525.Az

"Dindarlarımız dövlətin həyata keçirdiyi tədbirlərin səmərəliliyinə inanır"


 

"Dindarlarımız dövlətin həyata keçirdiyi tədbirlərin səmərəliliyinə inanır"<b style="color:red"></b>

"Son aylar bütün dünyanı bürümüş koronavirus pandemiyası bütün bəşəriyyət üçün bir sınaq poliqonuna çevrilib. Ötən müddətin təcrübəsi göstərir ki, bütün gözlənilməz hallara, hadisələrə hazır olan, xalq tərəfindən dəstəklənən dövlətlər və mütəşəkkil cəmiyyətlər bu ağır imtahanın öhdəsindən bacarıqla gəlir, daha az itkilərə məruz qalır və problemləri dəf etməkdə daha çox bacarıq göstərirlər. Azərbaycanı əminliklə məhz bu dövlətlərin sırasına aid etmək olar". 

Bunu "525"ə müsahibəsində Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri, hüquq üzrə fəlsəfə doktoru Simran Həsənov deyib.

S.Həsənovun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətin bu bəlanın törədə biləcəyi fəsadları qarşılamaq və onların nəticələrini minimuma endirmək üçün vaxtında və ən zəruri addımları ataraq, bir çox inkişaf etmiş ölkələrin rastlaşdığı şok durumun yaranmasına imkan vermədi: "Çox böyük peşəkarlıqla və uzaqgörənliklə düşünülmüş qabaqlayıcı tədbirlərin həmişəki kimi bir ünvanı, bir hədəfi var idi. Azərbaycan insanının rifahının və sağlamlığının qorunub saxlanılması. Bu cür niyyət bir çox ciddi məhdudlaşdırıcı ölçülərin də tətbiqini qaçılmaz edirdi. Karantin rejiminin tətbiqi, sahibkarlıq subyektlərinin fəaliyyətinin kəskin şəkildə çərçivəyə salınması, bir çox hallarda isə tamamilə dayandırılması, kütləvi tədbirlərin, o cümlədən, dini ayin və mərasimlərin keçirilməsinin qadağan olunması, ənənəvi təhsil prosesinin bütün səviyyələrdə videoformata keçməsi, digər bu qəbildən olan tədbirlər. Lakin belə məhrumiyyətlərlə üzləşən vətəndaşlarımız öz dövlətlərinin sosial qayğısını da dərhal hiss etdilər. Yüz minlərlə aztəminatlı insanlara müavinətlərin ödənilməsinə, özəl sektorun zərər çəkmiş 700 minə yaxın işçisinin əməkhaqqının xeyli hissəsinin kompensasiya edilməsinə başlanıldı, dövlət xidmətində olanların isə bütövlükdə əməkhaqları saxlanıldı, vergi və digər sosial ödəmələr üzrə əhəmiyyətli güzəştlər müəyyən edildi, xəstəxanalar,  zəruri tibbi ləvazimatlar istehsal edən obyektlər inşa edildi və s. Bunlar dövlətin öz insanı adına atdığı humanist yönlü çoxsaylı addımlarının yalnız bir hissəsidir". S.Həsənov vurğulayıb ki, qlobal xarakter daşıyan bu cür bəlaların qarşısının alınmasına, təbiidir ki, tək dövlətin səyləri nəticəsində nail olmaq mümkün deyil. Bunun üçün cəmiyyətin bütün təbəqələri, institutları, insanları vahid məqsədə köklənməlidirlər. Xalq-dövlət birliyinin hökm sürdüyü ölkəmizdə bu gün Prezidentin söylədiyi kimi, "bütün cəmiyyət bu mübarizədə birləşib", "həmrəylik ən yüksək səviyyədədir". Cəmiyyətin ən fəal kəsimləri kimi dindarlarımız və onların korporativ birlikləri olan dini qurumlar da bu mübarizənin ön sıralarında dövlətin yanındadır.

