525.Az

"Koronavirusun ikinci dalğasından qorxmaq lazım deyil"


 

HANDE HARMANCI: "PANDEMİYA İLƏ MÜBARİZƏDƏ YOLUMUZ UZUNDUR"

"Koronavirusun ikinci dalğasından qorxmaq lazım deyil" <b style="color:red"></b>

"REACT-C19" layihəsinin ikinci mərhələsi uğurla yekunlaşıb, hazırda növbəti mərhələdəyik".
 
Bunu dünən "REACT-C19" layihəsinin ilkin nəticələrinə dair keçirilən mətbuat konfransında TƏBİB-in İdarə Heyəti sədrinin müşaviri Şəhriyar Fətullayev deyib.
 
O bildirib ki, layihə başlayana qədər Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri ilə xəstəxanalarda müvafiq işlər görülürdü: "Layihə çərçivəsində pandemiya xəstəxanalarında keyfiyyətin təkmilləşdirilməsi üçün işlər görülüb. Əminəm ki, Türkiyədən gələn azərbaycanlı həkimlərin pandemiya dövründə ölkəmizdəki həmkarlarına dəstəyi çox müsbət nəticələr verəcək və biz az itki ilə koronavirusa qarşı mübarizəni başa çatdıracağıq". 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib ki, "REACT-C19" heyəti seçilmiş xəstəxanalardakı mövcud vəziyyəti qiymətləndirib və boşluqların aradan qaldırılmasında xəstəxanalara dəstək olub. Onun sözlərinə görə, iki həftə müddətində heyət Bakıda 4 xəstəxanada işləri yekunlaşdırdıqdan sonra Gəncə, Ağdaş, Goranboy və Şəmkirdəki xəstəxanalarda olub, fəaliyyət planı hazırlayıb tövsiyələr veriblər: "Bu tədbirlər infeksiyanın tibb işçilərinə, ailələrə yayılmasının minimuma endirilməsi üçündür. Bu müddətdə 400-dən çox tibb işçisi təlimlərdə iştirak edib. Yerli həkimlərlə ağır xəstələrin müalicəsi üçün təcrübələrini bölüşüblər. Bundan sonra da onlayn platformalar üzərindən tövsiyə və konsultasiyaların davam etməsi gözlənilir. Pandemiya ilə mübarizədə yolumuz uzundur. Bundan sonra da mübarizəyə dəstək verməyə davam edəcəyik. İkinci dalğa sualı çox verilir və hər dəfə də deyirəm ki, koronavirusun ikinci dalğasından qorxmaq lazım deyil".

Hande Harmancının sözlərinə görə, tək və böyük dalğa daha təhlükəlidir: "Hazırda tək böyük dalğadan qorunmuş sayılırıq. Yumşalmadan sonra virusa yoluxanların sayının artması ilə dalğa olub-olmadığını ancaq geriyə baxaraq görmək olar. İndiyə qədər artım var, ona görə əhalinin fərdi olaraq görməli olduqları işlər davam etməlidir. Biz hazırda düzgün müalicə və peyvəndi gözləyərək qaydalara əmək etməliyik. Maskalar, əl gigiyenası, fiziki məsafə ən azı il sonuna qədər davam etməlidir".

H.Harmancı vurğulayıb ki, Azərbaycan yeni hazırlanan testlər almağa çalışır. Onun dediyinə görə, Azərbaycan hökuməti hər zaman yeni, keyfiyyətli testlər alır. İndiyədək koronavirusun aşkarlanması üçün PSR testlər aparılır. Hande Harmancı əlavə edib ki, karantin rejimi yumşaldıqdan sonra xəstə sayı artır, amma bunun yeni dalğa olub-olmamasını geriyə baxdıqda görmək olar.

O qeyd edib ki, hazırda şimal yarımkürəsində yay ayları yaxınlaşır, havalar qızır. Buna baxmayaraq, Azərbaycanda koronavirusa yoluxma artır. H.Harmancı deyib ki, Rusiyada da çox sayda yeni virusa yoluxma aşkarlanıb: "Virusun üzərinə günəş düşsə, uzun müddət yaşamaz, amma isti havada necə olacaq, bunu gözləməliyik. Hazırda bildiyimiz budur ki, mövsümün virus üzərində təsiri olmadığını düşünürük. Ona görə qaydalara əməl etməliyik".

Heydər Əliyev Fondunun Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri, millət vəkili Soltan Məmmədov isə bildirib ki, Azərbaycanda pandemiya ilə mübarizənin ilk günlərindən Prezident İlham Əliyevin "Biz birlikdə güclüyük" çağırışından sonra ölkədə bütün dövlət qurumları, QHT, sahibkarlar, ictimaiyyət və beynəlxalq təşkilatların imkanları səfərbər olunaraq  genişmiqyaslı tədbirlərin icrasına başlanıb: ""REACT-C19" layihəsinin tətbiqi Azərbaycanın beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq siyasətinin bariz nümunəsidir. İqtisadiyyat, sosial siyasət, səhiyyə sahəsində görülən işlər göz qabağındadır. Sahibkarlara dəstək istiqamətində həyata keçirilən vergi siyasəti, maddi dəstək, aztəminatlı ailələrin maddi rifahının qorunması, pandemiyanın özünüməşğulluq siyasətinə göstərə biləcəyi mənfi təsirlərin qarşısının alınması üçün qanunvericilik bazasında müvafiq dəyişikliklər ölkədə həyata keçirilən uğurlu sosial və iqtisadi siyasətin göstəricisidir".

S.QARAYEVA

 





23.05.2020    çap et  çap et