525.Az

“ Peşəkar bəstəkar olmaq arzusundayam” -Fuad İbrahimli ilə müsahibə


 

FUAD İBRAHİMLİ: "SOSİAL ŞƏBƏKƏLƏR HƏVƏSKAR FƏALİYYƏT GÖSTƏRƏNLƏRİN TANINMASI ÜÇÜN BÖYÜK İMKANDIR"

“ Peşəkar bəstəkar olmaq arzusundayam” -<b style="color:red">Fuad İbrahimli ilə müsahibə </b>

Sosial şəbəkələrdə parlayanlar...
 

Bir neçə gün əvvəl Yutubda "Dilbərim" Xalq mahnısının pianoda ifasını dinləyirdim. Video pianoçu Fuad İbrahimliyə məxsus idi. Bu günə qədər başqa sosial məkanlarda nə bu videonu görmüş, nə də ifaçı haqqında eşitmişdim.


İfanın füsunkarlığı səbəbindən istifadəçinin başqa paylaşımlarını da gözdən keçirdim. Siyahıda bir çox bəyəndiyim başqa mahnıların da yer aldığını görəndə Fuadı gözəl ifaları ilə birgə rubrikamıza qonaq etməyi düşündüm. Və beləcə, bu məzmunda bir söhbət alındı.



Beləliklə, həmsöhbətimiz Polşada yaşayan həmyerlimiz, həvəskar bəsəkar və pianoçu Fuad İbrahimlidir.


"Sosial şəbəkələrdən çox razıyam" 


- Sosial medianın imkanlarından nə dərəcədə razısınız?


- Sosial şəbəkələr fəaliyyətimdə çox böyük yer tutur. Bu platformalardan düzgün şəkildə istifadə etdikdə yaxşı nəticələr görmək olur. Sosial şəbəkə həvəskar fəaliyyət göstərən şəxslərə bacarıqlarını üzə çıxarmaq üçün şans verir. Özü də heç bir maliyyə vəsaiti tələb olunmadan bunu həyata keçirmək mümkündür. Bu səbəbdən də sosial şəbəkələrdən çox razıyam. Əsas məsələ bu məkandan düzgün şəkildə istifadə etməkdir.



- Həm Azərbaycanın klassik mahnılarını, həm də öz yazdığınız bəstələri pianoda ifa edib paylaşırsınız. Necə oldu ki, belə bir səhifə açmaq fikrinə düşdünüz?


- Dünya səviyyəsində tanınan və sevilən Azərbaycan musiqilərinin pianoda ifa versiyalarının yetərincə olmadığını, həm də daha müasir üslubda, videoçəkiliş variantının tamamilə azlığını görürdüm. Beləcə, bu maraq məndə belə bir səhifə açmaq və klassik mahnılarımızı ifa edib paylaşmaq istəyi yaratdı. 



- Niyə məhz pianoda ifa etməyi seçdiniz?


- Musiqiyə uşaq vaxtlarından marağım olub. Atam pianoda milli musiqilərimizi ifa edəndə ona baxıb çox həvəslənirdim. Elə evimizdə də piano olduğundan hər an onunla göz-gözə idim. Yəqin bu səbəblərdən sonralar da pianoya daha yaxın oldum.


"Pianoçunun üzü yox, əl hərəkətləri ön planda olmalıdır"


- Çəkdiyiniz videolarda yalnız əlləriniz görünür. Niyə üzünüzü də göstərmirsiniz?


- Həm cəlbedici olmur, həm də öyrənmək istəyənlər üçün şərait yaranmır. Eyni zamanda, pianoçunun üzü yox, əl hərəkətləri ön planda olmalıdır, deyə düşünürəm. Statistikaya da nəzər salsaq, yuxarıdan çəkilən videoların kənardan çəkilənlərə nisbətən daha çox baxış sayı topladığını görərik.


- Bioqrafiyanıza qeyd etmisiniz ki, həvəskar bəstəkarsınız. Bəs, musiqi ilə bağlı hansısa təhsiliniz var?


- Yeddi il musiqi məktəbində təhsil almışam. Ancaq ondan sonra davamı olmadı.


"Şopenin vətəni Polşada yaşamağa qərar qıldım"



- Rasim Müzəffərlinin "Batmış gəminin mahnısı" bəstəsini də ifa etmisiniz. Amma onu daha fərqli ifa etmisiniz, hətta sözlərini də videonun üzərinə yazmısınız. Niyə, məhz o mahnını seçdiniz?


- Rasim Müzəffərlinin sənətinə heyranam. Onun yazdığı mahnıların öz füsunkarlığı var. Əslində, həmin mahnını çox eşitmişəm, amma axırıncı dəfə Taleh Yüzbəyovun filmində eşidəndə ifa etmək üçün daha da həvəsləndim.


- Bir neçə müddətdir Polşada yaşayırsınız. Orada yaşamağınıza nə səbəb oldu?


- Artıq uzun müddətdir burada yaşayıram. İncəsənətə və bəstəkarlığa bu qədər bağlı olduğumdan Şopenin vətəni Polşada yaşamağa qərar qıldım.


"Hər anım musiqi ilə keçir"


- Vətəndən uzaqda keçirdiyiniz bu karantin günlərində hansı işlərlə məşğulsunuz?


- Onlayn piano dərsləri keçirəm və koverlər çəkirəm. Bir sözlə, hər anım musiqi ilə keçir.



- Deyəsən, həm də musiqi müəllimisiniz...


- Əslində, müəllim olduğumu desəm, peşəkar müəllimlərə qarşı haqsızlıq etmiş olaram. Sadəcə, öz bacarığım daxilində bildiklərimi başqalarına da öyrətməyə çalışıram.


"İzləyicilərimdən gələn xoş mesajlar mənim ən böyük uğurumdur"


- Bu günə qədər musiqi sahəsində əldə etdiyiniz ən böyük uğurunuz hansıdır?


- İzləyicilərimdən gələn xoş mesajlar mənim üçün ən böyük uğurdur. Onları hər oxuyanda qürurlanıram. O zaman nəyisə bacardığımın fərqinə varıram. Hətta bu hissi ifadə etməyə kəlmələr yetməz.


- Gələcəklə bağlı hansı planlarınız var?


- Peşəkar bəstəkar olmaq arzusundayam, bu gün qismət olmasa belə, neçə yaşım olur-olsun, öz arzuma çatacağıma inanıram. Gələcəkdə filmlərə musiqi bəstələyib mahnılarımın simfonik orkestr önündə dirijorluğunu etmək ən böyük arzumdur.



Günel ABBAS

 





21.05.2020    çap et  çap et