S.Həsənovun dediyinə görə, xəstəlik təhdidinin elə ilk günlərindən etibarən Qafqaz Müsəlmanları İdarəsi (QMİ), onun yerli icmaları, müsəlman din xadimləri müqəddəs islam dininin insan həyatına və sağlamlığına verdiyi dəyəri (Qurani-Kərimin birbaşa göstərişinə görə, heç kəs öz əli ilə özünü təhlükəyə atmalı deyildir) nəzərə alaraq və vəziyyətin kəskinliyini düzgün qiymətləndirərək çox fəal təşkilati tədbirlər görməyə başladılar:" QMİ-də qurumun başçısı  Şeyxülislam Allahşükür Paşazadənin təşəbbüsü və sədrliyi ilə idarənin Qazılar Şurasının və bölgələr üzrə səlahiyyətli nümayəndələrinin, dini konfessiya və müvafiq dövlət qurumlarının rəhbərlərinin iştirakı ilə toplantı keçirildi. Vəziyyəti tam əhatəli və gerçəkcəsinə dəyərləndirməyi bacaran Şeyxülislam Allahşükür Paşazadə və qazılarımız dindarlara müraciət edərək, kütləvi yoluxma riskini nəzərə alıb, vətəndaşlarımızın sağlamlığı naminə müvəqqəti olaraq məscidlərimizdə moizələrin və birgə ibadətlərin, məsciddaxili bütün tədbirlərin, mövlud, şəhadət, ehsan məclislərinin təxirə salınmasını tövsiyə etdilər. Müsəlman din xadimlərimiz həmin anda çox yaxşı anlayırdılar ki, islamda çox yüksək dəyərləndirilən birgə ibadətlərin, ayin və mərasimlərin məhdudlaşdırılması (faktiki olaraq dayandırılması) təklifi nə qədər məsuliyyətli bir işdir. Bununla belə, elə növbəti cümə günü göstərdi ki, ölkə müsəlmanlarının böyük əksəriyyəti vəziyyəti kifayət qədər düzgün qiymətləndirə biliblər. Cümə namazına gələnlərin sayı kəskin şəkildə azaldı".

S.Həsənov bildirib ki, dövlət koronavirus infeksiyası ilə bağlı qəbul etdiyi qərarların hamısında insanların konstitusion hüquqları ilə bağlı bütün məsələlərə, o cümlədən, dini etiqad azadlığına xüsusi diqqətlə yanaşır. Azərbaycanın dünyəvi prinsiplərə uyğun olaraq idarə edildiyini və dini işlərə müdaxiləsinin minimum olduğunu göz önünə alan hökumətin dini ayin və mərasimlərlə bağlı atdığı bütün addımlarında insanların bu cür məsələlərə necə həssaslıqla yanaşması amilini nəzərə aldığının da şahidi oluruq: "Baxın, dövlət martın 14-də kütləvi tədbirlərin  təxirə salınmasına qərar verərkən artıq QMİ 10 gün öncə, digər dini konfessiyaların rəhbərləri ilə birlikdə, dövlətin heç bir müdaxiləsi olmadan yuxarıda istinad etdiyimiz tövsiyəni və dindarların bu qərara reaksiyasını nəzərə almışdı. Başqa sözlə, bu cür qabaqlayıcı addımların ölkənin dindar kəsimi tərəfindən zəruri ölçü kimi qarşılanacağına əmin idi. Başqa bir örnək: Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi qadağan olunsa da, müsəlmanlar üçün son dərəcə vacib olan dəfn mərasimləri istisna edilir. Burada isə artıq müsəlman din xadimlərimiz özləri sosial məsuliyyət nümayiş etdirərək dəfn mərasimlərinin də daha az insanlarla və daha qısa müddət ərzində başa çatdırılmasına çalışırlar".

Aparat rəhbərinin sözlərinə əsasən, bu ağır günlərdə QMİ islam dininin əsas sütunlarından biri olan paylaşmaq və xeyriyyəçilik missiyasını da yaddan çıxarmır. Hər gün İdarəyə dini icmalar və din xadimləri tərəfindən pandemiyadan zərər çəkən insanlara mənəvi dəstəklə yanaşı, maddi yardım göstərilməsi barədə də çoxsaylı məlumat daxil olur. Karantin rejiminə görə daxil olan ianələrin kəskin şəkildə azalmasına baxmayaraq, fəaliyyətdə olan məscidlərimizin mütləq əksəriyyəti, ayrı-ayrı din xadimləri fərdi şəkildə bu xeyirxah missiyada iştirak edirlər. Təbii ki, bu prosesdə dindar icma üzvlərimizin şəxsi töhfələrini də nəzərə almaq lazımdır. Müsəlman din xadimləri tərəfindən digər ünvanlı yardım tədbirləri də görülüb:

"Ölkəmizin yaxın tarixində baş vermiş bu cür böhranlı anlarla çox rastlaşmış, millət, cəmiyyət və dövlətçilik naminə müdrik qərarlar qəbul etməyə nail olan Allahşükür Paşazadənin pandemiya dövründəki fəaliyyəti göz önündədir. O, bu müddət ərzində keçirdiyi bütün iki və çoxtərəfli görüşlərində, o cümlədən, KAICIID Beynəlxalq Dialoq Mərkəzinin Direktorlar Şurasının videokonfransında, dini konfessiyaların rəhbərləri ilə keçirdiyi mütəmadi görüşlərdə, beynəlxalq səviyyəli yazışmalarında Azərbaycanda pandemiyaya qarşı görülən tədbirlərdən söz açmaqla yanaşı, öz dəyərli məsləhət və tövsiyələrini bölüşür.  Allahşükür Paşazadə özünün bütün çıxış və müraciətlərində, qərar və tövsiyələrində pandemiya dövründə Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın, hökumətimizin həyata keçirdiyi siyasəti yüksək dəyərləndirir, dindarlarımızı da bu siyasəti dəstəkləməyə çağırır".

S.QARAYEVA

 





20.05.2020    çap et  çap et