərsəyə gəlir. Gələcəkdə də belə olacaq.


- Bu sənətdə, adətən, kişilər daha çox məşhurdurlar. Səbəbi barədə nə düşünürsünüz?


- Bilirsiniz, xanımlar onsuz da kişilərə nisbətən daha duyğusal olurlar və onların ifaları şeirdən daha çox hüznə, üzüntüyə çevrilir. Bu da bir az artıq pafosa səbəb olur. İlk başlarda mən də bu problemi çox yaşadım. Həmin vaxt özümlə mücadilə dönəmim idi ki, bunu bir kənara atmağa çalışır, əslində, gərəkdiyi kimi ifa etməyə səy göstərirdim. Ümumiyyətlə, hər zaman çalışıram, şeir deyərkən pafosdan mümkün qədər uzaqlaşım, saxta hisslər yox, həqiqi duyğular ötürüm. Mənə bununla bağlı müraciət edən xanım həmkarlarıma da bildirmişəm ki, əgər siz o şeiri hiss etməsəniz, misralar, fikirlər sizi duyğulandırmasa, alınmayacaq, saxtalıq dərhal hiss olunacaq. Fikrimcə, xanımların bu sahədə kişilərə nisbətən uğursuzluğunun əsas səbəbi məhz budur.


- Şeir seçiminiz necə olur?


- Bu, bir az qəribə prosesdir. Məsələn, mənim məxsusi şeir "qarderobum" var. Şeirləri toplu şəkildə bir yerdə saxlayıram və vaxt gəldiyi zaman onları ifa edirəm. Vaxt gəldiyi zaman deyəndə nəyi nəzərdə tuturam? Tutaq ki, bir yerdə bir fon musiqisi eşidirəm, o an ağlıma “qarderobumdakı” şeirlərdən biri gəlir və deyirəm ki, aha, bax, həmin şeir bu fon musiqisiylə üst-üstə düşsə, möhtəşəm bir iş alınacaq. Beləliklə, qərar verirəm ki, bu gün ifa edəcəyim şeir budur.


- Gənc şairlərin də şeirlərinə müraciət edirsiniz. Onların özlərindən şeir təklif edənlər olurmu? Ya da belə deyək, dostluq xətrinə şeirini oxuduqlarınız olubmu?


- Bəli, gənc şairlərdən müraciət edənlər olur. Lakin mən onlara da bildirirəm ki, əgər o şeirə öz istədiyimi qata bilməsəm, onu ifa etməyəcəm. O şeiri götürürəm, alınacaqsa, ifa edirəm, yox, alınmayacaqsa, müəllifə bildirirəm ki, bunu ifa edə bilməyəcəm, gərək üzürlü sayasınız.


- Ən çox sevərək, daha böyük hiss və həyəcanla oxuduğunuz hansı şeir olub və nə səbəbə?






- Xalq şairi Ramiz Rövşənin "Qədrimi bilmədi bu adam mənim" şeirini ifa edərkən, həqiqətən, çox duyğulanmışdım. Bir qadın olaraq, bir insan kimi çox təsir etmişdi o şeir mənə. Elə ifamda da xoş reaksiyaya səbəb olmuş, çox maraqla qarşılanmış, insanlar tərəfindən də sevilmişdi. Bütün ifa etdiyim şeirləri sevirəm. Amma o şeirin və o ifanın yeri mənimçün tamam ayrıdır.


- Bu sənətdən nə vaxtsa pul qazanmaq üçün istifadə etməyi düşünürsünüz?


- Qiraətlə pul qazanmağı heç vaxt düşünməmişəm. Mənə olub belə təkliflər. Heç qeyd etmədiyim halda yazırdılar ki, şeiri neçəyə ifa edirsiniz? Amma başqalarını deyə bilmərəm, mən bunu qəbul etmirdim. Çünki pulun xətrinə, ödənişlə şeir götürüb, onu hiss etmədən, duymadan bərbad hala salmaqdansa, ödənişsiz, öz sevdiyim, bəyəndiyim və ifa edə biləcəyim şeiri oxumaq, məncə, daha yaxşıdır.


- Özünüzün də şeir yazdığınız olub? Ümumiyyətlə, ədəbi yaradıcılıqla aranız necədir?


- Ədəbiyyatı çox sevirəm. Həmişə bəyəndiyim əsərlər məni təəccübləndirir: bir insan necə bu sözləri yaza, bu duyğu selini yaşaya bilər deyə. Bu mənada ədəbiyyat məni sözün əsl mənasında həyəcanlandırır. Özüm isə qiraətə başlamadan öncə şeir yazırdım. Sonradan yazmadım.


- Bəs niyə davam etdirmədiniz şeir yazmağı? Öz şeirlərinizdən səsləndirdikləriniz olub?


- Öz yazdığım şeirlərdən də səsləndirmişəm. Şeir yazmağı ikinci plana keçirmişəm desəm, daha doğru olar. Yəni bəzən cızma-qaralar edirəm. Lakin bunu daha mükəmməl şəkildə icra edən yoldaşlar olduğu üçün mənə də onlara səslə can vermək düşər deyə düşünürəm.


- Təkcə şeir səsləndirirsiniz, yoxsa nəsr - nağıl, hekayə və sair də səsləndirməyə marağınız var?


- Bu gün üçün sadəcə şeir. Lakin bu, başqa işlər olmayacaq anlamına gəlməsin. Dəyişiklikləri sevirəm, olması üçün də əlimdən gələni edirəm. Əgər məni dinləməyi sevən bir toplum varsa, niyə də olmasın ki.


- Audio kitablar son zamanlar daha çox dəbdədir. Sizə belə bir müraciət olubmu audio kitab üçün əsər və ya şeirlər səsləndirəsiniz? Olarsa, cavabınız necə olar?


- Xeyr, olmayıb. Olarsa, təbii ki,bu barədə düşünəcəm. Məncə, ortaya çox maraqlı və eləcə də sevilən işlər çıxar. Bir həqiqətdə var ki, kitab səsləndirməklə şeir səsləndirmək arasında fərq böyükdür. Bu, nə dərəcədə mənim üçün doğru olar və ya nə dərəcədə gözəl alınar bunu demək hələ ki, tezdir.


- Demək olar ki, sosial şəbəkələrdən tanınmısınız. Bu mənada sosial şəbəkələrə münasibətiniz, yəqin ki, yaxşı olar...


- Sosial şəbəkələrdən İnstaqramın aktiv istifadəçisiyəm. Elə ən çox da orda tanındım. Yutubdan istifadə edirəm. Hələ ki, orada  çox aktiv olmasam da, gələcəkdə daha da genişləndirəcəyəm.


- Dinləyicilərdən şeir istəkləri olur? Nəzərə alırsınızmı?





- Dinləyicilərin istəkləri hər zaman olur. Bacardıqca nəzərə almağa çalışıram. Hətta çox vaxt özüm müraciət edirəm ki, növbəti dəfə nə cür bir şeir istəyərsiniz və ya kimdən oxuyum və sair. Ya da olur ki, bəyənmə sayına baxıram, ən çox hansı istəklər, hansı tələblər var deyə. Adətən, bu cür davam edirəm. Çünki dinləyicilərin istəkləri, fikirləri mənimçün çox önəmlidir.


- Nə vaxtsa qiraət etdiyiniz şeirlərdən ibarət disk buraxmağı düşünürsünüzmü?


- Əlbəttə. Tədricən bu işi daha professional hala gətirmək və gələcəkdə özümçün yadigar olaraq bir disk şəklində toplamaq, bəlkə də klip şəklində müəyyən işlər görmək planlarım var. Sağlıq olsun, gələcəkdə hamısını həyata keçirməyə çalışacağam.


MEHRİ

 





21.05.2020    çap et  çap et